Barat Şəkinskayanın 100 illik yubileyinin keçirilməsi haqqında

                       Azərbaycan Respublikası Prezidentinin

                                                    Sərəncamı

 

2014-cü ilin iyun ayında böyük səhnə ustası, Azərbaycan teatrkino sənətinin görkəmli nümayəndəsi, respublikanın xalq artisti Barat Həbib qızı Şəkinskayanın anadan olmasının 100 illiyi tamam olur.

 

Fitri istedada malik aktrisa Barat xanım Şəkinskaya Azərbaycanın zəngin mədəniyyət xəzinəsində layiqli yer tutan rəngarəng xarakterli obrazlar qalereyası yaratmışdır. Özünün bu gün də sevilən çoxsaylı qəhrəmanları ilə o, milli teatr tarixində azərbaycanlı qadın aktyor obrazını formalaşdırmış ilk sənətkarlardandır.

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan mədəniyyətinin inkişafında təqdirəlayiq xidmətlər göstərmiş xalq artisti Barat Şəkinskayanın 100 illik yubileyinin keçirilməsini təmin etmək məqsədilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi xalq artisti Barat Şəkinskayanın 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

                                                                                                                                                                   İlham Əliyev

                                                                                                                       Azərbaycan Respublikasının Prezidenti

                                                                                                                       Bakı şəhəri, 3 aprel 2014-cü il.

 

Azərbaycan.- 2014.- 4 aprel.- S.1.