Prezident İlham Əliyev Serj Sarkisyanı yerində oturtdu

 

Planetimizin siyasi mənzərəsinin mürəkkəb və ziddiyyətli reallıqları türk xalqlarının qarşısında mühümtaleyüklü vəzifələr qoyur. Türk dünyasının bu mərhələdən müvəffəqiyyətlə çıxması eyni tarixi köklərə malik olan bu xalqlar arasında birliyin və həmrəyliyin səviyyəsindən əhəmiyyətli dərəcədə asılıdır. Bu sahədə bütün türk dövlətlərinin, xüsusilə də Azərbaycan və Türkiyənin üzərinə böyük məsuliyyət düşür. Çünki dünyanın siyasi və eləcə də hərbi gündəmi ayrı-ayrı mənfi tərəfləri ilə yanaşı, həm də müxtəlif qütbləri əhatə edən siyasi dairələr tərəfindən Azərbaycan və Türkiyəni hədəfə alan ikili standartlarla müşayiət olunur.

Belə olan şəraitdə Azərbaycan və Türkiyənin istənilən məsələdə bir-birinə dayaq olması xüsusilə vacibdir. Bu gün ölkələrimiz arasında əlaqələr ən yüksək səviyyədədir, strateji önəm daşıyır. Azərbaycan hər zaman Türkiyənin dəstəyini hiss edib. Türkiyə Ermənistanla sərhədlərini bu ölkənin Azərbaycan torpaqlarını işğal etməsinə görə bağlayıb. Bir neçə il öncə Fransa Senatında qəbul edilən qanun Türkiyədə nə qədər qəzəblə qarşılandısa, Azərbaycanda da eyni hiddət gördü. Bu ondan irəli gəlir ki, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin dediyi kimi, biz bir millət, iki dövlətik. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan-Türkiyə əlaqələrinin dünyada analoqu yoxdur.

Aprelin 24-də Praqada dövlət və hökumət başçılarının iştirakı ilə "Şərq tərəfdaşlığı" Proqramının 5 illiyinə həsr olunmuş sammitdə Prezident İlham Əliyevin çıxışı bir daha göstərdi ki, Azərbaycan Türkiyənin hədəf kimi seçilməsinə, qondarma iddialarla ittiham olunmasına dözə bilməz. Xatırladaq ki, Ermənistan prezidenti Serj Sarkisyan sammitin plenar iclasında etdiyi çıxışını gündəlikdən çıxaraq başdan- ayağa qondarma "soyqırımı" məsələsinə həsr edib. Belə ki, Türkiyənin sammitdə təmsil olunmamasından istifadə edən S.Sarkisyan iclasın mövzusunu da unudub. İşğalçı ölkənin başçısı Türkiyəni əsas tənqid hədəfi seçərək bu ölkəni qondarma "soyqırımı" ilə bağlı konstruktiv mövqe tutmamaqda, Ermənistanla sərhədlərini açmamaqda əsassız olaraq ittiham edib. Türkiyənin Avropa İttifaqına üzvlüyünün yolverilməz olduğunu deyən S.Sarkisyan deyib ki, Avropa ictimaiyyəti qondarma "soyqırımı" ilə bağlı daha təsirli mövqe tutmalıdır.

Tezliklə Ermənistan prezidentinin əsassız və gülünc ittihamlarına tutarlı cavab verilib. Qeyd etdiyimiz kimi, Türkiyə sammitdə təmsil olunmur. Lakin Azərbaycan Prezidenti İlham Əliyev erməni prezidentin cavabını layiqincə verərək onu öz yerində oturtdu. "Bu gün təəssüf ki, Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm. Türkiyə ilə Ermənistan sərhədi Azərbaycanın Kəlbəcər rayonunun 1993-cü ilin aprelində işğalından sonra bağlanıb" - deyən Prezident İlham Əliyev bundan əvvəl bütün azərbaycanlıların Dağlıq Qarabağdan qovulduğunu, 1992-ci ildə ermənilərin Şuşanı və Laçını, daha sonra Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayılı - Dağlıq Qarabağın inzibati sərhədlərindən kənarda olan, ümumilikdə, 7 Azərbaycan rayonunu işğal etdklərini diqqətə çatdırıb.

Azərbaycan torpaqlarının işğalı faktının digər tərəfi bütün bu proseslərin, xüsusən Ermənistanın nümayiş etdirdiyi ədalətsiz mövqenin Avropanın və dünyanın gözü qarşısında baş verməsidir. Avropadakı digər münaqişələrə operativ reaksiya verən, siyasiiqtisadi sanksiyalar məsələsini gündəmə gətirən Qərb siyasi dairələrinin Azərbaycanın ərazi bütövlüyünün pozulmasına olan etinasız münasibəti, məsələyə yanaşmada ikili standartlardan çıxış etməsi, işğalçını öz adı ilə çağırmaqdan çəkinməsi nə qədər acı olsa da gözümüzün önündə baş verən reallıqdır. Prosesə real təsir imkanlarına malik qüvvələr problemin birdəfəlik həllinə nail olmaq üçün konkret təzyiq mexanizmlərindən istifadə etmək istəmirlər. Sammitdəki çıxışında bu barədə danışan Prezident İlham Əliyev deyib: "Azərbaycan xalqı bir sual verir: Niyə Ermənistana sanksiyalar qoyulmur? Niyə Avropa Şurasındakı Ermənistan nümayəndə heyəti səsvermə və söz hüququndan məhrum edilmir? Onlar digər bir ölkənin ərazilərini işğal ediblər, beynəlxalq hüquq normalarını pozurlar, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini kobud şəkildə pozurlarheç bir sanksiya tətbiq edilmir, heç bir cəza verilmir. Qanunsuz, kriminal Dağlıq Qarabağ rejiminin qondarma nümayəndələri Avropa paytaxtlarına vizalar alırlar. Bu dözülməzdir və buna son qoyulmalıdır".

Ümumiyyətlə, Ermənistan prezidentinin sammitdəki çıxışı bir daha onu təsdiq etdi ki, bu ölkə Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqda maraqlı deyil. Məlum olduğu kimi, Türkiyə tərəfinin arxivləri açmaqtarixi olduğu kimi araşdırmaq təklifini ermənilər qəbul etmirlər. Azərbaycan və Türkiyənin konstruktivliyinin qarşılığında işğalçı ölkənin qeyri-konstruktivliyi Praqada da özünü göstərdi. Hədəfi Türkiyə olan erməni prezident deyəsən Azərbaycan Prezidentindən sillə kimi gələn cavabı gözləmirdi. S.Sarkisyanı bu çıxışına görə pərt vəziyyətə salan Prezident İlham Əliyev həm də göstərdi ki, Azərbaycan Türkiyə ilə sözdə deyil, əməldə həmrəylik nümayiş etdirir, Türkiyənin təmsil olunmadığı yerdə də onun maraqlarını səmimi müdafiə edir.

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2014.-26 aprel.-S.2.