Prezident veteran və əlillərin ən böyük

himayədarı olduğunu növbəti dəfə sübut etdi

 

Son 10 ildə ölkəmizdə əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Vətəndaşların rifah halının yaxşılaşdırılması ölkədə həyata keçirilən sosialyönümlü siyasətin əsas istiqamətlərindən biridir. Bu istiqamətdə görülmüş tədbirlər sistemində ünvanlılıq prinsipinə əməl edilmiş, aztəminatlı, eləcə də şəhid ailələri, xüsusi qayğıya ehtiyacı olanlar dövlətin diqqət və qayğısı ilə əhatə olunmuşlar.

Ümumiyyətlə, ölkədəki davamlı tərəqqi ən çox sosial müdafiəyə ehtiyacı olan təbəqənin zəruri tələbatlarını ödəmək üçün yeni imkanlar yaradır. Bu baxımdan əlil və şəhid ailələrinin mənzil və məişət şəraitinin yaxşılaşdırılması Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən dövlət siyasətinin mühüm prioritetlərindən biridir. Bu təbəqədən olan insanlar üçün müasir tələblərə cavab verən çoxmənzilli yaşayış binalarının tikilib istifadəyə verilməsi bunun əyani təsdiqidir. Dövlət başçısı tərəfindən imzalanan müvafiq fərman və sərəncamlara əsasən əlillərə ödənilən pensiya və müavinətlərin məbləği mütəmadi olaraq artırılır. Mart ayının 17-18-də dövlət başçısının imzaladığı üç fərman və bir sərəncam  müharibə veteranları, əlillər üçün əsl bayram sevinci oldu. Yeni fərmana əsasən, müavinətin aylıq məbləği I qrup müharibə əlillərinə 150 manat, II qrup müharibə əlillərinə 130 manat, III qrup müharibə əlillərinə 100 manat müəyyənləşdirildi. Bundan başqa, əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara əlavə olaraq 60 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edildi.

Dövlət başçısının imzaladığı sərəncama əsasən isə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriatmagistratura (tibb təhsilində əsas və rezidentura) təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqlarının təhsil müddəti ərzində təhsil haqqı 2014-2015-ci tədris ilindən etibarən dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

Azərbaycanda həyata keçirilən sosial siyasət ölkənin hər bir vətəndaşını əhatə edir. Dövlət başçısının müvafiq sərəncam və fərmanları ölkə ictimaiyyəti, o cümlədən müharibə veteranları, şəhid ailələri, müharibə əlilləri tərəfindən də yüksək qiymətləndirilir. Buna onlarla görüşümüzdə şahid olduq.

Söhbətimiz zamanı I qrup müharibə əlili Razi Həsənov bildirdi ki, dövlət başçısının bu fərmanları bütün müharibə əlilləri, onların ailəsi üçün əsl bayram hədiyyəsi oldu. Yüksək diqqət və qayğıya görə dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlığını bildirən Razi Həsənov əlavə edib ki, müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləğinin artırılması bu kateqoriyadan olan insanların sosial müdafiəsinin gücləndirilməsinə, onların həyat şəraitinin əsaslı şəkildə yaxşılaşdırılmasına xidmət edir: "Cənab İlham Əliyev öz fəaliyyətilə həmişə sübut edib ki, o, hər bir azərbaycanlının Prezidentidir. Dövlətimizin başçısı bütün vətəndaşlara qayğı göstərir, onların problemlərinin həlli istiqamətində ardıcıl işlər görür. Mənə dövlətimiz evavtomobil hədiyyə edib. İndi də təqaüdümüz artırıldı. Mən əlbəttə ki, dövlətimizin siyasətindən çox razıyam".

 II qrup müharibə əlili Ələkbər Ələkbərov isə bildirdi ki, Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı döyüşlərdə  sağlamlığını itirmiş vətəndaşların, həmçinin Böyük Vətən müharibəsi əlillərinin, hərbi borcunu yerinə yetirərkən əlil olmuş şəxslərin həyat səviyyəsinin yaxşılaşdırılması daim dövlətin diqqət mərkəzindədir. Prezidentin martın 17-də imzaladığı fərmanlar bunu bir daha sübut edir: "Çox sevindirici haldır ki, mütəmadi olaraq şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının, 20 Yanvar və Çernobıl əlillərinin müavinətləri artırılır, mənzil-məişət şəraitləri yaxşılaşdırılır, pulsuz müalicə və müayinələrin təşkili həyata keçirilir. Buna görə dövlət başçısı cənab İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk".

Veteran Taleh Əhmədov da Böyük Vətən müharibəsi iştirakçılarının, Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin sosial müdafiəsi sahəsində, onların sosial problemlərinin həlli istiqamətində mühüm işlərin görüldüyünü deyib. Dövlət başçısının bu sahədə həyata keçirdiyi siyasətdən məmnun olduğunu bildirən T.Əhmədov son 10 ildə Prezidentin fərman və sərəncamları ilə əlilliyə görə əmək pensiyalarının orta aylıq məbləğinin 9,6 dəfə, sosial müavinətlərin məbləğinin 3,7 dəfə artırıldığını xatırladıb. Dövlətin əlil, veteran və şəhid ailələrinə, Milli Qəhrəmanların ailə üzvlərinə göstərdiyi qayğı və diqqətdən söz açan veteran deyib ki, ötən ilin avqustunda Milli Qəhrəmanların ailə üzvlərinin pensiyasının baza hissəsi 30 manat artırılaraq 200 manata, şəhid ailəsi üzvlərinin pensiyasının baza hissəsi isə 27 manat 75 qəpik artırılaraq 185 manata çatdırılıb.

II qrup müharibə əlili İsgəndər Zeynalov isə vurğuladı ki, Azərbaycanda həyata keçirilən sosial siyasət ölkənin hər bir vətəndaşını əhatə edir. Müharibə əlilləri və şəhid ailələrinə göstərilən diqqət və qayğı da bu qəbildəndir. O bildirdi ki, Azərbaycan müharibə vəziyyətindədir. Belə bir şəraitdə gənclərimizin vətənpərvər ruhda yetişməsi önəmli amillərdən biri və ən başlıcasıdır. Dövlətimizin bunu nəzərə alaraq şəhid ailələrinin mənzil və məişət problemlərinin həllini öz üzərinə götürməsi təqdirəlayiq haldır.

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2014.-3 aprel.-S.4.