ÖYRƏNƏN VƏ ÖYRƏDƏN AZƏRBAYCAN

 

BAŞ REDAKTORDAN

 

Bilməmək eyib deyil, öyrənməmək eyibdir - deyib üləmalar.

 

Bu fikri daha çox elmə şamil edirlər.

 

Öyrəniləsi məsələlər və sahələr isə çoxdur, lap çox!

 

Ötən əsrin sonlarında ikinci dəfə dövlət müstəqilliyi qazanan Azərbaycan ümumbəşəri sivil inkişaf yoluna qayıdaraq bazar iqtisadiyyatı yolunu tutdu, hüquqi-demokratik, dünyəvi dövlət quruculuğuna başladı.

Çox çətin və mürəkkəb quruculuq prosesi idi. Çətinlik quruculuqdan daha çox, həmin dövrün ziddiyyət və durumundan irəli gəlirdi. "Yenidənqurma" adlı oyunun törətdiyi fəsadlar, erməni quldur dəstələrinin  yaşayış məntəqələrinə hücumları və Qarabağ savaşının başlanması, xalqın etirazını ölkə rəhbərliyinin eşitməməsi və vəziyyətə nəzarəti tam itirməsi, AXC-Müsavat cütlüyünün uğursuz iqtidarı və ölkəni məhvolma həddinə çatdırması, bütün bunların nəticəsi olaraq ümummilli böhranın dərinləşməsi və ölkənin anarxiya burulğanına düşməsi Azərbaycanın dövlət müstəqilliyini real təhlükə qarşısında qoymuşdu. Yalnız xalqın arzu və tələbi ilə ulu öndər Heydər Əliyevin yenidən ölkə rəhbərliyinə qayıtması xalqı və dövləti  labüd fəlakətdən xilas etdi!

Ulu öndər Heydər Əliyev çox qısa müddətdə bir neçə istiqamətdə fəaliyyət göstərməklə atəşkəsə və sabitliyə, "Əsrin müqaviləsi"nin imzalanmasına nail oldu, Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi! Bundan ötrü dünya praktikasına istinadən ardıcıl, sistemli və qətiyyətli addımlar atıldı.

 

Hansı işlər görüldü?

 

Əvvəla, baş müəllifi ulu öndər Heydər Əliyev olan yeni Konstitusiya hazırlanaraq ümumxalq referendumu yolu ilə qəbul edildi. Beləliklə, bazar iqtisadiyyatı münasibətlərinə keçidin hüquqi əsaslarının yaradılmasına, zəruri qanunçuluq bazasının formalaşdırılmasına  başlandı.

Özəlləşdirmə proqramları həyata keçirildi, dövlət  mülkiyyəti özgəninkiləşdirildi.

Xüsusi mülkiyyətin, sahibkarlığın inkişafına şərait yaradıldı.

Aqrar islahatları aparılaraq torpaq əsl sahibinə qaytarıldı.

Görülən işlər sayəsində Azərbaycanda sərbəst bazar iqtisadiyyatı münasibətlərinə keçildi, hakimiyyət bölgüsü aparıldı, hüquqi-demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunda əsaslı irəliləyişlər oldu, ölkəmiz Avropa Şurasına üzv qəbul edildi.

Bütün bunların hamısı müstəqil Azərbaycandan ötrü  keçilməmiş yol, yeniliklər sayılırdı!

Bu sahədə heç bir təcrübəmiz yox idi!

 

Öyrənib qurmalı və həm də qura-qura öyrənməliydik!

 

Heydər Əliyev zəkası, müdrikliyi və qətiyyəti  bütün çətinliklərin dəf edilməsinin açarı oldu!

Bu mərhələdə Azərbaycan öyrənən, köməyə və müsbət təcrübəyə ehtiyacı olan gənc və müstəqil dövlət kimi hərəkət edirdi. Seçmə məqamında ən uğurlusunu, tarixin sınaqlarından çıxmışlarını nümunə olaraq qəbul edirdi. Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı  möhtərəm İlham Əliyev bu prosesi uğurla sona çatdıraraq yeni qələbələrə imza atdı.

20 illik müstəqillik dövründə Azərbaycanın qazandığı nailiyyətlər təkcə qürur yox, həm də heyrət doğurur!

MDB məkanında ilk dəfə Azərbaycan iqtisadi sahədə keçid dövrünü başa çatdırıb!

155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilməklə ən böyük siyasi uğuruna imza atıb!

Çoxpartiyalı sistem, fikir plüralizmi, mətbuat və söz azadlığı təmin edilib, vətəndaş cəmiyyəti formalaşıb.

Sahibkarlığın, qeyri-neft sektorunun, bütövlükdə dövlətin gələcəkdə də sürətli inkişafını təmin etməkdən ötrü zəruri işlər görülüb, müvafiq infrastruktur yaradılıb.

Daha bir qürurdoğurucu məqam: "Eurovision" mahnı müsabiqəsinə qatıldıqdan sonra Azərbaycan Avropa musiqisinə dərindən yiyələndiyini, avropalılarla yarışmada qalib çıxmaq iqtidarında olduğunu, habelə dünyanın ən möhtəşəm musiqi yarışmalarını yüksək səviyyədə keçirməyi bacardığını da sübuta yetirdi!

Bütün bunlar Azərbaycanın sürətlə öyrəndiyinin və bildiklərini uğurla gerçəkləşdirdiyinin əyani göstəriciləridir.

Tarixən qısa dövr ərzində Cənubi Qafqazın ən güclümodern dövlətinə çevrilən ölkəmiz artıq özü başqalarına örnəkdir və bizdən öyrənmək istəyənlər də vardır.

Düşünülmüş, sürətli və davamlı inkişaf konsepsiyasının bəhrəsi sayılan inkişafın Azərbaycan modeli artıq dünyada maraq doğurmuşdur.

Çoxsaylı etnik qrupların və millətlərin yaşadığı Azərbaycan həm də multikulturalizm məskənidir. Əsrlər boyudur ki, müxtəlif dinlərə və mədəniyyətlərə mənsub insanlar burada sülhdostluq şəraitində yaşayırlar. Dəfələrlə müxtəlif məkrli qüvvələr araya nifaq salmağa çalışsalar da, məqsədlərinə çata bilməyiblər. Bu gün də Azərbaycan dünyaya tolerantlıq nümunəsidir!

Hamının öyrənmək istədiyi nümunə!

Tolerantlıq Azərbaycan xalqının yaşam tərzidir!

Tolerantlıq millətimizin  qəlb genişliyi, ürək böyüklüyüdür!

Yalnız öz dinini, mədəniyyətini sevənlər başqa dinlərə və mədəniyyətlərə də hörmətlə yanaşırlar!

Artıq tolerantlığın Azərbaycan modeli dünyanın tanıdığı, qəbul etdiyi və öyrəndiyi nümunədir!

Azərbaycanda bütün dinlərin nümayəndələrinin dini mərasimlərini icra etdikləri müqəddəs məkanlar vardır.

Azərbaycanda insanları dini inanclarına görə fərqləndirmir, kəm baxmırlar!

Azərbaycan xalqı Allahın vahidliyiniböyüklüyünü, hər bir din nümayəndəsinin öz məbədində Allaha sitayiş hüququnun olduğunu  çoxdan dərk və qəbul edib!

Bu, xalqın böyüklüyü, milli təfəkkürünün əzəmətidir!

Maraqlı bir məqam.

Azərbaycanda yaşayan bütün millətlər bizimlə birlikdə Novruzu  bayram edir, onun ayinlərinə qoşulur, bayram tonqalları qalayır.

Azərbaycanda yaşayan bütün millətlər şam ağacını bəzəyərək birlikdə Milad bayramını qeyd edir!

Xalqımızın qonaqpərvərliyi, qonaq qarşılamaq və yola salmaq adəti də nümunəyə çevrilir.

"Eurovision" müsabiqəsi zamanı Bakıya gələnlər təkcə paytaxtımızın gözəlliklərinə valeh olmadılar. Küçədə rastlaşdıqları insanların gülərüzlüyünə, səmimiyyətinə və mehribanlığına heyran olduqlarını söylədilər!

Azərbaycanı bir dəfə görən, buraya dönmək istəyində olur.

Qırmızı imperiyadan qopan Azərbaycan müstəqil, balanslaşdırılmış xarici siyasət yürüdür.

Çətindir, çoxlarına xoş getmir - amma reallıqdır!

Əsl müstəqilliyə qovuşmaq istəyənlər ölkəmizin sərbəst davranışından, qarşılıqlı maraqlara əsaslanan siyasətindən öyrənirlər!

Azərbaycan əhalisinin hər doqquz nəfərindən biri qaçqın və ya məcburi köçkündür.

Müstəqillik niyyətinə düşdüyümüz ilk günlərdən torpaqların işğalı, böyük qaçqınlar ordusu ilə üzləşmişik. Sayı bir milyon nəfəri keçən bu yurdsuz-yuvasız insanlar həm də dövlət üçün böyük yükdür. Lakin müstəqil Azərbaycan dövləti bu yükün ağırlığına dözərək onu çiyinlərində daşımağı bacarır.

Əvvəlcə ulu öndər Heydər Əliyev, bu gün isə möhtərəm Prezident İlham Əliyev bu insanlara böyük diqqət və qayğı göstərir.

Qaçqınların statusu və yaşayışı ilə bağlı onlarla qanun, dövlət proqramları qəbul edilmişdir.

Onların güzəranının yüngülləşdirilməsi üçün müntəzəm tədbirlər görülmüşdür.

İlk dəfə Dövlət Neft Fondundan qaçqınlar və məcburi köçkünlər üçün böyük məbləğdə vəsait ayrılmış, indiyədək 73 yeni tipli qəsəbə salınaraq  məskunlaşdırılmışdır.

2014-cü ilədək qaçqın və məcburi köçkün ailələrinin mənzil problemi tamamilə həll ediləcəkdir.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Antonio Quterres Azərbaycan hökumətinin məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması sahəsində gördüyü işləri yüksək dəyərləndirərək demişdir: "Azərbaycan hökumətinin qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və onların hüquqlarının təmin edilməsi sahəsində atdığı addımlar oxşar problemlə üzləşən ölkələr üçün bir nümunədir".

Hətta faciə və fəlakətlərimizdən çıxış yolu tapmaqda da başqalarına örnəyik!

Ulu öndər Heydər Əliyevin müdrikliyi və uzaqgörənliyi sayəsində ölkəmizdə torpaq islahatı vaxtında və ustalıqla həyata keçirildi.

Əslində, bu amil qeyri-neft sektorunun güclü inkişafının ilk təməl daşı sayılır.

Keçmiş SSRİ-yə məxsus bir sıra ölkələr hələ də torpaq islahatı apara bilməmişlər. Bu çətin prosesi başa çatdırmaq üçün Azərbaycanın təcrübəsini öyrənirlər.

Ən nəhayət, Azərbaycan düşünülmüş, əsaslandırılmış və sürətli qərarların qəbul edildiyi örnək ölkədir. Bunu dövlət başçısı cənab İlham Əliyev cəsarətli addımları ilə dəfələrlə sübuta yetirib!

Bakı-Tbilisi-Ərzurum dəmir yol xəttinin çəkilməsini istəməyənlər və onun maliyyələşdirilməsinə mane olanlar az deyildi!

Azərbaycan və Türkiyənin birgə qərarı bütün məsələləri üstələdi!

Trans-Anadolu qaz kəmərinin (TANAP) çəkilişi barədə sazişin imzalanması və Milli Məclisdə təsdiqi belə addımlardan biri oldu!

Dünya ölkələri Nabukko qaz kəməri, Şimal və Cənub axını marşrutlarını illərlə müzakirə edib bir yana çıxara bilmədikləri vaxtda, Azərbaycan öz layihəsinin icrasına start verdi.

Bu gün Azərbaycan dünyada möcüzə yaradan ölkələrdən - Yaponiya, Koreya, Malayziya, Sinqapurdan öyrənir, qarşılıqlı marağa əsaslanan əməkdaşlıq qurur.

Ötən həftə keçirilən Davos Dünya İqtisadi Forumu da bir daha təsdiqlədi ki, Azərbaycanın inkişaf modeli dünyada maraqla qarşılanır və tərəqqinin örnək nümunəsi kimi qəbul edilir.

Əsas məqam isə odur ki, Azərbaycan növbəti beynəlxalq tədbirə ev sahibliyi edəcək. Davos Dünya İqtisadi Forumunun növbəti sammiti bu ilin aprel ayında məhz Bakıda keçiriləcək!

 

 Azərbaycandan da öyrənənlər var!

Bu, bizim üçün böyük fəxrdir!

 

 

Azərbaycan.-2013.- 31 yanvar.- S.1.