Azərbaycan Diplomatik Akademiyasında «Dövlətlərarası barışıq və dostluq: Almaniya və Fransa» mövzusunda konfrans keçirilmişdir

 

Yanvarın 22-də Azərbaycan Diplomatik Akademiyasında (ADA) "Dövlətlərarası barışıq və dostluq: Almaniya və Fransa" mövzusunda konfrans keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə ADA-nın professor-müəllim heyəti və tələbələri, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, gənclər təşkilatlarının və KİV-nin təmsilçiləri iştirak etmişlər.

Fransa Beynəlxalq Münasibətlər İnstitutunun professoru Filip More Defarjenin moderatorluğu ilə keçirilən və ictimai müzakirələrlə davam edən konfrans Almaniya və Fransa dövlətləri arasında barışıq yaradan "Yelisey" müqaviləsinin 50-ci ildönümünə həsr olunmuşdur.

Konfransı açan ADA-nın rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev tədbirin əhəmiyyəti haqqında danışmışdır.

Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvelle çıxış edərək bildirmişdir ki, Avropa İttifaqı ölkələrini həmrəylik içərisində saxlamağın, eləcə də hazırkı iqtisadi böhranla mübarizə aparmağın yeganə yolu ortaq layihələrin həyata keçirilməsidir.

Qeyd edilmişdir ki, 1963-cü ildə "Yelisey" müqaviləsinin imzalanması ilə Fransa və Almaniya arasındakı düşmənçiliyə və ədavətə son qoyulmuş, həmin ölkələr arasında sülh və əməkdaşlığa şərait yaranmışdır.

Herbert Kvelle diqqətə çatdırmışdır ki, bu müqavilə Almaniya və Fransa dövlətlərinin barışığı baxımından əhəmiyyət kəsb etməklə yanaşı, bu gün Avropa xalqlarının Aİ çərçivəsində sıx birləşməsi üçün mühüm rol oynamışdır. Bildirilmişdir ki, "Yelisey" müqaviləsi Almaniyanın digər dövlətlərlə əlaqələrinin genişlənməsinə də mühüm töhfə vermişdir.

Fransanın Azərbaycandakı səfiri Paskal Mönye bildirmişdir ki, 1871-ci ildə Fransa və Almaniya dövlətləri arasında Elzas və Mozel əyalətləri ilə bağlı yaranan mübahisələr tərəflər arasında qarşılıqlı nifrətin yaranmasına gətirib çıxarmışdır. Bu ədavət yalnız II Dünya müharibəsinin başa çatmasından sonra aradan qalxmışdır.

P.Mönye həmçinin II Dünya müharibəsindən sonra Avropa Kömür və Polad Birliyinin, Roma Müqaviləsinin və Avropa Valyuta Sisteminin yaradılmasının Fransa-Almaniya münasibətləri üçün əhəmiyyətindən bəhs etmişdir. Bildirilmişdir ki, bütün bunlara baxmayaraq hər iki ölkə arasındakı münasibətlərin bərpa olunmasında "Yelisey" müqaviləsinin müstəsna əhəmiyyəti olmuşdur.

Fransalı diplomat sonrakı illərdə hər iki ölkənin şəhərlərinin qardaşlaşmasının, Fransa-Almaniya ortaq "Arte" televiziya kanalının istifadəyə verilməsinin, Genşagen Fondu mükafatının təsis edilməsinin həmin ölkələr arasında əməkdaşlığa töhfə verdiyini qeyd etmişdir.

Daha sonra çıxış edən Beynəlxalq Münasibətlər İnstitutunun professoru Filip More Defarjen yeni geosiyasi şəraitdə imzalanmış "Yelisey" müqaviləsi haqqında ətraflı məlumat vermişdir. O, müqavilənin imzalanmasında ABŞ-ın xüsusi rolunun olduğunu da diqqətə çatdırmışdır. Fransız alim həmçinin qeyd etmişdir ki, Fransa və Almaniyanın sülh və əməkdaşlıq naminə bir-birinə güzəştə getməsi həmin ölkələr arasında münasibətlərin bərpa olmasına şərait yaratmışdır.

Sonra tədbir iştirakçıları "Yelisey" müqaviləsinin imzalanması ilə əlaqədar videoçarxa baxmışlar.

Daha sonra suallar cavablandırılmışdır.

Tədbirdən sonra ziyafət təşkil olunmuş və fotosərgi nümayiş etdirilmişdir.

 

 

Azərbaycan.-2013.- 23 yanvar.- S.3.