Milli Aviasiya Akademiyasında dünya şöhrətli futbolçu, SSRİ-nin Əməkdar İdman Ustası və Əməkdar Məşqçi Ələkbər Məmmədov ilə görüş keçirilmişdir

 

 

Aprelin 8-də Milli Aviasiya Akademiyasında (MAA) dünya şöhrətli futbolçu, SSRİ-nin Əməkdar İdman Ustası və Əməkdar Məşqçi Ələkbər Məmmədov ilə görüş keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə çıxış edən MAA-nın ictimai əlaqələr üzrə prorektoru Şəmsəddin Axundov futbolçu ilə bağlı xatirələrini danışmışdır.

Bildirmişdir ki, futbolçu SSRİ yığma komandasının və Moskva “Dinamo”sunun heyətində dünyanın 20-dən artıq ölkəsində oyunlar keçirmişdir. Vurduğu qollar, dəqiq ötürmələri sayəsində həmişə diqqət mərkəzində olmağı bacaran Ə.Məmmədov gözəl oyunu ilə o vaxt futbolsevərlərin sevimlisinə çevrilmişdi.

Ə.Məmmədovun uşaq yaşlarından futbol ilə məşğul olduğunu diqqətə çatdıran Ş.Axundov, qonağa MAA-nın rektoru Arif Paşayevin salamlarını çatdırmışdır.

Sonra Bakının AZAL futbol klubunun vitse-prezidenti Vaqif Qasımov əfsanəvi futbolçunun ölkə daxilində və xaricində keçirdiyi oyunlar barədə məlumat vermişdir. Qeyd etmişdir ki, 18 yaşından Bakının “Neftçi” klubunda debüt edən Ə.Məmmədov ötən müddət ərzində paytaxt təmsilçisi ilə yanaşı, Moskva “Dinamo”su və SSRİ yığma komandasının da şərəfini qorumuşdur. Ə.Məmmədov Moskva “Dinamo”sunun şərəfini qoruduğu 1954-1959-cu illərdə heç vaxt özünü moskvalı kimi hiss etməmişdir. O, həmişə “Neftçi”nin və respublikamızın digər komandalarının çıxışlarını izləmişdir.

AZAL klubunun 9 nömrəli formasını qonağa təqdim edən V.Qasımov futbolçuya uzun ömür və cansağlığı arzulamışdır.

MAA-nın idman kafedrasının müdiri, SSRİ İdman Ustası, dosent Musa Musayev qeyd etmişdir ki, Azərbaycan futbolunun veteranı Ələkbər Məmmədov İtaliyanın “Milan” komandasının qapısına bir oyunda 4 qol vuraraq rekorda imza atmışdır. Ələkbər Məmmədov əfsanəvi komandanın qapısına bu qolları ötən əsrin əllinci illərində - Moskvanın “Dinamo” komandası ilə İtaliyanın “Milan” futbol klubu arasında keçirilən görüş zamanı vurmuşdur. Bu, Ələkbər Məmmədovun nə dərəcədə peşəkar bir futbolçu olmasından xəbər verir.

Sonra MAA-nın müxtəlif kafedralarının əməkdaşları əfsanəvi futbolçuya xatirə hədiyyələrini təqdim etmişlər.

Tədbirdə əfsanəvi futbolçu Ələkbər Məmmədov çıxış edərək bu görüşü təşkil etdiyinə görə MAA-nın rektoru Arif Paşayevə minnətdarlığını bildirmiş, Azərbaycanda idmana göstərilən dövlət qayğısından danışmış və yaxın günlərdə ölkəmizdə futzal üzrə UEFA kuboku yarışlarının “Dördlər finalı”nın keçiriləcəyini diqqətə çatdırmışdır.

Ə.Məmmədov qeyd etmişdir ki, böyük futbolun vətəni İngiltərə hesab olunsa da, mini futbolun Azərbaycanda meydana gəldiyini qürurla söyləmək olar. Hazırda ölkəmizdə futbolun inkişaf etdirilməsi istiqamətində xüsusi layihələr həyata keçirilir. Qazanılan uğurlar da göz qabağındadır. “Qarabağ” və “Neftçi” futbol komandaları ölkəmizi avrokubok yarışlarında uğurla təmsil etmiş, futzal üzrə milli komandamız isə yüksək səviyyəli yarışlarda mübarizə aparmışdır. Ölkəmiz mötəbər yarışlara yüksək səviyyədə ev sahibliyi edir. Amma bununla kifayətlənmək olmaz. Çünki ölkəmizdə idmanın inkişaf etdirilməsi üçün lazımi infrastruktur yaradılmışdır. Dövlətimizin başçısı İlham Əliyev həmişə idmana və idmançılara diqqət və qayğı ilə yanaşır.

Əfsanəvi futbolçunun yaradıcılığından və Azərbaycan futbolunun inkişafından bəhs edən film nümayiş olunduqdan sonra qonaq tələbələrin və müəllimlərin suallarını cavablandırmışdır.

 

Azərbaycan.-2014.- 9 aprel.- S.12.