İşğalda qalan mənəvi sərvətimiz

 

 

...Əlçatmaz zirvədən ucalan bir səs Ərzurumun gədiyindən o üzə aşırdı. Kəlbəcərin işğalından sonra 20 ildən artıqdır ki, o səs eşidilmir: qəmli-qəmli oxuyan ayağı xınalı kəkliyin, bir  də xəzan rənginə boyanmış otların arasından boylanan torağayının "nəğməsi"indən başqa...

Kəlbəcərdə həmişə Novruz bayramı ərəfəsində qayaların sərpində, günəş vuran yerdə novruzgülü bitərdi. Qayanın dibində, kölgəli yerində isə çəməngül yorğan kimi döşənərdi yerə. Bunun arxasınca qan bənövşə kolların arasından boylanar, sarı saçaqlı nərgiz salxım-salxım sallanardı. Qayaların sərpində bitən güllərin yarpağını dağ keçiləri, çəməngülünü, nərgizi cüyürlər, marallar yeyər, gül toxumlarını kəkliklər dənləyərdi. Bu çiçəkləri qız-gəlinlər yığıb dəstə bağlayar, saçlarının ucundan qotazlayıb asardılar...

Bax, belə bir məkanda yurd salıb, yuva qurmuşduq. O yurdda mərd insanlar, daş-qayası kimi qılınckəsməz igidlər böyümüşdü. Təbiətinə oxşar - başı çalmalı nurlu ağsaqqallar, gül-çiçəyi kimi, nəfəsi müşk-ənbər qoxuyan ağbirçək nənələr, analar buradan pərvazlanıb ahıllaşmışlar.

Belə kişilərin, bu cür anaların qızlarıydı ki, gavur əlinə düşməsin deyə pak namus örpəyinə bükülüb, qol-qola tutub özlərini Tərtərin qanlı sel-suyunda qərq etdilər. Vaxt gələcək, dünya azərbaycanlılarının, bütövlükdə türk dünyasının namus simvolu, həm də ulu öndər Heydər Əliyevin də vaxtilə söylədiyi kimi,  Kəlbəcərdə - Tərtərin sahilində bu qızların tarixi abidəsi - daş heykəlləri ucaldılacaq.

Azərbaycanın ən ulu yaşayış məntəqələrindən biri kimi Kəlbəcərin də qədimdən bəri başbiləni, torpaq təəssübkeşi, örpək atıb qan barışdıranı, dəliqanlı cavanları, adı tarixdə qalan sənət adamları, şairi, görkəmli ziyalıları, alimi olmuşdur.

Cəmiyyətin yazılmamış adət-ənənə qanunlarına aşağıdan-yuxarıya əməl etmək, böyüyə təzim, kiçiyə hörmət, Allaha ibadət bu el-obanın əsas meyarı olub. Böyüyünü baş tacı, alimini peyğəmbər, bilik verənini - müəllimini dahi hesab ediblər həmişə.

Məclisdə birinci böyük danışıb. Süfrədə ilk bismillahı ağsaqqal eləyib. O tikə kəsəndən sonra kiçik süfrəyə əl uzadıb. Həmişə su kiçiyin, yol böyüyündür,- deyiblər. Dəyərli adət qanun deyil, ancaq ondan güclüdür - deyimini əsas götürüblər, hamını ona əməl etməyə çağırıblar. Adət-ənənəsini möhkəm qoruyub saxlayıb bu camaat.

Nəvəsindən utanıb yaşmaq bağlayan nənələrin üzünün nurundan həmişə hər bir evə, ailəyə, ocağa ruzi-bərəkət gəlib. Hər bir elin, obanın, kəndin, tayfanın öz ağsaqqalı olub. Qonağını özü qarşılayıb, yola salıb bu ağsaqqallar.

Günlərin, ayların süzgəcindən süzülüb gələn, illərlə məhəng daşı kimi yaddaşıma həkk olunmuş xatirələrimi düşünərkən "özümü dağa-daşa vurdum". Dərə-təpə axtardım, cığırları gəzdim. Bu dərə-təpələr ömrümün axtarışda olan enişli-yoxuşlu anları, cığırlar isə izlərimin düzümüydü. Dəlidağ ayna kimi apaydın göründü.

Xəyalən, Tərtər boyunca dağlara tərəf çimir çalmadan, göz qırpmadan irəliləyirdim. Sağ çiynim Murovdağa söykənmişdi. Dəlidağ solumda idi. Bu iki çiyinin arasından papağı buluddan, başı az qala ərşə dirənən bir Kəlbəcər boylanırdı. Bu diyarın bir gözü ay, bir gözü gün işığı saçırdı. Gözləri çaş deyildi, qırpınmırdı, Allah belə yaratmışdı...

Bu əzəmətli diyarı gecələr Ayın, gündüzlər Günəşin işığı işıqlandırırdı. Ona görə də hamının gözü bu diyarın arxasınca qalmışdı. Hamı istəyirdi ki, bu dağları gözünə çıraq eləsin, qızılına, civəsinə, yeraltı sərvətlərinə sahib olsun. İstisuyu, saf bulaqları şəfa ocağı kimi özününkü eləsin.

...İnşaallah, yenə də hər şey bizim olacaq, dağlara qayıdacağıq. Axı, dünyamız da ağlı-qaralı, gəlimli-gedimlidir.  Özümü bərk tutmuşdum. Kövrəlsəm də, ağlamırdım. Axı, yaxşı deyiblər ki, "Gülsən, ətrafında gülənlər çoxalar. Ağlasan, tək qalarsan".

Dağlara yaxınlaşdıqca özümdə təklik hiss etmirdim. İçimdə bir səs-küy vardı. Getdikcə hər bir gül-çiçək ləçəyinin titrəyişindən, hər yarpağın pıçıltısından, hər bir şeh damcısının səsindən mənə güc-qüvvə gəlirdi. Kürəyimdə mənə həyan olan bir arxa hiss edirdim. Hər tərəfdən hənirti basırdı məni. Sən demə, bunlar ata-anamızın, doğmalarımızın, əzizlərimizin ruhuymuş. Doğma Kəlbəcərin aqil insanlarının, başbilənlərinin, ağsaqqal və ağbirçəklərinin, tay-tuşlarımın, dost və tanışlarımın yaddaşımda qalan xatirələriymiş. Canıma hopan, məni ağırlaşdıran Dəlidağdan, Murovdağdan qopan qəlpələrmiş: vəzndə yüngül, qiymətdə ağır  qəlpələr...

Mən güllə qəlpəsi demirəm ki... Güllə qəlpəsi yüngül və ötəri olur, tez yanıb-sönür, deşib keçir, özləri də məhv olur, ömürsüzdülər. Amma canımdakı qəlpələr ömürlükdür. Mən onlara bürünmüşəm. Onlar mənə təskinlik verir, səbbimi alır. Onlar özləriylə ulularımızın öyüd-nəsihətlərini, müdrik kəlamlarını, qədim adət-ənənələrimizlə bağlı xatirələrini gətirmişlər. Həm də, öz kölgəm kimi həmişə mənimlədirlər, sadiqdirlər.

Həmişə Kəlbəcərdə və yaxud digər işğal olunmuş rayonlarda "varım-dövlətim, malım-mülküm qalıb" deyənlərlə razılaşmamışam. Həmin adamlar bu gün yenə də dövlətin qayğısı sayəsində ev-eşik sahibidirlər, maddi ehtiyacları yoxdur. Amma mənəvi ehtiyacları var, sərvət itiriblər: maddi yox, mənəvi... Dağlarda qalan paklıq, saflıq, doğulduqları torpağın ətri, bir də... birki, gülə-çiçəyə bürünmüş abır-həya, anaların, nənələrin şalına düyünlənmiş ismət... Ən əsası, saf məhəbbət müjdəli, təravətli gözəllik.

"Qanı qanla yumazlar, qanı suyla yuyarlar" deyiblər. Torpaqlarımız azad olunacaq, biz də yurd-yuvamıza qayıdacağıq. Dağ çeşməli Tərtər bütün çirkabları təmizləyəcək, nahaq tökülmüş qanları duruldacaq, qisas qiyamətə qalmaz. Buna Azərbaycanın bugünkü hərbi və iqtisadi gücü, dövlətimizin apardığı düzgün siyasət və dünya arenasında atdığı humanist addımlar əsas verir.

Yaxşı övlad görmək hamının arzusudur. Amma yaxşı övlad sahibi olmaq hamıya nəsib olmur. Azərbaycan tarixən yaxşı övlad sahibi olub. Onun Heydər Əiyev kimi ulu öndəri olub, bu  gün isə Azərbaycanın gələcəyi üçün çalışan, ümummilli liderin uzaqgörən ideyalarının layiqli davamçısı, möhtərəm Prezident İlham Əliyevi var.

Bəli, biz əl-ələ verib, haqqı çağırıb torpaqlarımızı azad edəcəyik, Kəlbəcərdə görüşəcəyik!

 

Vəliyəddin MİSİROĞLU,

yazıçı-publisist

Azərbaycan.-2014.- 2 aprel.- S.6.