2015-ci ildə Bakıda keçiriləcək Birinci Avropa

 Oyunlarına hazırlıq yüksək səviyyədə gedir

 

 

 

"2015-ci ildə Bakıda keçiriləcək Birinci Avropa Oyunlarına hazırlıq yüksək səviyyədə gedir. "Bakı-2015" Avropa Oyunlarının iştirakçıları ölkəmizdə möhtəşəm bir tədbirin şahidi olacaqlar. Bunun üçün Azərbaycan hökuməti tərəfindən lazımi tədbirlər həyata keçirilməkdədir".

Bu sözləri Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov AzərTAc-a məxsusi müsahibəsində söyləmişdir.

- Cənab nazir, "Bakı-2015" Avropa Oyunları Əlaqələndirmə Komitəsinin üçüncü toplantısı keçirilmişdir. Toplantının yekunları barədə nə deyə bilərsiniz?

- Bakıda bu yaxınlarda Əlaqələndirmə Komitəsinin üçüncü toplantısı keçirilmişdir. Bu toplantıların əsas məqsədi görülən işlərin hesabatı, tədbirdə iştirak edən peşəkar insanlarla təcrübə mübadiləsinin aparılması, yeni ideyaların, məsləhətləşmələrin əldə olunmasıdır. Tədbirin yekununda iştirakçılar qısa müddət ərzində qazanılan nailiyyətləri yüksək qiymətləndirmişlər. Komitənin ikinci toplantısından keçən qısa zaman ərzində bir sıra məsələlər həll olunmuşdur. Hazırda tikilməkdə olan idman kompleksləri, idman avadanlıqlarının alınması və bu komplekslərdə quraşdırılması, idman qurğularının dizaynı sahəsində böyük işlər görülür. Ümumiyyətlə, Azərbaycanın siyasi, iqtisadi, idman və digər sahələrdə əldə etdiyi uğurlardan sonra dünyanın diqqəti ölkəmizə yönəlmişdir. Əminliklə deyə bilərəm ki, Azərbaycan bu mötəbər idman bayramına da yüksək səviyyədə ev sahibliyi edəcəkdir. İnsanlarımız çox qonaqpərvərdirlər. Düşünürəm ki, Azərbaycan bütün dünyaya unudulmaz idman bayramı təqdim edəcəkdir. Bu həm də Azərbaycanın dünyada gündən-günə artan nüfuzunun daha bir göstəricisidir.

- "Bakı-2015" Avropa Oyunlarının dünya, əsasən də, Avropa mediasında təbliği barədə nə deyə bilərsiniz?

- İlk öncə onu deyim ki, yüksək səviyyəli peşəkarların çalışması nəticəsində bütün Avropa Azərbaycanın timsalında inanılmaz idman hadisəsini izləyəcəkdir. Avropayerli media əvvəlcə bizim məlumatlarımızla təmin olunur. Təbii ki, bu sahədə daha fəal işləsək, dolğun formatda materialları hazırlayıb yaysaq istər Avropa, istərsə də yerli mediada yerləşdirilə bilər. Biz bu istiqamətdə bütün səylərimizi birləşdirməliyik.

- Könüllülərin hazırlığı, onların məlumatlandırılması sahəsində işlər hansı istiqamətdə davam etdirilir?

 - Bu işlərə artıq başlanmışdır. Hazırda 150 minə yaxın tələbənin arasından anketlər toplanmışdır. Ali təhsil olacaqları ilə bu sahədə müqavilə imzalanmışdır. Könüllülər idman sahəsində biliklərinin artırılması üçün müxtəlif məşqlərə cəlb olunacaqlar.

- Ölkəmizin idmançıları ev sahibi olaraq oyunlarda idmanın bütün növləri üzrə yarışlarda iştirak edə biləcəklərmi?

- İstər digər Olimpiya oyunları, istərsə də ilk Avropa Oyunlarında Azərbaycan yığması bütün çəkilərdə iştirak edəcəkdir. Bu oyunların Bakıda keçirilməsi idmançılarımıza hər bir kateqoriyada çıxış etmək üçün geniş şərait yaradacaqdır. Ümumiyyətlə, idmançılarımızdan yüksək nailiyyətlər gözləyirik. İdmanın müxtəlif sahələrində uğur əldə edə bilərik. Onu da qeyd edim ki, idmançılarımız hazırda Finlandiyada güləş üzrə keçirilən Avropa çempionatında 10-dan çox medal qazanmışlar. Bu nailiyyətlər bir daha sübut edir ki, Azərbaycan yığması istənilən sahədə uğur qazanmağa iddialıdır.

- Ölkəmiz 2017-ci ildə keçiriləcək İslam Ölkələrinin Həmrəylik Oyunlarına da ev sahibliyi edəcəkdir. Bu barədə fikirlərinizi bilmək maraqlı olardı.

- Sözsüz ki, biz "Bakı-2015" ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi ilə böyük təcrübə qazanacağıq. Avropa Oyunları üçün hazırlanan idman zalları, idman qurğuları, məşq edən idmançılar, təcrübə toplayan insanlar bizim üçün İslam oyunlarında da çox vacib və əsas tərkib olacaqdır. Təbii ki, paytaxtımızda yaradılan idman infrastrukturu, Atletlər kəndinin inşası, nəqliyyat sisteminin təkmilləşdirilməsi və digər tədbirlər mühüm əhəmiyyət kəsb edir.

- "Bakı-2015" ilk Avropa Oyunlarının "SportAccord" Konvensiyasında təqdimatı ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı.

- Belə tədbirlər bizim üçün çox vacibdir. Tədbirdə Bakı şəhərinin təqdimatı olacaqdır. Sərgidə yer alan stendimiz özünəməxsusluğu ilə seçilir. Azərbaycan hazırda sponsorların arasında yer almışdır. "Bakı - 2015" Avropa Oyunları "SportAccord" Konvensiyasının rəsmi mobil proqramının tərəfdaşıdır. Əminəm ki, Mərkəzi Avropadan nisbətən uzaqda olan Azərbaycanda zəngin Şərq və Qərb mədəniyyətlərinin ahəngdarlığı diqqəti cəlb edən məqamlardan olacaqdır. Avropa ölkəmizin qonaqpərvərliyindən çox razı qalacaqdır.

 

Azərbaycan.-2014.- 9 aprel.- S.8.