Erməni vandalizmini bütün tarixi faktlar təsdiq edir

 

Dünyanın siyasi xəritəsinə nəzər yetirsək, Naxçıvanın bu xəritədə çox kiçik bir yer tutduğunu görmək olar. Lakin geosiyasi mövqeyi baxımından böyük əhəmiyyət kəsb edən bu diyar bütün türk dünyasını bir-birinə bağlayan bir dəhliz və əlaqələri təmin edən körpü vəzifəsini icra edir.

Naxçıvana qarşı inzibati-ərazi baxımından iddialar irəli sürən ermənilər XX əsrin əvvəllərində xaricdən böyük dəstək alaraq  bölgədə türk soyqırımını gerçəkləşdirdilər. Ermənilər tərəfindən törədilən soyqırımının səbəblərinin analizi üçün əvvəlcə problemin ideolojisiyasi mahiyyətini dərindən dərk etmək lazım gəlir. Məsələnin siyasi tərəfinə gəlincə, qeyd etmək lazımdır ki, türklərə qarşı nifrət psixologiyasını aşılayanlar sadəcə, erməni kilsəsi və erməni millətçi partiyaları deyildi, bundan əsas şəkildə yararlanan digər xarici ölkələrin roluna da xüsusilə toxunmaq lazım gəlir. O dövrdə Rusiyanın Qafqazdakı canişini qraf Vorontsov-Daşkov çar II Nikolaya yazdığı məktubunda "...münaqişənin başlanması üçün kiçik bir bəhanənin kifayət edəcəyini" bildirmişdi. Bir nəfərin qətlə yetirilməsi ilə başlayan kiçik bir qığılcım böyük bir partlayışın xəbərçisi ola bilərdi. Bir nəfərin öldürülməsi ilə münaqişə başlayacaq, sonra çar Rusiyası hər iki tərəfi də silahlandıracaqdı. Qafqaz xalqlarının bir-birlərinə düşmən kəsilmələri maraqlı ölkələr üçün son dərəcə vacib idi.

Ermənilər tərəfindən azərbaycanlılara qarşı milli qırğın 1905-ci il fevral ayının ilk ongünlüyündə Bakıdan başlandı və tezliklə Azərbaycanın digər bölgələrinə, o cümlədən Naxçıvana da yayıldı və getdikcə şiddətləndi. Arxiv sənədlərində rus kazaklarının cinayətlərin törədilməsində rol oynadıqları göstərilmişdir. 17 iyun 1905-ci ildə Naxçıvan qəzasının Zeynəddin kəndində ermənilərlə müsəlmanlar arasında baş vermiş münaqişə ilə əlaqədar Naxçıvanda yerləşən Qafqaz atıcı batalyonunun komandiri iyunun 18-də Baş Qərargaha göndərdiyi raportunda yazırdı ki, "...ermənilərlə müsəlmanlar arasında baş vermiş münaqişələrin aradan qaldırılmasında vətəndaş hakimiyyətinə kömək etmək məqsədilə mənə həvalə edilmiş Naxçıvan şəhərində yerləşən batalyon 17 iyun tarixdə axşam saat 8-də silah işlətməyə məcbur olub, nəticədə Zeynəddin kəndinin 20-dən çox müsəlman sakini öldürülmüşdür".

Digər bir raportda isə həmin ilin iyul ayının 5-də Nursu kəndində ermənilərlə müsəlmanlar arasında olan münaqişədə rus kazaklarının kəndə göndərilməsi nəticəsində dağlarda gizlənib özlərini ermənilərdən müdafiə edən sakinlərdən 4 nəfərin öldürüldüyü, 11 nəfərin isə yaralandığı haqqında məlumat verilirdi.

Diqqətçəkən ən önəmli məqam ondan ibarətdir ki, raportların heç birində bir nəfər də olsun erməninin öldürüldüyü qeyd olunmur. O dövrün yazılı mənbələri və arxiv materialları 1905-1907-ci illərdə Naxçıvan, Şərur-Dərələyəz və Ordubad bölgələrində ermənilərin himayədarlarının yardımı ilə azərbaycanlılara qarşı soyqırımı törətdiklərini sübut edir.

Ermənilərin vandalizm siyasəti 1918-ci ildə də davam etdi. Naxçıvanda azərbaycanlılara qarşı törədilən soyqırımında Andranik Ozanyan, Dro, Njde, Doluxanov, Yapon və digər cəlladların başçılıq etdikləri dəstələr böyük rol oynamışlar. Xüsusi qəddarlığı ilə seçilən Andranik öz adını ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı tarixinə qara hərflərlə yazmışdır. Mənbələr onun kimliyi haqqında o qədər dolğun məlumat verməsə də, törətdiyi cinayətlər barədə kifayət qədər sübutlar var. Bu adam çox ağır cinayətlərə imza atmışdı. Araz çayı sahilindəki 4 min nəfərə yaxın əhalisi olan Yaycı kəndini yerlə-yeksan etmiş, kənd əhalisinin 2000-2500 nəfərini qətlə yetirmişAraz çayına tökmüşdü. Andranikin Araz çayına tökdüyü insanların cəsədlərini nüvədililər çayın kəndlərinin yaxınlığından keçən hissəsində sahilə çıxararaq dəfn etmişdilər. Cəsədlərin sayı o qədər çox idi ki, böyük bir qəbiristanlıq yaranmışdı. O vaxtdan bu ərazi Yaycı qəbiristanlığı olaraq tarixə düşmüşdür.

Andranikonun dəstəsinin silahlı hücumları nəticəsində Ordubad ətrafı, Əlincəçay boyu, Şahbuz kəndlərinin əhalisi tərksilah olunub, xeyli hissəsi qətlə yetirilmişdir. Sirab, Nursu, Kolanı, Hənzər, Mahmudoba, Əbrəqunus, Qazançı, Paradaş, Xanağa, Bənəniyar, Camaldın, Ərəzin, Kırna kəndlərində də dəhşətli qırğınlar törədilmişdir.

Faktların sayını artırmaq mümkündür. Amma məsələ burasındadır ki, 1918-1920-ci illərdə ermənilərin Azərbaycanda, o cümlədən Naxçıvanda törətdikləri cinayətlərin arxasında hansı xarici qüvvələr dayanırdı? Dəstək olmasaydı, ermənilər belə cinayətlərə əl ata bilərdilərmi? Faktlara müraciət edək.

Əldə edilən məlumatlara görə, 4 dekabr 1917-ci ildə London İngilis-Erməni Komitəsinin sədri və İngiltərə Parlamentinin üzvü Anurin Uilyams İngiltərənin məşhur diplomatlarından olan, eyni zamanda, Millətlər Cəmiyyətinin qurucusu Lord Robert Sesilə göndərdiyi məktubda ermənilərə yardım göstərilməsinin vacib olduğunu bildirirdi. Anurin Uilyams hətta ermənilərin silahlandırılmasını və Andranik kimi silahlı dəstə liderlərindən istifadə edilməsini də zəruri hesab edirdi. Məktubda ingilis, fransız və amerikan hökumətlərinin də erməni ordusuna maddi dəstək vermələrinin vacib olduğu bildirilmiş, sərhədlərdən kənarda yaşayan ermənilərin pul yardımı ilə Cənubi Qafqaza gətirilmələrinin qaçılmaz olduğu yazılmışdı. Nəticədə İngiltərənin Müharibə Kabineti özünün 7 dekabr 1917-ci il tarixli iclasında ermənilərə maliyyə dəstəyi verilməsi haqqında qərar qəbul etdi. Bununla birlikdə erməni könüllü dəstələrinin də Qafqaza fərqli yollardan gəlməsinə icazə verildi. İngiltərə tərəfindən ermənilərin dəstəklənməsi üçün ayrılan yardım 20 milyon sterlinq idi. 1917-ci ilin sonları və 1918-ci ilin əvvəllərində İngiltərə tərəfindən Tehrandan Bakıya, oradan da ermənilərə verilməsi üçün Tiflisə külli miqdarda qızıl və pul göndərildi.

Sadəcə, pul deyil, müxtəlif silahsursatlar da ermənilər üçün tədarük edilirdi. Bu yardımlar Versaldakı Antanta Ali Müharibə Şurası ingilis hərbi mütəxəssislərinin 1917-ci ilin dekabr ayındakı memorandumunda açıq şəkildə göstərilməkdədir: "Ermənilərə hər vəziyyətdə işğal etdikləri bölgələrdə pul, silahsursat tədarükü ingilis siyasətinin maraqları daxilindədir. Bu təcrübənin uğurlu olması nəticəsində erməni qüvvətlərindən gələcəkdə türklərin diz çökməsi üçün faydalanmaq olar".

İngilislərin bu dəstəyi sayəsində hərəkət qabiliyyətlərini artıran, külli miqdarda silahsursatla təmin edilən ermənilər Azərbaycanda etnik təmizləmə siyasətini gerçəkləşdirdilər. Azərbaycanın bir çox bölgələrində, o cümlədən Naxçıvanda türk-müsəlman soyqırımı törədildi.

Mənbələrdən əldə edilən məlumatlara görə, 1918-1921-ci illər arasında Naxçıvanda 73.727 nəfər soydaşımız ermənilər tərəfindən qətlə yetirilmişdir. 1915-1921-ci illər arasında Cənubi Azərbaycanda isə ingilislərin və rusların təşviqi ilə təşkilatlanan və silahlanan erməni ordusunun qətlə yetirdiyi insanların sayı 90.000 nəfərin üzərində idi. Bu cinayətləri törədən ermənilərə xarici havadarları böyük maliyyə dəstəyi göstərmişdilər.

 

Emin Arif ŞIXƏLİYEV,

AMEA Naxçıvan Bölməsinin Tarix, ArxeologiyaEtnoqrafiya İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru

Azərbaycan.-2014.-26 aprel.-S.4.