Balanslaşdırılmış siyasətdən müstəqil siyasətə

 

 

Azərbaycanın beynəlxalq münasibətlər sisteminin

 formalaşması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır

 

1991-ci ilin sonlarına yaxın dövlət müstəqilliyini yenidən bərpa edərək suveren yaşam haqqını qazanan Azərbaycan mühüm geostrateji mövqeyi və təbii sərvətlərlə zəngin olması baxımından ilk günlərdən beynəlxalq güclərin maraqlarının toqquşduğu məkan kimi diqqəti çəkməyə başladı. Bütün bunlar o dövrdə Azərbaycan hakimiyyətindən siyasi fəaliyyətin digər aspektləri kimi xarici siyasətdə də uzaqgörənlik və çeviklik tələb edirdi. Bununla yanaşı, dünya miqyasında mürəkkəb və ziddiyyətli geosiyasi proseslərin baş verməsi də xarici siyasətdə müdrik və yaradıcı yanaşmanı zəruri edirdi. Lakin təəssüflə qeyd etməliyik ki, həmin dövrdə ölkəyə rəhbərlik edən şəxslərin yarıtmaz siyasəti ucbatından Azərbaycan geosiyasi baxımdan təcrid olunmuş, dövlət müstəqilliyimizin gələcəyi isə sual altına düşmüşdü.

 

Heydər Əliyev Azərbaycanın xarici siyasətini geosiyasi və tarixi şəraitə uyğun müəyyənləşdirdi

 

Vəziyyət 1993-cü il iyunun 15-dən sonra dəyişməyə başladı. Bu, Naxçıvandan Bakıya dəvət edilən ümummilli lider Heydər Əliyevin Azərbaycan Ali Sovetinin Sədri seçildiyi gün idi. Ulu öndər qısa zamanda uzaqgörən gedişlərlə faktiki olaraq Azərbaycanın xarici siyasət kursunu sistemləşdirdi və zamanın tələbləri səviyyəsinə qaldırdı. İndi hər kəsin haqqında danışdığı balanslaşmış xarici siyasət kursu o zaman yaranmağa başladı. Ulu öndər Heydər Əliyev Azərbaycanın xarici siyasət kursunun əsas istiqamətlərini konkret geosiyasi və tarixi şəraitə uyğun müəyyənləşdirdi. Əvvəla, nəzərə alındı ki, qlobal səviyyədə geosiyasi mühit Qərbin xeyrinə ciddi surətdə dəyişib. İkincisi, Rusiya ilə əlaqələri kəsmək tarixi gerçəklik baxımından perspektivsizdir. Üçüncüsü, Türkiyə məlum səbəblərdən bölgədə strateji tərəfdaş olmalıdır. Dördüncüsü, İran qonşumuz kimi xarici siyasətdə yer almalıdır. Beşincisi, strateji istiqamət olaraq Qərbə inteqrasiya xətti götürülməlidir. Bununla da, balanslaşmış xarici siyasət dərin təhlil əsasında dəqiq hesablanmış siyasi proqnozlara uyğun olaraq quruldu. Bu siyasətin mərkəzində güclü Azərbaycan dövləti və demokratik cəmiyyət yaratmaq dururdu.

Ulu öndər Heydər Əliyev bu konsepsiyanın fonunda Azərbaycanın regionda olan bütün dövlətlərə yönəlik xarici siyasətini müəyyənləşdirdi. Beləliklə, ölkəmizin yaxın və uzaq tarixi keçmişi, üzləşdiyi geosiyasi reallığı dərindən təhlil edilərək formalaşdırılan xarici siyasət strategiyası respublikamızın milli maraqlarının aydın və dəqiq şəkildə müəyyən edilməsini, bərabərhüquqlu, daxili işlərə qarışmamaq və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında qonşu dövlətlər və dünya birliyi ilə mehriban münasibətlərin qurulmasını müəyyənləşdirdi. Eyni zamanda, Avratlantik inteqrasiya xəttinin tutulmasını, uğurlu enerji və nəqliyyat infrastrukturları diplomatiyası vasitəsilə uzunmüddətli perspektivdə davamlı inkişafın əldə edilməsini, ən əsası isə Ermənistanın Azərbaycana qarşı təcavüzünün məhəlli səviyyədən çıxarılmasını, işğalın nəticələrini aradan qaldırmaq üçün Ermənistana qarşı beynəlxalq siyasi təzyiqin gücləndirilməsini və son hədəf olaraq Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığının təmin olunmasını özündə ehtiva etdi.

Heydər Əliyevin müəyyən etdiyi xarici siyasətin əsas istiqamətlərindən biri ölkənin pozulmuş ərazi bütövlüyünü təmin etməkdir. Bu barədə ulu öndər 1993-cü il oktyabr ayında Prezident seçilməsi ilə bağlı andiçmə mərasimində demişdi: "Respublikamızın qarşısında duran əsas vəzifələrdən biri Azərbaycanın mənafeyini dünya miqyasında müdafiə edə bilən ağıllı, səriştəli xarici siyasətin yeridilməsidir. Qarşıda böyük vəzifələr durur. Bizim xarici siyasətimiz birinci növbədə Azərbaycanın dövlət müstəqilliyini təmin etməyə yönəldilməlidir".

Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət kursunun, beynəlxalq miqyasda ölkəmizin mövqelərinin güclənməsini uğurla təmin etməsi antiazərbaycançı və ermənipərəst dairələri narahat edirdi. Onların sifarişi ilə 1994-1995-ci illərdə Azərbaycanda dövlət çevrilişinə, ölkəni yenidən xaosa sürükləməyə cəhdlər edildi. Bu çevrilişlərin ssenariləri xaricdə hazırlanmışdı və təbii ki, sözəbaxan hakimiyyət formalaşdırmaq işi heç bir siyasi əxlaq normasına sığmır. Azərbaycanı əhatə edən böyük dövlətlərin, hətta min kilometrlərlə uzaqda olanların öz ambisiyaları vardı. Onlar bilirdilər ki, Azərbaycana nəzarət etmək bütövlükdə Cənubi Qafqaza nəzarət etmək demək idi.

Bütün bu məqamlarda Heydər Əliyevin siyasi-diplomatik peşəkarlığı, nüfuzu, böyük rəhbər və insan kimi güclü iradəsi həlledici rol oynadı. Bütün məkrli planlar iflasa məhkum oldu. Azərbaycanı yolundan döndərmək mümkün olmadı. Heydər Əliyev şəxsiyyətinin məkrli planları iflasa uğratması Azərbaycana iki istiqamətdə strateji dividend verdi. Birincisi, Qərb Azərbaycanın strateji əməkdaşlığa hazır olduğunu gördü. İkincisi isə Azərbaycan bu strateji əməkdaşlığın imkanlarından yararlanaraq öz iqtisadiyyatının gələcək inkişafını təmin etmək imkanı qazandı. 1995-ci ilin martında növbəti dövlət çevrilişi cəhdinin qarşısı alınandan sonra Qərblə əməkdaşlıq sazişlərinin bağlanması yolları tam açıldı.

 

Enerji faktoru - xarici siyasətdə güclü amil

 

Müasir dünyanı ciddi problemlər narahat edir. Geniş mənada bunlar bəşəriyyətin yaşamaq uğrunda mübarizəsi, dünya sivilizasiyasının nailiyyətlərinin qorunub saxlanması ilə bağlıdır. Məsələn, dünyanın ən aktual məsələlərindən biri enerji təhlükəsizliyi problemidir. Azərbaycan isə mühüm enerji ixracatçısıdır. Bu mənada Azərbaycan dövlətinin bu sahədə real imkanları onun xarici siyasətini lövbər kimi saxlayır, ona özünəməxsus məna və dəyər verir. Ölkəmizin enerji baxımından əhəmiyyəti həyat tərzimizi, təsisatlarımızı qoruya bilən müstəqil xarici siyasət həyata keçirməyə imkan verir və bununla da, millətin öz məqsədlərinə çatmaq hüququnun aliliyini təmin edir.

Heydər Əliyevin 1993-cü ildə ölkəyə rəhbərliyə başlamasından sonra Azərbaycan enerji faktorunu xarici siyasətin aktual məsələsinə çevirməklə özünün təhlükəsizliyini regional və beynəlxalq təhlükəsizlik sistemi ilə sıx əlaqələndirdi. Azərbaycan enerji amilini xarici siyasətinin əsas elementlərindən birinə çevirməklə həm də regional və qlobal səviyyədə cərəyan edən geosiyasi və geoiqtisadi proseslərin mahiyyətini dəqiq qiymətləndirdiyini sübuta yetirdi. Bu məqam indi də xarici siyasətdə güclü bir vasitə kimi öz pozitiv rolunu oynamaqdadır.

1993-cü ilin ikinci yarısından Azərbaycan sistemli bir xarici siyasət kursu götürdü. Onun tərkibində qlobal geosiyasi mühitin nəbzini tutan, beynəlxalq münasibətlər sistemində dövlətimiz üçün əlverişli şərait yaradan, ölkənin bütün regionlarda yerləşən dövlətlərlə əməkdaşlığını təmin edən istiqamətlər var. Bununla yanaşı, həmin kursda bazar iqtisadiyyatına keçid qarşısında yaradılan əngəllərin aradan qaldırılmasını və insan haqlarına əməl olunmasını təmin edəcək prioritetlər yer almışdı.

 

Xarici siyasətin hücum strategiyası

 

Qloballaşan və dəyişən dünya nizamı da hər ölkəyə müstəqil siyasət yeritməyə imkan vermir. Beynəlxalq münasibətlər sistemində baş qaldıran təbəddülatlar, iqtisadi böhran, enerji təhlükəsizliyi məsələlərinin getdikcə daha aktual şəkil alması, bir sıra ölkələri həyata keçirdikləri siyasətə yenidən baxmağa vadar edir. Bəzən həmin ölkələr həyata keçirdikləri siyasəti kənar təsirlərlə uzlaşdırmaq, müəyyən diktələri qəbul etmək məcburiyyətində qalırlar.

Hazırda postsovet ölkələrin əksəriyyətində bu mənzərəni görmək mümkündür. Onlardan fərqli olaraq Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin tamamilə müstəqil olması hazırda bütün dünyanın qəbul etdiyi reallıqdır. Ulu öndərin əsasını qoyduğu siyasi kursu layiqincə davam etdirən, dəyişən dünyanın yeni çağırışlarına uyğunlaşdıraraq daha da zənginləşdirən Prezident İlham Əliyevin hələ illər öncə dediyi "Azərbaycanla təzyiq dilində danışmaq olmaz" ifadəsi real həyatımızda, ölkəmizin xarici siyasətində hər an öz təsdiqini tapmaqdadır.

Qeyd etdiyimiz ki, Azərbaycanın xarici siyasətinin başlıca məqsədlərindən biri ərazi bütövlüyümüzün bərpa olunmasıdır. Ona görə Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması xarici siyasətimiz qarşısında duran vəzifə və tapşırıqlar sırasında prioritet yer tutur. Xarici siyasətimiz qarşısında hücum strategiyasını müəyyən edən Prezident İlham Əliyev həm də erməni yalanlarının ifşa edilməsi və dünya miqyasında yayılması istiqamətində Azərbaycan diplomatları qarşısında ciddi tapşırıqlar qoyub.

Ümumiyyətlə, qeyd olunmalıdır ki, Ermənistanın hərbi təcavüzü şəraitində Azərbaycanın ümumi inkişafı və xarici siyasət strategiyası yüz ildən artıq bir dövr ərzində erməni ideoloqları tərəfindən formalaşdırılan böyük bir xülyanı tamamilə boşa çıxarıb. Məhz Azərbaycan dövlətinin güclənməsi fonunda erməni lobbisinin ölkəmizə qarşı təxribatlarının qarşısı alınır və yalanları ifşa olunur. Erməni lobbisinin sıx cəmləşdiyi ölkələrdə belə Azərbaycan həqiqətlərt siyasi-ictimai dairələrə sirayət edir.

 

Heç vaxt müstəqilliyimiz bu qədər möhkəm olmamışdır

 

Azərbaycanın xarici siyasətdəki uğurlarını digər istiqamətlərdə də görmək mümkündür. Ölkəmizin beynəlxalq təhlükəsizlik məsələlərində ortaya qoyduğu fəal və aparıcı mövqe Azərbaycanın sözün əsl mənasında, müstəqil dövlət olduğunu təsdiq edir. Prezident İlham Əliyevin dediyi kimi, əməkdaşlıq meydanı olan Azərbaycanın beynəlxalq sanksiyalarla üzləşmiş İranla bağlı baxışları dövlətimizin müstəqil, kənar təsirləri və təzyiqləri qəbul etməyən siyasət yeritməsinin göstəricisidir. Azərbaycanda xarici hərbi bazanın olmaması da ölkə rəhbərliyinin həyata keçirdiyi siyasətin müstəqilliyinin təsdiqidir. Bir müddət əvvəl Qəbələ Radiolokasiya Stansiyası ilə bağlı cərəyan edən proseslər də nəticə etibarilə Azərbaycanın öz maraqlarını əsas tutan xarici siyasət həyata keçirdiyini ortaya qoydu. Azərbaycanın 2012-2013-cü illər üçün BMT TŞ-nin üzvü seçilməsi də Prezident İlham Əliyevin yeni dövrün çağırışlarına uyğun həyata keçirdiyi uğurlu, düşünülmüş və məqsədyönlü xarici siyasətinin göstəricisi idi. Müstəqil siyasətin nəticəsidir ki, Azərbaycan region ölkələrini və dünyanın iri şirkətlərini cəlb edərək "Əsrin müqaviləsi" ilə müqayisə olunan "Şahdəniz-2" üzrə yekun investisiya qərarını imzaladı.

Ötən ilin noyabrında Litvanın paytaxtı Vilnüsdə keçirilən Avropa İttifaqının III "Şərq tərəfdaşlığı" sammiti də iştirakçı dövlətlərin yeritdiyi siyasətin mahiyyətini ortaya qoydu. Bir daha aydın oldu ki, Ermənistan kimi dövlətlər siyasi boyunduruq altındadır və ermənilər sammitdən heç nə ilə faydalana bilmədilər. Azərbaycana gəldikdə isə artıq uzun illərdir ki, bütün dünyanın qəbul və etiraf etdiyi bir reallıq növbəti dəfə öz təsdiqini tapdı. Bütün dünya bir daha gördü ki, Azərbaycan dövləti xarici siyasətdə elan etdiyi prioritetlərə uyğun olaraq dünyanın ayrı-ayrı subyektləri ilə özünün siyasi və iqtisadi əməkdaşlığını tamamilə bərabərhüquqlu tərəfdaşlıq formatında qurur. Beləliklə, Vilnüs sammiti Azərbaycanın müstəqil siyasət yürütdüyünü bir daha nümayiş etdirdi.

Azərbaycanın qətiyyətli xarici siyasət kursu region səviyyəsində pozitiv geosiyasi dəyişiklikləri sürətlə stimullaşdırır. Azərbaycan Cənubi Qafqazın lider dövləti olaraq yalnız əməkdaşlıq və inteqrasiya istiqamətində fəaliyyət göstərir. Lakin ölkəmiz yeni beynəlxalq enerji layihələri, iqtisadi əməkdaşlıq proqramları və mədəniyyətlərarası dialoqa xidmət edən tədbirlər həyata keçirdikcə antimilli qüvvələrin, antiazərbaycançı şəbəkənin təxribatçılıq hərəkətləri də müşahidə olunur. Lakin bütün bu təhdidlərə baxmayaraq, Azərbaycanı öz yolundan döndərmək və nəyəsə vadar etmək mümkün deyil. Məhz bu amil müstəqilliyimizin üstünlüklərini göstərir.  Ötən il noyabrın 19-da Prezident İlham Əliyev andiçmə mərasimində bu barədə deyib: "Azərbaycan xalqı öz taleyinin sahibidir və Azərbaycan heç vaxt tarixdə bu qədər güclü olmamışdır. Heç vaxt müstəqilliyimiz bu qədər möhkəm olmamışdır. Biz hamımız bundan sonra da çalışmalıyıq və çalışacağıq ki, ölkəmizi inkişaf etdirək, müstəqilliyimizi əbədi, dönməz edək".

İndi dünyada geosiyasi situasiya elə dəyişir ki, hər bir dövlət nəinki müstəqil xarici siyasət yeritməyə, hətta öz maraqlarını qorumağa qadir olmalıdır. Azərbaycanın bugünkü inkişaf templəri, dünya birliyindəki yeri və nüfuzu, beynəlxalq münasibətlər sistemindəki mövqeyi ölkəmizin tam müstəqil xarici siyasət yeritdiyini, özünün milli maraqlarını uğurla qoruduğunu təsdiq edir.

 

(Yazı Azərbaycan Mətbuat Şurasının "Azərbaycan beynəlxalq münasibətlər sistemində" mövzusunda keçirdiyi müsabiqəyə "Azərbaycanın beynəlxalq münasibətlər sistemi və Heydər Əliyev şəxsiyyəti" istiqaməti üzrə təqdim edilir.)

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2014.- 6 aprel.- S.2.