Daxili İşlər Nazirliyinin şəhər, rayon polis orqanlarının polis sahə rəislərinin və inspektorlarının ümumrespublika toplantısı keçirilmişdir

 

 

Aprelin 1-də Daxili İşlər Nazirliyində şəhər, rayon polis orqanlarının polis sahə rəislərinin və polis sahə inspektorlarının cinayətkarlıqla mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində fəaliyyətinin təkmilləşməsinə və görülmüş işlərin müzakirəsinə həsr olunmuş ümumrespublika toplantısı keçirilmişdir.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov toplantının məqsədi və gündəliyi barədə məlumat vermiş, son on ildə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən islahatlar çərçivəsində DİN sistemində də köklü islahatların aparıldığını, xidməti fəaliyyətin beynəlxalq normastandartlara uyğun qurulması, şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi, sosial funksiyaların genişlənməsi, əhalinin bütün qrup və təbəqələri ilə əlaqələrin möhkəmlənməsi, eyni zamanda, cinayətlərin profilaktikası, açılması və istintaqı, bütövlükdə ictimai asayişin təmin edilməsi sahəsində önəmli addımların atıldığını vurğulamışdır.

Gündəlikdəki məsələ ilə bağlı Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Cavanşir Məmmədov hesabat məruzəsi ilə çıxış etmişdir. O bildirmişdir ki, nazirliyin rəhbərliyi tərəfindən digər sahələrlə yanaşı, polis sahə inspektorlarının fəaliyyətinin müasir tələblər səviyyəsində qurulmasına da xüsusi diqqət yetirilir. Bu məqsədlə DİN sistemində ictimaiyyətlə, əhalinin bütün qrup və təbəqələri ilə əlaqələrin hərtərəfli möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının etibarlı təmin edilməsi üçün bir sıra struktur dəyişiklikləri aparılmışdır. O cümlədən, polis sahə rəisləri institutu yaradılmış, onun fəaliyyətinin təkmilləşdirilməsi, cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin təmin edilməsində rolunun artırılması, polis sahə məntəqələrində ictimai şuraların formalaşdırılması və fəaliyyətinin təşkili istiqamətində məqsədyönlü tədbirlər görülmüşdür.

Naxçıvan Muxtar Respublikası DİN-in İctimai Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən polis polkovnik-leytenantı Əliəşrəf İbrahimov, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü polis bölməsinin polis sahə inspektoru, polis leytenantı Səbuhi Əmiraslanov, Nizami Rayon Polis İdarəsinin İctimai Şura üzvü Zümrüd Səmədova, Qazax Rayon Polis Şöbəsinin İctimai Şura üzvü Şahismayıl Məmmədov və başqaları çıxış edərək görülən işlərdən danışmış, müzakirə olunan məsələ ilə bağlı təkliflər səsləndirmişlər.

Toplantı iştirakçılarına konkret tapşırıq və tövsiyələrini verən Ramil Usubov xatırlatmışdır ki, Azərbaycan Prezidentinin 2007-ci ildə imzaladığı "Polis sahə məntəqələrinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında" sərəncamla polis orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə dair 2004-2008-ci illəri əhatə edən dövlət proqramı çərçivəsində sahə inspektorlarının səmərəli fəaliyyəti üçün zəruri şəraitin yaradılması barədə tapşırıqlar verilmişdir. Həmin ildən etibarən nazirlik tərəfindən ATƏT-in Bakı ofisinin yaxından iştirakı ilə 20-dək dövlətin, o cümlədən Türkiyə, İngiltərə, İtaliya, Avstriyaİsrailin müvafiq funksiyaları yerinə yetirən vəzifəli şəxslərinin hüquqi statusuna dair mütərəqqi təcrübəsinin öyrənilməsinə başlanılmışdır. Əldə edilmiş nəticələr ümumiləşdirilərək polis sahə inspektorlarının xidməti "sahə rəisi" statusunda əvvəlcə bir neçə rayonda eksperiment qaydasında, 2009-cu ildən isə daimi əsaslarla bütün ərazi polis orqanlarında təşkil edilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və tapşırığı əsasında aparılan bu islahatlar, eyni zamanda, qanunvericilik aktlarında bir sıra dəyişikliklərin edilməsi ilə nəticələnmişdir. Dövlət başçısının imzaladığı fərmanla polis sahə rəislərinə İnzibati Xətalar Məcəlləsinin 40 maddəsi üzrə qərar qəbul etmək səlahiyyəti verilmişdir. Vətəndaşların ictimai asayişin təmininə könüllülük əsasında cəlb edilməsi üçün yerli polis orqanları yanında ictimai şuraların yaradılması barədə "Polis haqqında" qanuna yeni maddə əlavə olunmuşdur.

Hüquqi tənzimləmə məsələsinə paralel olaraq ixtisaslı kadr potensialının, peşəkar özəyin formalaşdırılmasına və möhkəmlənməsinə də önəm verilmişdir və hazırda daxili işlər orqanlarında ən çoxsaylı zabit heyəti olan polis sahə rəisləri və sahə inspektorları arasında ali təhsilli əməkdaşların xüsusi çəkisi 2009-cu illə müqayisədə 2013-cü ildə 74 faizdən 86 faizə, ali hüquq təhsillilərin xüsusi çəkisi 57 faizdən 67 faizə yüksəlmişdir. Təsadüfi deyil ki, müxtəlif məsələlərlə bağlı polis sahə məntəqələrinə müraciət edən şəxslərin sayı son 5 ildə 60 faiz artmışdır. Ailə-məişət zəminində baş verən münaqişələr 2,5 dəfə azalmışdır. Qeyri-aşkar şəraitdə törədilmiş cinayətlərin orta hesabla 80 faizi vətəndaşlarımızın yaxından iştirakı ilə açılmışdır. Nazir fürsətdən istifadə edərək, cinayətlərin qarşısının alınmasında, açılmasında, qanunçuluğun, hüquq qaydasının qorunmasında və möhkəmlənməsində yaxından iştirak edən hüquq-mühafizə və təhlükəsizlik orqanları əməkdaşlarına, ölkəmizin sakinlərinə, ictimai şuraların üzvlərinə, polis veteranlarına, kütləvi informasiya vasitələrinin və ictimai təşkilatların nümayəndələrinə yüksək vətəndaşlıq mövqeyinə görə minnətdarlığını bildirmişdir.

Ölkəmizin dünya birliyinə sürətli inteqrasiyasının, beynəlxalq öhdəliklərinin, eləcə də müasir dövrün çağırış və təhdidlərinin qarşıya çox məsul vəzifələr qoyduğunu qeyd edən daxili işlər naziri sabitliyin qorunub saxlanılmasının, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinin, xidməti fəaliyyətin, o cümlədən sosial funksiyaların icrasının yeni keyfiyyət səviyyəsinə yüksəldilməsinin, vətəndaş məmnunluğunun təmin olunmasının başlıca məqsəd olduğunu diqqətə çatdırmışdır.

Nazir cinayətlərin qarşısının vaxtında alınması üçün polis əməkdaşlarının, o cümlədən sahə rəislərinin və inspektorlarının zəruri hüquqi biliklərə, geniş dünyagörüşə, yeni texnologiyalarla bacarığına, bütövlükdə yüksək professionallığa malik olmalarının vacibliyini xüsusi vurğulamış və bu məsələyə hər bir ərazi polis orqanında xüsusi diqqət yetirilməsini tələb etmişdir.

Eyni zamanda, nazir onu da diqqətə çatdırmışdır ki, profilaktik fəaliyyətdə böyük əhəmiyyət kəsb edən maarifləndirmə işi ictimai şuraların üzvləri, vətəndaş cəmiyyəti və kütləvi informasiya vasitələrinin nümayəndələri, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, təhsil və səhiyyə müəssisələrinin işçiləri, din xadimləri ilə birgə onların qüvvəsindən, imkanlarından geniş istifadə edilməklə həyata keçirilməlidir.

Xidməti  fəaliyyətin təşkilində və nəticələrinin qiymətləndirilməsində ən mühüm vasitələrdən birinin vətəndaşların qəbulunun, ərizə və şikayətlərinə operativ baxılmasının olduğunu qeyd edən nazir bu xüsusda ulu öndər Heydər Əliyevin "Gərək elə işləyəsiniz, özünüzü elə göstərəsiniz, vətəndaşlarla o qədər mülayim, amma cinayətkarlara qarşı o qədər barışmaz olasınız ki, insanlar sizi dövlətin bir nümayəndəsi kimi sevsinlər" tövsiyəsini də xatırladaraq əhalinin inamını, etibarıdaim qorumağın Prezidentimizin xalqın xidmətçisi olmaq tələbinin, dövlətin və vətəndaşların qanuni mənafeyinin, şərəfli polis adının daim üstün tutulmasının, qanunçuluğa riayət edilməsində hər bir əməkdaşın vətəndaşlara nümunə olmasının, etik davranış qaydalarına ciddi riayət edilməsinin vacibliyini vurğulamışdır.

Nazir əmin olduğunu bildirmişdir ki, ümumrespublika toplantısı Azərbaycan Prezidenti İlham Əliyevin müəyyən etdiyi hədəflərə çatmaq yolunda növbəti addım olacaqdır.

Sonra cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması, bütövlükdə xidməti vəzifələrin icrasında fərqlənən bir qrup əməkdaşın, habelə əhali arasında hüquqi maarifləndirmə və təbliğat işinin aparılmasında fəal iştirak edən ictimai şura üzvlərinin mükafatlandırılması barədə daxili işlər nazirinin əmri elan edilmişRamil Usubov tərəfindən mükafatlar sahiblərinə təqdim olunmuşdur.

Aprelin 2-də öz işini davam etdirəcək toplantıda iştirakçılar müxtəlif mövzularda çıxışlar dinləyəcək, qabaqcıl təcrübə və metodları ilə yaxından tanış olacaqlar.

 

Azərbaycan.-2014.- 2 aprel.- S.3.