Xarici İşlər Nazirliyində görüş

 

Yanvarın 22-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Uruqvay Respublikası Prezidentinin xüsusi elçisi, Prezident Administrasiyasının dövlət katibi Diyeqo Kanepanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, Diyeqo Kanepa ölkəsinin prezidentinin xüsusi tapşırığı ilə Azərbaycana səfər etdiyini və Uruqvayın Azərbaycan ilə ikitərəfli əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu diqqətə çatdırmışdır.

Diyeqo Kanepa Cənubi Qafqaz və Orta Asiya regionunu, xüsusən də, bu bölgədə həyata keçirilən irimiqyaslı layihələrlə və cərəyan edən proseslərlə yaxından tanış olduğunu, həmçinin Azərbaycanda gedən inkişaf proseslərini diqqətlə izlədiyini qeyd etmişdir.

Nazir Elmar Məmmədyarov əvvəlcə Ermənistan-Azərbaycan münaqişəsi, torpaqlarımızın Ermənistan tərəfindən işğal edilməsi və münaqişənin mənfi nəticələri barədə qonaqlara ətraflı məlumat vermişdir. Nazir münaqişənin həll olunması istiqamətində beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qətnamələri xatırlatmışdır.

Elmar Məmmədyarov demişdir ki, ölkələrimiz arasında ikitərəfli əlaqələrin genişləndirilməsində Azərbaycan da maraqlıdır. Hər iki ölkə üçün uyğun sahələrin seçilməsi və həmin sahələrə investisiya qoymaq imkanlarının öyrənilməsi vacibdir.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 23 yanvar.- S.2.