Ermənistan və Azərbaycan: ədalətli və dürüst danışıqlara doğru

 

 ABŞ-ın nüfuzlu "The Hill" qəzetində Avropa Azərbaycan Cəmiyyətinin (AAC) London ofisinin əməkdaşı Emil Ağazadənin məqaləsi dərc edilmişdir http://thehill.com/blogs/congress-blog/foreign-policy/278803-armenia-and-azerbaijan-arriving-at-a-fair-and-honest-discourse).

Cəmiyyətdən AzərTAc-a bildirmişlər ki, məqalə erməni müəllifi, Oksford Universitetinin aspirantı Harri Semercyanın "Xristian Ermənistan və müsəlman İran: qeyri-adi əməkdaşlığın izahı" yazısına  (http://thehill.com/blogs/congress-blog/foreign-policy/276961-christian-armenia-and-islamic-iran-an-unusual-partnership-explained) cavabdır.

E.Ağazadə məqaləsində erməni müəllifinin Cənubi Qafqazda mövcud geosiyasi vəziyyətin təhlilində qərəzsiz və obyektiv olmaq səylərini müsbət qiymətləndirsə də, onun bu cəsarətli cəhdinin tam alınmadığını vurğulayır.

Yazıda qeyd edilir ki,  özünə dost və müttəfiq seçmək hər bir xalqın haqqı və suveren hüququdur. Hər bir ölkə  xarici hərbi bazaları öz ərazisində yerləşdirməkdə və kiminsə Qafqazda forpostu adlandırılmaqda azaddır. Ölkələr arasında dostların nə üçün seçildiyinin əsaslandırılması da diplomatik  siyasi dialoq müstəvisində  normal haldır. Lakin danışıqların münaqişənin həll edilməsi yollarını tapmaq məqsədi daşımasını nəzərə alsaq, elm adamının irəli sürdüyü bir fikrin ədalətli və dürüst olması vacibdir.

Erməni müəllifin məqaləsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və onun ətrafındakı yeddi rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi faktını dilə gətirməsini təqdir edən E.Ağazadə hətta bu acınacaqlı reallığın etiraf edilməsinin də bəzən kifayət etmədiyini bildirir. E.Ağazadə bildirir ki, işğalçı qüvvələrin Azərbaycanın ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasına dair BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş dörd qətnamə barədə məlumat H.Semercyanın yazısına əlavə edilsə idi, bu, daha ədalətli olardı.

H.Semercyanın "Şimali İranda" bir neçə erməni çarlığının mövcudluğu barədə fikrini absurd adlandıran E.Ağazadə bu cür uydurmaların azərbaycanlılar və gürcülər tərəfindən istehza ilə qarşılandığını, amma prezidentliyə namizədlərdən Vardan Sedrakyanın növbəti seçkilərdə qalib gələcəyi təqdirdə Azərbaycan, Türkiyə və Gürcüstan ərazilərinin müəyyən hissələrini Ermənistana birləşdirəcəyini seçicilərinə vəd etməsinin heçistehza doğuran məsələ olmadığını vurğulayır.

Məqalədə deyilir: "Başa düşürəm ki, ölkədəki cəhalətdən fərqli  düşünmək, həqiqəti qəbul etmək cəsarət tələb edir. Rəy yaratmaq üçün Qlendeylya Nyu-Yorkda bir nənənin danışa biləcəyi hekayələr əsasında elmi tədqiqat işi hazırlamaq daha asandır. Nə qədər ağrılı olsa da, bu, Cənubi Qafqazda davamlı sülh və erməni müəllifini narahat edən Ermənistanın təcrid olunmasına son qoymaq üçün zəruridir.  Müəllifin gətirdiyi faktların bəzilərinə inanmasını, yaxud inanmamasını deyə bilmərəm, lakin onun Vaşinqton rəhbərlərinə olan müraciətinin səbəbinin Ermənistanın qonşu İran ilə eşqbazlıq etməsini anladığını izah etdiyi tamamilə aydındır. Bu cür məsələlərdə Fransua de La Roşefokolun "biz başqalarının yanında maskalanmağa o qədər öyrəşmişik ki, nəticədə özümüzə qarşı da maskalanırıq" sözləri yada düşür. Ümid edirəm ki, H.Semercyan belə məqalə yazmaqdansa, başqa işlər görməyə, fəlsəfə doktorluğu dissertasiyasını bitirməyə çalışacaqdır. Mən ona elmi işlərində uğurlar arzulayıram".

E.Ağazadə məqaləsində yazır: "Müəllif məlum 11 sentyabr hadisələrinin səhəri efirə gedən siyasi proqramın növbətçi redaktoru olmuşdur. Onun bu növbətçilikdən beynində qalan məqamlardan biri ABŞ Prezidenti Corc Buşun "siz ya bizimləsiniz, ya da bizə qarşısınız",- fikri olmuşdur. Məncə, bu, təkcə növbətçiliyə görə deyil,  eyni zamanda,  bir dövlətin başçısının bu cür acıqlı Qərb ritorikası verməsi xeyli qəribə idi.  İndi siz neomühafizəkarların terrorizmə qarşı qlobal müharibə anlayışı ilə razılaşmaya da bilərsiniz. Lakin ABŞ Prezidenti o vaxt bu mənada haqlı idi.  Çünki hər bir xalqın tarixində elə bir anlar olur ki, kimin tərəfində olduğu barədə seçim etməli olur. Azərbaycan öz seçimini etmişdir. Digər tərəfdən, rusların təbirincə desək, Ermənistan iki kürsü üstündə oturmağa çalışır. Bu isə, adətən yıxılmaqla nəticələnir".

 

 

Azərbaycan.-2013.- 29 yanvar.- S.3.