«Asan xidmət»in rahatlığı

 

Ölkədə həyata keçirilən korrupsiyaya qarşı mübarizə tədbirlərinin mühüm hissəssi olan "Asan xidmət" mərkəzlərinin pilot layihəsi işə başladı. Azərbaycan Prezidenti İlham Əliyev 2012-ci il iyulun 13-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılması barədə fərman imzaladı. Dövlət başçısı Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş toplantıda çıxış edərkən elektron sistemə keçidi təmin etməklə şəffaflığın artırılmasının, korrupsiyaya qarşı mübarizə istiqamətində daha böyük nəticələr əldə edilməsinin mümkünlüyünü qeyd etdi.

Fərman bu ideyanın təcrübədə təsdiqini ehtiva edir. Fərmanda irəli sürülən müddəalar vətəndaşlara dövlət orqanları tərəfindən göstərilən xidmətlərin daha keyfiyyətli və yeni üslubda, müasir innovasiyalar tətbiq etməklə göstərilməsini nəzərdə tutur. Vurğulanır ki, başlıca məqsəd vətəndaş məmnunluğunu təmin etmək olmalıdır. Göstəriləcək xidmətlərin həyata keçirilməsini təmin edən mərkəzlərin "Asan xidmət" adlandırılması  xüsusi olaraq düşünülmüşdür. Xatırladaq ki, "Asan xidmət" vasitəsilə 9 dövlət orqanının  23 növ xidmət göstərməsi nəzərdə tutulub. Mərkəzdə həmin xidmətləri təqdim edən dövlət qurumlarının işçiləri də fəaliyyət göstərəcək. İstirahət günü olmayacaq. İş vaxtı saat 9:00-dan axşam caat 20:00-dək davam edəcək. Bu da gündəlik işlə məşğul olan vətəndaşlara işdən sonra müraciət etmək imkanı verəcək. 

Yanvarın 15-dən pilot layihə çərçivəsində əhaliyə xidmətlərin yalnız Nəsimi və Nərimanov rayonları sakinlərinə göstərilməsinə start verildi. Mərkəzdə çalışan mütəxəssislərdən öyrəndik ki, iyun ayının əvvəllərinə qədər "Asan xidmət" mərkəzləri Bakı şəhərinin bütün ərazisini əhatə edəcək. Bütöv şəbəkənin qurulması isə iki ilə başa çatacaq. Xidmət mərkəzlərinin iş prinsipi şəffaflığın, rahatlığın təmin edilməsidir. Yəni vətəndaş mərkəzə müraciət edərkən burada rahatlıq görəcək, müraciətinə uyğun bölmələrdə qəbul olunaraq işinə baxılacaq və problemi həll olunacaq. Əgər müraciət edən uşaqlı ana və ailədirsə, uşaqlarını onlar üçün ayrılmış yerə buraxıb rahat işlərini görəcəklər.

Bir neçə aydan sonra qeydiyyat yerindən asılı olmayaraq bütün vətəndaşlar pasportların,  şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, məhkumluq barədə arayışın verilməsi, hüquqi şəxslərin və vergi ödəyicilərinin qeydiyyatı, torpaq kadastrı məlumatları barədə arayışların verilməsi, müvəqqəti yaşamaq üçün icazə, immiqrant statusunun verilməsi, əmək pensiyalarının təmin edilməsi, arxiv arayışlarının verilməsi, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, notariat işləri, daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı, gömrük bəyannamələrinin, gömrük rəsmiləşdirilməsi üçün sənədlərin qəbulu və digər xidmətlərlə bağlı problemlərini məmurlarla üzləşmədən "Asan xidmət" mərkəzlərində həll edə biləcəklər.

Bakının Nəsimi rayonu Akademik Həsən Əliyev küçəsi, 36 ünvanında yerləşən mərkəz artıq neçə gündür ki, fəaliyyətə başlayıb, necə deyərlər, insanların çətinə düşmüş işlərini asan etmək üçün səhərdən-axşamadək çalışır. İlk günlərdə müraciət edənlərin azlığı vətəndaşların ünvanı dəqiq bilməməsi, hansı marşrutla getməsi, bu cür xidmət növü haqqında ətraflı məlumatı olmaması ilə bağlıdır. Amma gələnlər də var. Mədinə Dünyamalıyeva pensiyaçıdır. Deyir ki, evdən çıxandan yoldadır, buranın yerini yenicə axtarıb tapıb, 13 nömrəli avtobusla gəlib. Mərkəzə çatan kimi o qədər diqqət və qayğı ilə rastlaşıb ki, yorğunluğu çıxıb: "Çox gülər üzlə qarşıladılar, harada olduğumu unutdum,  rahatlığım üçün işçilər əllərindən gələni etdilər. Pensiyaların yanvar ayından artıb-artmadığını öyrənmək üçün gəlmişdim. O otaqdan bu otağa yollamadılar məni, sağ olsunlar, hər işi özləri gördü. Burada gənclərin çox olması da ürəyimcədir, onlar insanları tez başa düşür, yaşlıları incitmirlər".

Nadir Vəliyev məhkumluq kağızı ilə bağlı müraciət edib. Bir neçə il öncə əfv olunsa da, məhkumluq haqqında sənədini ala bilmir: "2011-ci ildə ölkə Prezidentinin sərəncamı ilə əfv olunmuşam, amma işsizəm, işləmək üçün sənədlərimi toplamalıyam. O qədər get-gələ saldılar ki, daha sənədin arxasınca getmədim. Mətbuatdan öyrəndim ki, yanvarın 15-dən bu cür xidmət növü açılacaq. Deyildiyi kimidir, işçilər çox gülərüz və insanlara qarşı diqqətlidirlər, çox hörmətlə yanaşdılar mənə. Hansı sənədləri gətirməliyəmsə yazıb verdilər, çatdıra bilsəm, bu gün axşamadək, çatdırmasam, sabah məhkumluq kağızımı alacam. Xeyirli, uğurlu olsun, həqiqətən də çox asan xidmət növüdür".

Səyyarə tələbədir, arxivdən babasının doğum sənədini almağa gəlib: "Babamla nənəmin nikahı və babamın doğum haqqında şəhadətnaməsi Cəbrayılda qalıb. Babamın sənədini almaq üçün gəlmişəm. Çox bəyəndim bu xidməti. Vaxtım da itmədi, əsəbiləşmədim də. İnanın ki, əvvəlcə çaşdım, sonra öyrəndim ki, bu, yeni iş prinsipidir. Yəni vətəndaş məmnun qalmalı, incidilməməlidir. Çox istərdim təhsilimi başa vurduqdan sonra belə mərkəzdə işləyim".

Mərkəzdə bildirdilər ki, zəng edən vətəndaşlar daha çox ünvanla maraqlanırlar. Biz də onlara hər kəsin tanıdığı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasını nişan veririk, ora çox yaxındır, Akademik Həsən Əliyev küçəsi, 36-da yerləşirik. Şəhərin müxtəlif yerlərindən mərkəzin yaxınlığına 13, 61, 69, 83 və 128 saylı avtobuslar işləyir.               

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində "ASAN Xidmət" Mərkəzinin saytı da (asan.gov.az) fəaliyyətə başlayıb. Saytda "Asan xidmətlər", Onlayn növbə", "Çağrı mərkəzi", "Onlayn əlaqə", "Faydalı məlumat", "Özünə xidmət", "Səyyar xidmətlər", "E-asan", "Müraciət göndər" bölmələri fəaliyyət göstərir. "Çağrı" mərkəzləri vasitəsilə vətəndaşlar mərkəzə gəlmədən internet və ya telefon vasitəsilə bütün xidmət növləri, tələb olunan sənədlər barədə məlumat ala, növbə tuta, mərkəzin fəaliyyəti ilə bağlı təklif və şikayətlərini bildirə bilərlər. Respublikanın istənilən regionundan stasionar (ev, iş) telefonlardan birbaşa "108" nömrəsinə edilən zəng və aparılan danışıq, habelə "Çağrı mərkəzi" tərəfindən bütün xidmətlər ödənişsizdir. "Özünə xidmət" bölməsində "Asan mərkəz"lərdə daim internetə açıq olan kompyuterlər vasitəsilə vətəndaşların bütün növ elektron xidmətlərdən yararlana bilmək imkanı nəzərdə tutulur.

"Müraciət göndər" bölməsi vasitəsilə vətəndaşlar müvafiq qurumda çalışan şəxslərlə bağlı şikayət etmək imkanına malik olacaqlar. Xidmətə müraciət edən insanların çoxu ümidlidir. İnanırlar ki, "Asan xidmət" mərkəzləri onların çətinlərini asan edəcək.

 

 

 Rəsmiyyə RZALI

 

Azərbaycan.-2013.- 23 yanvar.- S.6.