«Azərbaycan qadını» jurnalının qış buraxılışının təqdimat mərasimi olmuşdur

 

"Azərbaycan qadını" jurnalının (baş redaktor Fatma Abdullazadə) hər nömrəsinin maraqlı mədəniyyət layihəsi ilə təqdimatı artıq bir ənənəyə çevrilmişdir.

AzərTAc xəbər verir ki, yanvarın 26-da jurnalın Beynəlxalq Muğam Mərkəzində keçirilən, dövlət və hökumət nümayəndələrinin, Milli Məclisin deputatlarının və KİV təmsilçilərinin iştirak etdikləri qış buraxılışının təqdimat mərasimində "Leyli və Məcnun" operası (kompozisiya) nümayiş olunmuşdur.

Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə (dirijor Azərbaycanın xalq artisti Teymur Göyçayev) Leyli və Məcnun rollarını xalq artistləri Aygün Bayramova və Mənsum İbrahimov ifa etmişlər.

Kompozisiyanın nümayişindən əvvəl çıxış edən Azərbaycan Milli Konservatoriyasının rektoru Səyavuş Kərimi Üzeyir Hacıbəylinin ölməz "Leyli və Məcnun" operasının tarixi barədə məlumat vermiş, onun müsəlman dünyasında ilk opera olduğunu və indiyədək sevilə-sevilə ifa edildiyini qeyd etmişdir.

"Leyli və Məcnun" operasının ilk dəfə olaraq yeni formatda lentə alındığını deyən S.Kərimi bildirmişdir ki, sənətsevərlərə dəyərli töhfə olan bu musiqi albomuonu araya-ərsəyə gətirənlərlə oxucular jurnalın səhifələrində daha yaxından tanış ola biləcəklər.

Jurnalın yeni nömrəsində oxuculara bir-birindən maraqlı bədii-publisistik yazılar, eləcə də ölkəmizin həyatında parlaq hadisəyə çevrilən mühüm beynəlxalq layihələri əks etdirən materiallar təqdim olunmuşdur.

Humanitar əməkdaşlığın ən ümdə məsələlərinə dair fikir mübadiləsi və müzakirələr aparmaq, XXI əsrdə bəşəriyyətin qarşısında duran qlobal çağırışlara cavab tapmaq üçün dünyanın tanınmış simaları artıq iki ildir ki, eyni məkanda - Azərbaycan paytaxtında bir araya gəlirlər. İkinci Bakı Beynəlxalq Humanitar Forumuna 70 ölkəni təmsil edən 700-ə yaxın iştirakçı qatılmışdı. Onların arasında sabiq dövlət başçıları, Nobel mükafatı laureatları, dünyanın nüfuzlu fəxri professorları, görkəmli ictimaisiyasi xadimlər yer almışdı. İştirakçıların Forumorada qaldırılan məsələlərlə bağlı fikirləri jurnalın səhifələrində geniş əks olunmuşdur.

Planetin ən nüfuzlu və mötəbər təşkilatlarından biri olan UNESCO tanınmış elm, mədəniyyət və ictimai xadimləri dünyəvi problemlərin müzakirəsi və təcrübə mübadiləsi üçün hər il bir araya gətirir.  Xoşməramlı səfirlərin sırasında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva da vardır.  Oxuculara təqdim edilən "Elçilərin xoş məramı" yazısında UNESCO-nun toplantısı və prioritet istiqamətlərindən söz açılmışdır.

Müxtəlif ölkələrin paytaxtlarından, o cümlədən LondonParis şəhərlərindən sonra "Bakıya uçuş" bu dəfə Berlində baş tutmuşdur. Heydər Əliyev Fondunun, Azərbaycanın Almaniyadakı səfirliyinin və "Baku" beynəlxalq jurnalının birgə təşkilatçılığı ilə keçirilən müasir incəsənət sərgisində 21 sənət adamının əsərləri nümayiş olunmuşdur. Avropalıların sərgi ilə bağlı təəssüratları jurnalın səhifələrində oxuculara təqdim edilmişdir.

Yarandığı qısa müddət ərzində bir sıra uğurlu layihələrə imza atan Aida Mahmudovanın rəhbərlik etdiyi "YARAT!" Müasir İncəsənət Məkanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə daha bir xeyirxah addım atmışdır. Azərbaycanın müxtəlif əyalətlərindən olan istedadlı uşaqların əsərlərindən ibarət sərgi və onun iştirakçıları barədə jurnalın oxucularını maraqlı material gözləyir.

"Həyatda məni nə iləsə təəccübləndirmək artıq çətindir, incəsənətdə isə hələ mümkündür" -Azərbaycanın xalq rəssamı, görkəmli qrafika ustası Oqtay Sadıqzadə belə deyir. Bu ilin fevralında 92 yaşına qədəm qoyacaq rəssam oxuculara işıqla kölgənin bir-birini əvəzlədiyi həyatından danışır, taleyin ona yaşatdığı sürgün illərindən və heç vaxt tükənməyən yaradıcılıq eşqindən söz açır...

 "Azərbaycan qadını"nın səhifələrində, həmçinin  "Üzeyir mirası, Niyazi yadigarı" layihəsi, "Dünyanın şəklini çəkən İnqa Şmidt", "Yeni nəsil, yeni məkan", "Ustad irsi" və digər maraqlı materiallar yer almışdır.

 

 

Azərbaycan.-2013.- 27 yanvar.- S.8.