Qarşılıqlı etimada əsaslanan əməkdaşlıq

 

Prezident İlham Əliyev: "Bu gün dünyada ikinci belə

 ölkələr tapılmaz ki, bir birinə Türkiyə-Azərbaycan kimi yaxın olsunlar"

 

Dünya təcrübəsində tarixi-etnik köklərlə, eyni dil qrupu, ənənə və dəyərlərlə bir-birinə yaxın olan xalqların vahid ideya birliyi və həmrəyliyi ilə bağlı çoxsaylı nümunələr gətirmək mümkündür. Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu xarici siyasət nəticəsində bu gün Azərbaycan-Türkiyə münasibətləri analoqu olmayan strateji müttəfiqlik səviyyəsinə yüksəlib.

Azərbaycan dövlət müstəqilliyi qazandıqdan sonra Türkiyə ilə münasibətləri tarixi təməl üzərində sürətlə inkişaf etmiş, qısa müddətdə bənzəri olmayan müttəfiqlik zirvəsinə qalxmışdır. İki ölkə arasında münasibətlərin əlahiddə xarakteri həm də onunla şərtlənir ki, qardaş Türkiyə Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan, kifayət qədər çətin və mürəkkəb şəraitdə belə eyni mövqedən çıxış edən ölkələr olmuşdular. İki dost ölkə arasında strateji müttəfiqlik münasibətləri ötən müddətdə ən yüksək pilləyə yüksəlmiş, əbədi və dönməz xarakter almışdır.

Xalqlarımızın dil, din, mədəniyyət, mənəvi dəyərlər baxımından yaxınlığı, eyni zamanda ortaq tarixə malik olması rəsmi Ankara ilə Bakının əlaqələrinə təsir göstərən mühüm amillərdən biridir. İki ölkə arasında bütün sahələrdə əlaqələr uğurla inkişaf edir, ikitərəfli münasibətlərdə qarşılıqlı inametimad çalarları getdikcə güclənir. Dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri ölkələrimiz arasında əməkdaşlığın ildən-ilə güclənməsinə mühüm təsir göstərmişdir. Bu səfərlər ölkələrarası əlaqələrin inkişafına yeni imkanlar açır. Qarşılıqlı səfərlər zamanı iki ölkə arasında ən müxtəlif sahələri əhatə edən birgə sazişlərin imzalanması dövlətlərimiz arasında əməkdaşlığın inkişafına böyük töhfə vermişdir.

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın bu günlərdə Azərbaycana işgüzar səfəri də iki ölkə arasında əməkdaşlığın bütün sahələr üzrə uğurla inkişaf etdiyini bir daha təsdiq etdi. Dövlət başçısı İlham Əliyev və Türkiyə Respublikasının Baş naziri  Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüşdə iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə dərinləşməsindən məmnunluq bir daha ifadə edildi. Bu səfərin ölkələrimiz arasında ikitərəfli münasibətlərin daha da genişlənməsi baxımından önəmi vurğulandı.

Türkiyə Baş nazirinin Azərbaycana növbəti səfəri bir daha təsdiq etdi ki, ölkələrimiz arasında əlaqələr tarixi-siyasi zəmin üzərində inkişaf etməklə bütövlükdə regionun siyasi taleyinin və gələcək inkişaf perspektivlərinin müəyyənləşməsində mühüm rol oynayır. Birmənalı demək olar ki, bu gün bölgədə Türkiyə və Azərbaycanın iştirakı olmadan hər hansı layihəni gerçəkləşdirmək mümkün deyildir. Cənubi Qafqaz kimi mürəkkəb geosiyasi məkanda təhlükəsizlik problemlərinin birgə həlli, sülhün, sabitliyiniqtisadi inkişafın təmin olunması zərurəti iki türkdilli dövləti daha da sıx birləşməyə sövq edir. Azərbaycanın regiondakı rolunun artması, eyni zamanda Türkiyənin dünya iqtisadiyyatında mühüm mövqelərə çıxması iki dövlət arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsini zəruri edir.

Prezident İlham Əliyev Azərbaycan və Türkiyə arasındakı mövcud münasibətləri belə xarakterizə edib: "İlk növbədə əziz qardaşım, Sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz. Bu, bələdiyyə seçkilərindən sonra Sizin ilk səfərinizdir. Biz çox şadıq ki, ilk səfəriniz məhz Azərbaycana olan səfərdir. Mən də xatırlayıram ki, keçən il prezident seçkilərindən sonra ilk xarici səfərimi qardaş Türkiyəyə etmişəm. Bu ənənə yaşayır, yaşayacaqdır və bir daha Türkiyə-Azərbaycan əlaqələrinin nə qədər yüksək səviyyədə olmasını göstərir.

Fürsətdən istifadə edərək rəhbərlik etdiyiniz partiyanı bələdiyyə seçkilərində qazandığı böyük qələbə münasibətilə bir daha ürəkdən təbrik etmək istəyirəm. Bu qələbə bir daha Sizin gördüyünüz işlərə türk xalqı tərəfindən verilən yüksək qiymətdir. Sizin rəhbərliyinizlə son illərdə Türkiyə böyük və şərəfli yol keçmişdir. Türkiyənin iqtisadi, siyasi, sənaye potensialı böyük dərəcədə artmışdır. Türkiyə bu gün böyük 20-lərin sırasındadır. Dünyanı bir neçə il bundan əvvəl bürümüş iqtisadi və maliyyə böhranı Türkiyəyə heç bir təsir etməmişdir. Çünki Türkiyənin Sizin kimi rəhbəri vardır. Müdrik, öz xalqını sevən, xalqa bağlı olan lider var ki, Türkiyəni bu yolla irəliyə aparır.

Biz Türkiyənin uğurlarını öz uğurlarımız kimi qəbul edirik. Bütün uğurlara sevinirikçox şadıq ki, bu gün Türkiyə-Azərbaycan əlaqələri dinamik inkişaf dövrünü yaşayır. Biz bütün sahələrdə qardaş, dost kimi birgə fəaliyyət göstəririk. Bugünkü səfər əsnasında apardığımız danışıqlar və etdiyimiz söhbətlər bir daha bizim birliyimizi təsdiq edir. Biz siyasi sahədə müttəfiqik. Bu gün dünyada ikinci belə ölkələr tapılmaz ki, bir-birinə Türkiyə-Azərbaycan kimi yaxın olsunlar".

Strateji müttəfiq ölkələr müxtəlif beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini dəstəkləyir, ortaq maraqlardan çıxış edirlər. BMT, Avropa Birliyi, ATƏT və Avropa Şurasında ölkələrimiz vahid mövqedən çıxış edirlər. Rəsmi Ankara bütün beynəlxalq toplantılarda Azərbaycanın haqlı mövqeyini müdafiə edərək Ermənistanın işğal etdiyi tarixi Azərbaycan torpaqlarını dərhal və qeyd-şərtsiz azad etməsi tələbini irəli sürür.  

Baş nazir Rəcəb Tayyib Ərdoğan bildirib: "Fikir verirsinizsə, Azərbaycan ilə Türkiyə arasındakı yüksək səviyyəli səfərlər son vaxtlarda daha da artmağa başlamışdır. İstər prezidentlər arasındakı, istər Baş nazir, nazirlər arasındakı görüşlər hər keçən gün daha da artaraq davam edir. Bunlar bundan sonra da tərəddüdsüz şəkildə davam edəcəkdir. Bizim bu məsələdəki qətiyyətimiz həmişəki kimi, eyni şəkildə davam etməkdədir.

Təbii ki, bu gün aramızda yenə Qarabağ məsələsini müzakirə etmək imkanımız oldu. Bunu təkrar aramızda müzakirə etdik və Dağlıq Qarabağ mövzusunda biz bu günə qədər necə bir qətiyyət, mövqe göstərmişiksə, bundan sonra da yenə eyni qətiyyətli mövqedə olmaqda davam edəcəyik. Burada güzəştə getməyimiz əsla müzakirə mövzusu ola bilməz".

Türkiyə regionda güvənməli həqiqi müttəfiqinin məhz Azərbaycan olduğunu yaxşı bilir. Türkiyənin Baş nazirinin ölkəmizə işgüzar səfərinin yekunları dövlətlərimiz arasında əlaqələrin qarşılıqlı etimad əsasında inkişaf etdiyini bir daha təsdiqlədi.

 

Elnur HACALIYEV,

Azərbaycan.-2014.- 6 aprel.- S.1.