Tarixdə tarix tək qalan gecə

 

Xalqımız çox faciələr görüb. Ancaq onların  heç biri yaddaşımızda 1990-cı ilin qanlı 20 Yanvar gecəsi qədər əbədiyaşarlıq hüququ qazanmayıb. Məhz o gecə öz hünər və rəşadətləri ilə ali bir zirvəyə - əsl qeyrət və kişilik zirvəsinə qalxdı bu gün Şəhidlər xiyabanında əbədiyyət yuxusuna getmiş mərdanə övladlarımız. O gecə vəhşi imperiya tanklarının polad tırtılları iıə doğranırdı canlı insan bədənləri. Güllələrdən deşik-deşik olurdu günahsız binaların beton sinələri. Qıpqırmızı qan seli axırdı paytaxtımızın küçələrindən. Avtomatlardan günah yağmuru yağırdı xalqımızın günahsızlığına.

70 illik imperiya zülmətindən sıyrılıb  öz işıqlı gələcəyinə, müstəqilliyinə doğru addımlayan xalqımızın azadlıq arzusuna atılırdı bu güllələr. Heç kəsə rəhm etmədən qarşılarına çıxan bütün dinc əhalini gülləbaran edirdi bədənlərinə narkotik maddələr yeridilmiş, gözləri qan çanağına dönənədək içirdilmiş, əksəriyyəti krasnodarlı və stavropollu ermənilərdən ibarət o vəhşilər 1988-1990-cı illərdə Azadlıq meydanında birləşən yumruqlarımızı kökündən baltalamaq, oyanmış cəsarətimizi yatırmaq, bizi susdurub yenidən öz keçmiş tabeliyinə qaytarmaq arzusunun təzahürü idi bu qanlı soyqırımı.

147 nəfər dinc sakinin həlakı, 700 nəfərin ağır yaralanması, yüzlərlə insanın itkin düşməsi ilə sonuclandı həmin gülləbaran. Həmin hadisədən iki gün sonra -ümumxalq hüzn günü Abşeron camaatı ağır zəhmət bahasına yetişdirdiyi qan rəngli qərənfilləri maşın-maşın daşıyırdı bugünkü Şəhidlər xiyabanına. Qırmızı qərənfillər paytaxtımızın bütün küçələri və prospektləri boyu düzülmüşdü. Qədirbilən xalqımız "Azadlıq" meydanından Dağüstü parka doğru növbə ilə çiyinlərində daşıyırdı onun azadlığı yolunda şəhid olmuş mərdanə övladlarımızı. Bütün xalq, bütün ölkə addımlayırdı qırmızı rəngli örpəklərə bürünmüş tabutların ardınca. 21 yanvarda Moskvada Azərbaycan nümayəndəliyinə gələn xalqımızın mərd oğlu Heydər Əliyev sovet imperiyasının bu ağlasığmaz vəhşiliyinə, xalqımıza qarşı vəhşi aksiyalara rəvac verən qatı ermənipərəst Mixail Qorbaçovun siyasətinə qəzəb və nifrətini öz partiya biletini tullamaqla bildirdi. Onun vəhşi imperiyaya qarşı kəskin etiraz harayına bütün xalq qoşuldu. 20 Yanvar gününün səhəri Azərbaycanın sinəsində qan rəngli partiya biletlərindən ibarət nəhəng tonqallar qalandı. Biz o tonqallarda vaxtilə "Yer kürəsində sülhün və əmin-amanlığın polad dayağı" adlandırdığımız Moskvaya olan böyük inamı yandırıb külə döndərdik. Bizə başqa gözlə baxanların qarşısında öz məğrurluq və əyilməzliyimizi sübuta yetirdik. Ancaq təəssüflər olsun ki, həmin ümumxalq matəmində  o dövrüniqtidar, nə də müxalifət liderləri gözə dəymədi. Əgər bu günahsız millətin qanının tökülməsində günahları yox idisə, niyə xalqın gözünə görünməkdən qorxurdu onlar?

Mixail Qorbaçov hələ 20 Yanvardan bir neçə gün öncə Bakıda fövqəladə vəziyyət elan olunması barədə fərman versə də, həmin fərman yalnız  yanvarın 20-də, yəni, televiziyanın enerji bloku partladıldıqdan və yanvarın 19-dan 20-nə keçən gecə Qanlı Yanvar faciəsi törədildikdən sonra radio ilə elan olunmuşdu. Söz yox ki, Azərbaycan rəhbərliyi tezliklə paytaxtımızda dəhşətli hadisələr baş verəcəyindən xəbərdar idi. 70 illik imperiya əsarətindən qurtulub öz azadlıq və müstəqilliyinə qovuşmaq naminə ayağa qalxmış xalqın qarşısında aciz qalmış o vaxtkı respublika rəhbərliyi paytaxtda baş verən hadisələrə nəzarət edə bilmədiyindən, həm Moskva, həm də respublika daxilindəki qaragüruhçu qüvvələr və yerli erməni şovinistləri öz çirkin niyyətlərini həyata keçirmək üçün bütün cinayətkar üsullardan bacarıqla istifadə edirdilər. Vəziyyət hədsiz dərəcədə mürəkkəb idi. AXC sıralarına soxulmuş çirkin mənəviyyatlı qüvvələr hakimiyyəti ələ keçirmək üçün silahlı dövlət çevrilişinə hazırlaşırdılar. Paytaxtımızda yaşayan erməni millətçilərinin isə yeganə məqsədi hələ 1947-ci ildə Bakıda gizli yolla yaratdıqları "ümumerməni fondu"na 1990-cı  ilə dən heç bir maddi və mənəvi kömək göstərməyən bakılı ermənilərdən qisas almaq və günahı azərbaycanlıların boynuna atmaqla vəziyyəti daha da gərginləşdirmək idi. Televiziyanın və mətbuatın xalq tribunasına çevriləcəyindən qorxanların məqsədi enerji blokunu partlatmaq, habelə gündəlik mətbu orqanların nəşrinə qadağa qoymaq, dəmir yolunda və təyyarə meydanında hərəkəti dayandırmaqla dünya ölkələri ilə Azərbaycan arasındakı əlaqələri qırmaq, əhalini öz içinə qapanıb qalmaq məcburiyyətində qoymaq, öz azadlıq və müstəqilliyi naminə mübarizəyə qalxmış xalqın efirdən və mətbuatdan bütün ölkə boyu ucalacaq haqq səsini öz içində boğmaq idi. Sovet imperiyasının vəhşiliyi bununla tükəndimi? Əsla! O, öz dindaşları və əqidədaşları olan erməni faşizmini təpədən-dırnağa silahlandırıb Azərbaycan boyu hücuma səfərbər etdi. Hələ müstəqillik yoluna qədəm qoymamış, nə milli ordusu, nə hərbi bazası olan, yalnız əksəriyyəti adi ov tüfəngləri ilə, pərakəndə dəstələr şəklində döyüşə atılan xalqımız ən müasir silahlarla təchiz edilib, generalların rəhbərliyi altında üstümüzə yeriyən düşmən ordularının qarşısında duruş gətirə bilmədi və öz ərazilərinin 20 faizindən məhrum oldu. 20 min nəfərdən çox mərd oğlunu qanlı döyüş cəbhələrində qurban verdi. 1 milyondan artıq günahsız soydaşımız öz doğma yurd-yuvasından didərgin düşdü.

Uzaq Kuril adalarından Qafqazadək uzanan nəhəng bir imperiyanın öz ərazisindən 110 qat kiçik bir əraziyə, öz əhalisindən 45 dəfə az əhaliyə malik balaca bir ölkə ilə cəngə girməsi beş yaşıl qitənin nəzərində onun nəhəngliyinə burulan ən ağır zərbə oldu.

Qanlı Yanvar faciəsinə vaxtında tamdolğun qiymət verilməməsi bu gün də qəlbimizi göynətməkdədir. Yanvarın 21-də öz işinə başlayan Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyasında həmin qanlı hadisəyə birtərəfli qiymət verilsə də, Azərbaycan KP MK-nın iki gün sonra keçirilən plenumunda bu böyük faciənin tamamilə unudulması və o vaxtkı soyuqqanlı başçılarımızın 20 Yanvar şəhidlərinin müqəddəs ruhunu bir dəqiqəlik sükutla belə, yad etməmələri bu gün də əsəblərimizi yerindən oynatmaqdadır. Əgər baş kürsülərdə əyləşən dünənkilərimiz sabahımıza açıq gözlə baxa bilsəydilər, xalqımızın taleyinə cavabdehlər taleyimizə biganə qalmasaydılar, gözlülərimiz Kreml sahiblərinin əmr və göstərişlərini müticəsinə yerinə yetirməsəydilər, bu haqsızlığa qarşı vaxtında, dünya boyu öz haqq səslərini ucaltsaydılar 20 Yanvar qırğınları olmaz, məmləkətimiz bu böyük faciələr burulğanına düşməzdi. Lakin hüquq-mühafizə orqanlarımız yalnız bir neçə ildən sonra 20 Yanvar faciələrinin tədqiqinə son nöqtə qoyub, respublikamızın o vaxtkı rəhbərləri - öz hakimiyyət kürsülərini qorumaq naminə Mixail Qorbaçovun təsirində olan Ə.Vəzirovun, A.Mütəllibovun, V.Hüseynovun və başqalarının cinayətlərini üzə çıxardardılar. 20 Yanvar faciəsinə vaxtında, yəni, 1990-cı ilin özündəcə qiymət verilməməsi bizə xeyli baha başa gəldi. Sonra həmin faciəyə Xocalı, Şuşa, Lacın, Qubadlı, Kəlbəcər, Zəngilan, Ağdam, Cəbrayıl, Füzuli və Qarabağın digər ərazilərində baş verən faciələr də əlavə olundu. Yalnız 1994-cü ilin yanvarında ümummilli lider Heydər Əliyevin başçılığı altında keçirilən müşavirədə bu faciəyə  obyektiv siyasi qiymət verildionun əsl günahkarlarının adları açıqıandı.

Xalqımızın heç vaxt unuda bilməyəcəyi o dəhşətli faciədən 23 il keçir. 23 ildir ki, Dağüstü parkdakı Şəhidlər Xiyabanı millətimizin ən müqəddəs ziyarətgahına çevrilib. Şəhidlər Xiyabanımızda əbədiyyət yuxusuna getmiş igidlərimiz müqəddəsdir. Çünki onlar vətən yolunda, millət yolunda, bugünkü azadlıq və müstəqilliyimiz yolunda şəhid olublar.

Bu gün Şəhidlər xiyabanı təkcə Dağüstü parkda yox, həm Azərbaycanda, həm də planetimizin 70 ölkəsində yaşayan 50 milyon soydaşımızın hər birinin qəlbindədir.  

 

 

Zeynal VƏFA

 

Azərbaycan.-2013.- 20 yanvar.- S.7.