Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış etmişlər

 

Azərbaycan Respublikasının Prezidenti İlham

 Əliyevin İran İslam Respublikasına rəsmi səfəri

 

 

Tehran, 9 aprel (AzərTAc). Xüsusi müxbirimiz xəbər verir ki, aprelin 9-da sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Həsən Ruhani mətbuata bəyanatlarla çıxış etmişlər.

 

Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı

 

- Hörmətli cənab Prezident.

İlk növbədə dəvətə, mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə öz dərin minnətdarlığımı bildirmək istəyirəm.

Qardaş İran torpağında olmağımdan çox məmnunam. Əminəm ki, mənim səfərim İran-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm addım olacaqdır. Fürsətdən istifadə edərək, cənab Prezident, Sizi münasib olan vaxtda Azərbaycana rəsmi səfərə dəvət etmək istəyirəm. Onu da qeyd etməliyəm ki, bu səfər mənim İrana üçüncü rəsmi səfərimdir. Səfərlərin sayı özlüyündə bir göstəricidir. Biz istəyirik ki, əlaqələrimiz bütün sahələrdə uğurla inkişaf etsin və buna nail olmaq üçün indi çox gözəl imkanlar vardır.

Biz ilin əvvəlində cənab Prezident Ruhani ilə Davosda görüşmüşük. Bu gün isə İranda bizim siyasi dialoqumuz davam edir. Biz bu gün ikitərəfli əlaqələrimizin müxtəlif aspektlərini geniş və səmimiyyətlə müzakirə etdik. Biz beynəlxalq təşkilatlarda çox uğurlu fəaliyyət göstəririk. BMT, İslam Əməkdaşlıq Təşkilatı, ECO, Qoşulmama Hərəkatı təşkilatlarında bizim fəaliyyətimiz çox uğurludur.

Bizim üçün ən ağrılı problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün İranın dəstəyi çox önəmlidir. Bu münaqişə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi əsasında öz həllini tapmalıdır. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. İran İslam Respublikasının bu münaqişə ilə bağlı ortaya qoyduğu mövqe ədalətə, beynəlxalq hüquqa əsaslanır və bu mövqeyə görə biz Sizə minnətdarıq.

Bildiyiniz kimi, uzun illər Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış əraziləri işğal altındadır. Bu işğal nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşmüşdür. Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Ermənilər azərbaycanlılara qarşı Xocalı soyqırımını törətmişlər. Bu gün işğal edilmiş torpaqlarda bizim bütün tarixi, dini abidələrimiz ermənilər tərəfindən dağıdılıbdır. Münaqişənin tezliklə və beynəlxalq hüquq əsasında həll edilməsi region üçün də böyük fayda olardı.

Bu gün biz digər sahələrdə əməkdaşlıq haqqında fikir mübadiləsi apardıq. İqtisadi sahədə, sərmayə qoyuluşu sahəsində gözəl imkanlar vardır. Energetika sahəsində əməkdaşlıq uğurludur və bu gün imzalanan “Ordubad” və “Marazad” su elektrik stansiyalarının tikintisi sazişi bu əməkdaşlığı daha da gücləndirəcəkdir. Neft-qaz sahəsində əməkdaşlıq üçün çox gözəl imkanlar vardır. Eyni zamanda, hərbi sahədə əməkdaşlığın dərinləşməsi üçün biz əlavə yollar axtaracağıq. Bu gün, eyni zamanda, yüksək texnologiyalar, informasiya-kommunikasiya texnologiyaları sahəsində mümkün olan əməkdaşlıq haqqında da fikirlərimiz birmənalıdır və üst-üstə düşür.

Əlbəttə, humanitar və mədəniyyət sahəsində əməkdaşlıq xüsusi məna daşıyır. Bizim tariximiz, mədəniyyətimiz, tarixi irsimiz xalqlarımız üçün çox qiymətlidir, dəyərlidir. Xalqlarımız əsrlər boyu bir yerdə yaşamış, yaratmışlar. Bizim xalqlarımızı dərin tarixi və mədəni köklər bağlayır. İran-Azərbaycan əlaqələri bu gün bu möhkəm zəmin üzərində qurulur. Əminəm ki, biz qarşımıza qoyduğumuz bütün məqsədlərə çatacağıq və birgə səylərlə İran-Azərbaycan əlaqələrini daha da yüksək pilləyə qaldıracağıq.

Diqqətinizə görə çox sağ olun.

 

Azərbaycan.-2014.- 10 aprel.- S.2.