Humanizmin ali təcəssümü

 

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın hər bir təşəbbüsündə bunu görmək mümkündür

 

 Xalqımızın ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiramını ifadə etmək arzu və istəyindən, ulu öndərin siyasi məfkurəsinin həmişəyaşar səciyyəsini əks etdirmək zərurətindən, azərbaycançılıq fəlsəfəsinin qloballaşan dünyada Azərbaycan üçün əhəmiyyətini vurğulamaq və milli dövlətçilik ideyalarını yeni nəsillərə daim aşılamaq niyyətindən irəli gələrək yaradılan Heydər Əliyev Fondu qarşıya qoyduğu vəzifələri layiqincə reallaşdırır. Fond öz fəaliyyəti ilə cəmiyyət həyatında necə böyük rol oynadığını, qarşıya qoyduğu məqsədlərin əhəmiyyətinə, miqyasına və sanbalına görə Azərbaycanda analoqu olmayan qurum olduğunu təsdiq edib.

Milli Məclisin deputatı, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun həyata keçirdiyi mədəni-ictimai tədbirlər xalqımızın, dövlətimizin inkişafına, dövlətçiliyimizin möhkəmləndirilməsinə, Azərbaycanın dünya birliyində öz layiqli yerini tutmasına doğru istiqamətlənib. Fondun gördüyü işlər, həyata keçirdiyi layihələr doğrudan da olduqca maraqlı və rəngarəngdir. Xeyriyyəçilikdən tutmuş səhiyyə və təhsil sisteminin, mədəniyyət və incəsənətin inkişafı, mədəni irsimizin dünyada təbliği, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, ölkəmizin dünyada yüksək imicinin formalaşmasına, amnistiya təşəbbüsçüsü olmağa qədər müxtəlif sferalarda səmərəli fəallıq və sair bu kimi tədbirlər Fondun ulu öndərin ideyalarına layiqincə xidmət etməsinin bariz təcəssümüdür.

Təkcə Azərbaycan yox, elə beynəlxalq ictimaiyyət arasında geniş rəğbət qazanan, hər zaman köməyə, yardıma ehtiyacı olanların yanında yer alan Fondun uğurlarının əsasında dayanan əsas amil Mehriban xanım Əliyevanın əzmkarlığı, təşəbbüskarlığı, işə yaradıcı münasibətidir. Sülhə və əmin-amanlığa töhfələr verməyi, insanlara qayğı və təmənnasız xidmət amalını prioritet elan edən ölkəmizin birinci xanımı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, mədəniyyətimizin, mənəvi dəyərlərimizin təbliğini, milli genefondumuzun qorunmasını və cəmiyyətin diqqətini bu istiqamətlərə cəlb etməyi özünün vətəndaşlıq borcu hesab edir. Mehriban xanım Əliyeva öz səylərini əhalinin ən zəif müdafiə olunan təbəqələrinə, xəstə və valideyn himayəsindən məhrum olmuş uşaqlara kömək göstərilməsinə yönəldir. Heydər Əliyev Fondunun xətti və Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qaçqınların və məcburi köçkünlərin, talassemiyadiabet xəstəliklərindən əziyyət çəkən uşaqların dəstəklənməsinə yönəlmiş müxtəlif proqramlar, uşaq evlərinin yenidən qurulması və onlar üçün yeni binaların tikintisi layihələri məhz bu məqsədə xidmət edir.

Mehriban xanım Əliyeva indiyə qədər çoxsaylı mükafatlara, təltiflərə layiq görülüb. Bütün bunlar ölkəmizin birinci xanımının nəcib əməllərinə, geniş miqyaslı xeyriyyəçilik fəaliyyətinə verilən yüksək qiymətlərdir. UNESCO və İSESCO-nun "Xoşməramlı səfiri" olan Mehriban xanım Əliyeva xeyriyyəçilik fəaliyyətinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsindəki töhfələrinə görə Rusiyanın "Yüzilliyin mesenatları" Beynəlxalq Xeyriyyə Fondunun "Yaqut Xaç" ordeni ilə təltif edilib. Mehriban xanım Əliyeva  2005-ci ildə ölkəmizdə "İlin qadını" adına, xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində əldə etdiyi yüksək nailiyyətlərinə görə 2007-ci ildə "Qızıl ürək" beynəlxalq mükafatına layiq görülüb.

Azərbaycanın birinci xanımının dövlət başçısı İlham Əliyevin 2009-cu il 5 may tarixli sərəncamı ilə "Heydər Əliyev mükafatı"na layiq görülməsi də onun əzmkar fəaliyyətinə verilən layiqli qiymətdir. Mehriban xanım Əliyeva 2009-cu ildə Polşanın "Xidmətlərə görə" Böyük Komandor Xaçı ordeni, 2010-cu ildə isə Fransanın "Şərəf Legionu" ordeniUNESCO-nun "Qızıl Motsart" medalı ilə təltif olunub.

Ermənistanın işğal etdiyi ərazilərdən qaçqın və məcburi köçkün düşmüş insanlar üçün Heydər Əliyev Fondunun həyata keçirdiyi humanitar proqramlar, habelə türk dünyası mədəni irsinin zəngin parçası olan Azərbaycan türklərinin maddiqeyri-maddi mədəniyyət abidələrinin qorunması və təbliği sahəsində böyük xidmətlərinə görə Mehriban xanım Əliyeva Türk Dünyası Yazarlar və Sənətçilər Vəqfinin (TÜRKSAV) "Türk dünyasına xidmət" mükafatına və 2011-ci il iyunun 24-də isə Krans Montana Forumunun qızıl medalına layiq görülüb.

Mehriban xanım Əliyeva 2012-ci ildə Rusiya Federasiyasının İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru adına, MDB iştirakçısı olan dövlətlərin Humanitar Əməkdaşlıq Şurası və MDB iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu tərəfindən "Birlik Ulduzları" dövlətlərarası mükafatına və Krans Montana Forumunun "Prix de la Fondation" mükafatına layiq görülüb.

Bu günlərdə isə Pakistanın nüfuzlu "Daily Times" qəzeti və Qadın Könüllülər Təşkilatı Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanı "Humanizm simvolu - 2012-ci ilin adamı" elan edib. Mehriban xanım Əliyeva bu ada Heydər Əliyev Fondunun 2012-ci ildə Pakistanın bütün əyalətlərində keçirdiyi humanitar aksiyalara, o cümlədən təhsil və səhiyyə sahəsində işlərə görə layiq görülüb. "Daily Times" qəzetinin 22 yanvar tarixli nömrəsinin 2 səhifəsi də bu mövzuya həsr olunub. Mehriban xanım Əliyevanın humanist fəaliyyəti, o cümlədən Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı kimi onun təşəbbüsü ilə Pakistanda həyata keçirilən layihələrə dair geniş məqalələr çap olunub.

Heydər Əliyev Fondunun fəaliyyətinə, xarici ölkələrdə həyata keçirdiyi layihələrə nəzər salsaq görərik ki, Mehriban Əliyevanın belə bir ada layiq görülməsinə tam mənəvi haqqı var. Bu layihələrdən biri Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın zəlzələdən zərər çəkmiş Müzəffərabad şəhərində qızlar məktəbinin inşasıdır. 2005-ci il oktyabrın 8-də Pakistanda baş vermiş dağıdıcı zəlzələ nəticəsində yetmiş min insan həyatını itirdi, ölkənin infrastrukturuna ciddi ziyan dəydi. Zəlzələnin növbəti günü dost Pakistan xalqına kömək üçün Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycandan xilasedici dəstə, həkim briqadası xüsusi təyyarə ilə yola salındı. Azərbaycan hökuməti zəlzələnin ilk günündə ən zəruri ehtiyacları üçün Pakistana 1,5 milyon dollar həcmində pul yardımı etdi.

Əsas məramlarından biri xeyriyyəçilik olan Heydər Əliyev Fondu da bu nəcib missiyada yaxından iştirak etdi. Zəlzələnin dağıdıcı təsirinin qurbanlarının həm də uşaqlar olduğunu nəzərə alan Fond Pakistan şagirdləri üçün müasir orta məktəb inşa etdirməyi qərara aldı. Məktəbin inşasına 2007-ci ilin iyun ayında başlandı. Ərazisinin mürəkkəb relyefi və çətin hava şəraitinə, yolların dağılmasına, inşaat materiallarının sahəyə çatdırılmasındakı çətinliklərə baxmayaraq tikinti işləri altı ay müddətində başa çatdırıldı. İşin təyin olunmuş vaxtdan tez görülməsi Heydər Əliyev Fondunun çox böyük uğurunun göstəricisi idi. İkimərtəbəli binada on geniş sinif otağı, iki laboratoriya, kitabxana, kompyuter otağı, böyük akt salonu, yeməkxana və s. vardır. Məktəb bütün zəruri müasir avadanlıqla təchiz olunub. Pakistanın rəsmi dövlət orqanları tərəfindən bu məktəbə Mehriban Əliyevanın adı verilib.

Heydər Əliyev Fondu Pakistanda silsilə humanitar yardımlar proqramı çərçivəsində "Edhi Home" kimsəsizlər evində sığınacaq tapan uşaqlara tibbi baxış və hepatit B virusuna qarşı peyvəndləşdirmə aparıb, Peşavar şəhərində "Akbar Care" Serebral Paraliç İnstitutunda, həmçinin Xeybər Paxtunxva əyalətinin Laki Marvat şəhərinin qadınlar və uşaqlar xəstəxanasında imkansızlar üçün pulsuz müayinə təşkil edib, İslamabad şəhərinin "Kulsum İnternational" klinikasında açıq ürək əməliyyatlarını maliyyələşdirib, Həmzə Fonduna müasir qanköçürmə avadanlığı və laboratoriya ilə təchiz edilmiş təcili tibbi yardım avtomobili və 2000 ədəd qanköçürmə paketi hədiyyə edilib, Xeybər Göz Fondunun yeni binasının inşası üçün maddi yardım göstərilib, Pakistanın bütün əyalətlərində Ramazan ayında iftar süfrələri təşkil olunub, Qurban bayramında Lakki Marvat bölgəsində və Pəncab əyalətində qurbanlıqlar kəsilərək əhalinin kasıb təbəqəsinə paylanılıb.

Bütün bunlara görə Pakistan xalqı Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya sonsuz təşəkkürünü ifadə edir. Bu ölkənin ayrı-ayrı mətbu orqanlarında gedən məqalələrdə, o cümlədən iki ölkənin nümayəndə heyətlərinin görüşlərində bu təşəkkür dönə-dönə qeyd olunur.

Yanvarın 22-də İslamabadın "Serena"  mehmanxanasında "Humanizm simvolu - 2012-ci ilin adamı" mükafatının təqdimat mərasimi keçirilib. Tədbirdə Pakistanın dövlət və hökumət adamları, tanınmış ziyalıları, nüfuzlu universitetlərin rektorları, jurnalistlər, bir sıra ölkələrin İslamabaddakı səfirləri iştirak ediblər.

Qadın Könüllülər Təşkilatının sədri xanım Samina Şah Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanda həyata keçirilmiş humanitar layihələr haqqında geniş məlumat verib.

Pakistan Milli Assambleyasının sədri vəzifəsini icra edən Fəsəl Kərim Kundi Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Pakistandakı fəaliyyətini qardaş ölkələrimiz arasında dostluq münasibətlərinin əyani göstəricisi kimi qiymətləndirib. Pakistanda hökumətin sosial problemlərin həlli istiqamətində atdığı addımlardan, humanitar, səhiyyə və təhsilin inkişafına yönəltdiyi diqqətdən danışan F.K.Kundi Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın bütün əyalətlərində keçirilən humanitar tədbirlərin iki xalq arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmləndirdiyini vurğulayıb.

Sonra Fəsəl Kərim Kundi Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təltif olunduğu "Humanizm simvolu- 2012-ci ilin adamı" mükafatını Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarova təqdim edib.

Mehriban xanım Əliyevanın özünün də bəyan etdiyi kimi, Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətinin əsas məqsədi insanlara təmənnasız yaxşılıqdır. Fondun fəaliyyətinin hər bir istiqamətində, Mehriban xanım Əliyevanın hər bir təşəbbüsündə bu məqsədi görmək mümkündür. Mehriban xanım Əliyevanın layiq görüldüyü yüksək adlar, ali təltiflər isə həm də Azərbaycan dövlətinə və xalqına verilən mükafatlar, edilən təşəkkürlərdir.

 

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.-2013.- 26 yanvar.- S.3.