Ədəbi-nəzəri fikrimizin görkəmli söz sahibi

 

Mir Cəlal Paşayev ədəbiyyatımızın və nəzəri-estetik fikrimizin XX əsr kimi bir epoxasının inkişaf mərhələlərini, daxili inkişaf qanunauyğunluqlarını, poetik təkamül fərdiliyini zəngin ədəbi irsinin yaşarılığı ilə şərtləndirən klassik sənətkarlarımızdandır. O, yeni tipli ədəbiyyatın təşəkkülündə, janr-üslub etibarilə şaxələnməsində müstəsna xidmətləri ilə yanaşı, tariximüasir bədii sərvətlərimizin tədqiqi sahəsində də səmərəli fəaliyyət göstərmişdir.

Mir Cəlal XX əsrin bənzərsiz ədəbiyyat adamlarından idi. Bədii təfəkkür tipindən elmi-nəzəri ümumiləşdirmələrə keçid orijinallığı da buradan irəli gəlirdi. Geniş erudusiyaya, Şərq və Qərb ədəbi dəyərlərinə yaxşı bələd olan Mir Cəlal öz təhlil predmetinə, xüsusən Nizami, Füzuli, Mirzə Cəlil və Səməd Vurğun kimi böyük ədəbi şəxsiyyətlərə kongenial idi, başqa sözlə, bu dahilərin ədəbi-bədii, fəlsəfi-sosial zamanına və məkanına tərəf-müqabil ola bilirdi. Məhz buna görə də onun araşdırdığı bədii dəyərlər və onların tarixi təcrübəsinə əsaslanan nəzəri ümumiləşdirmələr çağdaş günlərimizdə də elmi tutumunu saxlamaqdadır.

XX əsrin 20-30-cu illərinin ədəbi prosesi müxtəlif dünyagörüşə məxsus yazıçıların fəaliyyət göstərdiyi, ədəbi həyatın bütün sahələrində yeni bir mərhələnin başlandığı dövr idi. Mir Cəlal ötən əsrin əvvəllərində yüksək bədii nailiyyətlər qazanmış milli bədii fikir tariximizin böyük nümayəndələri olan Mirzə Cəlil, M.Ə.Sabir, Ə.Haqverdiyev sənətinin sirlərini dərindən mənimsəmişdi və təsadüfi deyil ki, bu dövrün də görkəmli tədqiqatçılarından biri idi.

Mir Cəlalın ədəbi həyata gəlişi yeni prinsip və normaların formalaşdığı bir vaxta təsadüf edirdi. O, yeni ədəbiyyatı yaradanlardan biri kimibu illər ədəbi prosesin ən çevik janrlarına müraciət edir, bədii tərcümə və publisistika sahəsində aktiv fəaliyyət göstərirdi. Onun ilk qələm təcrübələri olan bədii oçerkləri ədəbiyyata gəldiyi tarixi dövrün məntiqindən doğurdu. Bu yazılardakı romantik pafos, çağırış ruhu cəmiyyətdə gedən proseslərin əks-sədası idi. Mir Cəlal və onunla eyni vaxtda ədəbiyyata gəlmiş digər qələm sahibləri ictimai həyatda baş verən proseslərin mahiyyətinə inanır və səmimi bir inamla onun bədii təsdiqinə çalışırdılar. Bununla yanaşı, yeni həyat uğrunda mübarizədəki ifratlar, bürokratiya, şəxsiyyətin əxlaq və davranışına hopmuş siyasi ritorikanın doğurduğu reallıqlar istedadlı qələm əhlinin diqqətindən yayınmırdı.

Lirik təhkiyə ilə incə yumor, xəfif bir romantika, istehza, xoş məramlı gülüş Mir Cəlal nəsrində bir-birini tamamlayan bədii vasitələrdir. Yığcam, lakonik hekayələrdən ciddi  ictimai-sosial romanlara doğru yaradıcılıq təkamülündə onun söykəndiyi klassik ədəbi ənənənin zahirən görünməyən qatları üzə çıxırdı. O, görkəmli ədəbiyyat xadimi kimi klassik irsin böyük ənənələri zəminində yetişmişdi. Füzuli lirikasındakı romantik ovqat, Sabir satirası, Mirzə Cəlil və Haqverdiyev gülüşü Mir Cəlalın bir yazıçı və şəxsiyyət kimi uyarlığında reallaşdığı kimi, onun bədii və elmi-nəzəri irsində də müxtəlif biçimdə öz yerini tapırdı.

Mir Cəlal klassik hekayə ənənələri zəminində bu janrın yeni poetik imkanlarını aşkarlamışdır. 30-cu illərdən başlayaraq yaradıcılığı boyu bu janra ardıcıl müraciət edən ədib ictimai-mənəvi həyatın ən dərin qatlarına nüfuz etmiş, insan psixologiyasında baş verən prosesləri dərindən müşahidə edərək oxucu diqqətini onun mahiyyətini təyin edən sosial-əxlaqi məsələlərin köklərinə yönəltmişdir.

Akademik Məmməd Arif  "Mir Cəlal mahir hekayə ustasıdır, onun hekayələri əksəriyyətlə yığcam və ibrətlidir" deyərək öz qələm dostunun yaradıcılıq imkanlarını dürüst müəyyən edir, bu janrın inkişafında onun xidmətlərini yüksək qiymətləndirirdi. Mir Cəlalın "Anket Anketov", "Söyüd kölgəsi", "Təzə toyun nəzakət qaydaları", "Kəmtərovlar ailəsi", "Analar yola çıxdılar", "Qan qardaşı", "İclas qurusu", "Vətən yaraları", "Ərəb qızı", "Elçilər qayıtdı", "Xarici naxoşluq", "Subaylıq fəlsəfəsi" və onlarca digər hekayələrini bu günyaşadan, oxudan hansı ideya-bədii səbəblərdir? İlk növbədə yazıçının həyat həqiqətinə əsaslanması, bunun bədii reallığa çevrilməsində münasib ifadə sisteminin seçilməsi, adi bir mətləb zəminində oxucunu səfərbər etməsindədir. Mir Cəlal nəsrində bədii təhkiyənin çevikliyi, mövzu ilə bağlı forma keçidləri təhkiyə poetikasının orijinal nümunələridir.

Mir Cəlal hekayə janrına bütün yaradıcılığı boyu müraciət etmişdir. Onun hekayələri fonunda ümumən yazıçının yaradıcılıq təkamülünü izləmək mümkün olduğu kimi, 1930-1970-ci illər Azərbaycan hekayəsinin estetik axtarışlarını, janrın poetikasındakı dinamikanı izləmək mümkündür. Məlumdur ki, 1920-1930-cu illərdə ədəbi fikirdə çox zaman həyat həqiqətinin bədii-məntiqi təsviri zamanı yazıçının fəal publisist müdaxiləsi önə keçirdi. Bu isə ədəbi qəhrəmanları siyasi mühazirəçiyə çevirir, qurusxematik edirdi. Mir Cəlal klassik hekayə ənənələrinə sadiq idi. Onun qəhrəmanları müasirləri, ictimai mühitin tipik yetirmələri idilər. Onu da qeyd etmək lazımdır ki, Mir Cəlal öz qələm dostları - S.Rəhimov, S.Rəhman kimi yazıçılarla eyni ədəbi-estetik mövqedə dayanırdı. Bu yazıçılar yersiz ritorikalardan, süni pafosdan qaçmağın yeganə və düzgün yolunu həyat həqiqəti ilə bədii reallıq arasında harmoniyaya nail olmaqda, cəmiyyətin mövcud qüsurlarını, onu didib-dağıdan neqativ halları ədəbi mövzuya çevirməkdə görürdülər. Lakin hakim rejim bununla razılaşa bilməzdi. "Leninqrad" və "Zvezda" jurnalları haqqındakı qərardan sonra "tənqidi realizm təhlükəsi" anlamı meydana çıxdı. İbrətamiz haldır ki, Mir Cəlal namuslu bir yazıçı kimi öz sənət kredosuna sadiq qaldı və 1950-1960-cı illərdə yazdığı hekayələrində də cəmiyyətdə müşahidə etdiyi ciddi qüsurları qələmə aldı. "O yana baxan", "Novator", "Mən deyən", "Hesab dostları" kimi hekayələrində müəllifin yaradıcılığı üçün yeni keyfiyyətlər üzə çıxır. Bədii təsvirdə açıq tendensiya sezilmir, əksinə, qəhrəmanların daxili mənəvi təkamülü, psixologiyası diqqət mərkəzində dayanır.

Əhvalat və xarakter, portret hekayələrinin klassik nümunələrini yaratmış Mir Cəlal Paşayev meşşanlığın, formalizmin, ictimai həyatdakı yeknəsəqliyin insanların həyat vərdişinə çevrilməsi prosesini qələmə alarkən kəskin satira, istehza, ironiya, mənalı gülüş ustası kimi çıxış edirsə, müharibə mövzusunda yazdığı hekayələrində bədii təhkiyənin mərkəzinə xəfif romantik intonasiya gəlir. Böyük humanist yazıçının insan taleyi naminə vətəndaş yanğısını, mənəvi ağrılarını görürük. Təsadüfi deyil ki, qələm dostu Süleyman Rüstəm Mir Cəlal nəsrinin bu cəhətini nəzərdə tutaraq yazırdı:

 

Yenə aramızda şairdir adın,

Çünki nəsrin elə şeir kimidir.

 

Roman janrı XX əsr Azərbaycan ədəbiyyatında böyük yüksəliş yolu keçmişdir və şübhəsiz ki, Mir Cəlal müəllimin qələmindən çıxan "Dirilən adam", "Bir gəncin manifesti", "Yolumuz hayanadır", "Açıq kitab", "Yaşıdlarımız", "Təzə şəhər" kimi əsərləri bu janrın tarixi təkamülünü əks etdirir. Bu əsərlərin hər biri ədəbi prosesə bir canlılıq gətirmişdir. Roman janrı ətrafında ən çox mübahisələrə, müzakirələrə səbəb olan əsərlər sırasında Mir Cəlalın yaradıcılığı da xüsusi yer tutur. Çünki M.C.Paşayev müasirlik hissi güclü olan bir yazıçı idi.

Görkəmli ədibin romanlarında insan tarixi-inqilabi prosesin axarında təsvir olunur, onun qəhrəmanları yeni ideya-bədii idealın daşıyıcılarıdır. Fərdi talelər yazıçını daha çox düşündürür, lakin ədib yaxın tarixi keçmişin hadisələrini və cəmiyyətin müasir durumunu 1930-1950-ci illərin sosialinqilabi zaman müstəvisində götürürdü. Bu əsərlərdə sosial tərəqqi ilə şəxsiyyətin uyuşan və ziddiyyət kəsb edən tərəfləri cəsarətlə ümumiləşdirilir. Mir Cəlal öz romanları ilə ədəbiyyatımıza 1930-1960-cı illər gerçəkliyinin səciyyəvi cəhətlərini, tipik xarakterlərini, şəxsiyyət və mühit probleminin mənəvi-psixoloji tərəflərinin bədii təsvirini gətirdi. Eyni zamanda, yazıçının romanları 1930-1970-ci illərin tənqidi və ədəbi prosesini öyrənmək baxımından zəngin material verirdi.

Professor Mir Cəlal Paşayev ədəbi-nəzəri fikir tariximizdə xüsusi yeri olan nəzəriyyəçi, ədəbiyyat tarixçisipedaqoqdur. Onun nəzəri-estetik görüşləri aşağıdakı problemləri əhatə edir:

1) klassik irsin nəzəri problemləri: klassik irsin təhlil və qiymətləndirilməsi məsələləri; klassik ədəbi irsin poetikası, yaradıcılıq metoduonun Azərbaycan ədəbiyyatında tipologiyası problemi;

2) ədəbi irsin dövrləşdirilməsi və təsnifi; XX əsr ədəbiyyatı tarixi bir mərhələ kimi, bu mərhələni təyin edən ədəbi-estetik şərtlər;

3) Azərbaycanda ədəbiyyatşünaslığın bir fənn kimi sistemləşdirilməsi, onun kateqoriyaları haqqında qənaətlərin milli bədii dəyər və təcrübəyə əsaslanması.

Klassik ədəbi irsin tədqiqində Mir Cəlalın poetikaya xüsusi yer verməsi, daha doğrusu, tədqiqatlarının başlıca istiqamətini bu sahəyə yönəltməsi onun araşdırmalarının yaşarılığını ehtiva etməklə ədəbi-nəzəri fikrin sosioloji təhlil üsullarından uzaqlaşmasında böyük tarixi bir missiyanı yerinə yetirmişdir. Nəzərə alsaq ki, 1930-1950-ci illərdə ədəbiyyatşünaslıq və tənqiddə vulqar sosioloji təhlil üsulu baş alıb gedir, sənətin bədii dəyəri arxa xəttə keçir, bədii sözün dəyəri müasir siyasi meyarlar müstəvisində qiymətləndirilirdi, onda 1930-cu illərdə yazılmış "Füzulinin sənətkarlığı" əsərinin böyük tarixi mənası bir daha aşkarlanar.

Mir Cəlal Paşayevin bu monoqrafiyası ədəbiyyatşünaslığımızda ilk əsər idi ki, poetik kateqoriyaların təkamül prosesi sistemli, müqayisəli təhlil üsulu ilə öyrənilirdi. Füzulinin bəşəri bədii təfəkkürünün inkişafında müstəsna rolu milli, regional poetik dəyərlərin müstəvisində üzə çıxarılırdı. Xaqani, Nizami, Nəsimi, Xətai və Həbibinin sənətkarlıq ənənələri fonunda müqayisəli təhlillər şairin poetikasındakı heyrətamiz yeniliyi göstərməyə imkan verir.

Mir Cəlal müəllim ədəbiyyatşünaslıqda ən orijinal təhlil üsulu olan müəlliflərdən biridir. Fitri müşahidə qabiliyyəti, incə bədii-estetik zövqdən yaranan mətni seçmə məharəti, ədəbi inkişafın istiqamətlərini intuitiv duyma keyfiyyəti onun elmi təfəkkürünün spesifik cəhətləri idi.

Yazıçının 1930-cu illərdə qələmə aldığı digər əsərlərdə, o cümlədən "Bədii dil haqqında", "Nəsrimizin baniləri", "Klassik nəsrimiz haqqında", "Nizaminin müsbət surətləri haqqında" məqalələrində, "Füzulinin poetik xüsusiyyətləri" monoqrafiyasındakı təhlil üsulu ədəbi irsimizin bir çox şəxsiyyət və abidələrinə müncər edilir. Bu gün milli ədəbi fikrin estetik məzmununu, onun tarixi təkamülünü üzə çıxarmaqda tarixi poetika səpkisində araşdırmaların perspektivi sanballı tədqiqatlarda öz təsdiqini tapmaqdadır. Mir Cəlal müəllimin adıçəkilən əsərlərində ədəbi fikrin immanent-daxili inkişaf qanunauyğunluğunun tədqiqi ayrıca bir səciyyə daşıyır. O, bədii dili estetik tutumlu hadisə hesab edir, bədii nəsrin tarixini üslubların tarixi kimi izləyir və əsasən realist üslubun bədii imkanlarını üstün hesab edir. Epiqon ədəbiyyatın, nəzm vərdişinin Ə.Haqverdiyev və Mirzə Cəlil nəsrinin canlı təhkiyəsi ilə əvəz edilməsini Mir Cəlal ədəbiyyatın həyata yeni münasibətilə bağlı izah edirdi.

Görkəmli ədib klassik nəsrin tarixi inkişafını poetik sistemin təkamülünə paralel tədqiq edir. Xüsusən nəsrin poetikasının formalaşmasında folklor ənənələrinin, folklor qaynaqlarının rolunu konkret təhlillərlə üzə çıxarır. Füzuli nəsrinin poetikasından bəhs edərkən yazır: "Nəsr içində verilən bu şeirlər iki cəhətdən tədqiqə layiqdir: əvvəla, bizim bütün el dastanlarında söyləmə, nağıl üsulu ilə yanaşı tərənnüm, oxuma üsulu, yəni adi danışıq içində (yeri gəldikcə) şeirlərin verilməsi bir adətdir. Görünür ki, bu yalnız şifahi nəsrimiz üçün yox, qədim yazılı nəsrimiz üçünxarakterik cəhət olmuşdur".

"Klassik nəsrimiz haqqında" əsəri əslində bu nəsrin janrdaxili inkişaf səciyyəsini üzə çıxarır. Nəsrin Şərq bədii dünyagörüşü müstəvisindən Avropa poetik zəmininə keçidini İ.Qutqaşınlının "Rəşid bəy və Səadət xanım" hekayəsində izləyən müəllif yazır: "Bu hekayədə diqqəti cəlb edən cəhət, Avropa romantik stili ilə Şərq nağıl və əfsanələrinə məxsus olan bakirliyin, spesifikanın, nəzakət qaydaları təsvirinin qəribə birliyidir".

Mir Cəlal nəsrin təkamülündəki sıçrayış və geriləmələri poetik kateqoriyaların müasir estetik tutumu ilə bağlı izah edirdi. "Rəşid bəy və Səadət xanım" (İ.Qutqaşınlı), "Kitabi-Əsgəriyyə" (A.Bakıxanov) hekayələrini Füzuli meyarları əsasında təhlil edərkən yazırdı: "Rəşid bəy və Səadət xanım" hekayəsi yeni, Avropa təsiri ilə yüksək stildə yazılmışsa, "Kitabi-Əsgəriyyə" köhnə, hələ o zaman mövqeyini itirməkdə olan Şərq dini legendar nəsr stilində yazılmışdır. Buna görə də nə qəhrəmanların xarakteri, nə hadisənin cərəyan etdiyi məkan və zaman, nə də ailə və məişət həyatı əsərdə mükəmməl təsvirini tapa bilmişdir".

Mir Cəlal Paşayevin poetika hüdudlarında araşdırmaları, sözsüz ki, Füzuli irsi üzərində qurulmuşdur. 1950-ci illərdə Füzuliyə dair tədqiqatlarını davam etdirərək onları "Füzuli sənətkarlığı" adı altında nəşr etdirmişdir.

Bu əsər füzulişünaslıqda yeniuzun illərin təhlil prinsiplərini, tədqiqat istiqamətlərini müəyyən etdi. 1960-1980-ci illərdə sənətin bədii çalarlarını öyrənən tədqiqatlar əsasən bu əsərin təcrübəsindən qidalanırdı.

"Füzuli sənətkarlığı"nın nəzəri-metodoloji tutumunun yaşarılığı milli, regionalümumdünya ədəbiyyatı poetikasını yaratmaq ideyasının meydana çıxdığı vaxtda bir daha dövriyyəyə gəldi. Mir Cəlal müəllim farsca bilən, qədim Şərq ədəbi kanonlarına bələd olan, fərdi, regionalmilli üslubların təkamülünü bədii materialda müşahidə edən, eyni zamanda ədəbiyyatın daxili gözəlliyini dərindən duyan sənət bilicisi idi. O, qafiyə, epitet, təşbeh, lirika, üslub kimi poetik kateqoriyaların bədii fikir tarixində hərəkətini, gəzişmələrini böyük ustalıqla, tarixilik prinsipi ilə izah edirdi. Onun Füzuli poeziyasının konkret detallarının təhlilindən doğan fəlsəfi-estetik məzmunlu ümumiləşdirmələri sənət haqqında əbədiyaşar aforizmlərə çevrilmişdir: "Füzuli ədəbiyyat tariximizdə qəlb aləminə vaqif olanbu aləmin həyatını hərtərəfli, xüsusi bacarıqla, gözəl və şirin bir formada ifadə edən dahi şairdir", "Füzuli ədəbi məktəbi, özünün məna, məzmun zənginliyi, bədii yüksəkliyi ilə insan hiss və fikirlərinin bədii ensiklopediyasını təşkil edir".

Bu ümumiləşdirmələr professional bir ədəbiyyatşünas və estetikin elmi təfəkküründə cilalanmış, uzun illər mənən yaşanmış sənət haqqında qənaətlərinin yekunudur.

Mir Cəlal Paşayevin Füzuli, eləcə də digər klassiklərin poetikasına həsr etdiyi tədqiqatları ədəbiyyatşünaslığın sosioloji təhlil üsuluna alternativ idi, sənətin estetik gözəlliyinin mahiyyətinə əsaslanırdı. Füzulinin estetik görüşləri, onun poeziya barədə sənət kredosu Mir Cəlal müəllim tərəfindən böyük ustalıqla ümumiləşdirilmişdir: 1) "Sənətdə yaradıcının bədii niyyəti, uydurması, icadı"nı mühüm məsələ hesab edir; 2) Tarixi süjet və əhvalat sənətkarın əlində hünər göstərmək üçün bir vasitə, "bəhanə olmalıdır"; 3) "Şairin sənətə verdiyi tələbin formaya, söz, ifadə, stil şərtlərindən çox məzmuna, əsərin aşılamaq istədiyi güclü hiss və fikirlərə aid olduğu da müəyyəndir".

Mir Cəlalın Füzuli və Səməd Vurğun poeziyasına həsr etdiyi tədqiqatlarda böyük sənət yanğısı fəlsəfi-estetik tutumla həmahəngdir. Bu səhifələri oxuyarkən Belinskinin Puşkin haqqında məşhur məqalələri göz önünə gəlir. Predmetə dərindən bələdlik, şairin poetik dünyasına məhrəmlik, təhlil obyektinin tarixi-mədəni kontekstini duymaq, sənətlə gerçəklik arasındakı əlaqənin mahiyyətini hiss etmək istedadı Mir Cəlalın nəzəri tədqiqatlarına poetik ovqat aşılayan cəhətlərdir. O, Füzuli şeirinin sehrini fikir daşıyıcısına çevrilən poetik kateqoriyaların təhlili ilə üzə çıxarırdı.

Nizami poeziyasının milli müəyyənliyini tədqiq etməyə cəhd göstərən bəzi tədqiqatçıların sənətin bədii təkamül mahiyyətinə varmadan formal amillərə əsasən rəy demələri yaşarı olmur. Bu baxımdan Mir Cəlal müəllimin "NizamiFüzuli" əsərində bu gün öyrənməli və əsaslanmalı cəhətlər çoxdur. Ədəbi inkişafın mahiyyətini, poeziyanın məzmun və estetik tutumunun təkamülünü mətnin ən dərin qatlarında gizlənmiş bədii sirləri zəminində öyrənən, ədəbiyyatşünaslıq, nəzəri təhlil səpkisində yazılmış nadir əsərlərdən biri "NizamiFüzuli"dir. Görkəmli ədibin mətnlə işləmək məharəti, klassik poeziyanın ən incə mətləblərini duymaq istedadı bu əsərdə heyrətamiz şəkildə üzə çıxır. Nizami sənətinin milli tutumunu, Azərbaycan poeziyasında, tarixi ədəbi prosesində onun iştirakını belə əyani göstərən tədqiqatlar barmaqla sayılır. Nizami ənənələri Füzuli poeziyasında forma - məsnəvi, bəhr, bədii məntiq, bədii paralelizm, didaktika, bədii dil müstəvisində təhlil edilir.

Mir Cəlal Paşayevin "Azərbaycanda ədəbi məktəblər (1905-1917)" doktorluq dissertasiyasında XX əsr realizmiromantizmi ilk dəfə ayrıca tarixi-estetik kateqoriya, ədəbi məktəb şəklində dəyərləndirilir. Ədəbiyyatşünaslığımızda romantizm haqqında əvvəlki mülahizələrdən fərqli olaraq, bu əsərdə realizmlə yanaşı romantizm müstəqil yaradıcılıq üsulu kimi götürülür, milli ədəbiyyatşünaslıqda yaradıcılıq metodlarının bütöv, sistemli nəzəri şərhi üçün metodoloji əsas hazırlayır.

Mir Cəlal müəllimin ədəbi-nəzəri fikir tariximizdə digər böyük xidməti onun ədəbiyyat tarixçiliyi, klassik irsi dövrləşdirmədə orijinal prinsipləridir. Qədim və orta əsrlər ədəbiyyatının bir kurs və fənn kimi sistemləşdirilməsi Həmid Araslıya, yeni dövr - XIX əsr ədəbiyyatı Feyzulla Qasımzadəyə məxsusdursa, XX əsrin əvvəlləri tarixi mərhələsinin yaradılması Mir Cəlal Paşayevin adı ilə bağlıdır.

Azərbaycan ədəbi-nəzəri fikrində ədəbiyyatşünaslığın əsasları və ədəbiyyat nəzəriyyəsi fənləri üzrə ən mötəbər dərslik kimi görkəmli alimin adı ilə bağlı tədqiqatlar və "Ədəbiyyatşünaslığın əsasları" öz missiyasını bu gün də yerinə yetirir. Çünki Mir Cəlal müəllimin ədəbiyyat nəzəriyyəsi ilə bağlı qənaətləri qədimdən mövcud olan nəzəri təlimlərin icmalı deyil və yazıldığı dövrün siyasi kontekstindən də mümkün olan qədər uzaqdır. Digər tərəfdən, Mir Cəlalın mövcud nəzəri kateqoriyaların şərhində istinad etdiyi əsas elmi qənaətlər Şərq, o cümlədən Azərbaycan ədəbiyyatının zəngin tarixi təcrübəsinə əsaslanır.

Mir Cəlal Paşayev Azərbaycanda ədəbiyyat adamlarının bir neçə nəslinin müəllimi olmuşdur. Filologiya fakültəsində təhsil almış hər bir tələbə öz ailəsinə, işlədiyi kollektivə, dərs dediyi sinif otağına Mir Cəlal müəllimin sadəlik, paklıq işığından pay aparmışlar. Zaman keçdikcə bu işığın şölələri daha  gur görünür.

 

Şirindil ALIŞANLI,

filologiya elmləri doktoru, professor

Azərbaycan.-2014.- 26 aprel.- S.6.