Kəlbəcərin işğalının 21-ci ildönümünə həsr

olunmuş anma mərasimi keçirilmişdir

 

 

Aprelin 2-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Kəlbəcər rayonunun işğalının 21-ci ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir.

AzərTAc xəbər verir ki, əvvəlcə mərasim iştirakçıları binanın foyesində Kəlbəcərlə bağlı hazırlanmış stendlərə və Tarix-Diyarşünaslıq Muzeyinin eksponatlarına baxmışlar.

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov “Kəlbəcər: Ermənistanın işğal etdiyi cənnətimiz” adlı məlumat kitabını təqdim etmişdir. Kitabda Kəlbəcər, rayonun tarixi abidələri, maddi-mədəni nümunələri, inzibati əraziləri, Ermənistanın hərbi təcavüzünün nəticələri və digər məlumatlar yer almışdır.

A.Məmmədov bildirmişdir ki, 1993-cü il aprelin 2-də Kəlbəcərin Ermənistan tərəfindən işğalı zamanı dinc əhaliyə vəhşicəsinə divan tutulmuş, yerli əhali min illər boyu yaşadığı ata-baba torpağından qovularaq didərgin salınmışdır. İşğal zamanı 511 nəfər şəhid olmuş, yüzlərlə insan girov götürülmüşdür.

Bildirilmişdir ki, Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul etmişdir. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb edilir. Lakin indiyədək həmin qətnamədən irəli gələn öhdəlik yerinə yetirilməmişdir.

Sonra “Kəlbəcər: Təbiətin möcüzəsi” adlı film nümayiş olunmuşdur.

Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov çıxış edərək bildirmişdir ki, bu gün ölkəmizin kifayət qədər güclü ordusu vardır. Prezident, Ali Baş Komandan İlham Əliyevin əmri ilə ordumuz hər an torpaqlarımızı azad edə bilər. Lakin Azərbaycan Prezidenti yenidən qan tökülməsini istəmədiyindən sülhə üstünlük verir. Əgər Ermənistan tərəfi qeyri-konstruktiv mövqeyini davam etdirərsə, dövlətimizin başçısı öz göstərişi ilə torpaqlarımızın azad olunması yolunu müəyyənləşdirəcəkdir.

Komitə sədri, həmçinin ölkəmizdə qaçqınlara və məcburi köçkünlərə, eləcə də kəlbəcərlilərə dövlət qayğısından danışmışdır. Bildirilmişdir ki, bu qəbildən olan insanların sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır və bu proses davam edir.

Əli Həsənov gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasının vacibliyinə toxunaraq bildirmişdir ki, bu proses ailədən, məktəbdən başlamalıdır.

Baş nazirin müavini əminliklə bildirmişdir ki, Azərbaycan bir gün mütləq öz ərazi bütövlüyünü təmin edəcəkdir.

Tədbirdə Kəlbəcər rayon ictimaiyyəti nümayəndələrinin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına müraciəti qəbul olunmuşdur.

Mərasim bədii hissə ilə davam etmişdir.

 

Azərbaycan.-2014.-3 aprel.-S.2.