Bənzərsiz diyarın uğurları

 

Ötən il Şəkinin həyatına uğurlar, nailiyyətlər ili kimi yazıldı. Abadlıq-quruculuq işləri, yeni layihələrin icrası Şəkinin simasını tamamilə dəyişdirdi. Təqdirəlayiq haldır ki, görülən işlər milli-memarlıq üslubuna uyğun yerinə yetirilir və hazırda icrası davam edən layihələrdə də bu amil ciddi şəkildə nəzərə alınır. Şəki şəhərinin milli memarlıq üslubunun qorunub saxlanılması məqsədilə Heydər Əliyev, M.F.Axundzadə və M.Ə.Rəsulzadə prospektlərindəki bir çox evlərin həyətlərinə taxta materiallarla üzlənmiş giriş qapıları qoyulub. Evlərin, sahibkarlıq obyektlərinin, idarə və müəssisələrin yerləşdiyi binaların dam örtükləri kirəmitlə əvəzlənib, binaların fasadları qədim forması saxlanılmaqla bərpa edilib.

Şəhərin Heydər Əliyev prospekti ilə Salman Mümtaz küçəsinin kəsişməsindəki dairə yenidən qurularaq, ətrafda geniş abadlıq və yaşıllaşdırma işləri görülüb. Yeni dirəklər, müasir lampalar, evlərin fasadlarında və divarlardakı LED tipli işıqlar şəhərə özəl bir yaraşıq verir. Şəki gecə mənzərələri ilə nağıllar aləmini xatırladır. Şəhərin B.Vahabzadə parkında, həmçinin M.Füzuli, M.F.Axundzadə adına mədəniyyət və istirahət parklarında abadlıq-quruculuq və yaşıllaşdırma işləri görülüb. Parklardakı dekorativ bəzək ağacları, mövsümi çiçəklər, gəzinti yolları, eləcə də uşaqlar üçün əyləncə meydançaları, hovuzlar çox gözəl görünür.

Abadlıq-quruculuq işləri çərçivəsində "Yuxarıbaş" Tarix-Memarlıq Qoruğu ərazisində M.F.Axundzadə prospekti boyunca 38 binanın 8300 kvadratmetrdən artıq dam örtüyü kirəmitlə əvəzlənib, 3000 kvadratmetr fasad hissə qədim formasını saxlamaqla bərpa edilib. "Qala divarları"nın ətrafındakı ərazidə yaşıllaşdırma işləri görülüb, yeni işıqlandırma sistemi qurulub. Ulu öndər Heydər Əliyevin şəhər icra hakimiyyəti  inzibati binasının qarşısındakı abidəsinin ətrafındakı 756 m2-lik ərazi də yaşıllaşdırılıb.

2012-ci ildə Şəkidə əsaslı tikinti obyektlərinin inşası da geniş vüsət alıb. Tikintisinə 2011-ci ildə başlanmış Çələbixan qəsəbə 180 yerlik tam orta məktəbin yeni binası ötən il istifadəyə verilib. Təhsil şöbəsinin inzibati binasının, Əliyar kənd 80 şagirdlik ümumi orta məktəbin inşası, Baş Küngüt tam orta məktəbində bərpa-gücləndirmə işləri, şəhər 10 nömrəli 1100 yerlik tam orta məktəbin idman və akt zallarının, həmçinin yeməkxananın tikintisi üçün layihə-smeta sənədlərinin hazırlanması və işə başlanılması üçün müvafiq vəsaitin ayrılması da 2012-ci ilə aiddir.

Yeri gəlmişkən qeyd edək ki, son vaxtlar Şəkidə baş vermiş zəlzələlər nəticəsində qəzalı vəziyyətə düşmüş 12, 14 və 17 nömrəli məktəblər üçün yeni binaların inşa olunması, həmçinin qəzalı halda olan yaşayış evlərindən köçürülən sakinlər üçün yeni 24 mənzilli yaşayış binasının tikintisi dövlətin diqqət və qayğısının bariz nümunəsidir.

Ötən ilin sentyabrında Baltalı kəndi ərazisindəki Çələbixan qəsəbəsində və məktəb binalarında məskunlaşmış 423 məcburi köçkün ailəsi üçün fin tipli evlərdən ibarət yeni qəsəbə salınıb. Bunlardan əlavə, Şəki-Qax avtomobil yolu yenidən qurulub, Şin çayı üzərində körpü salınıb, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 36 mənzilli yaşayış binası inşa edilib, Şəki Dövlət Dram Teatrının binası   əsaslı təmir olunub.

Şəhərin "Yuxarıbaş" Tarix- Memarlıq Qoruğu ərazisində müasir standartlar səviyyəsində 45 nömrəlik "Şəki Palas" hotelinin tikilib istifadəyə verilməsi həm qonaqlar, həm də turistlər üçün böyük hədiyyədir.

Şəkini bu il də böyük tikinti-quruculuq işləri, yeni layihələrin icrası gözləyir. 2012-ci ilin sentyabrında Şəkiyə səfəri çərçivəsində Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə demişdir: "Şəkinin çox füsunkar, özünəməxsus gözəlliyi vardır. Gözəl, qədim şəhərdir. Heç bir başqa şəhərə bənzəmir. Ona görə burada quruculuq, abadlıq işləri bax bu ənənəvi üslubda aparılmalıdır. İndi təmir edilən binalar, onların fasadları, dam örtükləri, döşəmələri, hasarları, nə varsa hamısı, görürəm ki, qədim Şəki üslubundadır".

Dövlət başçısının dediyi xoş sözlər hər bir şəkilinin qəlbini qürurla doldurmaqla yanaşı, onları yeni uğurlara, nailiyyətlərə də ruhlandırır. Şəkini nəinki Azərbaycanın, həm də dünyanın turizm mərkəzlərindən birinə çevirmək üçün şəkililərin həvəsi də, əzmkarlığı da yetərincədir.

 

 

Telman NƏZƏRLİ

 

Azərbaycan.-2013.- 29 yanvar.- S.4.