Qərəzli mövqenin axırı uğursuz nəticələndi

 

Kristofer Ştrasserin Azərbaycana qarşı həyata keçirmək istədiyi məkrli planı alt-üst oldu

 

 Nəhayət ki, Avropa Şurası Parlament Assambleyası Azərbaycanla bağlı ədalətli bir qərar qəbul etdi. Azərbaycana qarşı qərəzli mövqedən çıxış edən, "siyasi məhbus" məsələsini gündəmdə saxlayaraq AŞ PA-nın ölkəmizə qarşı təzyiqlər göstərməsini tələb kimi irəli sürən almaniyalı məruzəçi Kristofer Ştrasser bu dəfə yaman məyus oldu. Çünki onun Azərbaycanda "siyasi məhbus"lara dair hazırladığı qətnamə layihəsi qəbul olunmadı.

Əvvəlcə qeyd edək ki, yanvarın 23-də AŞ PA-da Azərbaycana dair iki qətnamə layihəsi müzakirəyə çıxarılıb. Bunlar qurumun Monitorinq Komitəsi adından həmməruzəçilər Jozef Debona Qrex və Pedro Aqramuntun hazırladığı Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklər İnsan hüquqları və hüquqi məsələlər üzrə komitə adından məruzəçi Kristofer Ştrasserin hazırladığı Azərbaycanda "siyasi məhbus"ların vəziyyətinə dair hesabatlar idi. Həmməruzəçilər Jozef Debona Qrex və Pedro Aqramuntun hazırladığı hesabat 196 lehinə səslə qəbul olunub. K.Ştrasserin məruzəsi isə 125 əleyhinə, 79 lehinə səslə rədd edilib.

Bütün bunlar onu göstərir ki, artıq Azərbaycan haqqında həqiqətlər Avropa Şurasında və digər beynəlxalq təşkilatlarda özünə yer tutmaqdadır. Azərbaycanın inkişafı, Avropadakı rolu və ümumiyyətlə, dünyada artan nüfuzu artıq Avropada, Avropa Şurası və digər beynəlxalq qurumlarda ölkəmizi daha diqqətlə öyrənməyə ehtiyac yaradır. Bu, bir daha təsdiq edir ki, Azərbaycana qarşı qərəzli mövqedən hansısa başqa məqsədlərlə yanaşmaq qətiyyən mümkün deyil.

Onu da qeyd edək ki, qurumun iclasından sonra mətbuat konfransı keçirən K.Şrtasser məyus olduğunu gizlədə bilməyib: "Mənim missiyam başa çatdı. Mən məğlub oldum".

Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin sədri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin rəhbəri Səməd Seyidov qeyd edib ki, bu iş bəzilərinə böyük məsələ kimi görsənməyə bilər. Ancaq həqiqətin təntənəsi Azərbaycan üçün çox vacibdir, çox əhəmiyyətlidir: "Qərəzli mövqenin axırı belə uğursuz qurtarır. Çünki Kristofer Ştrasser Avropa dəyərlərini özəlləşdirmək istəyirdi. Alınmaz. Bu, onun Avropa Şurası deyil, bu, Azərbaycanın Avropa Şurasıdır, 20 faiz torpağı işğal altında olan, bir milyondan çox qaçqın-köçkünü olan  Azərbaycanın Avropa Şurasıdır. Ona görə də keçməz, keçməz və bir daha keçməz".

Səməd Seyidov eyni zamanda qeyd edib ki, səsvermənin nəticəsi Azərbaycanın, onun Prezidentinin təntənəsi və qələbəsidir: "Biz dəfələrlə demişik ki, Azərbaycana qarşı yalan irəli sürmək olar, amma bu yalan ayaq tutsa da, yeriyə bilməz. Çünki həqiqət tamam başqa bir şeydir. Ona görə ki, bizə qarşı qərəzli mövqeyin qarşını nəinki Azərbaycan olaraq aldıq, eləcə də Avropa deputatları, bütün Avropa ölkələri həqiqətin, ədalətin müdafiəsinə qalxdılar. Bu da, nəticədə səsvermənin bu şəkildə keçirilməsinə öz təsirini göstərdi. Mən əminəm ki, bu, ilkin addımlardır. Azərbaycan hələ öz sözünü Avropada və dünyada yüksək səviyyədə bildirəcək. Ona görə ki, Prezidentimizin siyasəti düz, niyyətimiz xoş və ən əsası, siyasi iradəmiz var".

Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü, deputat Elxan Süleymanov isə hesab edir ki, qəbul edilmiş bu hesabat Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü bütün öhdəlikləri yerinə yetirdiyini göstərir. Bəzi çatışmazlıqlar qeyd olunsa da, həmməruzəçilərin də dediyi kimi, son illərdə Azərbaycanda siyasi irəliləyişlər nəzərəçarpan dərəcədədir: "Kristofer Ştrasserin məruzəsi qəbul edilə bilməzdi. Çünki Ştrasser Azərbaycana qarşı qərəzli və ədalətsiz mövqe tutmuşdu. Məruzəçi təyin edildikdən dərhal sonra məsələni siyasiləşdirməyə cəhd göstərərək, öz müsahibələrində Azərbaycan hakimiyyətini ağır cinayətlərdə ittiham edirdi".

Deputat Ştrasseri məruzəçi olduğu müddətdə Azərbaycanla əməkdaşlıq etməməkdə və obyektiv araşdırma aparmamaqda günahlandırıb: "Ştrasserin təqdim etdiyi siyahısında həbsdən azad olunanları, terrorçuları, qatilləri, xüsusilə, ağır cinayətlər törətmiş şəxsləri siyasi məhbus kimi təqdim etmişdi. Ona görə də Ştrasserin məruzəsinə səs verməyənlər əslində, Avropa dəyərlərinə, ədalətə, hüququn aliliyinə hörmət nümayiş etdirmiş oldular. Bununla da, üzv ölkələr arasında ayrı-seçkiliyə, ikili standartlara son qoymağa çağırış edib və ədalətə səs verdilər. Bu, haqqın və ədalətin zəfəridir".

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə əməkdaşımızla söhbətində bildirib ki, bu, ədalətin təntənəsidir. Kristofer Ştrasserin hazırladığı qətnamənin təsdiq edilməməsi bir daha onu göstərdi ki, Azərbaycan üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirib və Avropa Şurası buna real qiymətini verir: "Bizə məlum idi ki, həmin insanlar fərziyyələr əsasında, müxtəlif maraqlı mənbələr tərəfindən Ştrasserin hazırladığı siyahıya düşüblər. Hətta Ştrasser və onun köməkçisi bizimlə AŞ PA-da görüşərkən birdirdilər ki, ayrı-ayrı vəkillər tərəfindən göndərilən adları da siyahıya daxil ediblər. Həmin vəkillər isə müdafiə etdikləri şəxslərin azadlığa çıxmaları üçün əllərindən gələni edirlər. Bu baxımdan, maraqlı şəxslərin, vəkillərin və bəzi qeyri-hökumət təşkilatlarının göndərdikləri siyahılar əsasında hazırlanan qərəzli qətnamənin AŞ PA-da qəbulu qeyri-mümkün idi".

Deputatın sözlərinə görə, Ştrasserin Azərbaycana qarşı qərəzi daim açıq-aydın hiss olunub. Onun Cənubi Qafqaz regionunda yalnız Azərbaycanda  "siyasi məhbus" axtarışı birmənalı qarşılanmırdı. Hətta bu şəxs öz ölkəsi olan Almaniyada Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirməklə siyasi dividend qazanmaq iddiasında olub. Bunu Almaniya Bundestaqının bəzi deputatları da təsdiqləyiblər.

Milli Məclisin deputatı Asəf Hacıyev isə qeyd edib ki, AŞ PA-da  Azərbaycanda siyasi məhbuslarla bağlı məruzənin qəbul olunmaması, Kristofer Ştrasser üçün bir növ dərs olmalıdır: "K.Ştrasserin görünüşcə fəaliyyəti, Avropa dəyərlərinə yad tendensiyadır. Bu kimi insanların Avropada sayı-hesabı belə yoxdur. Həmin insanlar bir şeyi başa düşməlidirlər ki, Azərbaycan gənc dövlətdir. Dövlətimizin inkişafına maneçilik törədən addımlar atmaq yerinə hansısa kömək göstərsələr, daha doğru olardı. K.Ştrasser kimi insanlar dərk etməlidirlər ki, Azərbaycan öz Prezidentinin siyasətini dəstəkləyir və onu uğurla davam etdirir. Bu siyasət isə inkişafdan, qonşu dövlətlərlə sülh çərçivəsində yaşamaqdan ibarətdir. Bununla da K.Ştrasser kimi bədbin insanlar öz tutduqları mövqelərindən əl çəkməlidirlər. Bu insanlar müxtəlif qrupların, dairələrin sifarişlərini həyata keçirirlər. AŞ PA-nın son iclası göstərdi ki, artıq burada sağlam qüvvələr mövcuddur. Təbii ki, bu da son dərəcə sevindirici amildir".

 

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.-2013.- 27 yanvar.- S.2.