Ağdaşda yeni istehsal müəssisələri yaradılır

 

 

Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı yekun nitqində ölkənin sənaye potensialından söz açan Prezident İlham Əliyev demişdir: "Hesab edirəm ki, bu il ölkəmizin gələcək inkişaf dinamikasını müəyyən edən sənaye sahəsinə daha da böyük diqqət verilməlidir. Texnoparklar, yeni sənaye müəssisələri, ixracyönümlü sənaye məhsullarının istehsalı, emal müəssisələrinin, böyük sənaye komplekslərinin yaranması - bütün bu işlər ölkəmizin gələcək inkişafını təmin edəcək, neft-qaz amilindən asılılığı daha da azaldacaq və ölkə iqtisadiyyatının dayanıqlı şəkildə inkişafını müəyyən edəcəkdir".

Bütün bu amilləri nəzərə alan dövlət başçısı 2014-cü ili "Sənaye ili" elan etdi.  Ağdaş rayonunda olarkən bu istiqamətdə görüləcək işlərlə maraqlandıq. Onu da qeyd edək ki, Ağdaşda sənayenin inkişafı XIX əsrə təsadüf edir. Rayonun ərazisinin tranzit dəhliz baxımından əlverişli olması, buradakı karvansaralar, texniki bitkilərin becərilməsi sahəsində əldə edilən təcrübə, nəhayət, 1883-cü ildə Bakı-Tiflis dəmir yolunun çəkilməsi Ağdaşın əhəmiyyətini daha da artırmış, burada yeni emal sahələrinin yaradılmasına səbəb olmuşdur. XX əsrin əvvəllərinədək Ağdaşda pambıq zavodu fəaliyyət göstərirdi. Məhz buna görə də Qafqaz pambıqçılarının ilk qurultayının 1904-cü ildə Ağdaşda keçirilməsi təsadüfi deyildi.

Pambıqdan başqa Ağdaş digər ənənəvi məhsulları ilə də bölgədə məşhur olmuşdur. O zamanlar nəşr olunan "Qafqaz" qəzeti yazırdı: "Ağdaş Marselə və İtaliyaya göndərilən həm bütün xam ipəyi, həm də baramanı özündə cəmləşdirən mərkəz idi". Ləkidə 1886-cı ildə tikilən biyan kökü emalı zavodunun istehsal etdiyi lakritsa boyasının AmerikaFransaya ixrac olunması, yüz min pudlarla qoz-fındıq və meyvənin tədarük edilərək dəmir yolu vasitəsilə xarici bazarlara daşınması Ağdaşın əhəmiyyətini günbəgün artırır, bölgəyə xarici investisiya axınını gücləndirirdi. Bu sahədə polyak və fransız adamlarının üstün mövqelərə malik olması xüsusilə diqqətçəkəndir.

Hazırda Ağdaş şəhərindəki mövcud tarixi binaların dam örtüyünü bəzəyən kirəmitlərin üzərində "Les Freres Roux" ("Ru qardaşları") fransız şirkətinə məxsusluğu bildirən emblemin yazılması Azərbaycan-Fransa iqtisadi münasibətlərinin tarixi baxımından da böyük maraq doğurur.

Keçən əsrin 90-cı illərində sovetlər birliyinin süqutundan sonra rayonda olan sənaye müəssisələrinin əksəriyyətinin xammal, ehtiyat hissələri, satış bazarının olmaması səbəbindən fəaliyyəti dayanmışdı. Ümummilli lider Heydər Əliyevin sahibkarlığın inkişafına təkan verən 1990-2001-ci illərdəki müvafiq sərəncamları, Sahibkarlığa Kömək Milli Fondunun yaradılması, sahibkarlığın inkişafının dövlət siyasətinin mühüm hissəsi kimi qəbul edilməsi Ağdaşda da sənayenin inkişafının canlanmasına, yeni sənaye sahələrinin yaradılmasına səbəb olmuşdur. Ulu öndərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin "Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında" 6 iyul 2006-cı il tarixli sərəncamı sahibkarlığın inkişafına yersiz müdaxilələrin, süründürməçilik hallarının aradan qaldırılması sahəsində mühüm rol oynamışdır.

Prezident İlham Əliyevin 2006-cı il 14 dekabr tarixli sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondu haqqında Əsasnamə"nin və "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitin istifadəsi qaydaları" ilə sahibkarlığın inkişafına dövlət dəstəyinin artırılması məqsədilə Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyət mexanizmi dəyişdirilərək regionlarda fondun nümayəndəliklərinin yaranması, güzəştli kreditlərin verilməsi bu sahədəki inkişafı təmin edən amillərdəndir.

Bütün bunlar isə sənaye sahəsində yeni sahibkarlıq sahələrinin yaranmasına imkan vermişdir. Ötən dövrdə Ağdaşda sənayenin yeni sahələri yaranmağa başlamışdır. Rayonda sənaye ehtiyatı 1 milyon 500 min kubmetr olan Kükəl, sənaye ehtiyatı 2 milyon 197 min kubmetr olan Xaldan gil yataqları, sənaye ehtiyatı 10 milyon 957 min kubmetr olan Türyançay qum-çınqıl yatağı mövcuddur. Kükəl gil yatağından istifadə etməklə kərpic istehsal edən və fəaliyyəti, demək olar ki, dayanmış Kükəl Kərpic Zavodunun inventar-avadanlıqları müasirləşdirilərək fəaliyyəti bərpa edilmişdir. Rayonda "ORELAY" şirniyyat istehsalı müəssisəsi yaradılmış və müəssisənin yeni istehsal sahələri açılmışdır. Sahibkarlığa Kömək Milli Fondunun ayırdığı 1,5 milyon manat güzəştli kredit hesabına müəssisədə respublikada yeganə olan meyvə qurusu istehsalı sahəsi yaradılmışdır. Aldığımız məlumata görə, son 10 ildə rayonda sənaye məhsulu istehsalı 3,8 dəfə artaraq 7 milyon 32 min manata çatmışdır. Bu dövrdə rayonda sənayenin qeyri-ənənəvi növü olan mebel istehsalı, müxtəlif şirniyyat və çörək-bulka, plastik qapı-pəncərə istehsalı sahələri yaradılmış, 200-dən çox yeni yeri açılmışdır.

Ötən il rayonda sənayenin yenimövcud xammal ehtiyatlarından daha səmərəli istifadə olunması məqsədilə müasir sənaye sahələrinin yaradılmasına başlanılmışdır. Bu baxımdan sənaye ehtiyatı 10 milyon 957 min kubmetr olan Türyançay qum-çınqıl yatağından istifadə etməklə beton istehsalı müəssisəsi yaradılmışdır. Ölkədə istehsalın həcminə və çeşidinə görə yeganə olacaq qarışıq yem istehsalı müəssisəsinin, biyan emalı müəssisəsinin yaradılmasına da başlanmışdır. Hazırda qarışıq yem istehsalı müəssisəsinin tikintisində son tamamlama işləri görülür. Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti ilə rayonda heyvandarlıq məhsullarının sənaye üsulu ilə istehsalının təməli qoyulmuşrayonun Ərəbocaq kəndində 1200 başlıq müasir tipli heyvandarlıq kompleksi və 80 başlıq atyetişdirmə məntəqəsi istifadəyə verilmişdir. Heyvandarlıq kompleksinə Macarıstan Respublikasından bugünədək 900 başdan çox ətlik və südlük istiqamətli mal-qara gətirilmişdir.

Həmin müəssisələrin işə düşməsi nəticəsində rayonda daha 250 daimi yerinin açılması gözlənilir.

"Sənaye ili" təzə başlasa da, ağdaşlılar çalışırlar ki, indidən uğurların əsasını qoymaqla ölkə iqtisadiyyatına, onun sənaye potensialının artırılmasına öz layiqli töhfələrini versinlər.

 

T.NƏZƏRLİ,

Azərbaycan.-2014.-3 aprel.-S.8.