Böyük aktyorun acı taleyi

 

Azərbaycan səhnəsinin görkəmli aktyorlarından biri olan Ülvi Rəcəb milli teatr tariximizin unudulmaz simalarındandır. Hüseyn Cavid obrazlarının səhnə təcəssümünü özünəməxsus ustalıq və sevgi ilə yaradan Ülvi Rəcəb ilk aktyorlardan sayılır ki, onun can verdiyi surətlər məhz çılğınlığı, incə lirizmi, təbiiliyi ilə seçilib.  Bu qüdrətli aktyor 15 yaşından teatra bağlanıb. Əslində çox qısa ömür sürüb, amma elə bir sənət zirvəsinə yüksəlib ki, bu günonun adı çəkiləndə həmkarları təəssüf qarışıq iftixar hissləri keçirirlər. Çünki  Ülvi Rəcəb o aktyorlar nəslinə aiddir ki, Azərbaycan teatrında məhz öz məktəbini yaradıb.

Milliyyətcə acar olan Ülvi Rəcəb 1903-cü ildə Batumi yaxınlığında Canivri kəndində anadan olub. Atası Rəcəb bəy dövrünün tanınmış ziyalılarından biri idi. Səyahəti çox sevərmiş. Deyilənə görə, bütün Avropanı gəzmişdi və oğlunun dünyagörüşünün formalaşmasında onun söhbətləri mühüm rol oynayıb. Rəcəb bəy oğlunu təhsilli, elmli görmək istəyirdi. Bir müddət İstanbulda xalasının yanında yaşayan Ülvi Rəcəb elə bu şəhərdə də təhsil almağa başlayıb. Birinci Dünya müharibəsi ərəfəsində Ülvi təhsilini ataraq çörək pulu qazanmaq məcburiyyətində qalıb. Buna əsas səbəb də atasını erkən itirməsi olub. 1918-ci ildə Batuma qayıdaraq buradakı teatr kollektivinə daxil olan Ülvi Rəcəb sənətə böyük maraq göstərib. Elə həmin illərdə də Hüseyn Ərəblinski öz truppası ilə birlikdə Batumidə "Artistlər Cəmiyyəti"nin zalında "Otello" tamaşasını göstərib. 15 yaşlı Ülvi Rəcəb də həmin salonda olub. O, Hüseyn Ərəblinskinin yaratdığı Otello obrazına heyran qalıb. Tamaşadan sonra Hüseyn Ərəblinski ilə tanış olan gənc Ülvi istək və arzularını ona bildirib. Hətta elə gətirib ki, həmin qastrol zamanı xəstələnən aktyorların əvəzinə epizod rolları Ülvi yaratmalı olub. Gənc teatr həvəskarının "Arşın mal alan" operettasında Soltan bəy rolunda səhnəyə çıxması və ona tapşırılan işin öhdəsindən bacarıqla gəlməsi Hüseyn Ərəblinskini məmnun edib. O, Ülvini ürəkləndirərək "sən gələcəkdə böyük aktyor olacaqsan" - söyləyib.

Arxiv materiallından bəllidir ki, Ülvi Rəcəb 20 yaşında ikən Tiflis Teatrının aparıcı aktyorlarından olub. Yaratdığı obrazlar lirik, romantik üslubu ilə seçilərək tamaşaçıların rəğbətini qazanıb. O, bu teatrda Otello ("Otello"), Frans ("Qaçaqlar"), Dərviş ("Şeyx Sənan"), İxtiyar ("İblis"), Soltan bəy ("Arşın mal alan") və başqa rollarda çıxış edib. O zaman Aleksandr Tuqanov bu teatrda quruluşçu rejissor işləyirdi. Çox qüdrətli və istedadlı rejissor olan A.Tuqanov Ülvi Rəcəbin potensialını həmişə yüksək dəyərləndirər, onu məhz baş rollarda görmək istəyərdi. 23 yaşlı Ülvi Abbas Mirzə Şərifzadədən sonra Cavid əsərlərinin qəhrəmanlarını ən yüksək səviyyədə yaradan aktyorlardan biri olub. Sənətşünas İlham Rəhimli bu unudulmaz aktyoru belə səciyyələndirir: "Milli teatr tariximizdə Şeyx Sənanı incə lirizmlə oynayan ilk aktyor Ülvi Rəcəb olub". Tiflis Teatrından başlanan bu ənənəni Ülvi Rəcəb 1925-ci ildən 1937-ci ilə qədər Bakıda Milli Dram Teatrının səhnəsində müxtəlif quruluşlarda daha böyük sənətkar vüsəti ilə canlandırdı. Əslində bu qüdrətli sənət fədaisini Bakıya Aleksandr Tuqanov özü dəvət etmişdi. 1924-cü ildə Aleksandr Tuqanovu Bakıya çağırıb Akademik Milli Teatrına baş rejissor təyin edən kimi o da Ülvi Rəcəbi öz yanına dəvət etdi. Arada Tiflisdə rejissorlar Hüseyn Cavid yaradıcılığına müraciət edəndə yenə də Ülvi Rəcəbdən xahiş edirdilər ki, baş rolların yaradılmasında onlara kömək etsin. Bu səbəbdən o, Tiflisdən əlaqəsini kəsmirdi.

Ülvi Rəcəb Milli Dram Teatrının aparıcı aktyorlarından biri idi. O, əsasən Abbas Mirzə Şərifzadənin dublyoru olardı. Maraqlıdır ki, o, janrından xarakterindən asılı olmayaraq həm faciə, dramatik, həm mürəkkəb psixoloji personajları, həm lirik qəhrəmanları məharətlə yaradırdı. Roldan-rola başqalaşmağı, müxtəlif libasları geyməyi özünəməxsus şəkildə Ülvi Rəcəb ustalıqla yerinə yetirirdi. Klassikyerli dramaturqların əsərlərində yaratdığı obrazlar həmişə rəğbətlə qarşılanardı. Mütəxəssislər söyləyirlər ki, Ülvi Rəcəbin V.Şeksprin "RomeoCülyetta" əsərinin tamaşasında yaratdığı Romeosu təkcə Milli Dram Teatrının deyil, geniş mənada milli səhnə sənətimizin ən parlaq baş qəhrəmanı kimi tarixiləşib. Azərbaycan aktyorları arasında "psixoloji teatr" sənətinin bünövrəsini qoyan ilkinlərdən birionun formalaşmasında misilsiz xidmətlər göstərən, yüksək nailiyyətlər qazanan Ülvi Rəcəbdir. Çox yorulmaz, çalışqan, məsuliyyətli aktyor eyni zamanda Bakı Türk İşçi Teatrının hazırladığı tamaşalarda da iştirak edərdi. Onun Cəfər Cabbarlının "Sevil" tamaşasında yaratdığı Balaş rolu sənətşünaslar tərəfindən yüksək dəyərləndirilib. Bu rolda onun tərəf-müqabili Azərbaycan teatrının məşhur aktrisası Mərziyə xanım Davudova olub. Fatma Qədri ilə də işləyən Ülvi Rəcəb yaratdığı obrazların parlaqlığı ilə təkcə tamaşaçıların deyil, həmkarlarının da məhəbbətini qazanmışdı. O, teatr sənətindəki xidmətlərinə görə "Əməkdar artist" fəxri adını alanda 30 yaşı var idi. Amma heç zaman ağlına gətirə bilməzdi ki, cəmi dörd ildən sonra onu "xalq düşməni" damğası ilə həbs edərək qətlə yetirəcəklər.

"Kommunist" qəzetinin 30 sentyabr 1937-ci il sayında Azərbaycan Dövlət Dram Teatrı haqqında bir məqalə dərc edilib. Maraqlı və müəmmalıdır ki, yazının müəllifi qeyd edilməyib. Orada oxuculara belə bir xəbər verilir: "Azərbaycan Dövlət Dram Teatrını burjua nasionalistlərinin əlaltılarından təmizləməli". Həmin düşmənlərin siyahısı verilib, onlardan biriÜlvi Rəcəbdir. Onun haqqında belə yazılır: "Yaradıcılığı bir qəpiyə dəyməyən bu adam... respublikanın əməkdar artisti kimi şərəfli bir ada "nail" olmuşdur. O, xalq düşmənləri R.Axundov, Ə.Triniç, H.Nəzərli ilə sıx əlaqə saxlamış, xarici reksion qəzetlər oxumuş, patifonda xarici plastinkalar çaldırmış, məişətcə pozulmuş, səhnəmizi Osmanlı, ərəb və fars sözləri ilə zibilləməyə çalışmış, gənc kadrların inkişafına mane olmuşdur". Bu iyrənc sözlərdən sonra Mirzəağa Əliyevin, D.Bünyadzadənin, H.Sultanovun, D.Saraplının, Möhsün Sənaninin, Fatma Qədrinin, Şəmsi Bədəlbəylinin, R.Səidovun və başqa tanınmış sənətkarların adları gəlir ki, onları da "xalq düşməni" damğası ilə etketləyiblər. Ən dəhşətlisi də odur ki, bu böyük sənətkarları sovet tamaşaçılarını teatrdan çirkindirən "əclaflar" adlandırıblar. Onları keçmiş xanların, bəylərin əlaltıları kimi səciyyələndiriblər. Beləliklə, 1937-ci ildə həbs edilən Ülvi Rəcəb 1938-ci ilin yanvarında Bakıda güllələnib.

Bütün varlığı ilə sənətə bağlanan, onun inkişafında əlindən gələni əsirgəməyən, həyat ideyalı ancaq teatr olan, xalqın, millətin maariflənməsi yolunda bu sənət yolunu əsl mayak bilən Ülvi Rəcəb heç bir zaman əyri işlərlə məşğul deyildi, əksinə, sənət zirvəsində öz halal yerində ləyaqətlə dayanan çox cəsur bir fədai idi. Amma 1937-ci ilin repressiyaları bu böyük sənətkarın həyatını zəhərə çevirdi, taleyində acı rüzgarlar əsdirdi. Lakin həqiqət min arşın quyunun dibinə düşsə də, onu nə gizlətmək, nə də məhv etmək olar. 1956-cı ildə bəraət alan Ülvi Rəcəb öz yoxluğunda da sənəti ilə ondan sonra gələnlərin həyatına yeni işıq saldı. Yaddaşdan-yaddaşa keçdi, xatirələrdə yaşadı. Bu günehtiramla anılır, yad edilir, xidmətləri yada düşür... 110 yaşlı aktyorun məktəbi dünən də olub, bu günvar, sabah da yaşayacaq!

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.-2013.- 31 yanvar.- S.7.