Ermənistan prezidenti Türkiyəni ittiham

 edərkən elə sərt təpki ilə üzləşdi ki..

 

“Ermənistan prezidenti Türkiyəni ittiham edərkən elə sərt təpki ilə üzləşdi ki..”. Belə bir sərlövhə ilə

Türkiyənin “Haber53” portalı Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 24-də Praqada “Şərq tərəfdaşlığı” Proqramının 5-ci ildönümünə həsr olunmuş sammitdə çıxışı zamanı Ermənistan prezidenti Serj Sarkisyana tutarlı cavabını gündəmə gətirmişdir.

Yazıda Serj Sarkisyan Türkiyənin ünvanına ittihamlar səsləndirərkən Azərbaycan Prezidenti İlham Əliyevin kəskin cavabı ilə üzləşdiyi diqqətə çatdırılır. Bildirilir ki, Sarkisyanın əsassız iddialarına Prezident İlham Əliyev bu sözlərlə cavab vermişdir: “Bu gün təəssüf ki, Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm.

Türkiyə ilə Ermənistan sərhədi Azərbaycanın Kəlbəcər rayonunun 1993-cü ilin aprelində işğalından sonra bağlanıb. Bundan əvvəl isə bütün azərbaycanlılar Dağlıq Qarabağdan qovulub. Dağlıq Qarabağ əhalisinin 30 faizi azərbaycanlılar idi. Kəlbəcərdən əvvəl 1992-ci ildə ermənilər Şuşanı və Laçını işğal etdilər. Daha sonra Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl - Dağlıq Qarabağın inzibati sərhədlərindən kənarda olan, ümumilikdə, 7 Azərbaycan rayonunu işğal etdilər ki, bu da Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisinin 20 faizini təşkil edir”.

Hürriyet” qəzetinin saytında, “Ensonhaber”, “Haber7”, “Medya365”, “Haberjet”, “Sondakikahaberleri”, “Haberpolitik”, “Turktime”və digər portallarda da Azərbaycan Prezidentinin Praqa Sammitindəki çıxışından bəhs edən şərhlər yerləşdirilmişdir. Şərhlərdə Prezident İlham Əliyevin nümayiş etdirdiyi qətiyyətli mövqe Türkiyəyə qardaş münasibətin bariz nümunəsi kimi yüksək qiymətləndirilir.

Yazılarda Prezident İlham Əliyevin Türkiyə-Ermənistan münasibətləri ilə bağlı fikirləri də geniş yer almışdır.

 

Azərbaycan.-2014.- 27 aprel.- S.3.