Yeni Azərbaycan Partiyası Gənclər Birliyi 2 fevralGənclər Günü ilə əlaqədar tədbir keçirmişdir

 

Yanvarın 29-da Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi 2 fevral - Gənclər Günü ilə əlaqədar tədbir keçirmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə çıxış edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan danışmışdır. Bildirilmişdir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

S.Orucov dövlət gənclər siyasətinin həyata keçirilməsində YAP Gənclər Birliyinin gördüyü işlərdən də danışmışdır. Diqqətə çatdırılmışdır ki, birlik həyata keçirdiyi layihələrlə ölkəmizdə formalaşan sağlamintellektual nəslin inkişafına öz töhfəsini verməyə çalışır və sabahımızı daha böyük inamla qurmaq üçün gəncləri Prezident İlham Əliyevin ətrafında sıx birləşməyə çağırır.

YAP-ın fəallarını əlamətdar gün münasibətilə təbrik edən partiya sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov bildirmişdir ki, Azərbaycan gəncliyi ölkənin ictimai-siyasi həyatında mühüm yer tutur, gənclər yüksək siyasi fəallıq nümayiş etdirirlər. Azərbaycan gəncləri vətənpərvərlikləri, fəallıq, güc və qüdrətləri sayəsində ölkəmizin uğurlu gələcəyini təmin etməyə hazırdırlar. Əli Əhmədov demişdir: "Azərbaycanın gələcəyi parlaqdır, çünki yüksək səviyyəli təhsil alan gənclər hadisələri vaxtında və düzgün dəyərləndirməyə qadirdirlər. Bu, Azərbaycan dövləti tərəfindən onlara yaradılan şəraitin, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulanPrezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasətin nəticəsidir".

Diqqətə çatdırılmışdır ki, üzvlərinin sayı 600 minə çatan YAP-ın əsas hissəsi gənclərdən ibarətdir. Bu gənclər partiyanın cəmiyyətdəki rolunun daha da güclənməsi üçün mühüm fəallıq göstərirlər. Cari ilin prezident seçkiləri ili olduğunu xatırladan Ə.Əhmədov demişdir ki, YAP-ın fəallığının təmin edilməsinə gənclər töhfələrini verəcəklər. Gənclər Azərbaycanın gələcəyi naminə prezident seçkilərinin əhəmiyyəti barədə təbliğatın aparılmasında da fəallıq göstərəcəklər.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirmişdir ki, bugünkü Azərbaycan gəncləri ölkənin qüdrətlənməsində fəal iştirak edir, beynəlxalq aləmdə ölkəmizi layiqincə təmsil edirlər. Bütün istiqamətlərdə fəaliyyət göstərən Azərbaycan gəncləri öz dəst-xətti ilə seçilirlər.

İ.Babayev qeyd etmişdir ki, Azərbaycan gəncliyi yalnız müşahidəçi rolu ilə kifayətlənmir və ölkənin ictimai siyasi həyatında öz sözünü deyir. Gənclərlə bağlı ölkədə müxtəlif layihələrin həyata keçirildiyini, bu istiqamətdə Dövlət Proqramının qəbul olunduğunu xatırladan nazir müavini vurğulamışdır ki, bu gənclik Azərbaycanın inkişafına töhfə vermək üçün əlindən gələni əsirgəməyəcəkdir.

Milli Məclisin deputatı Fuad Muradov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Şahin İsmayılov və başqaları qeyd etmişlər ki, hazırda Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, dövlətçiliyin möhkəmlənməsində gənclərin üzərinə böyük düşür. Bildirilmişdir ki, bu gün bizim düşmənimiz çoxdur, çünki güclü inkişaf edən ölkələrin düşməni də çox olur. Azərbaycanın həll olunmamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi vardır və bu səbəbdən gənclərimiz ayıq olmalıdırlar.

YAP-ın Azərbaycanda ən böyük partiya olduğunu vurğulayan natiqlər bildirmişlər ki, Azərbaycan gəncliyi beynəlxalq qurumlarda da xüsusi fəallığı ilə seçilir. Diqqətə çatdırılmışdır ki, Azərbaycanda gənclərlə bağlı layihələr həyata keçirilir, böyük beynəlxalq tədbirlər təşkil olunur. 1990-cı illərin əvvəlində gənclərin şəraiti lazımi səviyyədə deyildi, lakin bu gün partiyanın fəalları hər cür şəraitlə təmin olunmuşlar. Bu da Prezident İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

Tədbirin sonunda YAP-ın bir qrup fəal gəncləri fəxri fərmanlarla təltif olunmuşlar.

 

 

Azərbaycan.-2013.- 30 yanvar.- S.3.