ABŞ-ın Havay ştatının parlamenti Azərbaycanın ərazi

 bütövlüyünü dəstəkləyən qətnamə qəbul etmişdir

 

 

ABŞ-ın Havay ştatının Nümayəndələr Palatası martın 28-də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və Dağlıq Qarabağın beynəlxalq birlik tərəfindən Azərbaycan ərazisi kimi tanındığını bildirən qətnamə qəbul etmişdir. Qətnamə Nümayəndələr Palatasının plenar iclasında iştirak edən Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevə təqdim edilmişdir. Nümayəndələr Palatasının həm demokratlar, həm də respublikaçılar fraksiyaları tərəfindən dəstəklənən qətnamənin təqdimatı zamanı demokratik çoxluğun rəhbəri Rida Kabanilla, respublikaçı azlığın rəhbəri Cin Vord, turizm komitəsinin sədri Tom Brauer və təhsil komitəsinin üzvü Riçard Fali çıxış edərək Azərbaycan-ABŞ tərəfdaşlığının yüksək strateji önəm daşıdığını bildirmiş, Azərbaycanın beynəlxalq terrorçuluğa qarşı mübarizədə böyük səylər göstərdiyini qeyd etmişlər.

Qətnamədə Azərbaycanın son 23 il ərzində öz suverenliyini və müstəqilliyini daha da möhkəmləndirdiyi və ən sürətlə inkişaf edən dövlətlərdən birinə çevrildiyi vurğulanır. Bildirilir ki, Azərbaycan Xəzər hövzəsi kimi çox önəmli bir bölgədə ABŞ-ın güclü müttəfiqidir. Qeyd olunur ki, ABŞ və BMT Dağlıq Qarabağ bölgəsi də daxil olmaqla Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış sərhədləri çərçivəsində Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıyır və dəstəkləyir.

Bundan əlavə, 11 sentyabr terror hücumlarından sonra Azərbaycanın ABŞ-a hərtərəfli dəstək verdiyi, Əfqanıstana sülhməramlı qüvvələr göndərdiyi və hazırda Əfqanıstanda yerləşən ABŞ qüvvələri üçün nəzərdə tutulmuş təchizatın 40 faizinin bu ölkənin ərazisindən daşındığı qeyd olunur. Sənəddə Azərbaycanın ABŞ-ın və Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə yüksək qiymətləndirilir.

Qətnamədə Azərbaycanda müxtəlif dinietnik icmaların əsrlərdən bəri dinc şəraitdə yaşadığı vurğulanır. Habelə Azərbaycanın Havay ştatı ilə münasibətləri inkişaf etdirmək əzmində olduğu bildirilirHavay ştatının paytaxtı Honolulu şəhərinin Bakı şəhəri ilə uzun illərdən bəri qardaşlaşmış şəhərlər münasibətləri saxladığı qeyd olunur.

Sonda ABŞ-ın Azərbaycan kimi müttəfiq dövlətlər ilə münasibətləri daha da inkişaf etdirməli olduğu vurğulanır, Havay ştatının Nümayəndələr Palatasının Azərbaycan-ABŞ strateji tərəfdaşlığını və dostluğunu tam dəstəklədiyi bəyan edilirbu münasibətlərin növbəti illərdə daha da güclənəcəyinə ümid ifadə edilir.

Qətnamənin təqdimatı mərasiminin videoyazısı ilə bu linkdə tanış olmaq olar: https://www.youtube.com/watch?v=grGZKJ7fns8

 

Yusif Babanlı

AzərTAc-ın xüsusi müxbiri

Vaşinqton

Azərbaycan.-2014.- 1 aprel.- S.2.