Gülüş hədəfinə çevrilməyin

 

Gülüş insanın sevincini, xoşbəxtliyini, sevgisini ifadə edən bir emosiyadır. İnsan kədərlənəndə gülə bilmir, hətta ən gülməli hadisə belə ona təbəssüm bəxş etmir. İnsanın qəlbi gülərkən, gözləri, siması da gülür. Viktor Hüqo deyirdi ki, "Gülüş - Günəşdir. O insanın üzündən qışı qovur".

1 aprel - qeyri-rəsmi gülüş günüdür. Bu günün dünyanın konkret olaraq hansı məkanında yaranması haqqında dəqiq məlumat olmasa da onun barəsində müxtəlif mülahizələr var.

Deyilənə görə XV əsrin sonlarında səlib ordusu Əndəlüs müsəlmanlarının son qalasını mühasirəyə alır. Qışın soyuq keçməsinə baxmayaraq müsəlmanlar qalanı qorumaq üçün çox vuruşur. Aylarla davam edən mühasirədən bezən səlib ordusunun komandiri hiyləyə əl atır. 31 mart gecəsi qalanın qarşısına gələrək, bir əlində "Quran", digər əlində "İncil" tutub deyir: "Bu iki kitaba and içirəm ki, təslim olsanız, bu axşam sizə heç nə etməyəcəyəm". Müsəlmanlar qalanı səlib ordusuna təslim edirlər. Səhəri gün, yəni 1 apreldə komandir müsəlmanların öldürülməsi əmrini verir. Əhali ona verdiyi sözü xatırladanda "Mən o sözü dünən axşam üçün vermişdim, bu gün üçün yox" - deyir. Həmin gündən bəri 1 aprel xristian ölkələrində "Hiylə, aldatma günü" kimi xatırlanır.

Başqa bir mülahizəyə görə aprelin ilk gününü zarafat etmək günü kimi qeyd etmək Fransada "Yeni ilin" gəlişi ilə bağlı yaranmışdır. XVI əsrin ikinci yarısına qədər avropalılar üçün "Yeni il" həftəsi 25 martdan 1 aprelə qədərki müddət hesab edilmişdir. Həmin həftədə insanlar bir-biri ilə zarafatlaşır, hədiyyələr bağışlayır, evlərə qonaq gedirdilər. Həftənin sonuncu günü - yəni 1 aprel isə yeni ilin ilk günü hesab edilmişdir. Lakin 1582-ci ildə Qriqor təqvimi Yulianla dəyişdirilib və 1 aprel 1 yanvarla əvəz edilmişdir. Təqvimin dəyişməsinə baxmayaraq, əksər fransızlar "Yeni ili" yenə də 1 apreldə qeyd etməyə davam etmişlər. Beləliklə də 1 aprel "gülüş günü" meydana gəlmişdir.

Artıq XVIII əsrdə həmin gün bütün dünyada gülüş günü kimi məşhur idi. İngilislər, fransızlar 1 apreli hər yerdə təbliğ edirdilər. Onlar bir-biri ilə zarafat edər, hətta bir-birinə mənasız tapşırıqlar verərdilər, məsələn: "Şirin sirkə tap gətir" və s. 1 aprel zarafatları öz mövzusuna görə müxtəlifdir. Onlar arasında dünyada geniş yayılmışları "uçan pinqvinlər haqqında fotoreportaj", "yad planetlilərin Londona enişi" və s. xüsusi yer tutur.

Başqa bir mülahizəyə görə isə bir səhər Peterburq əhalisi yanğın həyəcanı siqnalının səsinə yuxudan oyanır. Ancaq az sonra məlum olur ki, yanğın siqnalı səhvən verilib. Həmin günaprelin 1-nə təsadüf edirdi. Bu hadisələr sonra Rusiyada 1 aprel "Zarafat günü" kimi qeyd olunmağa başlamışdır. Bir çoxları bu bayramı Roma tarixi ilə bağlayırlar. Başqa mülahizəyə görə isə bu gün orta əsrlərdə Avropa karnavalarında nümayiş etdirilən tamaşalarla əlaqələndirilir.

İngiltərədə bu bayramı XVIII əsrdən qeyd etməyə başlayıblar. Şotlandiyada həmin gün "ququ quşu ovu", aldatmağı bacaranları isə "aprel ququ quşu" adlandırıblar. Fransada onlara "aprel balığı" deyiblər. Çünki, artıq həmin zaman Günəş Balıqlar bürcünü tərk edir. Aldadılan şəxslərin belinə kağızdan hazırlanmış balıq yapışdırırdılar.

Tədqiqatçıların fikrinə görə, bu ənənə qədim Hindistanda meydana gəlmişdir, çünki 31 mart onlarda "Gülüş günü" kimi keçirilir. Həmin gün dünya xalqları içərisində XVIII əsrdən geniş qeyd edilməyə başlamışdır. Bu gün dünya əhalisinin 70 faizi 1 apreli "Gülüşya zarafat günü" kimi qeyd edir.

1 aprel dünyanın bir sıra ölkələrində adətən "əyləncə və ya aldatma" günü kimi keçirilir. Gülüş günü adlandırılan bu bayram bir çox dünya ölkələrində qeyd edilsə də, təqvimdə göstərilən bayramlar sırasına daxil olunmamışdır. Bəzi ölkələrdə 1 aprel yazın gəlişi mənasını ifadə edib bununla əlaqədar keçirilərdi. Bayramın atributları kimi əyləncələr, zarafatlar mühüm rol oynayırdı.

Bu gün dünyada 1 aprel Beynəlxalq Gülüş Günü kimi qeyd olunur. Həmin gün demək olar ki, hamı öz dostları, yaxınları, qohumları ilə zarafat edir. 1 apreldə hətta ciddi qəbul olunan yalanlar da olub ki, onlardan çoxu lətifəyə çevrilib. Məsələn, 1957-ci ildə proqramların birində xəbər verilib ki, qışın soyuq keçməsi səbəbindən İsveçrə fermerləri ağacda spagetti becəriblər. Xəbəri dinlədikdən sonra insanlar redaksiyaya zəng edərək ağacda makaron yetişdirilməsinin texnologiasını öyrənməyə çalışmışlar.

Onu da qeyd etmək yerinə düşər ki, gülüş günü kimi qəbul olunan 1 apreldə edilən zarafatlar düşünülmüş, mənfi emosiyalardan uzaq şəkildə olmalıdır ki, həmin zarafatlardan heç kimin qəlbi inciməsin. Çünki hər insan fərdidir,  hər kəsin zarafata, gülüşə öz fərdi münasibəti vardır. Həmin gün edilən zarafatlar yalnız gülüş və əyləncə məqsədi daşımalıdır. Hər kəs həmin gün məzəli əhvalatlar, əyləncəli zarafatlarla dolu gün yaşamaq istəyir ki, həqiqətən də Gülüş günü kimi yaddaşda qalsın.

Gülüş insanın sağlamlığına, psixoloji durumuna, mənəvi dünyasına bilavasitə müsbət təsir göstərən amillərdən biridir. Gülüş əslində insan üçün çox önəmli bir mahiyyət daşıyır. Gülüş insan ömrünü uzatmağa qadirdir. Hətta tədqiqatçıların fikrincə, gülüşlə bəzi ürək xəstəliklərinin qarşısını almaq mümkündür. 30 dəqiqəlik gülüş insan ömrünü illərlə, hətta on illərlə uzada bilər.

Həqiqətən də gülüş insan həyatında çox əhəmiyyətlidir. Mənalı gülüş hər kəsə yaraşır. Gülüş hədəfinə çevrilməmək isə hər insanın öz əlindədir.

 

Azərbaycan.-2014.- 1 aprel.- S.8.