Azərbaycan ilə Türkiyə arasında

 strateji tərəfdaşlıq yüksələn xətlə inkişaf edir

 

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov aprelin 1-də ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Necdet Özel ilə görüşmüşdür.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, ordu generalı N.Özelin rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşdur.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə tər güllər düzülmüşdür.

Qonaqlar Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anaraq məzarları üzərinə tər çiçəklər düzmüş, "Əbədi məşəl" abidəsinin önünə əklil qoymuşlar.

Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə canından keçmiş türk şəhidlərinin xatirəsinə ucaldılmış abidə də ziyarət olunmuş, önünə əklil qoyulmuşdur.

Sonra ordu generalı N.Özelin Müdafiə Nazirliyində qarşılanma mərasimi keçirilmişdir.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi "Şərəf kitabı"na ürək sözlərini yazmışdır.

Nümayəndə heyətlərinin geniş tərkibdə keçirilən görüşündə müdafiə naziri, general-polkovnik Z.Həsənov qonaqlara Azərbaycan ilə Türkiyə arasında hərbi sahədə əməkdaşlığın ikitərəfli və NATO vasitəsilə həyata keçirilən sülhməramlı əməliyyatlar çərçivəsində aparıldığını, bu strateji tərəfdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini, qardaşlıq münasibətləri əsasında qurulduğunu və davamlı olduğunu vurğulamışdır.

Müdafiə naziri bölgədəki hərbi-siyasi vəziyyətə toxunaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regional sabitliyə əsas təhlükə yaratdığını, problemin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həllinə nail olunmasının vacibliyini diqqətə çatdırmışdır.

Ordu generalı N.Özel dövlətlərimizin əlaqələrinin qədim tarixi kökə, mehriban dostluq ənənələrinə əsaslandığını və Türkiyənin Azərbaycanın vacib tərəfdaşı olduğunu qeyd etmişdir.

Sonra Azərbaycan və Türkiyə Silahlı qüvvələri arasında əlaqələrin perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılmışdır.

Sonda Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Necdet Özelə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə iki ölkə arasında hərbi əməkdaşlığın möhkəmləndirilməsində göstərdiyi xidmətlərə görə təltif olunduğu Azərbaycan Respublikasının "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı təqdim edilmişdir.

Görüşdə Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun da iştirak etmişdir.

 

Azərbaycan.-2014.- 2 aprel.- S.1.