Ömrün kamillik zirvəsində

 

Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, "Şöhrət" ordenli bəstəkar Musa Mirzəyev yaradıcılığının yetkin dövrünü yaşayan, yazıb-yaratmaq eşqi tükənməyən sənətkarlarımızdandır. O öz əsərlərilə incəsənətimizin bugünkü simasını ləyaqətlə təcəssüm etdirən, başqa bəstəkarlarla çiyin-çiyinə sənət salnaməmizin canlı tarixini yaradan musiqiçi, milli bəstəkarlıq məktəbimizin parlaq nümayəndəsidir. Zəmanəmizin qüdrətli sənətkarı Qara Qarayevin  yetirməsi olan M.Mirzəyev vaxtilə böyük müəllimindən aldığı yaradıcılıq estafetini davam etdirərək, özünü geniş, hərtərəfli imkanlara malik əsl musiqiçi kimi tanıtmışdır. M.Mirzəyev Azərbaycanın musiqi tarixinə öz dəst-xəttini, bənzərsiz simasını tapmış,  sözünü demiş, öz yerini tutmuş bir bəstəkar kimi daxil olmuşdur.

M.Mirzəyevi Azərbaycanda da, ondan kənarda da minlərlə musiqisevər tanıyır. Onun sənəti işıqlı dünyagörüşü ilə, səmimiyyəti, emosional ifadəliyilə ürəklərə yol tapmışdır. Cəsarətlə deyə bilərik ki, bu bəstəkarın musiqisini peşəkar musiqiçilər də, sənətsevərlər də yüksək qiymətləndirirlər. Onun musiqisini uşaqlar da, böyüklər də sevir. M.Mirzəyevin əsərləri musiqi məktəblərinin dərs otaqlarında da, möhtəşəm  konsert salonlarında da, efirdə - radioteleviziyada da daim səslənir.

Genişmiqyaslı "coğrafiya"ya malik olan M.Mirzəyev yaradıcılığı yaxın və uzaq xaricdə də rəğbət qazanaraq Azərbaycan musiqisinin şöhrətini artırmışdır. Onun musiqisi keçmiş sovet məkanının, demək olar ki, bütün respublikalarında, o cümlədən Rusiya, Ukrayna, Belarus, Litva, eləcə də Türkiyə, Bolqarıstan, Çexiya, Polşa, Rumıniya, İtaliya, Almaniya, Hollandiya, Şimali Kiprbir çox başqa ölkələrdə səslənmişdir. M.Mirzəyevin əsərləri tanınmış orkestrlərin  repertuarına daxil olmuş, şöhrətli müğənnilərin və instrumental ifaçıların, dirijorların şəxsində öz gözəl təfsirçisini tapmışdır. Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri ilə yanaşı, Türkiyə, Rusiya, Ukrayna, Litva, Polşa, Çexiyanın simfonik orkestrləri, Moskva, Sankt-Peterburq, İrkutsk, Novosibirsk, Kazan, Yalta filarmoniyalarının orkestrləri M.Mirzəyevin əsərlərini ifa etmişlər.

M.Mirzəyevi bir bəstəkar kimi səciyyələndirsək, ilk növbədə onun yüksək professionallıq səviyyəsini, yaradıcılığının çoxcəhətliyini, gözəl janrforma duyumuna malik olmasını nəzərə çarpdırmalıyıq. Onun çoxşaxəli yaradıcılığının bütün sahələri - monumental "Birinci  simfoniya", "Polifonik simfoniya",  poemalar (o cümlədən "Sədini oxuyarkən", "Bayram  poeması", truba ilə orkestr üçün "Poema-noktürn"), "Simfonik lövhələr", "Fanfarlı uvertüra", "Lirik passakalya", "Ballada" və "Alleqro" kimi əsərlərlə təmsil edilmiş orkestr musiqisində də, "Simli kvartet", "Trio", "Gənclik albomu", "Sonata-kapriççio", skripka ilə fortepiano üçün pyeslər, mahnılar və s. əsərlərini aid etdiyimiz kamera yaradıcılığında da müəllifin püxtələşmiş, cilalanmış dəst-xəttinin sabit xüsusiyyətləri aşkar olur ki, bu da onun  yüksək peşəkarlığının təzahürüdür. Nə vaxt, yaradıcılığının hansı dövründə yazılmasından asılı olmayaraq, bu əsərlərin hamısının peşəkarlıq səviyyəsi, demək olar ki, eyni dərəcədə yüksəkdir. Bu, bəstəkarın üslubunun erkən formalaşdığını, bir sənətkar kimi yazı texnikasına yaradıcılıq yolunun ilkin  mərhələlərində mükəmməl yiyələndiyini  göstərir.

M.Mirzəyev yaradıcılığının ən cəlbedici xüsusiyyətləri onun musiqisinin səmimiyyətində, emosional cəhətin üstünlüyündə və lirik-romantik təmayülündədir. Onun dəst-xəttinin maraqlı cəhətlərindən biri klassik təfəkkür tərzi ilə romantizmin qovuşmasıdır. Romantik cizgilər dedikdə, bəstəkarın həm yığcam  formalara  üstünlük verməsini və özünü ilk növbədə miniatür ustası kimi tanıtmasını, həm də əsərlərində müxtəlif çalarlarla təmsil olunmuş lirikanı nəzərdə tuturuq. Bəstəkarın müraciət etdiyi janrlar içərisində məhz romantik bəstəkarların musiqisində intişar tapmış  nümunələr daha çoxdur. M.Mirzəyevin bütün əsərlərini yarıb keçən və müxtəlif boyalarla təqdim edilən, çox geniş obrazlar aləmini əhatə edən lirika onun musiqisində ən çox nəzərə çarpan cəhətlərdəndir. Burada gərgin dramatizmdən, faciəvi çalarlarla aşılanmış lirika nümunələrindən ("Birinci simfoniya") tutmuş şən  zarafatadək ("İntermetso-pitsikato", "Perpetuum mobile"), fəlsəfi düşüncələrdən ("Sədini oxuyarkən") tutmuş şairanə "İran motivləri"nədək müxtəlif səpkili lirika nümunələrinə rast gəlirik. Bəstəkarın həm janr, həm təsvir edilən surətlərin təbiəti  baxımından, bəzi  hallarda proqramlılığın səciyyəvi  təfsiri nöqteyi-nəzərindən romantizmə mənsubiyyəti şübhə doğurmayan əsərləri var. Adları çəkilən əsərlərdən başqa, "Simli kvartet", "Romantik poema", "Yeddi simfonik lövhə", fortepiano üçün "Sonata-kapriççio" kimi nümunələrdə də bu, qabarıq nəzərə çarpır. Bəstəkarın başqa əsərlərində də ümumilikdə  lirik-romantik ovqat hökm sürürbunlarda da müəllifin şairanə qəlbinin çırpıntıları duyulur. Lakin bu romantik çılğınlığı tarazlayan,  bunu daim  nəzarətdə saxlayan daha bir cəhət var ki, bu da klassik janrforma qanunlarına riayət olunma ilə şərtləndirilmişdir.

Bəstəkarın əsərlərindəki aydın təfəkkür və ifadə tərzi, dəqiq ölçülüb-biçilmiş formalar əslində klassik ənənələrin təzahürüdür. M.Mirzəyev köhnə strukturları kökündən dağıtmaq, yenilərini "icad" etmək yolu ilə getməyərək, ənənəvi qurumların potensial imkanları çərçivəsində götür-qoy  etməyi, bunları yeniləşdirməyi  üstün  tuturbu  dəyişikliklər yalnız bədii məzmunun özündən  irəli gəlir, əsərin bədii qayəsi ilə şərtləndirilir və bunun açılmasına xidmət edir. M.Mirzəyevin əsərlərində ənənəvi forma öz  spesifikasını  qoruyub saxlasa da, hər dəfə sanki  məzmunun özündən doğur. Buna görə də müəllif heç bir əsərində özünütəkrara yol vermir.

M.Mirzəyevin fərdi dəst-xəttinin  daha bir cəhəti mövcud musiqi ifadə vasitələrindən böyük qənaətcilliklə istifadə etməsidir. Bu onun musiqisinin "kasıblığını" deyil, əksinə, zənginliyini göstərən amildir, çünki məhz vasitələrdən minimal istifadə yolu ilə kompozisiya yaratmaq hər bir bəstəkardan yüksək sənətkarlıq tələb edir. Bəstəkarın musiqisinin yüksək bədii məziyyətlərini şərtləndirən amillərdən biri  onun orkestrləmə sahəsində  yüksək sənətkarlıq və incə zövq nümayiş etdirməsilə bağlıdır. Orkestr vasitələrindən istifadədə M.Mirzəyev ustalıq, zərif "zərgər işi" nümayiş etdirir. Peşəkarlar arasında çoxdan bəri orkestrin gözəl bilicisi, sənətkarı kimi tanınan bəstəkar bu çoxtembrli, rəngarəng ahəngli alətlər "xoru"ndan çox səmərəli istifadə edir.  Burada da o, heç  bir xüsusi  orkestr effektlərinə, qeyri-adi tembr kombinasiyalarına  can atmadan, hər  bir alətin  təbii səslənməsindən əsl peşəkarlıqla istifadə edir - yenə  mövcud  ənənələri  pozmadan, möhkəm klassik dayaqlara arxalanmaq şərtilə novatorluğun həyata keçirildiyini görürük. Klassik, ölməz ənənələr çərçivəsində müasirlik, yeni məzmun və obrazlar aləminin təcəssümü, təravətli, boyalı musiqi dili - M.Mirzəyevin fərdi dəst-xəttini, üslubunu ən ümumi  şəkildə  belə  səciyyələndirmək olar.

M.Mirzəyev daim müasirliklə ayaqlaşan bəstəkardır. Ötən əsrin 60-cı illərindən geniş bəstəkarlıq fəaliyyəti göstərən bu musiqiçi qəribə bir müasirlik duyğusuna, zamanın nəbzini, həyatın ritmini tutmaq qabiliyyətinə  malikdir. Çox  maraqlıdır ki, XX əsrdə müxtəlif bəstəkarlıq məktəblərində yaranmış ən müasir yazı texnikası və təmayüllərə gözəl bələd olan bəstəkar dəbdə olan üslub cərəyanlarına heç vaxt meyilli olmamış  və yuxarıda qeyd etdiyimiz kimi, bütün yeniliklərini ənənələr çərçivəsində həyata keçirmişdir. Eyni zamanda onun dəst-xəttinin bütün ünsürlərində, folklora münasibətində, musiqi ifadə vasitələrindən istifadəsində də müasir bəstəkarın mövqeyini görürük. Onun 35-40 il bundan əvvəl bəstələdiyi əsərlər sanki bu gün yazılmış musiqi təsiri bağışlayır.

M.Mirzəyev görkəmli bəstəkarlarımızın yaradıcılıq irsinin qorunub saxlanması üçünçox işlər görmüşdür. Bunların ən əhəmiyyətlisi iki böyük bəstəkarın - Əfrasiyab Bədəlbəyli və Fikrət Əmirovun yaradıcılığı ilə bağlıdır. M.Mirzəyev 1990-91-ci illərdə artıq dünyasını dəyişmiş F.Əmirovun "Nizami" baletini redaktə edərək musiqisini orkestrləşdirmişdir. Bu işi o, elə yüksək peşəkarlıq səviyyəsində həyata keçirmişdir ki, əsərdə müəllif dəst-xətti tamamilə qorunub saxlanmışdır. 90-cı illərin sonunda isə o, Ə.Bədəlbəylinin "Qız qalası" baletinin musiqisini simfonik orkestr üçün yenidən işləyərək aranjiman etmiş, yeni partiturasını yazmışdır. Bu redaktədə balet 1999-cu ildə tamaşaya qoyulmuşdur.

M.Mirzəyevin yaradıcılıq fəaliyyətinin daha bir maraqlı cəhəti vardır ki, onun bir ziyalı və musiqi xadimi kimi portretini tamamlayır. Bu, onun musiqi tənqidi və publisistika sahəsində uzun illərdən bəri apardığı səmərəli fəaliyyətidir. Onun dövri mətbuatda musiqinin ən müxtəlif problemləri və mədəni həyatımızda bu gün baş verənlər barədə yazıları həm əhəmiyyəti, dərin məzmunu, həm əhatə dairəsi ilə xüsusilə geniş olub, müəllifin bu sahədə də yüksək peşəkarlıq səviyyəsini nümayiş etdirir. Sənət aləmində əsl bilici, erudit kimi tanınan, musiqinin tarixi və nəzəriyyəsi ilə bağlı ən incə məsələlər barədə mühakimə yürütmək səlahiyyətinə malik bir peşəkar olan M.Mirzəyev mətbuat səhifələrində mütəmadi çıxışları ilə özünü gözəl qələm sahibi kimi  göstərmişdir.

Ömrünün 80-ci ilini başa vurmaqda olan Musa Mirzəyev bu gün də Azərbaycan musiqisinin inkişafı yolunda fədakarcasına çalışmaqda, həmişəki gənclik həvəsilə yaşaıb-yaratmaqdadır.

 

 

Şəhla HƏSƏNOVA,

əməkdar incəsənət xadimi,

professor

 

Azərbaycan.-2013.- 29 yanvar.- S.7.