DAŞALTIDA - daş altında qalanlar

İşğal olunmuş torpaqlarımız düşmən tapdağında qaldıqca o müqəddəs torpaqların azad olunması da hər birimizin namus, qeyrət və gələcək məsələsi olaraq qalacaq. Havadarlarının köməyi ilə kəndlərimizi, şəhərlərimizi işğal edən ermənilər hələ də qələbə eyforiyasını yaşamaqda, özlərini qalib kimi hiss etməkdədirlər. Amma özləri də bilməmiş, hiss etməmiş deyillər ki, bütün bunlar müvəqqətidir. Çünki müharibə hələ qurtarmayıb. O, nəinki yaddaşlarda, ürəklərdə, talelərdə, həm də yerdə-göydə, daş altında, daş üstündə davam edir. Daşaltı əməliyyatı, Daşaltı faciəsi kimi...

 

Daşaltıda sınanan mərdlik

 

Qarabağ savaşı ilə bu kəndin adı ömürlük yaddaşlara yazıldı. Vaxtilə Cıdır düzündən baxanda dərədə balaca bir kənd görünərdi. İllərdi Şuşanın daşlarına, qayalarına sığınıb yaşayardı. Amma bir gün bu balaca kənd böyük bir faciənin şahidinə çevrildi.

Daşaltı Şuşa ilə Laçın arasında strateji bir yerdə idi. 1992-ci ilin əvvəllərində Şuşa ilə əlaqələrin tam kəsilməsi qorxusu vardı. Çünki Kərkicahan işğal olunandan sonra Ağdamdan Şuşaya gələn yol bağlanmışdı. Hava əlaqəsi də tamam kəsilmişdi. Ümid Laçın yoluna qalırdı ki, onu da Daşaltı kəndindəki ermənilər daim atəş altında saxlayırdılar. Belə bir vaxtda Daşaltını quldur dəstələrindən təmizləmək üçün xüsusi əməliyyat hazırlandı.

"Daşaltı əməliyyatı" adlanan bu əməliyyat 1992-ci il yanvarın 25-də gecə başladı və yanvarın 26-da axşam saatlarında başa çatdı. Əməliyyatda o vaxt yenicə yaranan Azərbaycan ordusunun könüllülərdən ibarət 3 bölüyü və Şuşa şəhərinin özünümüdafiə taborunun döyüşçüləri iştirak edirdi. Məlumatlarda deyilir: "Əməliyyat sirrinin yayılması nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltıya daxil olan Azərbaycan bölmələri düşmənin pusqusuna düşüb. Təxminən 150 hərbçimizin iştirak etdiyi əməliyyatın qurbanları barədə bu gün də dəqiqləşdirmələr aparılır. Daşaltı əməliyyatında təxminən 70-ə yaxın əsgər və zabitimizin şəhid olduğu, 55 hərbçimizin itkin düşdüyü, 9 nəfərin isə əsir götürüldüyü barədə şahid ifadələri var. Qeyd edək ki, sözügedən əməliyyatda iştirak edənlərin hamısı könüllülər idi. Hadisədən sonra beynəlxalq təşkilatların iştirakı ilə hadisə yerinə baxış keçirilsə də, həlak olduğu güman edilən 64 soydaşımızın meyiti tapılmayıb, əsirlər bu günə kimi qaytarılmayıb. Döyüşdə ermənilərdən 154 nəfər məhv edilib. Azərbaycan əsgərləri tək bir maşında 23 erməni əsgəri məhv edə biliblər. Yəni, bizim əsgərlərimiz vuruşublar, böyük rəşadət göstəriblər. Bakıdakı Şəhidlər xiyabanında Daşaltı şəhidlərinə xatirə lövhəsi qoyulub."

 

Zaman başqa zaman idi

 

1992-ci ildə yanvarın ortalarına doğru Qarabağın ağır günləri özünü daha açıq göstərməyə başladı. Bakıda hökm sürən ictimai-siyasi gərginlik və hərc-mərclik cəbhə bölgəsindəki vəziyyəti daha da ağırlaşdırmışdı. Erməni qoşunları öz hərbi üstünlüyündən istifadə edərək Dağlıq Qarabağda azərbaycanlılar yaşayan məntəqələri mühasirəyə alaraq məhv edirdilər. 1991-ci ilin dekabrında Cəmilli, Kərkicahan və Meşəli kəndlərinin işğalı zamanı erməni silahlı dəstələri dinc əhaliyə qarşı hərbi cinayətlər törətməkdən çəkinmədilər. Şuşada vəziyyət xeyli gərgin idi. Şəhərin müdafiəsi çox pis təşkil olunmuşdu. Hətta bəzən gecələr nəzarət buraxılış məntəqələri və müşahidə postları da qoyulmurdu. Vahid komandanlıq yox idi. Deyilənə görə, milli ordunun Şuşa batalyonunda 385 nəfər olduğu halda, şəxsi heyətin bir yerə yığılması zamanı cəmi 20 əsgər çağırışa gəlib.

Daha sonra məlumatlarda deyilir: "İki gün ərzində kəşfiyyat aparılır. Əməliyyatın keçirilməsi üçün Şıxov taborundan 200 insan ayrılır, 5 vzvod və R.Əhmədovun rəhbərliyi altında 10 nəfərlik ayrı bir qrup da formalaşdırılır. Əməliyyat planı belə idi: Birinci vzvod Nəbilər kəndindən keçərək Qızılqaya hündürlüyünə qalxmalı və Daşaltıdan Sığnaxa aparan yolu, ikinci vzvod isə birinci vzvodun köməyi ilə Daşaltıdan Şuşakəndə aparan yolu kəsməli idi. Bu vzvodlardan irəlidə, yolun sağında və solunda üçüncüdördüncü vzvodlar yerləşməli və hücum əmrini gözləməli idilər. Xüsusi Təyinatlı Milis Dəstəsinin döyüşçülərindən ibarət 5-ci vzvod ehtiyatda olmalı idi. Nəzərdə tutulan yerə çatdıqdan sonra birinci dəstə Nəbilər kəndindən Daşaltını atəşə tutmalı idi. Cavab olaraq ermənilər atəş açmağa başlayacaqdılar və bu zaman üçüncüdördüncü vzvod kəndə yaxınlaşıb rəqibin atəş nöqtələrini müəyyənləşdirərək məhv etməli idilər. Bu vzvodların arasında gedən Riad Əhmədovun kəşfiyyat-diversiya dəstəsi 3-cü və 4-cü vzvodların dəstəyi ilə Daşaltıya girməli və kənddəki erməni bazasını məhv etməli idi. Bundan sonra 3-cü və 4-cü vzvod kəndə girməli idilər. Şuşakənd yolunda duran ikinci vzvod, dinc əhalinin Daşaltıdan çıxışını təmin etməli idi. Əsas qüvvələrə dəstək üçün, kəndin ətrafındakı bəzi yüksəkliklərdə snayperlər yerləşdirilmişdi."

Yanvarın 25-dən 26-na keçən gecə əməliyyat başlanır. Havanın çox soyuq və sərt olmasına baxmayaraq birinci vzvod Sığnax kəndindən Daşaltıya tərəf gələn yolda nəzərdə tutulan mövqelərə çataraq dayanır. Bu zaman bələdçilər vzvod komandirini inandırmağa başlayırlar ki, burada durmağın mənası yoxdur, Sığnaxdan ermənilər gəlməyəcəklər, birbaşa Daşaltıya hücum etmək lazımdır və s. Komandir onların dediklərinə inanır. Altı əsgər Daşaltı-Sığnax yolunun ətrafında mövqelərdə qalır, vzvodun qalan hissəsi Daşaltıya tərəf gedir. Səhər saat altı radələrində Sığnax kəndi tərəfdən erməni əsgərləri ilə dolu bir yük avtomobili gəlir. Mövqedə qalan 6 əsgər bu avtomobilə atəş açır və demək olar ki, orada olan erməni əsgərləri ilə birlikdə bu "Kamazı" tamamilə məhv edir. Bu zaman erməni əsgərləri ilə dolu ikinci yük avtomobili yaxınlaşır. Döyüş yenidən qızışır və iki əsgərimiz həlak olur, biri yaralanır. Sağ qalan üç əsgər ölənləri və yaralıları götürərək geri çəkilir. Ermənilər mövqeləri ələ keçirərək 3-cü və 4-cü vzvodların arxasına keçirlər.

Bu zaman Şuşakəndə gedən yolu kəsməli olan ikinci vzvod ermənilərin pusqusuna düşür və demək olar ki, iki yaralı döyüşçüdən başqa vzvoddakı bütün əsgərlər məhv olur. Onlardan biri - Azər adlı əsgər ermənilərin ratsiyada vzvodu pusquya doğru aparan Maxış adlı bələdçi ilə danışıqlar apardığını eşitdiyini söyləyib...

Uğursuz başlanğıca baxmayaraq, əməliyyat nəzərdə tutulmuş plan üzrə davam etdirilir. Məlumatlarda deyilir: "Nəbilər kəndində olan əsgərlərimiz Daşaltını atəşə tuturlar və ermənilər cavab atəşi açırlar. 3-cü və 4-cü vzvodların atəş dəstəyi altında Riad Əhmədovun dəstəsi kəndin içərilərinə doğru irəliləməyə başlayır. Amma "Kələmlik" adlanan yerin yaxınlığında bələdçinin satqınlığı nəticəsində dəstə pusquya düşərək məhv olur. Bir müddətdən sonra 3-cü və 4-cü vzvod kəndə daxil olur və erməni dəstələri ilə döyüşə başlayır. Lakin bu zaman Sığnaxda yolda mövqeləri özbaşına tərk etmiş birinci vzvodun əsgərləri "ura" qışqırıqları ilə 3-cü və 4-cü vzvodların arxalarınca kəndə girirlər. Kənddə olan azərbaycanlı əsgərlər əlaqənin olmaması səbəbindən onları düşmən əsgərləri olaraq qəbul edirlər və onların arasında atışma başlanır. Nəticədə hər üç vzvod itki verir və həm Daşaltı, həm də Sığnax istiqamətindəki mövqelərdən erməni dəstələrinin şiddətli atəşi altına düşürlər. Bütün bunlara baxmayaraq əsgərlərimiz döyüşməyi davam etdirirlər. Bəziləri əsir düşməmək üçün intihardan belə çəkinmirlər. Onlardan biri - ermənilərin arasına düşən Elşən Xəlilov qumbara ilə özünü partlatdı, Zaur Cəfərov isə əsir düşməmək üçün son gülləsini özünə sıxaraq şəhid oldu.

 

Daş altındakı... igidlər

 

Bu əməliyyata xüsusi önəm verilirdi. Ordakı uğursuzluq müharibənin gedişinə ciddi təsir etdi. Əməliyyatda uğur olsa idi, o, müharibənin gedişatını dəyişdirə və bizim qoşunlarımıza strateji təşəbbüsü ələ almağa kömək edəcəkdi. Təəssüf ki, belə olmadı.

O döyüş həm də qeyrətli, cəsur, fədakar oğullarımızın mübarizəsi ilə yaddaşlarda qaldı. Onların arasında Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun adı xüsusi qeyd olunmalıdır. Onun göstərdiyi igidlik, qorxmazlıq hamıya yaxşı məlumdur. O dövrdə onu Qarabağın dava gedən bütün yaşayış məntəqələrində görmək olardu. Daşaltıdan əvvəl onun xüsusilə Qaybalıda, Kərkicahanda göstərdiyi qəhrəmanlıq hamının yaxşı yadındadır. 1956-cı il dekabr ayının 20-də Bakıda anadan olan Riad Əhmədov 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirərək 1976-1979-cu illərdə Azərbaycan SSR Ədliyyə Nazirliyi yanında Məhkəmə Ekspertizası İnstitutunda laborant işləyib. 1979-1980-ci illərdə həmin nazirliyin Qanun Layihələrinin Hazırlanması və Qanunvericiliyin Sistemləşdirilməsi İdarəsində məsləhətçi, 1980-1981-ci illərdə isə Ədliyyə Nazirliyinin kadrlar şöbəsində baş məsləhətçi vəzifələrində çalışıb. 1981-ci ildə təhlükəsizlik orqanlarında fəaliyyətə başlayan Riad Əhmədov 1981-1982-ci illərdə DTK-nın Minskdəki ali məktəbində təhsil alıb.

1992-ci ildə Müdafiə Nazirliyində Kəşfiyyat İdarəsinin rəis müavini vəzifəsinə irəli çəkilib. Riad Əhmədovun başçılıq etdiyi xüsusi kəşfiyyat dəstəsi Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə düşmənin xeyli canlı qüvvəsini və hərbi texnikasını məhv edib.

Daşaltıda itkin düşən digər döyüşçülərimiz kimi, Riad Əhmədovun da bir gün qayıdacağına indiyə kimi yaxınları da, övladları da ümidlərini itirməyərək yolunu gözləyirlər. İnanırlar ki, o, nə vaxtsa qapıdan içəri girəcək, həsrət çəkənləri sevindirəcək. Onun Daşaltıda itkin düşməsindən illər keçib, amma bu illər o ümidi, inamı öldürə bilməyib. O inamı hamı ürəyində qoruyub saxlamaqdadır. Çünki müharibə və qələbə qabaqdadır. Yəqin o vaxt Riad kimi daş altında yatan igidlərin ruhları da döyüşə atılan əsgərlərimizin yanında olacaqdır.

 

Bəxtiyar QARACA

 

Azərbaycan.-2013.- 26 yanvar.- S.6.