Saratovda görkəmli Azərbaycan yazıçısı İsmayıl

Şıxlıya həsr edilmiş tədbir keçirilmişdir

 

Rusiyanın Saratov vilayətində görkəmli Azərbaycan yazıçısı İsmayıl Şıxlının 95 illiyinə həsr edilmiş tədbir keçirilmişdir.

"Volqapromstroybezopasnost" elmi-texniki mərkəzinin prezidenti, məşhur azərbaycanlı alim və mühəndis Rafael Qəribovun təşəbbüsü ilə təşkil edilmiş yubiley gecəsində hər iki ölkənin yazıçıları, şairləri, ictimaisiyasi xadimləri iştirak etmişdir.

Professor Əli Hüseynov tədbir iştirakçılarına İsmayıl Şıxlının həyat və fəaliyyəti barədə məlumat vermişdir. O demişdir: "İsmayıl Şıxlı məşhur Şıxlinskilər nəslindən idi. Böyük sərkərdə, Rus İmperator Ordusunun general-leytenantı, rus-yapon müharibəsində əsl qəhrəmanlıq göstərmiş Əliağa Şıxlınski, XVIII əsrin tanınmış şairi, Tiflisdə yaşayıb yaratmış Kazımağa Şıxlınski, görkəmli şair, mayor Mustafa Ağa Şıxlınski və bir sıra başqa məşhur şəxsiyyətlər bu nəslin nümayəndələri olmuşlar".

Ə.Hüseynovun sözlərinə görə, XX əsr Azərbaycan ədəbiyyatını İsmayıl Şıxlısız təsəvvür etmək qeyr-mümkündür. "Dəli Kür" əsəri adi ədəbi roman deyil. Bu kitab azərbaycanlıların çoxu üçün müəyyən mənada abır-həya, əxlaq ensiklopediyası rolunu oynamışdır.

Rusiya Yazıçılar İttifaqının Saratov regional bölməsinin sədri Vladimir Quryanov yubiley gecəsinin iştirakçılarına müraciətlə Azərbaycana sevgisi, bu ölkə ilə sıx əlaqələri barədə söhbət açmışdır. O demişdir: "Mən Volqaboyu bölgəsində doğulmuşam. 1933-cü ildə bu bölgədə dəhşətli aclıq idi. Ulu nənəm mənim kiçik əmimə deyir ki, Bakıya, vaxtilə oraya köçüb getmiş qohumlarımızın yanına getmək lazımdır. Əmim arvadı ilə bərabər yük qatarına minərək bu günəşli diyara yollanır. Əmimin oğlanları Bakıda doğulublar. Uzun illərdən sonra mən özüm də Azərbaycanda oldum. Bu gözəl diyar çox istedadlı insanlar yetişdirib. Onlardan biri də İsmayıl Şıxlıdır".

V.Quryanov İsmayıl Şıxlının "Dəli Kür" romanını Mixail Şoloxovun "Sakit Don" roman-epopeyası ilə müqayisə edərək demişdir: "Dəli Kür" - Azərbaycanın "Sakit Don"udur. Mixail Şoloxov kimi, İsmayıl Şıxlı da bu əsərdə öz xalqının acı taleyindən bəhs edir. Kitabda faciəli, kəşməkəşli insan taleləri, emosiyaların ağlasığmaz dərəcədə coşması, həmin illərdə cəmiyyətdə baş verən tektonik dəyişikliklər heyrətamiz dəqiqlik və ilhamla təsvir olunub".

İsmayıl Şıxlının qardaşı qızı, Azərbaycanın tanınmış şairi, RusiyaAvrasiya Yazıçılar İttifaqının üzvü Afaq Şıxlı öz çıxışında qeyd etmişdir ki, hərtərəfli mükəmməl adam olan İsmayıl Şıxlı gözəl insan, müəllim, yazıçı, siyasətçi kimi yadda qalıb. Bu mükəmməlliyin əsas səbəbi onun mənəvi saflığı, obyektiv olmağı və öz fikrini açıq söyləməyi bacarması idi.

Tanınmış Azərbaycan şairi, Çanaqqaladakı 18 mart Universitetinin professoru Məmməd İsmayıl demişdir ki, əgər Azərbaycan mədəniyyətini və ədəbiyyatını dünyaya təqdim edəcək bir yazıçı seçmək lazım gəlsəydi, bütün türk xalqlarını ucaltmaq üçün təkcə İsmayıl Şıxlı kifayət edərdi. İsmayıl Şıxlı dünyaya heyrətamiz bir missiya - öz əsərləri vasitəsilə həqiqi mənəvi-əxlaqi dəyərləri sonrakı nəsillərə çatdırmaq missiyası ilə gəlmişdi. "Dəli Kür" romanı bütün Azərbaycan xalqının mənəvi kodunu əks etdirən əsərdir.

Yubiley gecəsində şair Saday Şəkərli, İsmayıl Şıxlı yaradıcılığının pərəstişkarları Aydın Əhmədov, Bəhram Nəsibov, Rasim İsayev, Əvəz İbrahimov və başqaları da çıxış etmişlər.

Tədbirin rəsmi hissəsindən sonra "Dəli Kür" filmi nümayiş etdirilmişdir.

 

Fəridə ABDULLAYEVA,      

AzərTAc-ın xüsusi müxbiri

 Moskva

Azərbaycan.-2014.-3 aprel.-S.9.