Azərbaycan nüvə təhlükəsizliyi ilə bağlı beynəlxalq

 əməkdaşlığı və təşəbbüsləri dəstəkləyir

 

 

Qloballaşan dünya mütərəqqi proseslərlə yanaşı, dövlətlərin təhlükəsizliyi baxımından müəyyən potensial təhdidləri də ön plana çıxarır. Buna görə də müasir dövr təhlükəsizlik sahəsində tədbirlərin davamlı və daha çevik olmasını tələb edir. Şərqlə Qərbi birləşdirən geostrateji tranzit xətlərinin, qlobal enerji layihələrinin başlıca təminatçısına çevrilən, milli-etnikdini dözümlülüyün yüksək səviyyəsinə görə fərqlənən, müxtəlif mədəniyyətləri bir araya gətirən Azərbaycan üçün hər bir sahədə təhlükəsizliyin hərtərəfli təminatı prioritet məsələlərdən biridir.

Ötən 10 ildə Azərbaycanın dinamik inkişafı, Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin işə düşməsi, Xəzər dənizinin Azərbaycan sektorunda yeni qaz yataqlarının kəşf olunması, TANAP və  TAP layihələrinə başlanılması, "Şahdəniz" yatağının işlənilməsinin ikinci mərhələsi üzrə yekun investisiya qərarının imzalanması, Azərbaycanın kosmik klubun üzvünə çevrilməsi beynəlxalq təhlükəsizlik məsələlərini respublikamız üçün əsas vəzifələrdən birinə çevirir.

Azərbaycan üçün təhlükəsizlik məsələlərinin xüsusilə önəm kəsb etməsi həm də Ermənistanın respublikamıza qarşı hərbi təcavüzünün bu gündavam etdirməsi ilə şərtlənir. Bu münaqişənin Ermənistanın qeyri-konstruktiv və işğalçı mövqeyi üzündən həllini tapmaması bütövlükdə Cənubi Qafqaz regionunun təhlükəsizliyinə maneədir. Çünki işğal olunmuş torpaqların terrorçuların hazırlanması, narkotik maddələrin becərilməsi və daşınması, silah qaçaqmalçılığı məqsədilə istifadə edilməsi nəinki ölkəmizin, bütövlükdə bölgənin təhlükəsizliyinə birbaşa təhdiddir.

Reallıq isə ondan ibarətdir ki, bu gün Azərbaycanda həyata keçirilən effektiv milli təhlükəsizlik siyasətinin qarşısında təhdidin istənilən forması acizdir. Bu siyasətin əsasını uzaqgörənliklə qoyan ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra müstəqil Azərbaycanın xilas edilməsi istiqamətində göstərdiyi fədakarlıqlar nəticə etibarilə dövlətçiliyimizin və xalqımızın milli təhlükəsizliyini təmin etmişdir.

Ulu öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin fəaliyyətində milli maraqlar fonunda formalaşan milli təhlükəsizliyin qloballaşan dövrün tələblərinə cavab verməklə etibarlı şəkildə təmin olunması əsas yerlərdən birini tutur. Prezident İlham Əliyev sürətlə inkişaf edən və müxtəlif sahələrdə möhtəşəm uğurlara imza atan müstəqil respublikamızın milli təhlükəsizliyinin qorunmasını vacib məsələ kimi daim önə çəkir. Bunu dövlət başçısının praktik fəaliyyətində, həyata keçirdiyi işlərdə aydın görmək olar.

Son illərin daha bir reallığı ondan ibarətdir ki, təhlükəsizliyə olan təhdidlər adətən bir ölkənin sərhədləri daxilində formalaşmır. Məsələn, mütəşəkkil cinayətkar fəaliyyət, xüsusilə onun təzahür formalarından olanmilli sərhədləri adlayan terrorizm bütün ölkələrin maraqlarına toxunan qlobal təhlükəyə çevrilərək dünya ictimaiyyətini ciddi narahat edir. Bu mənada hazırda bütün dünya ölkələrinin etiraf etdiyi həqiqət bundan ibarətdir ki, təhlükəsizliyin etibarlı təminatı məsələsi daxili imkanlarla yanaşı, beynəlxalq birliyin qarşılıqlı faydalı əməkdaşlığı sayəsində effektiv nəticə verir.

Azərbaycan Respublikası özünün suverenliyini və ərazi bütövlüyünü qorumaq, ölkəmizə qarşı yönəlmiş təhlükələrin qarşısını almaq üçün beynəlxalq təhlükəsizlik institutları və sistemləri ilə uğurla əməkdaşlıq edir. Eyni zamanda, ölkəmiz dünyadaregionda təhlükəsizliyə və sabitliyə qarşı yönəlmiş ümumi təhdidlərin, terrorçuluğundini ekstremizmin yayılmasının, transmilli mütəşəkkil cinayətkarlığın qarşısının alınması istiqamətində qurulan əməkdaşlıq formatlarında iştirak edərək özünün layiqli töhfələrini verir. Antiterror koalisiyasının üzvü olan Azərbaycanın hərbi bölmələri bu müddətdə NATO qüvvələri tərkibində keçirilən sülhyaratma missiyasında yaxından iştirak edir. Bu o deməkdir ki, Azərbaycan regional müstəvi ilə yanaşı, qlobal miqyasda da təhlükəsizliyə töhfə verən ölkədir.

Dünyanı narahat edən məsələlərdən biri də nüvə təhlükəsizliyidir. Qlobal təhlükəsizliyin digər aspektləri ilə yanaşı, nüvə təhlükəsizliyinə də mühüm əhəmiyyət verən Azərbaycan milli və beynəlxalq səviyyədə bu istiqamətdə vacib addımlar atır. Beynəlxalq Nüvə Terrorçuluğu Aktlarının Aradan Qaldırılması Konvensiyası və Nüvə Materiallarının Fiziki Qorunması kimi mühüm beynəlxalq sazişlərə qoşulan respublikamız üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirir. BMT-nin Təhlükəsizlik Şurasında sədrliyi zamanı respublikamız beynəlxalq terrorçuluq, o cümlədən nüvə terrorçuluğu məsələlərinə aid müzakirələr təşkil etmişdi. Prezident İlham Əliyevin martın 24-25-də Niderland Krallığının Haaqa şəhərində keçirilən III Nüvə Təhlükəsizliyi Sammitində iştirakı bir daha təsdiq edir ki, Azərbaycan nüvə təhlükəsizliyinin təmin olunmasında və bu sahədə beynəlxalq əməkdaşlıqda maraqlıdır.

Nüvə Təhlükəsizliyi Sammiti XXI əsrdə beynəlxalq birlik üçün ciddi təhlükə yaradan nüvə terrorçuluğunun qarşısını almağa həsr olunan yüksək səviyyəli zirvə görüşüdür. Əllidən çox ölkənin dövlət və hökumət başçılarının, müxtəlif beynəlxalq təşkilatların rəhbərlərinin iştirak etdikləri sammitdə nüvə təhlükəsizliyinin əsas məsələləri, o cümlədən dünyada təhlükəli nüvə materiallarının sayının azaldılması, radioaktiv mənbələrin təhlükəsizliyinin, bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi  və digər məsələlər müzakirə olunur. Bu Zirvə görüşünün mötəbər qonaqları Azərbaycanın sammitdə fəal iştirakını yüksək qiymətləndirirlər. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dünyada nüvə təhlükəsizliyinə töhfə verməsi beynəlxalq birlik tərəfindən təqdir olunur.

Azərbaycan nüvə təhlükəsizliyini təmin edən norma və standartların formalaşdırılması işində Beynəlxalq Atom Enerjisi Agentliyinin oynadığı rolu vacib hesab edir. Ölkəmiz nüvə təhlükəsizliyinin müxtəlif aspektləri ilə bağlı agentliklə uğurlu əməkdaşlıq qurub. Sammitdəki çıxışı zamanı nüvə təhlükəsizliyi tədbirlərinin gücləndirilməsində Beynəlxalq Atom Enerjisi Agentliyinin mühüm rolundan danışan  Prezident İlham Əliyev ölkəmizin nüvə təhlükəsizliyinin bir çox aspektləri üzrə bu agentliklə fəal əməkdaşlıq etdiyini və Azərbaycanın iştirakçı dövlət olduğu Nüvə Terrorçuluğuna qarşı Mübarizə üzrə Qlobal Təşəbbüsün nüvə təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində Birləşmiş Millətlər Təşkilatının göstərdiyi səyləri dəstəklədiyini, bu yaxınlarda Azərbaycanın nüvə, kimyəvibioloji silahların və onların çatdırılma vasitələrinin yayılmaması sahəsində gördüyü növbəti tədbirlər haqqında yeni hesabatını Birləşmiş Millətlər Təşkilatına təqdim etdiyini diqqətə çatdırıb.

Nüvə və radioaktiv təhlükəsizliyin təmin edilməsi üçün əlavə tədbirlər görülməsinin vacibliyinə toxunan Prezident İlham Əliyev Azərbaycanın nüvə materiallarının qeyri-qanuni dövriyyəsində tranzit marşrutu kimi ölkənin ərazisindən istifadənin qarşısını almaq üçün böyük səylər göstərdiyini, bu məqsədlə beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq edərək beynəlxalq standartlara uyğun güclü qanunvericiliyə əsaslanan əhatəli milli ixraca nəzarət sistemini formalaşdırdığını vurğulayıb.

Bir məsələni də qeyd etməliyik ki, Ermənistan tərəfindən torpaqlarımızın 20 faizinin işğalı səbəbindən zəbt olunmuş ərazilərimizə nəzarət olunmur. Prezident İlham Əliyev bildirib ki, bu cür vəziyyət transmilli mütəşəkkil cinayətkarlığa, nüvə və radioaktiv materialların qeyri-qanuni daşınmasına, həmçinin radioaktiv tullantı materiallarını basdırmaqla Azərbaycanın işğal olunmuş ərazilərinin Ermənistan tərəfindən zəhərləndirilməsinə şərait yaradır. Ermənistanın 1976-cı ildə fəaliyyətə başlamış və hazırda köhnəlmiş Metsamor Atom Elektrik Stansiyası ilə də bağlı narahatlığını diqqətə çatdıran Prezident İlham Əliyev deyib ki, bu stansiya bütün region və yaxın qonşular üçün böyük təhdiddir və oradakı hər hansı qəzanın nəticələri faciəli olacaq.

Azərbaycan regiondabütün dünyada nüvə təhlükəsizliyinin gücləndirilməsinə aid məsələlər üzrə beynəlxalq təşkilatlar və tərəfdaşlarımızla apardığımız əməkdaşlığın davam etdirilməsi, nüvə və radioaktiv materialların qeyri-qanuni dövriyyəsindən irəli gələn hədələrin azaldılması işinə sadiqdir. Bunu bəyan edən Prezident İlham Əliyev çıxışında BMT başda olmaqla beynəlxalq ictimaiyyətin davamlı səyləri ilə bütün çağırışların həll ediləcəyinə və daha təhlükəsiz dünya qurulacağına əminliyini bildirib.

Nüvə təhlükəsizliyinin təmin olunmasına öz töhfələrini verən Azərbaycan bu sahədə beynəlxalq əməkdaşlığı və təşəbbüsləri dəstəkləyir. Prezident İlham Əliyevin Haaqa şəhərində keçirilən III Nüvə Təhlükəsizliyi Sammitində iştirakı isə göstərir ki, beynəlxalq ictimaiyyət bu məsələdə ölkəmizin rolunu qəbul edirmövqeyini bölüşür.

 

Azərbaycan.-2014.- 1 aprel.- S.1.