YAP Nizami rayon təşkilatında Gənclər Günü ilə bağlı tədbir keçirilmişdir

 

Yanvarın 30-da Heydər Əliyev siyasi irsinin öyrənilməsi məqsədi ilə Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının nəzdində fəaliyyət göstərən Heydər Əliyev məktəbinin yeni kursunun açılış mərasimi keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbiri açan YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva ulu öndər Heydər Əliyevin siyasi irsinin öyrənilməsinin gənclər üçün vacib olduğunu bildirmişdir.

Qeyd olunmuşdur ki, 1997-ci ildə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə fevralın 2-si "Azərbaycanda Gənclər Günü" elan olunmuşdur. Bu sərəncam ümummilli liderin siyasi xəttində gəncliyə verdiyi önəmin bariz nümunəsi idi. Bu gün hər bir Azərbaycan gənci ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin Azərbaycanın modernləşdirilməsi istiqamətində yürütdüyü siyasətdə fəal iştirak edir. Dövlət başçısının gənclərə göstərdiyi qayğının nəticəsində Azərbaycan Prezidenti yanında Gənclər Fondu yaradılmışdır.

Sonra YAP-ın sədr müavini-icra katibi, Milli Məclisin deputatı  Əli Əhmədov YAP Nizami rayon təşkilatının nəzdində Heydər Əliyev məktəbinin yaradılmasının gənclərə göstərilən qayğı kimi qiymətləndirmişdir.

Qeyd olunmuşdur ki, bu kurs YAP Nizami rayon təşkilatının Heydər Əliyev siyasi irsinin öyrənilməsinə verdiyi əsas töhfədir. Gənclər qlobal transformasiyaların, mürəkkəb geosiyasi və geoiqtisadi meyillərin müşahidə olunduğu bir zamanda, Azərbaycana qarşı edilən virtual və siyasi hücumların mövcudluğu şəraitində dövlətçiliyimizin əsaslarının dərk edilməsində və onun müdafiəsində daha fəal olmalıdırlar. Hər bir YAP üzvü bu il keçiriləcək prezident seçkilərində fəal iştirak etməli və ölkənin hakimiyyətdə olan yeganə partiyasına dəstəyini bildirməlidir.     

Tədbirdə çıxış edən YAP Siyasi Şurasının üzvü, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov demişdir ki, bu gün Azərbaycanın gələcəyi gənclik üçün qurulur və hər bir gənc də  dövlətin quruculuq istiqamətindəki fəaliyyətində yaxından iştirak edərək özünü göstərməlidir. Nizami rayonu ulu öndər tərəfindən yaradılmışdır və rayon gəncliyi Heydər Əliyevin 90 illik yubileyi ilində həyata keçiriləcək tədbirlərdə yaxından iştirak edəcəkdir.

Bildirilmişdir ki, rayonun gəncləri ötən illərdə bir çox uğurlara imza atmış, dalbadal 3 il ulu öndərin doğum günü münasibəti ilə keçirilən gül bayramlarında Bakı şəhəri rayonları arasında birinci yerə layiq görülmüş, gənclərin hərbi vətənpərvərlik tədbirlərində rayonun "Şahinlər" komandası ötən il hərbi-idman oyunlarında respublika üzrə birinci yeri qazanmışdır.

Sonda qonaqlar Heydər Əliyev məktəbinin kursunu bitirən gəncləri təbrik etmişlər. Məzunlara sertifikatlar, rayonun ictimai-siyasi həyatında göstərdikləri fəallığa görə isə bir qrup gəncə Fəxri fərman və partiyaya yeni qəbul edilmiş üzvlərə vəsiqələr təqdim etmişlər.

Qeyd edək ki, ötən il kursu 50 gənc bitirmiş və bu il isə 110 gənc məktəbə üzv olmuşdur.

 

 

Azərbaycan.-2013.- 31 yanvar.- S.3.