Böyük demokrat

 

Demokratiya tarixin bütün dövrlərində insanların arzuladığı və yetişmək istədiyi ən böyük dəyərlərdən biri olmuşdur. Xalq hakimiyyətinin, bərabərlik və azadlığın sinonimi olan demokratiya müasir dövrdə dünyanın bütün sivil dövlətlərində yaşam tərzinə çevrilmişdir. İndi ölkələrin inkişaf səviyyəsi də bu meyarla ölçülür və hər bir xalqın, millətin həyat səviyyəsini təmin edən əsas amillərdən biri məhz həmin ölkədə demokratik dəyərlərə verilən qiymətdir.

Ulu öndər Heydər Əliyev keçmiş sovet dövrünün idarəetmə sistemində yetişmiş və püxtələşmiş siyasi lider olmasına baxmayaraq, onun təbiətində həmişə qəbul etdiyi qərarları hərtərəfli ölçüb-biçmək, hər bir məsələ haqqında insanların, müxtəlif təbəqələrin, bütövlükdə cəmiyyətin rəyini öyrənmək iş normasına, iş prinsipinə çevrilmişdi. Bu prinsip 1969-cu ildə respublikaya rəhbərlik etməyə başladığı gündən şərəfli və mənalı ömrünün son günlərinədək, ümumiyyətlə bütün siyasi fəaliyyəti boyu onun əsas həyat amalı olmuşdur.

Heydər Əliyevin demokratik dəyərlərə münasibəti başqalarından həmişə fərqlənmiş, bütün məsələlərdə olduğu kimi, bu məsələlərdə də onun öz fərdi mövqeyi, öz baxış nöqtəsi olmuşdur. 1993-cü ildə xalqın tələbi ilə Azərbaycan rəhbərliyinə qayıtdıqdan sonra həm iqtisadi, həm də siyasi baxımdan çətin durumda olan Azərbaycanın qısa müddətdə öz iqtisadiyyatını bərpa etməsinə, qüvvə və imkanlarını toparlamasına və demokratik inkişaf yoluna qədəm qoymasına nail olan ulu öndər bu uğurları böyük səyləri, mətin iradəsi və tükənməz enerjisi sayəsində qazana bilmişdi.

Heydər Əliyev 1993-cü il iyunun 15-də Milli Məclisin iclasında etdiyi tarixi çıxışında sanki bütün növbəti illər üçün Azərbaycanın inkişaf yolunu müəyyənləşdirərək deyirdi: "...Azərbaycan Respublikasının dövlət müstəqilliyi ən əsas məsələdir. Müstəqil Azərbaycanda demokratiya inkişaf etdirilməlidir. Siyasi plüralizmə geniş yol verilməlidir. Azərbaycan Respublikasında Konstitusiyanın pozulmasına, qanun pozuntularına yol verilməməlidir. Dövlət quruculuğu və cəmiyyətin formalaşması məhz demokratik prinsiplər əsasında olmalıdır. Siyasətdə və iqtisadiyyatda sərbəstlik, hürriyyət, insan azadlığı, insan hüquqlarının qorunması və sərbəst iqtisadiyyat, bazar iqtisadiyyatı prinsipləri bərqərar olmalıdır. Yəni bizim respublikamız bir il bundan öncə başladığı yolla getməkdə davam etməlidir. Bu, düzgün yoldur, doğru yoldur, bu yolla bizim respublika daha qətiyyətlə getməlidir. Əmin olmalısınız ki, mən bu yola həmişə sadiq olacağam".

Həmin il sentyabrın 20-də Daxili İşlər Nazirliyində keçirilmiş müşavirədə etdiyi çıxışında ölkənin ozamankı durumunu səciyyələndirərək bildirmişdi ki, hazırda iqtisadiyyat dağılıb, bərbad haldadır, bizim sənaye, kənd təsərrüfatı potensialımızdan, demək olar ki, heç 20 faiz səviyyəsində istifadə olunmur. Müdrik siyasi lider kimi o, təkcə real vəziyyəti göstərməklə kifayətlənmir, Azərbaycanın düşdüyü ağır vəziyyətdən çıxış yollarını demokratiyanı inkişaf etdirməkdə, siyasi plüralizmə şərait yaratmaqda, demokratik dövlət qurmaqda,  eyni zamanda, həm cəmiyyətdə, həm də dövlətdə nizam-intizamı möhkəmlətməkdə görür və deyirdi: "Demokratiya hərc-mərclik deyildir, özbaşınalıq deyildir, xaos deyildir. Demokratiya yüksək mədəniyyət, yüksək nizam-intizam, vətəndaş həmrəyliyi, vətəndaşların bir-birinə hörməti, dövlət orqanlarına hörməti, dövlətin vətəndaşlara hörməti, sayğısı və qayğısıdır. Bunların əsasında biz Azərbaycanda demokratik dövlət qurmaq yolu ilə gedirik və demokratik cəmiyyət təşkil olunmasını istəyirik".

Təbiidir ki, bunları təkcə istəməklə hər şey yerinə yetmir, yəni halva-halva deməklə ağız şirin olmurdu. Hər bir istəyin, arzunun reallaşması üçün konkret hərəkət, aydın konsepsiya, real işlər olmalı, bu istək və arzuları yerinə yetirməyi bacaran siyasi lider, onun sarsılmaz iradəsi, bacarığı, qabiliyyəti lazımdır. Heydər Əliyev dövrünün, zəmanəsinin müdrik və uzaqgörən şəxsiyyəti kimi Azərbaycan dövlətinin hara və hansı istiqamətə getməli olduğunu aydın görür, öz zəka kompası ilə bu istiqamətləri göstərməyi bacarırdı.

Böyük Britaniyanın sabiq Baş naziri Toni Bleyerin dediyi kimi: "Heydər Əliyev böyük lider idi, o, böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onunla fəxr edə bilər". Bu, həqiqətən belədir. Çünki Heydər Əliyevin misilsiz həyat təcrübəsi dünyanın inkişaf istiqamətlərini, dövlətlərin, insanların, bəşəriyyətin, o cümlədən Azərbaycanın gələcəyini aydın təsəvvür etməyə imkan verirdi. Türkiyə kimi böyük bir dövlətə uzun illər rəhbərlik etmiş Süleyman Dəmirəl haqlı olaraq Heydər Əliyevi türk dünyasının lider simalarından, ulduzlarından biri, türk dünyasının siyasət və dövlət dahisi adlandırırdı. 

Heydər Əliyev qəlbən və ruhən demokrat olduğuna görə düşünən beyinlərin, o cümlədən ziyalıların rəyini öyrənməyə, onlarla məsləhətləşməyə böyük diqqət yetirirdi. Azərbaycan elminin, mədəniyyətinin inkişafını həmişə diqqət mərkəzində saxlayan bu müdrik insan Azərbaycanın çətin günlərində xalqın ziyalı insanları ilə görüşməyi vacib hesab edir, onların rəy və təkliflərini nəzərə alırdı. 1993-cü il sentyabrın 21-də Azərbaycan Respublikası Elmlər Akademiyasında ziyalılarla görüşündə bildirirdi: "...Çox vacibdir ki, respublikamız müstəqil bir dövlət kimi hansı siyasi, ictimai, iqtisadi sistem üzrə gedəcəkdir. Bizim yolumuz demokratiya yoludur, biz demokratiya yolundan dönməməliyik. Bizim yolumuz siyasi plüralizm yoludur, biz bu yoldan dönməməliyik. Biz Azərbaycanda çoxpartiyalı sistem, çoxpartiyalı cəmiyyət üçün şərait yaratmalıyıq. Əmin olun ki, mən bu mövqeyimdən dönməyəcəyəm".

Ulu öndər Azərbaycanda insan azadlığının, təşəbbüs azadlığının, din azadlığının, dil azadlığının, sahibkarlıq azadlığının - bütün azadlıqların təmin olunduğunu qeyd edir və deyirdi ki, insan hüquqları, insan haqları qorunmalıdır, Azərbaycan müstəqil dövlət kimi öz vətəndaşlarının hüquqlarını qorumağı əsas vəzifələrindən biri hesab etməlidir, Azərbaycan keçmiş kommunist rejiminə, sosialist sisteminə, keçmiş iqtisadi-siyasi sistemə qayıtmamalıdır. O bu mövqedə durduğunu və Azərbaycan vətəndaşlarının əksəriyyətinin belə fikirdə olduğunu və ziyalıların da, yəqin ki, bu fikirləri qəbul etdiyini, onların əksəriyyətinin  bu fikirlərlə yaşadığını  xüsusi qeyd edirdi.

Öz demokratik prinsiplərini bütün dünyaya bəyan edən Heydər Əliyev 1994-cü il sentyabrın 8-də Moskvaya səfəri zamanı təyyarədə "Delovoy Mir" qəzetinin müxbirinə müsahibəsində Azərbaycanın hansı inkişaf modelini seçdiyini belə izah edirdi: "...Biz hansı modeli seçirik - Rusiya modelini, yaxud hansısa başqasını? Mən artıq çoxdan, Azərbaycana gələn kimi elan etmişəm ki, respublikamız demokratikləşmə, demokratik hüquqi dövlət quruculuğu yolu ilə dünya demokratiyasının təcrübəsindən istifadə etməklə, demokratiyanın bütün atributları ilə demokratik cəmiyyət quruculuğu yolu ilə getməlidir. Əlbəttə, yerli şərait, milli xüsusiyyətlər, milli ənənələr nəzərə alınmaqla".

Heydər Əliyev müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan Respublikasının gələcəyi barədə mövqeyini çox açıq və cəsarətlə bildirirdi. Sovetlər İttifaqı kimi nəhəng bir dövlətin dağılması nəticəsində bu ölkələrin xalqlarına nəsib olan müstəqillikdən kimin necə istifadə etməsi, kimin hansı inkişaf yolu ilə gedəcəyi dünya ictimaiyyətini o zaman yaxından maraqlandırırdı və onlar öz mətbuat orqanlarında bu məsələlərə geniş yer ayırır, Heydər Əliyev kimi siyasi xadimlərin fikirlərinə xüsusi əhəmiyyət verirdilər.

1994-cü il fevralın 23-də Böyük Britaniya Kral Beynəlxalq Münasibətlər İnstitutunda etdiyi çıxışında keçmiş sovet respublikalarından biri olan  Azərbaycanda 40 partiyanın  mövcudluğunun və 600 qəzetin nəşr olunmasının inandırıcı olmasına şübhə edənlərə bildirirdi ki, bəlkə də çoxillik demokratik ənənələri olan İngiltərə kimi demokratik bölgədə cəmi bir neçə əsas partiyanın olması təbiidir. Bu ölkələrdə Azərbaycandakı qədər qəzetlərin çıxmadığını deyən Heydər Əliyev müstəqillik və demokratik inkişaf yoluna qədəm qoyan gənc müstəqil dövlət üçün bu cür vəziyyətin müəyyən dərəcədə başadüşülən olduğunu da qeyd edirdi.

Heydər Əliyev Azərbaycanda əsl demokratik cəmiyyətin formalaşmasının, insanların şüurunda bu prinsiplərin dərindən kök salmasının, onun bir həyat norması kimi qəbul edilməsinin birdən-birə mümkün olmadığını gözəl bilirdi və deyirdi: "Vacib olan budur ki, Azərbaycanın daxili həyatı, daxili siyasəti demokratiya, çoxpartiyalı sistem, siyasi plüralizm prinsipləri və şəxsiyyətin bütün azadlıqları əsasında qurulur. Ancaq, görünür, biz bu sistemi təkmilləşdirməli, təcrübə toplamalı, Qərbin demokratik ölkələrinin təcrübəsindən daha çox istifadə etməliyik. Buna da vaxt gərəkdir. Belə düşünürəm ki, Azərbaycan cəmiyyəti buna tədricən gəlib çıxacaqdır".

Ümummilli lider istər respublikada keçirilən mühüm tədbirlərdə, istərsə də xarici səfərlərində Azərbaycan dövləti tərəfindən demokratiya yolunun kiminsə xoşuna gəlmək üçün seçilmədiyini dönə-dönə qeyd edir, bunun Azərbaycanın xoşbəxt gələcəyi, müstəqilliyinin qorunub saxlanması və möhkəmləndirilməsi üçün seçildiyini vurğulayırdı. 2001-ci ilin yanvarında Bakıya səfər etmiş Avropa Şurasının nümayəndə heyəti ilə görüşündə o, demokratiya anlayışı barədə çox maraqlı və ibrətamiz mülahizələrini bildirir, sanki demokratiyanın Heydər Əliyev konsepsiyasını şərh edirdi. Onun həmişə açıq danışdığını görən xarici diplomatlar  Heydər Əliyev səmimiyyətinə bəzən təəccüb edirdilər.

Heydər Əliyev Qərb ölkələrində heç də hər şeyin çox dəqiq təsəvvür edilmədiyini, demokratiyanın heç də hər hansı vəsaiti götürüb texniki işçi qüvvəsi ilə nə isə tikməkdən ibarət olmadığını qeyd edərək bunun bir proses olduğunu,  insanların, ölkələrin və xalqların bu prosesi ona hazır olduqları səviyyədə keçirdiklərini qeyd edərək deyirdi: "Biz özümüzü 100-200 illik demokratiya tarixinə malik ölkələrlə heç cür müqayisə edə bilmərik, ... ölkələrin 100-200 il getdikləri yolla getmək və onlarla bir səviyyədə olmaq real deyildir... Təəssüf ki, Qərbdə bəziləri belə hesab edirlər - hər hansı Qərbi Avropa ölkəsində də, Qafqazda da, daha haradasa demokratiya eyni cür olmalıdır. Yox, belə ola bilməz".

Müdrik siyasətçi demokratiyanın əsas daşıyıcıları və böyük təcrübəyə malik olan ölkələrin keçdiyi yolu bizim xeyli qısa vaxtda keçə biləcəyimizi və keçdiyimizi  qeyd edərək, insanların təfəkküründə dəyişikliklərin baş verməli olduğunu göstərir və qətiyyətlə deyirdi: "...Biz demokratiya, siyasi plüralizm, insan hüquqlarının qorunması yolu ilə gedirik. Bizim başqa yolumuz yoxdur. ...Biz başqa yolla getməyəcəyik və özü də bunu ona görə etmirik ki, hansısa Qərb ölkəsinin xoşuna gəlsin və bizi Avropa Şurasına qəbul etsinlər. Ona görə edirik ki, biz dövlət müstəqilliyi əldə etdikdən sonra özümüzə bu yolu seçmişik. Bu, nümayiş etdirmək üçün deyildir. Biz bu yolu dövlətimizin daha da azad, suveren inkişafı üçün yeganə yol kimi görürük".

Ulu öndər Azərbaycanın Avropanın bir hissəsi olduğunu, Avropanın ən ucqar cinahında yerləşdiyini, Azərbaycandan sonra Avropanın qurtardığını göstərərək Azərbaycanın Avropa ailəsində olmaq istədiyini qabarıq şəkildə ifadə edirdi.

Heydər Əliyev Azərbaycanda birdən-birə yaranan qəzet bolluğunu demokratik dəyərlərin yanlış başa düşülməsi kimi qiymətləndirir, bu qəzetlərdə yol verilən təhqir və böhtanların demokratiyaya zidd olduğunu qeyd edir və hətta onun özünün bir çox qəzetlər tərəfindən təhqir olunduğunu etiraf edərək deyirdi: "Mənə deyirlər ki, onları məhkəməyə verin. Mən onları məhkəməyə verə bilərəm, sübuta yetirə bilərəm ki, məni təhqir etmişlər, amma Avropada o saat hay-küy qalxacaq ki, görürsünüz, mətbuatı sıxışdırırlar. Ona görə də mən bəzən hər cür təhqirlərə, hər cür uydurmalara, hər cür ədalətsiz böhtanlara dözməli oluram. Özü də sizin xoşunuza gəlmək üçün deyil, məhz xalqı sivilizasiyaya öyrətmək üçün dözürəm. Deyə bilərəm ki, bizdə hər şey - demokratiya da, mətbuat azadlığı da, insan hüquqları da hələlik başlanğıc mərhələsindədir. Cəmiyyətimiz bu başlanğıc mərhələsini çox ağrılı keçirir".

Çox təəssüf ki, bəzi qəzetlər və kütləvi informasiya vasitələri o illərdə olduğu kimi, hələ də belə hərəkətlərə yol verir, demokratik dəyərlərin mahiyyətini başa düşmək istəmirlər.

Heydər Əliyev ürək ağrısı ilə bəzilərinin demokratiyanı hərc-mərclik, hərki-hərkilik, nə istəyirsə, onu da etmək kimi başa düşməsini qeyd edərək bununla razılaşa bilmədiyini, bir neçə il ərzində ölkədə böyük çətinliklə əldə edilmiş sabitliyi müstəqilliyi qorumağın əsas amillərindən olduğunu bildirir və bütün vasitələrlə bu sabitliyi qoruyacağını bəyan edirdi. Çünki sabitlik olmasaydı, nə müstəqillikdən, nə inkişafdan, nə də hər hansı bir demokratiyadan danışmaq mənasız olardı.

Həmin illərdə Avropa Şurasına qəbul olunmaq üçün üzərinə bir sıra öhdəliklər götürən Azərbaycanın bu istiqamətdə nəyə nail olmaq istədiyini şərh edən ulu öndər bildirirdi: "Əlbəttə, biz Avropa Şurasının üzvü olmaq istəyirik. Başa düşürük ki, bu, üzərimizə daha böyük məsuliyyət qoyacaqdır. Avropa Şurasında olmayanda biz sərbəst nəyisə yerinə yetirə bilərik, nəyisə yox, bu bizim öz işimizdir, bizə heç kəs heç nə etməz. Amma Avropa Şurasının üzvü olduqda biz Avropa Şurasına sənəd imzalayacağıq və onda istəsək də, istəməsək də, həmin sənədi yerinə yetirəcək və bu qaydalara əməl edəcəyik. Bir sözlə, Avropa Şurasının tərkibində olmağın nə demək olduğunu başa düşürük, o mənada ki, üzərimizə daha böyük məsuliyyət qoyulur. Biz buna daha böyük demokratiya təcrübəsi əldə etmək üçün, Azərbaycanı demokratikləşdirmək, Avropa Şurasında olan, xüsusən də bu strukturda çoxdan olan ölkələrlə daha sıx əməkdaşlıq etmək üçün gedirik".

Ulu öndərin böyük uzaqgörənliklə dediyi bu sözlər artıq öz təsdiqini tapmışdır. İndi hamımız aydın görürük ki, Azərbaycan Avropa Şurasının tamhüquqlu üzvü kimi bu qurumun fəaliyyətində yaxından iştirak edir və 2013-cü ilin noyabrında Vilnüsdə keçirilən III Şərq Tərəfdaşlığı Sammiti zamanı Azərbaycan və Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi barədə sazişin imzalanması buna əyani sübutdur.

Heydər Əliyevin Azərbaycanda demokratiyanın formalaşmasında və bərqərar olmasında misilsiz xidmətlərindən biri də bilavasitə onun rəhbərliyi altında hazırlanmış və ümumxalq referendumunda qəbul olunmuş yeni Azərbaycan Konstitusiyasıdır. Bu Konstitusiyanın həm özü, həm də onun qəbulu prosesi demokratiyanın ən parlaq nümunəsidir.

Həyat elə gətirmişdir ki, ulu öndərin bilavasitə rəhbərliyi altında işlədiyimiz illərdə bu mühüm dövlət aktının hazırlanmasının, hərtərəfli müzakirə olunmasının, onun üzərində işlərin aparılmasının bilavasitə şahidi olmuş və həmin layihəni hazırlayan, ulu öndərin özünün sədrlik etdiyi Konstitusiya komissiyasının və onun işçi qrupunun əksər iclaslarında iştirak etmişik.

Bu gün həmin iclasların stenoqramlarını vərəqləyərkən burada gedən açıq və fəal müzakirələrdə hər kəsin öz fikrini deməsi üçün yaradılan şəraiti, günlərlə, aylarla davam edən intensiv fikir mübadiləsini, ulu öndərin bu məsələlərə nə qədər böyük səbir və diqqətlə, təmkinlə yanaşdığını xatırlayırıq və bunun özü bir demokratiya məktəbi idi.

Konstitusiya komissiyasının tərkibi respublikanın ən görkəmli hüquqşünaslarından, müxtəlif dövlət qurumlarının, elmi idarələrin rəhbərlərindən ibarət olsa da, onun işçi qrupunun fəaliyyəti daha geniş dairəni əhatə edirdi. Bir qayda olaraq, həm komissiyanın, həm də onun işçi qrupunun iclaslarına ən müxtəlif ixtisas sahibləri, hüquqşünaslar, dilçi alimlər və digər mütəxəssislər cəlb olunurdu. Komissiyanın ilk iclasında onu mühüm hadisə kimi qiymətləndirən ulu öndər bütün xarici ölkələrin Azərbaycanda olan səfirlərini dəvət etmiş və hazırlanacaq yeni Konstitusiyanın əsas prinsiplərinin məhz demokratiyaya və aşkarlığa əsaslanacağını bildirmişdi.

Heydər Əliyev deyirdi: "Biz elə bir layihə hazırlamalı, nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən əsas qanun, tarixi sənəd olsun". Bu vəzifənin həm şərəfli, həm də çox məsuliyyətli olduğunu bildirən Heydər Əliyev bizim Konstitusiyamızın Azərbaycanda məhz demokratik, hüquqi, dünyəvi, sivilizasiyalı bir dövlət qurmaq üçün əsas yaratmalı olduğunu və hüquqi dövlət quruculuğunun daha müvəffəqiyyətlə həyata keçməsini təmin etməli olduğunu göstərirdi.

Heydər Əliyev müzakirələr zamanı heç vaxt öz fikrini qabaqcadan bildirməzdi və bunu açıq deyirdi: "Bu barədə mənim çox dəqiq fikirlərim var, ancaq bu gün mən bu fikirlərimi tamam açıb dəqiqliyi ilə sizə bildirmək istəmirəm. Çünki komissiya kollegial bir orqan olmalıdır, kollegial işləməlidir... Belə olmasın ki, mən kiməsə nəyisə məcburi fikir kimi bildirirəm". Heydər Əliyev ümumi prinsipləri izah edərkən Konstitusiyanın dövlətin tam ahəngdar fəaliyyətini təmin etməli olduğunu qeyd edir və göstərirdi: "Dövlət xalqın işi olmalıdır. Xalq dövlət üçün yox, dövlət xalq üçündür. Bu prinsiplər Konstitusiyamızın əsasını təşkil etməlidir". Onun əsas tələblərindən biri də bu idi ki, hər bir vətəndaşa cəmiyyətimizdə, ölkəmizdə özünə layiq yer tutmaq imkanları yaradılmalı və Konstitusiyada bu, öz əksini tapmalıdır.

Böyük dövlət xadimi insan hüquq və azadlıqlarından danışarkən bildirirdi ki, Konstitusiyada dinindən, dilindən, irqindən, milliyyətindən, siyasi mənsubiyyətindən asılı olmayaraq insanların hamısının eyni hüquqlara malik olması və bu hüquqlardan səmərəli istifadə imkanları əldə etməsi öz əksini tapmalıdır. Heydər Əliyev ölkənin Əsas Qanununun hazırlanması prosesində  respublikamız üçün taleyüklü, tarixi əhəmiyyətli məsələlərin tam aşkarlıq şəraitində müzakirə olunacağını, bütün təbəqələrin, siyasi qüvvələrin fikirləri dövlətçilik mövqelərimizə zidd olmasa, onların qəbul ediləcəyini dəfələrlə qeyd edirdi.

Konstitusiya layihəsindən danışarkən bir məsələnin üzərində xüsusilə dayanmalıyıq. Bu da Əsas Qanunumuzda dövlət dilinin necə adlandırılması üçün aparılan müzakirələrdir. Ümumiyyətlə, 1995-ci il ərzində komissiyanın 9 iclası keçirilmiş, bunlardan 2-si, o cümlədən Elmlər Akademiyasında keçirilən iclas sırf dövlət dilinin necə adlandırılması məsələsinə həsr olunmuşdur. Bu məsələ ətrafında uzun-uzadı dayanmadan onu deməliyik ki, məhz Heydər Əliyevin əməyinin məhsulu olan konstitusiya layihəsi onun uzaqgörən siyasətinin nəticəsi idi və Azərbaycanın gələcək inkişaf yolunu müəyyən edən müddəaları əks etdirirdi.

Nəhayət, 1995-ci il noyabrın 10-da Kon

stitusiya komissiyasının işinə yekun vuruldu, 6 aydan çox davam edən intensiv müzakirələr öz nəticəsini verdi və bu gün dünyanın ən mükəmməl əsas qanunlarından biri olan Azərbaycan Konstitusiyası ümumxalq referendumuna çıxarıldı. Heydər Əliyev deyirdi: "...Bizim hər birimiz, o cümlədən mən də bu altı ay müddətində yeni konstitusiyanın layihəsinin yaranması üçün çox vaxt sərf etmişik. Hesab edirəm ki, çəkilən zəhmət, sərf olunan vaxtın hamısı öz bəhrəsini, nəticəsini verib, ... bu gün biz hamımız mənəvi rahatlıq hissi keçirə bilərik. Çünki tarixi bir iş görülübdür, tarixi bir sənəd yaradılıbdır. Bu gün biz elimizin bütün ictimaiyyəti qarşısında, dünya ictimaiyyəti qarşısında deyə bilərik ki, Azərbaycan Respublikasının, xalqımızın tarixində ilk demokratik Konstitusiyanın yaranmasında biz bilavasitə iştirak etmişik və bu layihənin yaranması bizim hamımızın birgə məhsuldar əməyimizin, fəaliyyətimizin nəticəsidir".

Heydər Əliyev görülən işdən qürur duyurdu və göstərirdi ki, xalqa təqdim olunan bu layihə ilə fəxr etmək olar. Özünün də bilavasitə çəkdiyi zəhməti etiraf edərək deyirdi: "Mən şəxsən bu sənədin hazırlanmasına böyük məsuliyyət hissi ilə yanaşmışam. Çünki mənim çoxillik həyat yolumda olan təcrübəm və keçmişdə bəzi mərhələlərdə ağır sınaqlarda olduğum illərdə qarşımda duran çətinliklərin hamısı məni daha da məsuliyyətli olmaq üçün formalaşdırıbdır. Ona görə də komissiyanın sədri kimi şəxsən mən bu sənədin hazırlanmasına xeyli vaxt sərf etmişəm. Haqqım var deyəm ki, çox zəhmət çəkmişəm. Hər bir kəlmənin, hər bir sözün mənasını dəfələrlə araşdırmışam. Onun bu gün üçün, gələcək üçün nə qədər əsaslı olmasını dəfələrlə təhlil etmişəm. Mən çox rahatlıq hissi ilə bu layihənin altında imza atıram və bu layihəyə görə tam cavabdeh olduğumu bu gün bəyan edirəm. Hesab edirəm ki, yenə də deyirəm, biz Azərbaycanın bugünü, gələcəyi üçün çox böyük hüquqi bir sənəd - siyasi, hüquqi bir sənəd yaratmışıq".

Heydər Əliyev bu Konstitusiyanın Azərbaycanın tarixində olan 1921, 1937 və 1978-ci illərdə qəbul olunmuş konstitusiyalardan tamamilə fərqləndiyini qeyd edir, bunun BMT-nin üzvü olan, dünya birliyində bərabərhüquqlu yerini tutmuş Azərbaycan dövlətinin Konstitusiyası olduğunu və Azərbaycan xalqının iradəsini ifadə etdiyini vurğulayır, Konstitusiyanın qəbul olunma prosesinə bir daha nəzər salaraq 3000-dən çox təklifin müzakirə olunduğunu, xüsusilə Azərbaycan dili barəsində məsələnin komissiya sədri kimi geniş müzakirə edilməsinin təşəbbüskarı olduğunu qeyd edirdi. Onun xüsusilə vurğuladığı bir cəhəti də qeyd etməliyik ki, həmin Konstitusiyanın hazırlanmasında müxalifət partiyalarının təkliflərinin çox az olmasına sərt münasibət bildirərək bu məsələdə ayrı-seçkiliyə yolverilməzliyini qeyd edir və deyirdi: "Əgər sənin ürəyin xalqın üçün, respublika üçün, dövlətin gələcəyi üçün yanırsa, sən öz təklifini, layihəni verməlisən".

Heydər Əliyev bildirirdi ki, bu Konstitusiya Azərbaycan xalqının həyatında yeni bir mərhələ açacaq, müstəqil Azərbaycanda dövlət quruculuğu sahəsində böyük imkanlar və hər bir vətəndaşın sərbəst yaşaması, sərbəst fəaliyyət göstərməsi, azad, demokratik ölkədə yaşaması və hüquqlarının qorunması üçün gözəl şərait yaradacaqdır.

Ulu öndərin Azərbaycan xalqına miras qoyduğu müasir Azərbaycan dövləti artıq 10 ildən çoxdur ki, Heydər Əliyevin siyasi varisi, onun ideyalarını yaşadan, ardıcıl həyata keçirən İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Azərbaycan Prezidenti İlham Əliyev demokratik dəyərlərə sədaqət nümayiş etdirərək Azərbaycan cəmiyyətini daha da demokratikləşdirmək üçün yorulmadan çalışır və bu sahədə olduqca böyük uğurlara nail olmuşdur.

2013-cü ilin aprelində Böyük Britaniyanın nüfuzlu "The Business Year" jurnalına verdiyi müsahibədə Azərbaycan tarixinin son 20 illik müstəqillik dövrünü hərtərəfli təhlil edən Prezident İlham Əliyev bir daha qeyd etmişdir ki, 20 il ərzində Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının ardıcıl həyata keçirilməsi ölkəmizin dinamik inkişafını təmin etmiş, onu dünyanın müasir və demokratik dövlətinə çevirmişdir. Azərbaycan Prezidenti İlham Əliyev əmin olduğunu bildirmişdir ki, Heydər Əliyevin müəyyənləşdirdiyi müstəqil dövlət, demokratik inkişaf və sosial rifah kursu, vətəndaş cəmiyyəti quruculuğu yolu Azərbaycanda bundan sonra da davam etdirilməlidir.

Azərbaycanda bütün siyasi qüvvələrin güclənməsini, güclü siyasi sistemin yaradılmasını, demokratik müzakirələrin, diskussiyaların, fikir mübadiləsinin, plüralizm  meyillərinin gücləndirilməsini mühüm vəzifə hesab edən dövlət başçısı İlham Əliyev Azərbaycanda demokratik azadlıqlara heç bir məhdudiyyət qoyulmadığını  qeyd edərək deyir: "Demokratiyanın inkişafı bizim üçün əsas vəzifədir. Bu gün Azərbaycan demokratiyanın inkişafına görə heç kimdən geridə qalmır, bəzi hallarda bizdə olan demokratik vəziyyət başqa ölkələr üçün də örnək ola bilər və olmalıdır".

Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının III qurultayında bir daha qeyd etmişdir ki, Azərbaycanın həm təbii ehtiyatları, həm də intellektual potensialı çox zəngindir və yalnız demokratik cəmiyyətdə hər bir vətəndaş öz istəyini, öz bacarığını sərbəst ifadə edə bilər. Prezident İlham Əliyev Azərbaycanın tərəqqi yolunu müəyyənləşdirərək deyir: "Ancaq demokratik inkişaf ölkələri tərəqqi yoluna gətirib çıxara bilər. Ona görə bütün addımlarımız məhz bu istiqamətdə atılır... Azərbaycanda daxili sabitliyin qorunması, möhkəmlənməsi, həm də ölkəmizin gələcək demokratikləşməsi bizim siyasətimizin əsas istiqamətləridir".

Azərbaycan bu gün öz sürətli inkişafını Heydər Əliyev ideyaları əsasında uğurla davam etdirir və heç kəs şübhə etmir ki, öz müstəqilliyini gündən-günə  əbədiləşdirən və möhkəmləndirən Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi altında demokratik dəyərlərin daha geniş tətbiq olunmasına, Azərbaycanda hər bir insan üçün normal demokratik mühitin yaradılmasına nail olacaqdır.

 

Süleyman İSMAYILOV,

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının

 Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş

 şöbəsinin müdiri, YAP Siyasi Şurasının üzvü

Azərbaycan.-2014.- 2 aprel.- S.2.