Dövlət Gömrük Komitəsinin sədri Beyləqan

 şəhərində vətəndaşları qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün müxtəlif tədbirlər görürlər.

AzərTAc xəbər verir ki, aprelin 25-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Beyləqan şəhərindəki Heydər Əliyev Mərkəzində Beyləqan, Füzuli, Cəbrayıl, Kəlbəcər, Xocavənd, Xocalı və Laçın rayonlarından olan vətəndaşları qəbul etmişdir.

Qəbula gəlmiş vətəndaşların müraciətləri əsasən işə qəbul və gömrük prosedurları ilə bağlı olmuşdur.

Komitənin sədri Aydın Əliyev vətəndaşların arzu və təkliflərini diqqətlə dinləmiş, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar vermişdir.

Qəbulda qaldırılan məsələlərin bəziləri yerindəcə həll edilmiş, bəziləri barədə vətəndaşlara məsləhətlər verilmiş, komitənin strukturuna aid olmayan bir neçə məsələ isə qeydiyyata alınaraq aidiyyəti orqanlara çatdırılması üçün nəzarətə götürülmüşdür.

 

Azərbaycan.-2014.-26 aprel.-S.3.