Azərbaycan cinayətkarlıqla mübarizənin nəticələrinə görə ötən ildə də MDB və Şərqi Avropa məkanında tutduğu öncül mövqeyi qoruyub saxlamışdır

 

 Yanvarın 28-də Daxili İşlər Nazirliyində (DİN) 2012-ci ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilmişdir.

DİN-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov iclasdakı çıxışında bildirmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müvəffəqiyyətlə davam etdirilən Heydər Əliyev siyasi kursu və hərtərəfli islahatlar nəticəsində 2012-ci il də xalqımızın rifah halının yüksəlməsi, ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsi, insan hüquq və azadlıqlarının daha etibarlı qorunması ilə səciyyəvi olmuşdur. Dövlətimizin qüdrətlənməsinin vacib amillərindən olan ictimai asayiş, vətəndaşların qanuni mənafeləri əvvəlki dövrlərdə olduğu kimi, ötən il də etibarlı qorunmuş, qarşıda duran vəzifələr vaxtında və tam yerinə yetirilmişdir.

Qeyd olunmuşdur ki, ötən il ölkə iqtisadiyyatı dinamik inkişaf etmiş, on minlərlə yeni yeri açılmış, əhalinin pul gəlirləri artmışdır, yoxsulluğun səviyyəsi əsaslı surətdə azalmışdır. Bu tərəqqi dövlət başçısının bəyan etdiyi proqram və planların əsl reallığa söykənməsinin, milli maraqlara tam cavab verməsinin və ardıcıllıqla həyata keçirilməsinin əyani təsdiqi olmaqla daxili işlər orqanlarının fəaliyyətinə də öz müsbət təsirini göstərmişdir.

Hesabat məruzəsi ilə çıxış edən nazir demişdir ki, yola saldığımız ildə davamlı şəkildə həyata keçirilən quruculuq işlərinə, tərəqqi proseslərinə zəmin yaradan ictimai asayiş, insan hüquq və azadlıqları etibarlı qorunmuş, ölkənin qanunlarından, dövlət başçısının fərman və sərəncamlarından, aidiyyəti planproqramlardan irəli gələn vəzifələr vaxtında və tam yerinə yetirilmişdir. Azərbaycan cinayətkarlıqla mübarizənin nəticələrinə görə 2012-ci ildə də MDB və Şərqi Avropa məkanında tutduğu öncül mövqeyi qoruyub saxlamış, əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı azalaraq 266-dan 236-ya enmişdir. Hesabat dövründə bütün subyektlər üzrə qeydə alınmış 21.897 cinayətin 94 faiziya 20.675-i daxili işlər və prokurorluq orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər olmuşdur. Onların 88 faizini böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 12 faizini ağır və xüsusilə ağır növlər təşkil etmişdir. Prokurorluq orqanları ilə birgə, keçmiş illərdən bağlı qalmış 379, o cümlədən 81 ağır və xüsusilə ağır cinayətin üstü açılmışdır.

Cinayətlərin profilaktikasında, hüquqazidd əməllərə məruz qalmış şəxslərin həyat və sağlamlığının müdafiəsində, bu sahədə operativ tədbirlərin görülməsində müasir texniki vasitələrin və informasiya texnologiyalarının da böyük rolu olmuşdur. Təkcə "102" xidmətinə daxil olan məlumatlar əsasında 8502 hüquqazidd əməlin qarşısı alınmış, 2051 cinayət işi başlanmışdır. "Təhlükəsiz şəhər" xidmətinin texniki imkanları sayəsində 61 cinayət açılmış, 6656 yol-nəqliyyat qəzası, piyadaların vurulması ilə nəticələnən 111 hadisə aşkarlanmış, axtarışda olan 66 avtomobil saxlanılmışdır. Vahid məlumat-axtarış sistemi vasitəsilə məhkumluq, təqsirləndirilən şəxslər, avtonəqliyyat vasitələri, odlu silahlars. haqqında 455 minə yaxın sorğu cavablandırılmış, axtarılan 875 şəxs müəyyən edilmişdir.

Qeyd olunmuşdur ki, törədilmiş əmələ görə cəzanın labüdlüyünün təmini istiqamətində həyata keçirilən davamlı tədbirlərlə müxtəlif cinayətlər törətmiş 12.526 nəfər məhkəmə məsuliyyətinə cəlb edilmişdir. Təqsirləndirilən şəxslərin axtarışının nəticələri də yaxşılaşmış, istintaqdan və məhkəmələrdən yayınan 2148 nəfər tutulmuşdur. İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş 71 nəfərin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 27 şəxsin yeri müəyyən olunmuşdur. Bütövlükdə axtarışa elan edilmiş şəxslərin 67,4 faizi tutulmuşdur.

Mütəşəkkil cinayətkarlığa qarşı mübarizə də sistemli xarakter daşımış, həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri ilə 649 ağır və xüsusilə ağır cinayət, o cümlədən 15 qəsdən adam öldürmə, 61 quldurluq və 56 soyğunçuluq törətmiş 564 nəfərdən ibarət 200 cinayətkar qrup və dəstə zərərsizləşdirilmişdir. Əllərdə saxlanılan 713 odlu silah və 35 minə yaxın patron götürülmüş, qanunsuz olaraq odlu silah saxlama və daşıma cinayətlərinə görə 100 nəfər məsuliyyətə cəlb olunmuşdur. Nəticədə odlu silahla törədilən cinayətlərin sayı 57 fakt təşkil etməklə 2011-ci illə müqayisədə 22 faiz azalmışdır. Dövlətin iqtisadi təhlükəsizliyinin qorunması sahəsində həyata keçirilən əməliyyat tədbirləri nəticəsində 12 saxta pul hazırlama və satma cinayəti aşkarlanaraq  qeyri-leqal dövriyyədən ümumi məbləği 270 min manat olan 3011 ədəd saxta əsginas çıxarılmışdır.

Bildirilmişdir ki, transmilli mütəşəkkil cinayətlərdən olan narkotrafikə və insan alverinə qarşı mübarizədə həyata keçirilən tədbirlər də məqsədyönlü olmuşdur. Narkotiklərlə əlaqədar 2453 cinayət, o cümlədən satışı ilə bağlı 713 fakt aşkarlanmış, 126 nəfərdən ibarət 51 cinayətkar qrup və dəstə zərərsizləşdirilmişdir. Qanunsuz dövriyyədən 596 kiloqram (kq) narkotik vasitə və 50 kq prekursor çıxarılmış, 54,9 kq narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınmışdır. Tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyasının və yabanı halda yayılmasının profilaktikası istiqamətində xüsusi əməliyyat planı üzrə keçirilmiş tədbirlərlə ümumi çəkisi 313 ton olan çətənə və  xaş-xaş kolu aşkarlanaraq yaşıl kütlə halında məhv edilmişdir. İnsan alverinə qarşı Milli Fəaliyyət Planı əsasında həyata keçirilən əməliyyat tədbirləri ilə 89 cinayət faktı müəyyən olunaraq 22 nəfər məsuliyyətə cəlb edilmiş, 8 cinayətkar qrup zərərsizləşdirilmişdir. Bu əməllərin qurbanı olmuş 53 şəxsin cəmiyyətə reinteqrasiyası təmin edilmişdir.

Cinayətlərin açılmasında, vətəndaşların qanunun aliliyinə inamının möhkəmləndirilməsində başlıca rol oynayan istintaq və təhqiqat qurumları əməkdaşlarının fəaliyyəti də qənaətbəxş olmuşdur. 2011-ci illə müqayisədə müstəntiqlərin istintaqını apardığı cinayət işlərinin sayı 4 faiz artaraq 21.330 təşkil etmişdir. Vətəndaşlara və dövlətə dəymiş 32 milyon 658 min manat maddi ziyandan 85 faizi ödətdirilmişdir ki, bu da müqayisə edilən dövrə nisbətdə 11,3 faiz çoxdur.

Nazir demişdir ki, daxili işlər orqanlarının fəaliyyətinin əsas istiqamətlərindən olan və mahiyyətinə görə profilaktik xarakter daşıyan yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində də müəyyən işlər görülmüşdür. Yol hərəkətinə nəzarət prosesində 2011-ci illə müqayisədə 14 faiz çoxya 1.021.122 inzibati xəta müəyyən edilmişdir. Şüşələrinə pərdə və plyonka çəkilmiş 11.591 avtomobil, avtoxuliqanlığa görə 503  nəfər aşkarlanmış və barələrində qanunauyğun tədbirlər görülmüşdür. 2012-ci ildə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş 31,5 milyon manata yaxın cərimədən 99 faizi ödənilmişdir. Hesabat dövründə ilkin qeydiyyata 102.780 avtomobilin alınması və ölkə üzrə nəqliyyat vasitələrinin ümumi sayının 1.144.036-ya yüksəlməsi fonunda respublika ərazisində baş vermiş yol-nəqliyyat hadisələrinin sayı 2892 fakt təşkil etməklə sabit qalmışdır. Qəzalarda ölənlərin sayı 15 faizya 152 nəfər artmış, yaralananların sayı 1 faiz, yaxud  34 nəfər azalmışdır. Paytaxt ərazisində isə qəzaların və ölənlərin sayında azalma qeydə alınmışdır.

Bütövlükdə, müxtəlif inzibati xətalara görə respublika üzrə 2011-ci illə müqayisədə 23 faiz çoxya 1.125.563 protokol tərtib olunmuşdur. Onlardan 89 faizi yol hərəkəti, 7 faizi yaşayış yeri üzrə qeydiyyat qaydalarının pozulması, 4 faizi digər hüquqpozmalar ilə əlaqədardır. Nəticədə 1.075.688 nəfər cərimələnmiş, 2924 şəxs məhkəmələr tərəfindən həbs olunmuş, 25.330 nəfərə xəbərdarlıq edilmişdir.

Cəmiyyətdə polisin nüfuzunun vətəndaşların müraciətlərinə vaxtında, obyektiv və ədalətli şəkildə baxılmasından, bütövlükdə insan və vətəndaş hüquq və azadlıqlarının nümunəvi təminindən birbaşa asılı olduğunu qeyd edən Ramil Usubov bu xüsusda Prezident İlham Əliyevin Azərbaycan Polisinin 89-cu ildönümünə həsr olunmuş təntənəli mərasimdəki nitqindən "Biz hamımız, dövlət işində işləyən insanlar xalqa xidmət edirik. Bizi ona görə seçirlər, ona görə etibar edirlər ki, biz öz tərəfimizdən qərarların qəbul olunması ilə, öz hərəkətimizlə, öz nümunəmizlə xalqa xeyir gətirək. Onun problemlərini həll edək, dərdlərini dinləyək, ona kömək edək" sözlərini xatırladaraq həmin tələbin proqram vəzifə kimi qəbul edildiyini, bu sahədə görülən işlərin ciddi nəzarətdə saxlandığını, zəruri təşkilati-əməli tədbirlər həyata keçirildiyini vurğulamışdır. Bildirilmişdir ki, nazirliyin rəhbərliyi və struktur xidmətləri tərəfindən 5 mindən çox, o cümlədən qabaqcadan məlumat verilməklə 25 şəhər və rayon üzrə yüzlərlə vətəndaş qəbul olunmuş, qaldırılan bütün məsələlər nəzarətə götürülərək əksəriyyəti yerində müsbət həll edilmişdir. Hesabat ilində vətəndaşlardan nazirliyə 37.819, o cümlədən elektron poçt ünvanına 7803 müraciət daxil olmuşdur. Həmin dövrdə şikayətlərin sayı 2011-ci illə müqayisədə 2,5 dəfə, o cümlədən polis əməkdaşları barədə olanlar 26 faiz, habelə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına edilən analoji şikayətlər 19 faiz, insan hüquqları üzrə müvəkkilə ünvanlanmış müraciətlər 2 dəfə azalmışdır.

Nəzərə çatdırılmışdır ki, xalqa xidmət funksiyalarının effektli icrası şəxsi heyətin yüksək intizamından, peşəkarlığından və mənəvi saflığından bilavasitə asılıdır. Bu baxımdan, insan hüquq və azadlıqlarının qorunması işinə ötən ilböyük tələbkarlıqla yanaşılmışdır. Nəticədə, respublika üzrə insan hüquq və azadlıqlarının pozulması hallarının sayı 2011-ci illə müqayisədə əsasən sabit qalmış, paytaxtda isə 33,6 faiz azalmışdır. Eyni zamanda, əsassız saxlamalar 19 faiz, əsassız gətirmələr 16 faiz az olmuş, işgəncə vermə, qanunsuz axtarış aparma, tabel silahını qanunsuz tətbiq etmə halları qeydə alınmamışdır.

"Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" ölkə Prezidentinin fərmanına uyğun olaraq, DİN-yi Elektron Hökumət İnformasiya Sisteminə qoşulmuş, göstərilən 24 elektron xidmət üzrə inzibati reqlamentlər təsdiqlənərək Hüquqi Aktların Dövlət Reyestrində qeydə alınmışdır.

General-polkovnik Ramil Usubov bildirmişdir ki, 2012-ci ildə nazirlik tərəfindən orqan və hissələrdə qanunçuluğun qorunması, o cümlədən insan hüquq və azadlıqlarına ciddi riayət olunması, bu sahədə işin təşkilində mühüm rolu olan Milli Fəaliyyət Planının aidiyyəti müddəalarının icrası gündəlik nəzarətdə saxlanılmışdır. Müvafiq məsələlərlə bağlı daxil olan şikayətlər hərtərəfli və obyektiv araşdırılmış, təsdiqlənmiş faktlar üzrə vətəndaşların pozulmuş hüquqları bərpa edilmişdir. Daxili nəzarət qaydasında həyata keçirilən davamlı tədbirlərlə vətəndaşlarla kobud rəftara görə 70, sürücülərin hüquqlarının pozulması ilə bağlı 45 fakt aşkarlanmış və 255 əməkdaş barəsində ciddi intizam tədbirləri görülmüş, nəticədə polis əməkdaşlarından şikayətlərin sayı 26 faiz azalmışdır. Korrupsiya hüquqpozmaları ilə bağlı şəxsi heyət arasında aşkarlanmış 54 fakt üzrə intizam məsuliyyətinə cəlb olunmuş 81 əməkdaşdan  51-i xidmətdən xaric edilmiş, 24-ü tutduğu vəzifədən azad olunmuş, 6-sı barədə digər intizam tənbehləri tətbiq edilmişdir.

Məruzədə əldə olunmuş uğurlarla bərabər xidməti fəaliyyətdə olan nöqsan və çatışmazlıqları da nəzərə çatdıran nazir kollegiya iştirakçılarının diqqətini onların hərtərəfli təhlilinə, aradan qaldırılması yollarına, həmçinin qarşıda duran vəzifələrə yönəltmişdir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə şöbəsinin müdiri Fuad Ələsgərov çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə hüquqi islahatların, böyük infrastruktur layihələrinin və sosial proqramların uğurla həyata keçirildiyini xatırlatmış, respublikamızda gedən geniş quruculuq, inkişaf proseslərində mühüm amillərdən olan sabitliyin, təhlükəsizliyin təminində daxili işlər orqanlarının şəxsi heyətinin də böyük əməyi olduğunu, eyni zamanda, aidiyyəti dövlət proqramlarından, Milli Fəaliyyət planlarından irəli gələn vəzifələrin lazımi səviyyədə icra olunduğunu, cinayətkarlıqla mübarizə, asayişin qorunması sahəsində bir sıra uğurlar əldə edildiyini vurğulamışdır.

Məruzə ətrafındakı müzakirələrdə çıxış edən Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri Ə.Əhmədov, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi R.Abbasov, Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi S.Mehrəliyev və başqaları hesabat dövründə görülmüş işlərdən və buraxılmış nöqsanlardan danışmış, çatışmazlıqların cari ilin birinci rübündə aradan qaldırılması üçün təsirli tədbirlərin görüləcəyini bildirmişlər.

İclasa yekun vuran nazir daxili işlər orqanlarının öz xidməti vəzifələrini uğurla yerinə yetirmələri üçün dövlət başçısı tərəfindən hər cür şəraitin yaradıldığını, ötənilki fəaliyyətin yekunlarının ümumilikdə müsbət qiymətləndirildiyini, polis əməkdaşlarının və hərbi qulluqçuların xüsusi qayğı ilə əhatə olunduğunu xatırladaraq arxayınlaşmamağı, peşəkarlığı, hər bir  əməkdaşın bilik və təcrübəsini daim artırmağı, cinayətkarlığa, o cümlədən şəxsi heyət arasında korrupsiya hüquqpozmalarına qarşı aparılan işin davamlı olmasının zəruriliyini vurğulamışdır.

Ramil Usubov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi əmin etmişdir ki, şəxsi heyət cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmin olunması, insan hüquq və azadlıqlarının müdafiəsi kimi mühüm funksiyaları, qarşıya qoyulmuş məsul tapşırıqları 2013-cü ildə də əzmlə yerinə yetirəcək, xalqa, dövlətə və dövlətçiliyə sədaqətlə xidmət edəcəkdir.

 

 

Azərbaycan.-2013.-29 yanvar.-S.2.