Tarixi unutqanlığın ibrət dərsi

 

 

"Azərbaycanlılara qarşı zaman-zaman törədilən ağır cinayətləri unutmamaq, böyüyən nəsli bədxah qüvvələrin məkrli niyyətlərinə qarşı ayıq-sayıqlıq ruhunda tərbiyə etmək mühüm vəzifədir"

 

Heydər ƏLİYEV

 

Unutqanlıq böyük dərddir, əslində, faciədir. İnsanlar bəzən bugünü ilə yaşayır, yaxın keçmişin acı xatirələrini, faciələrini yaddaşlardan silməklə sanki özlərinə təsəlli verməyə çalışırlar. Bütövlükdə hansısa bir xalqın, millətin, cəmiyyətin unutqanlıq mərəzinə tutulmasının fəsadları isə daha ağır olur. Bu bəzən tarixin təkərinin geriyə fırlanmasına, müəyyən faciələrin, vəhşətlərin təkrarlanmasına şərait yaradır. Nəticə isə heç vaxt yaxşı olmur.

Belə bir deyim var - keçmişini unudanları gələcək topa tutar! Tarix unutqanlığı, biganəliyi bağışlamır. Mahiyyətindən, başvermə səbəblərindən asılı olmayaraq, zamanın hər bir səhifəsi xatırlanır, bəzən də yaddaşlara həkk olunur. Elə hadisələr də var ki, onların daim xatırlanması, unudulmaması bütövlükdə xalq və dövlət üçün taleyüklü məsələyə çevrilir. Keçmişin qanlı-qadalı, faciəli olayları  bütöv bir toplumun, xalqın səhvlərdən düzgün nəticə çıxarması, nəhayət, özünü tanıyaraq mübarizə ovqatında köklənməsi baxımından zəruri olur.

Nə yazıqlar ki, Azərbaycan xalqı da bəzən tarixi unutqanlığın dəhşətli nəticələrini taleyində yaşamalı olub. Zaman-zaman məkrli qonşularımız  ermənilərin türklərə və azərbaycanlılara qarşı ərazi ilhaqı, terror və soyqırımı siyasətini unutmağımız bizlərə baha başa gəlib. Bundan istifadə edən bədnam qonşularımız "böyük Ermənistan" yaratmaq xülyası ilə təcavüzkarlıq siyasətini "milli mübarizə" yoluna çevirərək dövlət səviyyəsində dəstəkləyiblər. Bu zaman onlar müəyyən xarici qüvvələrin maraqlarının ifadəsinə çevrilib, bəzi dövlətlər Cənubi Qafqaz və Qərbi Asiyada möhkəmlənmək üçün daim "erməni məsələsi"ndən öz mənafelərinə uyğun şəkildə istifadə etməyə çalışıblar.

Erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı və təcavüz siyasətinin iki yüz ildən artıq tarixi var. Bu mənfur siyasətin məqsədi azərbaycanlıları qədim torpaqlarından sıxışdırıb çıxarmaq, həmin ərazilərdə erməni tarixçilərinin və ideoloqlarının uydurduğu "böyük Ermənistan" dövləti qurmaqdır. Bu məqsədlə mərhələlərlə həyata keçirilən terror və soyqırımı siyasətinin qanlı fəsadları təkcə böyük türk dünyasının deyil,  bəşəriyyətin başı üstünü qara kabus kimi bürüməklə, əsrlər boyu bu vandalizmin qurbanı olmuş Azərbaycan xalqının qan yaddaşında dərin izlər buraxmışdır.

 

Soyqırımına dolğun hüquqi-siyasi qiymət

 

Hər il mart ayının 31-i ölkəmizdə dövlət səviyyəsində azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu təqvim son yüz ildə Azərbaycan tarixində baş vermiş faciəli hadisələrin xalqın yaddaşındakı qanlı izlərini özündə əks etdirir. Azərbaycanlıların kütləvi şəkildə qırılmasını, deportasiyalara, repressiyalara məruz qalmasını XX yüzilliyin ən qanlı səhifələrindən biri hesab etmək olar. 1918-ci il martın 31-də Bakı Kommunası və erməni şovinistləri Azərbaycanda kütləvi qırğınlar, qətliamlar törətməklə bəşər tarixində misli görünməmiş soyqırımına imza atmışlar. Bu qanlı olaylar əsl hüquqi-siyasi qiymətini isə ölkəmiz dövlət müstəqilliyinə qovuşduqdan sonra almışdır. Mart hadisələrinin 80-ci ildönümündə - 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" fərman erməni millətçilərinin hərəkətlərinə verilən ilk dolğun və hərtərəfli hüquqi-siyasi qiymət olmuşdur. Bu fərman Azərbaycanın indiki və gələcək nəsillərinin milli yaddaşının qorunması baxımından da bir növ proqram sənədidir. Fərmanda deyilir: "Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif olunmuş hadisələr özünün əsl qiymətini alır. Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biridir".

 

Ermənilər Qarabağa XIX əsrdə köçürülüb

 

Fərmanda  ermənilərin Azərbaycana qarşı təcavüzünün tarixi köklərinə də toxunulmuş, mərhələlərlə törədilmiş soyqırımı və terror siyasəti dolğun əksini tapmışdır. Sənəddə qeyd olunduğu kimi, tarix boyu azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı lap əvvəldən rus-erməni praktik işbirliyinin nəticəsi olmuşdur. İmperiya bu yolla Cənubi Qafqazda möhkəmlənməyi, ermənilər isə Rusiyanın havadarlığına arxalanaraq tarixi Azərbaycan torpaqlarını ələ keçirməyi, bu ərazilərdə erməni dövləti qurmağı məqsəd güdmüşlər.

Prezident İlham Əliyevin vurğuladığı kimi, "Dağlıq Qarabağ tarixi nöqteyi-nəzərdən Azərbaycanın ərazisidir. Ermənilər Dağlıq Qarabağa XIX əsrin birinci yarısında gəlmişlər. Bu, məlum faktdır. Hüquqi baxımdan bu region Azərbaycanın ərazisidir. Ona görə də biz bu məsələni yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında həll etmək istəyirik. Biz Dağlıq Qarabağ ermənilərinə Azərbaycanın tərkibində ən yüksək muxtariyyət statusunun verilməsini təklif etmişik. Bu, bizim tərəfimizdən ediləcək maksimum güzəştdir. Çünki onun statusu həmişə muxtar vilayət olubdur".

Tarixi faktlar sübut edir ki, hələ 1721-ci ildə Qafqaza yürüşə çıxan və iki il sonra Azərbaycanın Xəzəryanı ərazilərini, o cümlədən Bakını işğal edən I Pyotr yerli əhalinin sərt müqavimətini gördukdə, "erməni kartını" işə salmış, azərbaycanlıların tarixi torpaqlarında, xüsusilə Bakı və Dərbənddə ermənilərin məskunlaşdırılmasına göstəriş vermişdir. I Pyotrun xələflərinə ünvanladığı tarixi vəsiyyət isə təkcə Rusiya imperiyasının deyil, nəticə etibarilə bolşevik Rusiyasının da Cənubi Qafqaz siyasətinin əsasını təşkil etmişdir. Həmin vəsiyyətə ilk əməl edən II Yekaterina 1768-ci ildə imperiyanın ermənilərə məxsusi hamiliyi barədə fərman vermişdir. 1802-ci ildə isə çar I Aleksandr Qafqaz canişini A.Sisianova konkret təlimat göndərmişdir: "Ermənilər nəyin bahasına olursa-olsun Azərbaycan xanlıqlarının ələ keçirilməsində istifadə olunmalıdır".

Bu, Azərbaycan torpaqlarının işğalının başlanğıcı olmuşdur. 1813-cü ilin "Gülüstan" və 1828-ci ilin "Türkmənçay" müqavilələri isə Azərbaycanın ikiyə bölünməsi, Şimali Azərbaycan torpaqlarının erməniləşdirilməsi prosesini sürətləndirmişdir. "Türkmənçay" müqaviləsindən dərhal sonra - 1828-ci il martın 21-də imperator I Nikolayın fərmanı ilə İrəvan və Naxçıvan xanlıqlarının ərazisində "Erməni vilayəti" təşkil edilmişdir. Bu bədnam fərmanla tarixi Azərbaycan torpaqlarında yaradılacaq gələcək Ermənistanın faktiki təməli qoyulmuşdur. Həmin vaxtın rəsmi statistikasına görə, "Erməni vilayəti"nin mərkəzi olan İrəvan şəhərində 7331 azərbaycanlı, 2369 erməni yaşayırdı. Buna paralel olaraq "Türkmənçay" müqaviləsinin 15-ci bəndinə əsasən, İrandan 40 min erməni İrəvan, Qarabağ və Naxçıvana köçürülmüşdür. Analoji proses XIX əsrdəki Rusiya-Türkiyə müharibələrinin yekununda (1829, 1878) da özünü göstərmiş, Türkiyə ərazisindən təxminən 85 min erməni köçürülərək sözügedən bölgələrdə məskunlaşdırılmışdır. Bu proses eyni zamanda minlərlə azərbaycanlının doğma torpağından qovulması, qətlə yetirilməsi ilə müşayiət olunmuşdur.

XIX əsrin 2-ci yarısından ermənilərin azərbaycanlılara qarşı soyqırımı təşkilatlanmış və planlı siyasət kimi aparılmış, Azərbaycan, Türkiyə və Gürcüstan ərazisində "böyük Ermənistan" dövləti qurmaq xülyasına düşmüş ermənilər "Qnçaq" (1887-ci ildə Cenevrədə qurulub), "Daşnaksütyun" (1890, Tiflis), "Erməni vətənpərvərləri ittifaqı" (1895, Nyu York) kimi siyasi-terror təşkilatlarını bu istiqamətdə yönəltmişdilər. Sözügedən təşkilatların fəaliyyət proqramlarında azərbaycanlılara qarşı ardıcıl terror və qırğın aksiyaları həyata keçirmək niyyəti əsas yer tuturdu.

 

Mart soyqırımı - insanlığa qarşı qəddar cinayət

 

1905-1907-ci illərdəki Rusiya inqilabı zamanı qarışıqlıqdan istifadə edən ermənilər Bakı, Şuşa, Zəngəzur qəzalarında, Qarabağda kütləvi qırğınlar törədərək 75 azərbaycanlı kəndini talan etdilər. Həmin inqilabdan sonra azərbaycanlıların deportasiyası və soyqırımı prosesi örtülü şəkildə aparılır. Bunu Rusiya imperiyasının o vaxtkı statistik məlumatları da təsdiqləyirdi. 1916-cı ildə nəşr olunan məlumatlara əsasən, İrəvan quberniyasının əhalisi 1830-1914-cü illər ərzində 40 dəfə artaraq, 570 min nəfər təşkil edirdi. Lakin bunun müqabilində bölgənin azərbaycanlı əhalisinin sayı 4,6 dəfə artmışdı. Hətta bu qədər sıxışdırılma və deportasiya müqabilində yenə 1916-cı ildə İrəvan əhalisinin təxminən 45 faizi, yəni 247 min nəfəri azərbaycanlılar idi. 1914-cü ildə başlanan I Dünya müharibəsi və onun gedişində Rusiyada baş verən inqilablar (1917-ci il) ermənilərin "böyük Ermənistan" iddiası üçün əlverişli şərait yaratdı.

1915-ci ilin əvvəlində Türkiyənin şimal-şərq bölgələrinin erməni əhalisi Osmanlı dövlətinə qarşı müharibəyə və kütləvi qırğınlara başladı. Bunun cavabında Osmanlı dövləti erməni əhalisinin o ərazilərdən kütləvi şəkildə köçürülməsi barədə əmr verdi. Türkiyə ərazisindən erməni hərbi dəstələri ilə birlikdə İrəvan quberniyasına, Qarabağa və Zəngəzura  kütləvi şəkildə ermənilər köçüb gəlmişdi. Rusiya imperiyasının ordusuna arxalanan erməni millətçiləri  əvvəlcə Naxçıvanda və İrəvanda, ardınca Qarabağda və yurdumuzun digər bölgələrində azərbaycanlılara divan tutmağa başladılar.

1917-ci ilin dekabrında Osmanlı dövləti ilə bolşeviklərin Zaqafqaziya Komissarlığı arasında bağlanmış Ərzincan barışığına uyğun olaraq Qafqaz cəbhəsindən çıxarılan rus ordusunu əvəz edən erməni hərbi birləşmələri faktiki başıpozuqluq şəriatindən istifadə edərək yerli müsəlman əhalisinə qarşı amansız hərəkətlər etməyə başladılar. Nəticədə hələ 1918-ci ilin martına qədər İrəvan quberniyasında 199 azərbaycanlı kəndi dağıdılmışdı. Bu ərazidə yaşayan 135 min azərbaycanlının böyük əksəriyyəti ermənilər tərəfindən qətlə yetirilmiş, qalanları isə Osmanlı ordusunun nəzarət etdiyi yerlərə qaçmağa məcbur olmuşdular.

Qırğınlara 1917-ci il dekabrın 16-da RSFSR Xalq Komissarları Soveti tərəfindən Qafqaz işləri üzrə fövqəladə komissar təyin edilmiş Stepan Şaumyan başçılıq edirdi. Tarixi mənbələr göstərir ki, Şaumyana Cənubi Qafqazda sovetləşdirmə siyasətini həyata keçirmək və Türkiyədə rus ordusunun işğalı altında olan yerlərdə "Türkiyə Ermənistanı" yaratmaq səlahiyyəti verilmişdi. I Dünya müharibəsinin gedişində baş verən dəyişikliklər də ermənilərin azğın planlarına uyğun idi.

Erməni-daşnak ideoloqu Stepan Şaumyan Bakıda və ətraf qəzalarda törətdikləri qırğınla əlaqədar 1918-ci il aprelin 13-də Rusiya Xalq Komissarları Sovetinə məktubunda yazırdı: "Bizim süvari dəstəyə edilən silahlı hücumdan bəhanə kimi istifadə etdik və bütün cəbhə boyu hücuma keçdik. Biz artıq 6 min nəfərlik silahlı qüvvəyə malik idik. Daşnakların da 3-4 min nəfərlik silahlı milli hissələri var idi ki, o da bizim sərəncamımızda idi. Məhz onların iştirakı vətəndaş müharibəsinə milli qırğın xarakteri verdi. Lakin onun qarşısını almaq mümkün olmadı. Biz bu işə şüurlu surətdə getdik. Əgər azərbaycanlılar üstün gəlsəydilər, onda Bakı Azərbaycanın paytaxtı elan edilə bilərdi".

1918-ci il martın 30-da səhər tezdən erməni bolşevik birləşmələri şəhəri gəmilərdən yaylım atəşinə tutdular. Bunun arxasınca silahlı daşnaklar azərbaycanlıların evlərinə soxularaq amansız qətllər törətdilər. Martın 31-i və aprelin 1-də qırğınlar xüsusilə kütləvi şəkil aldı, üç gün ərzində Bakıda minlərlə insan qətlə yetirildi. Şaumyanın erməni-bolşevik dəstələri Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə etmiş, müsəlmanların bir çox ziyarətgahlarını dağıtmışdılar. Daşnak-bolşevik qüvvələri Təzəpir məscidini topa tutmuş, Bakının ən möhtəşəm memarlıq incilərindən sayılan "İsmailiyyə"nin binasına od vurmuşdular. Martın 30-dan aprelin 2-dək sürən qırğınlarda Şamaxı qəzasının 53 müsəlman kəndində ermənilər tərəfindən 8027 azərbaycanlı qətlə yetirilmişdi. Quba qəzasında 162 kənd darmadağın edilmiş, 16 mindən çox insanın həyatına son qoyulmuşdu. Lənkəranda, Muğanda minlərlə soydaşımız öldürülmüşdü. Ermənilər Dağlıq Qarabağda 150 azərbaycanlı kəndini tamamilə dağıtmış, Şuşada görünməmiş qırğınlar törətmişlər.

Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusı diqqət yetirilmiş, Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etmişdir. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdiklərı ağır cinayətləri araşdırmış, bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün Xaricı İşlər Nazirliyi nəzdində xüsusı qurum yaradılmışdır. 1919 və 1920-ci illərdə mart ayının 31-i Azərbaycan Xalq Cümhuriyyətı tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı prosesinə tarixdə ilk dəfə siyası qiymət vermək cəhdi olmuşdur. Lakin 1920-ci ilin aprelində Xalq Cümhuriyyətinin süqutu bu işləri yarımçıq qoymuş, Azərbaycan erməni-rus qüvvələrinin dəhşətli soyqırımının miqyasını dünyaya, beynəlxalq aləmə çatdıra bilməmişdir. Əvəzində ermənilər istər dünyaya səpələnmiş böyük diasropu vasitəsilə, istərsə də Ermənistanda daşnak hakimiyyətini əvəz etmiş sovetlərin təbliğat maşınının köməyi ilə qondarma "soyqırımı" kampaniyasına geniş vüsət vermişlər.

 

Deportasiya siyasəti etnik separatizmin əyani nümunəsidir

 

1920-ci ildən sonra Zaqafqaziyanın sovetləşməsindən çirkin məqsədlər üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycan torpaqlarının bir hissəsini Ermənistan SSR-in ərazisi elan etmişlər. 1923-cü ildə SSRİ rəhbərliyinin qərarı ilə Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağ "muxtar vilayət" elan olunmuşdur.

Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi qətliam və etnik təmizləmə sovet dövründə də davam etmiş, sadəcə, həmin  proses "qanun" çərçivəsinə salınmışdır. Bu xüsusda Stalin dövrünün deportasiyasını, 1948-1953-cü illərdə 100 min azərbaycanlının Ermənistan SSR-dəki tarixi yurdlarından köçürülməsini ayrıca qeyd etmək lazımdır. SSRİ Nazirlər Sovetinin "Ermənistan SSR-də yaşayan azərbaycanlıların Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi haqqında" 1947-ci il dekabrın 23-də verilən qərarını ermənilər çoxdan gözləyirdilər. Anastas Mikoyan başda olmaqla, ermənilərin Moskvada əyləşən liderləri "türksüz Ermənistan" uğrunda fəaliyyətə hələ İkinci Dünya müharibəsindən xeyli əvvəl başlamışdılar. Əsas "səbəb" kimi o göstərilirdi ki, xaricdə yaşayan on minlərlə erməni mütəxəssisi Ermənistana qayıdaraq "sovet dövlətinin inkişafı və tərəqqisi naminə çalışmaq əzmindədir, lakin onların yerləşdirilməsi ilə bağlı problemlər var". "Optimal" çıxış yolu isə guya Ermənistan SSR-də qeyri-ermənilərin yaşadığı torpaqların boşaldılması idi. Azərbaycan SSR-in o vaxtkı rəhbərliyi bir müddət bu fəaliyyətin önünü ala bilsə də, yekun nəticə müsbət məcraya yönəlməmişdi. Stalin bu ideyanı dəstəkləmiş və SSRİ hökumətinin ədalətsiz "tarixi" qərarına imza atılmışdı. Azərbaycanlıların yaşadığı 476 kənd tamamilə boşaldılmışdı. Nəhayət, 1987-1989-cu il deportasiyası Ermənistanda azərbaycanlılara qarşı etnik təmizləməni başa çatdırmışdı.

 

Terror siyasəti davam etdirilir

 

Ermənistanın 1987-1988-ci illərdən başlayaraq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu mövqe və atdığı hər bir addım beynəlxalq hüquqla qadağan olunmuş zor tətbiq etməyə, digər dövlətin ərazisini ilhaq etməyə əsaslanır. 1988-ci ildən ortaya atılan qondarma Dağlıq Qarabağ münaqişəsinin əsasında da məhz bu ərazinin müəyyən bəhanələrlə Azərbaycandan qopardılaraq Ermənistana birləşdirilməsi məqsədi dayanır. 1988-ci ilin 20 fevralında ermənilərin Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-in tərkibinə daxil edilməsı haqqında qeyri-konstitusion qərar verməsi, eləcə də SSRİ rəhbərliyinin bu vilayəti Xüsusi İdarəetmə Komitəsi vasitəsilə Azərbaycanın tabeliyindən çıxarmağa çalışması ölkəmizin zorən hərbi münaqişəyə cəlb edilməsinə hesablanmış hərəkət idi.

Ermənistanın həmin dövrdən dövlət səviyyəsində dəstəklədiyi terror aktlarının başlıca hədəfi də təcavüzkar separatçılıq vasitəsilə Azərbaycan ərazisinin ilhaqına yönəlmişdir. Ermənistanın soyqırımı və terror siyasəti nəinki Qafqaz bölgəsində sabitliyi pozur, eləcə də Azərbaycanla yanaşı, Türkiyə, ABŞ, Gürcüstan və s. dövlətlərin milli maraqlarını təhdid edir. XX əsrdə Azərbaycan ərazilərinin ilhaqı məqsədi ilə terrorizmi və separatizmi özünə başlıca vasitə kimi seçən və dövlət səviyyəsində dəstəkləyən ermənilər 1988-ci ildən bəri Azərbaycanda izləri Ermənistana və Qarabağ separatçılarına gedib çıxan 373 terror aktı törətmişlər. Nəticədə 1600-ə yaxın insan həlak olmuş, 1808 nəfər yaralanmışdır. Terror aktları nəticəsində həlak olanların böyük əksəriyyətini qadın, uşaq və qocalar təşkil edir.

1988-ci ildən etibarən bu mənfur siyasətin hansı faciələrlə nəticələndiyi bir sıra dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən etiraf olunsa da, hərbi qarşıdurma zonasından yüz kilometrlərlə aralıda yerləşən yaşayış məntəqələrində erməni separatçıları tərəfindən törədilən və minlərlə dinc insanın - müsəlmanın, türkün məhvi ilə nəticələnən çoxsaylı terror aktlarına yanaşmada "ikili standartlar"ın mövcudluğu ciddi narahatçılıq doğurur.

"Məşhur" terrorçu, Qərbi Avropada "ASALA-nın inqilabi hərəkatı" adlı qruplaşmasının rəhbəri, 1981-ci ildə Türkiyənin Romadakı səfirinə sui-qəsd etdiyinə görə həbs olunmuş Monte Melkonyan 1990-cı ildə Fransa həbsxanasından buraxılaraq Ermənistana gəlmiş və terror fəaliyyətini davam etdirmək üçün Dağlıq Qarabağa göndərilmiş və Xocavənd döyüşlərində məhv edilmişdir.

1992-ci ilin 26 fevralında ermənilər Azərbaycanın Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutmuş, tarixə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə yeksan olunması ilə yekunlaşmışdır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə xüsusi qəddarlıqla törədilmiş Xocalı soyqırımı iki yüz ilə yaxın müddətdə erməni şovinist-millətçilərinin azərbaycanlılara qarşı iki əsrdən artıq həyata keçirdiyi etnik təmizləmə və soyqırımı siyasətinin davamı, qanlı səhifəsidir. Xocalı faciəsi Ermənistanın Dağlıq Qarabağı işğal etmək məqsədi ilə apardığı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin miqyasca ən dəhşətlisidir.

Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri növbəti genosid - Xocalı soyqırımı 613 nəfərin, o cümlədən 106 qadının, 63 azyaşlı uşağın, 70 qocanın həyatına son qoymuş, 487 nəfər şikəst olmuş, 1275 dinc sakin əsir götürülmüş, 150 nəfər itkin düşmüşdür. Bu soyqırımı aktı nəticəsində bəzi ailələr bütünlüklə məhv edilmiş, mülki əhali görünməmiş qəddarlıqla qətlə yetirilmiş, əsir götürülənlərə amansız işgəncə verilmişdir. Həmin əməllərin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi faciənin məhz soyqırımı olduğunu sübut edir.

BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 saylı qətnaməsində qeyd olunur ki, genosid, insan qruplarının yaşamaq hüququnu tanımamaqla insan mənliyini təhqir edir, bəşəriyyəti insanlar tərəfindən yaradılan maddi və mənəvi dayaqlardan məhrum olunmasına gətirib çıxarır. Belə bədnam əməllər BMT-nin məqsəd və vəzifələrinə tam ziddir. BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 saylı qətnaməsi ilə qəbul edilmiş və 1961-ci ildə qüvvəyə minən "Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyada genosid cinayətinin hüquqi əsası təsbit olunmuşdur. Konvensiyaya qoşulan dövlətlər sülh və yaxud müharibə dövründə törədilməsindən asılı olmayaraq, genosidin beynəlxalq hüquq normalarını pozan cinayət olduğunu təsdiq edərək, onun qarşısının alınması və səbəbkarlarının cəzalandırılması üçün tədbirlər görməyi öhdələrinə götürmüşlər. Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı həmin Konvensiyada təsbit olunmuş genosid cinayətini təşkil edən bütün əməllər tətbiq olunmuşdur. Bu işğalçı ölkənin yürütdüyü terrorçuluq siyasəti uzun illərdir ki, dünya ictimaiyyətinin gözü qarşısında baş verir.

 

Azərbaycan həqiqətləri dünyada tanınır

 

Dünyada gedən qloballaşma prosesi  si

vilizasiyalararası dialoqu zərurətə çevirdiyi bir vaxtda Ermənistan beynəlxalq hüququn əsas norma və prinsiplərinə etinasızlıq göstərməklə özünü həm ifşa edir, həm də strateji layihələrdən kənarda saxlayır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Cənubi Qafqazın ən ciddi problemi kimi indiyə qədər həllini tapmaması bütövlükdə Xəzər hövzəsi regionunda sülhə, sabitliyə və iqtisadi əməkdaşlığa potensial təhdid kimi çıxış edir. Azərbaycanın 20 faizdən artıq ərazisini işğal altında saxlayan bu təcavüzkar dövlətin ən müxtəlif səviyyələrdə ifşası, erməni lobbisinin türk dünyasına qarşı apardığı bədnam təbliğata qarşı səmərəli əks-hücumun təşkili prosesində bütün türkdilli dövlətlərin iştirakı olduqca vacibdir.

Azərbaycan və Türkiyənin xaricdəki diplomatik nümayəndəlikləri, diaspor təşkilatları bu və digər mühüm faktlardan maksimum səmərəli yararlanmalı, Ermənistanın ifşası istiqamətində fəal iş aparmalıdırlar. Dövlət başçısı İlham Əliyevin bəyan etdiyi kimi, regionda milli düşmənçilik və ədavət yaradan Ermənistanın separatçı hərəkətlərinin, erməni diasporu və lobbisi tərəfindən irəli sürülən cəfəng iddiaların, tarixi saxtakarlıqların qarşısının alınması iki müttəfiq dövlətin diaspor və lobbi təşkilatlarının üzərinə düşən ən vacib vəzifələrdən biridir. "Vətəndaşlarımız, soydaşlarımız unutmamalıdır ki, erməni millətçilərinin antiazərbaycan təbliğatı getdikcə genişlənir, mənfur formalarda davam etdirilir. Ermənilər ərazi iddialarını əsaslandırmaq üçün yeni-yeni əsassız tezislər uydurur, məkrli siyasət aparır. Buna görə də biz belə ideoloji təxribatlara qarşı ayıq olmalı, onları vaxtında ifşa etməliyik" - deyə dövlət başçısı vurğulayır. 

Üstəlik, beynəlxalq hüquq normaları, o cümlədən bir sıra mötəbər təşkilatların münaqişə ilə bağlı prinsipial mövqeyi Ermənistanın cəfəng iddialarının həm hüquqi, həm də siyasi baxımdan əsassızlığını tamamilə sübuta yetirir. Bu sənədlərdə silahlı əməliyyatlara və düşmənçilik hərəkətlərinə son qoyulması, erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması tələb edilmişdir. Son illər rəsmi Bakının diplomatik fəallığının güclənməsi ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində ardıcıl və sistemli fəaliyyətin həyata keçirilməsi ilə müşayiət olunur. Nəticədə Ermənistanın beynəlxalq hüquq norma və prinsiplərinə əməl etməyən təcavüzkar dövlət olması faktı indi bir çox dünya dövlətləri tərəfindən tanınır. Azərbaycan gerçəkliklərinin beynəlxalq  ictimaiyyətə çatdırılması istiqamətində görülən işlər İrəvanın diplomatik mövqelərinin zəifləməsi ilə nəticələnir.

Dövlət başçısı İlham Əliyev Türkdilli dövlətlərin 10-cu dostluq, qardaşlıq və əməkdaşlıq qurultayındakı çıxışında "Ən yaxşı müdafiə hücumdur" taktikasından çıxış etməklə türk dünyasına qarşı aşkar düşmənçilik siyasəti aparan bədnam ermənilərin yerində oturdulması vacibliyini önə çəkmişdir. "Bəzi hallarda bizim haqqımızda süni şəkildə mənfi rəy formalaşdırılır və bunun arxasında Türkiyə və Azərbaycana qarşı düşmənçilik mövqeyi tutan erməni lobbisinin fəaliyyəti dayanır. Biz bunu çox gözəl bilirik və hiss edirik. Bizim əleyhimizə çox böyük, mütəşəkkil, böyük maliyyə dəstəyinə malik olan və bəzi riyakar siyasətçilər tərəfindən dəstəklənən erməni lobbisi fəaliyyət göstərir. Biz onların təbliğatını ifşa etməliyik, darmadağın etməliyik, ancaq müdafiə naminə yox. Biz hücüm etməliyik, çünki həqiqət bizim tərəfimizdədir".

31 mart və Xocalı soyqırımlarını dünya ictimaiyyətinə çatdırmaq üçün indiyədək görülmüş işlər daha da genişləndirilməli, bu sahədə virtual məkanın - internetin hüdudsuz imkanlarından geniş istifadə olunmalıdır. Etiraf etməliyik ki, bədnam qonşularımız qondarma erməni soyqırımı iddialarını genişləndirmək üçün bu vasitəni əsas tuturlar. Müxtəlif veb-saytlarda Azərbaycanın və Qarabağın tarixi saxtalaşdırılır, Xocalı soyqırımı zamanı vəhşicəsinə qətlə yetirilmiş azərbaycanlılar həyasızcasına erməni kimi təqdim edilir. Sumqayıt hadisələri ilə bağlı həqiqətə uyğun olmayan, yalan iddialar irəli sürülür. 

Son illər, xüsusən də Heydər Əliyev Fondunun bu məsələdə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması yönümündəki fəaliyyəti ermənilərin apardığı məkrli təbliğatın qarşısını alır. Bu istiqamətdə sistemli və ardıcıl fəaliyyət göstərən Heydər Əliyev Fondu Ermənistanın ölkəmizə qarşı təcavüzünün acı nəticələrinin dünya birliyinə çatdırılması üçün müxtəlif səviyyəli tədbirlər təşkil edir. Dağlıq Qarabağ münaqişəsində xalqımızın üzləşdiyi faciələri əks etdirən filmlərin, fotosənədlərin, kitabların və digər kütləvi nəşrlərin yayılması bu baxımdan mühüm əhəmiyyətə malikdir. Fondun dəstəyi ilə 2006-cı ildə Azərbaycan, fransız, alman, ərəb, ingilis və rus dillərində hazırlanmış "Qarabağ həqiqətləri" bukletlər toplusu və onların CD, DVD variantlarının bir sıra ölkələrdə paylanması işğala məruz qalmış ölkəmizin üzləşdiyi fəlakətləri əks etdirən ən böyük təbliğat işlərindən biri olmuşdur. Toplunun 20 min nüsxəsi Xocalı soyqırımının 20-ci ildönümündə xarici ölkələrdəki səfirliklərimizə, Avropa Şurası Parlament Assambleyasının deputat korpusuna, beynəlxalq təşkilatlara, dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizə göndərilmişdir.

Heydər Əliyev Fondunun dəstəyi ilə nəşr edilən "Qarabağın tarixi haqqında məlumat", "Qarabağ münaqişəsinin başlanması", "Xocalı soyqırımı", "Azərbaycana qarşı erməni təcavüzünün nəticələri", "Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti" kitabçalarının elektron variantları 2012-ci ildə Xocalı soyqırımının 20-ci ildönümündə təşkilatın təşəbbüsü ilə Avropanın 15 dövlətində keçirilən anma mərasimlərində xarici ölkələrin diplomatik korpuslarına, beynəlxalq təşkilatlara, kütləvi informasiya vasitələrinə, tanınmış ictimai-siyasi xadimlərə paylanmışdır. Zəngin faktlara və foto-sənədlərə istinadla aparılan bu təbliğat kampaniyası yüz minlərlə avropalıya Qarabağ həqiqətləri, Xocalı soyqırımı, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi təcavüzkar işğalçılıq siyasəti haqqında əsl həqiqətləri çatdırmışdır.

Hesab edirik ki, bu istiqamətdə mühüm addımlardan biri də azərbaycanlıların tarixən kütləvi şəkildə soyqırımına məruz qaldığı bölgələrdə memorial komplekslərin və muzeylərin yaradılması ola bilər. Eyni zamanda müxtəlif illərdə ermənilərin soyqırımı siyasətinin qurbanı olmuş soydaşlarımızın xatirəsinin əbədiləşdirilməsi üçün abidələrin ucaldılması məqsədəuyğun olar. Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli "Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında" sərəncamı bu istiqamətdə atılan mühüm addımlardan biri olmuşdur. Sərəncamla Quba şəhərində kompleksin yaradılması Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından mühüm əhəmiyyət kəsb etmişdir.

Lakin çox təəssüf ki, insan hüquqlarının kütləvi və kobud şəkildə pozulması ilə nəticələnmiş mart və Xocalı soyqırımlarına  hələ də beynəlxalq miqyasda hüquqi qiymət verilməmiş, terrorçu, işğalçı əməllərə qarşı qəti tədbirlər görülməmişdir. Halbuki, ümumbəşəri dəyərlərlə, beynəlxalq hüquq normalarına əsasən düşünmək və qərar qəbul etməyin zamanı çatmışdır. Nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın haqq mövqeyini dəstəkləməli, işğalçı Ermənistan dövlətinə qarşı sərt sanksiyalar tətbiq etməlidirlər.

Nə yaxşı ki, son illərdə bir çox dünya dövlətləri Xocalı həqiqətlərini qəbul etməyə başlamışlar. Məsələn, Kanada, Meksika, Kolumbiya, Peru, Pakistan İslam Respublikası, Bosniya və Herseqovina, Rumıniya, Çexiya və İordaniyanın parlamentləri Xocalı soyqırımını tanımışlar. ABŞ-ın Vest Virciniya ştatının qanunverici orqanının Nümayəndələr Palatasında Xocalı faciəsi ilə bağlı qətnamə qəbul edilmişdir. Qətnamədə Xocalıda törədilmiş cinayətlərin 1988-ci ildən Azərbaycanın Dağlıq Qarabağ regionunda erməni hərbi qüvvələri tərəfindən həyata keçirilən təcavüzün tərkib hissəsi olduğu qeyd edilir. Bundan əvvəl isə Kaliforniya, Massaçusets, Texas, Nyu-Cersi, Meyn, Nyu-Meksika, Arkanzas, Corciya, Oklahoma, Tennesi, Pensilvaniya, Konnektikut, Florida, Missisipi ştatlarının qanunverici orqanlarında da müvafiq qətnamələr qəbul olunmuş, Xocalıda qırğın törədənlərin məsuliyyətə cəlb olunması tələb edilmişdir.

Bu onu göstərir ki, azərbaycanlıların  soyqırımının dünyada tanıdılması 1-2 ilin işi deyildir. Bu istiqamətdə hələ uzun illər ərzində fəal iş aparmaq lazımdır. İnanırıq ki, dövlət başçısı İlham Əliyevin hücumçu diplomatiyası nəticəsində biz öz həqiqətlərimizi beynəlxalq ictimaiyyətə  qəbul etdirə biləcəyik. Sadəcə, hər kəs bu sahədə üzərinə düşən vəzifəni də unutmamalıdır.

 

Nurlana ƏLİYEVA,

YAP Qadınlar Şurasının sədri,

 filologiya elmləri doktoru, professor

Azərbaycan.-2014.- 1 aprel.- S.4.