Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yeni internet saytının təqdimatı olmuşdur

 

Yanvarın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) yeni internet saytının təqdimat mərasimini keçirmişdir.

AzərTAc xəbər verir ki, mərasimdə ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, dini icmaların rəhbərləri və KİV təmsilçiləri iştirak etmişlər.

Saytda ölkəmizdə ilk dəfə olaraq Azərbaycanın dini xəritəsi yerləşdirilmiş, respublikamızdakı məscidlər, kilsələr, sinaqoqlar, alban abidələri, ziyarətgahlar haqqında geniş məlumatlar təqdim edilmişdir. Dövlət Komitəsi tərəfindən dini icmaların işinin asanlaşdırılması məqsədi ilə yeni saytda elektron xidmətlər bölməsi, qeydiyyat üçün sənədlərin elektron variantı da yer almışdır. Dini icmalar, o cümlədən vətəndaşlar DQİDK-ə sayt vasitəsilə onlayn müraciət edə biləcəklər.

Tədbirdə çıxış edən DQİDK-in sədri Elşad İskəndərov bildirmişdir ki, Azərbaycan hökumətinin dövlət-din münasibətləri sahəsində siyasətinin, milli-mənəvi dəyərlərimizə qayğısının və s. geniş şəkildə cəmiyyətə çatdırılması üçün sayt yenilənmiş, fərqli tərtibatda təqdim olunmuşdur. Komitə sədri saytda ölkəmizdəki tolerantlıq ənənələri, dinlərin tarixi, mövcud dini qurumlar, tarixi-dini abidələr, o cümlədən ibadət yerləri və ziyarətgahlar, eləcə də komitənin fəaliyyəti barədə məlumatların yer alacağını diqqətə çatdırmışdır. E.İskəndərov demişdir ki, bu resursu yenidən qurmaqla dini icmalar, KİV nümayəndələri, müxtəlif sahələrdə fəaliyyət göstərən insanların Dövlət Komitəsi ilə qarşılıqlı əlaqələrini daha asan şəkildə təmin etmək istəyirik. Bunun üçün saytda kifayət qədər geniş imkan vardır.

Mərasimdə çıxış edən Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova bildirmişdir ki, saytın yeni formada tərtibatı komitənin uğurlu addımıdır. R.Aslanova demişdir: "Bu gün Azərbaycan vətəndaşı dini icmaların fəaliyyəti, ölkədə din və dövlət münasibətləri ilə bağlı çoxlu məlumatlar əldə etmək istəyirlər. Bu sayt onlar üçün ən əlverişli mənbədir".

Daha sonra yeni sayt tədbir iştirakçılarına təqdim edilmiş, istifadə qaydaları izah olunmuşdur.

 

 

Azərbaycan.-2013.- 31 yanvar.- S.5.