«Gəncə müdriki»nin dünyagörüşü

 

 

XIX əsrin birinci yarısında Gəncənin ədəbi, elmi-ictimai və fəlsəfi mühitinin ən böyük hadisəsi, yəqin ki, Mirzə Şəfi Vazehdir. O Mirzə Şəfi Vazeh ki, müasirləri tərəfindən, tamamilə haqlı olaraq, "Gəncə müdriki"  adlandırılmışdır.

Həyatı, tərcümeyi-halı nə qədər real olsa da, yaradıcılığı böyük mübahisələrin predmetinə çevrilmiş "Gəncə müdriki"nin dünyagörüşünü rekonstruksiya etmək çətindir, ancaq, fikrimizcə, mümkündür. Hər şeydən əvvəl ona görə ki,  artıq ixtiyarımızda kifayət qədər mötəbər mənbələr, demək olar ki, təsdiq edilmiş mülahizələr vardır. Əli Əjdər Seyidzadə, sonralar Akif Bayramov, daha sonralar isə xüsusilə, Fəxrəddin Yadigar (Veysəlli)  kimi görkəmli mütəxəssislərin biri digəri ilə obyektiv polemikada təqdim etdikləri faktlar imkan verir ki, Mirzə Şəfinin nələr haqqında necə düşündüyü barədə müəyyən qənaətlərə gəlinsin.

..."Gəncə müdriki"nin dünyagörüşü (fəlsəfəsi!) birinci növbədə onun elmə  yaxşı məlum olan tərcümeyi-halında  (taleyində!) təzahür edir. Çünki Mirzə Şəfi o mütəfəkkirlərdən idi ki, taleyini, əgər belə  demək mümkünsə, son həddə qədər özü müəyyən etməyə çalışırdı...

Dünyaya XVIII əsrin sonlarında gələn gələcək müdrikin dünyagörüşü XIX əsrin əvvəllərindəki mürəkkəb ictimai-siyasi şəraitdə formalaşır. Mədrəsədə  din xadimi-ruhani olmaq üçün təhsilə  başlasa da, tezliklə oradan uzaqlaşıb, görünür, müasirləşən Gəncə mühitinin təsirilə təhsilini müstəqil davam etdirir. Lakin məsələ burasında idi ki, XIX əsrin əvvəllərindən başlayan və yalnız Gəncəni deyil, bütün Azərbaycanı əhatə edən müasirləşmə prosesi ortaya çox paradoksal bir əhval-ruhiyyə ilə  çıxırdı ki, bu da Mirzə Şəfi kimi gənclərin dünyagörüşünün formalaşmasına ziddiyyətli təsirini göstərməyə bilməzdi. Belə ki, bir tərəfdə hələ kifayət qədər güclü olan köhnə dini-ruhani təhsil (məktəb!), digər tərəfdə təhsilsiz (və məktəbsiz) yayılan yeni baxışlar, ideyalar, ümumən, həyat!.. Gənc "Gəncə müdriki" ərəb, fars  dillərini dərindən öyrənib bir müddət mirzəlik edir, sonra mədrəsədə əlyazmalarının üzünü köçürməklə - xəttatlıqla güzəran keçirir,  fərdi dərslər aparır. XIX əsrin 20-ci, 30-cu  illərinə təsadüf edən bu dövrdə Mirzə Şəfinin,  əsasən, bir "müsəlman maarifçisi" olduğu güman edilir.

Və "Gəncə müdriki"nin həmin illərdəki  dünyagörüşünün məzmunu barədə ən aydın məlumat verən mənbə böyük Mirzə Fətəlinin məşhur xatirəsidir ki, Mirzə Fətəli (və Mirzə Şəfi) yaradıcılığına az-çox bələd olan hər kəsə məlumdur... Gənc müəllim xəttatlıq dərsi verdiyi tələbəsini başa salır ki, dini elmləri təhsil edib ruhani  olmaqdan imtina eləsin. Və əlbəttə, bu fakt Mirzə Fətəlinin tərcümeyi-halında nə qədər əlamətdardırsa, Mirzə Şəfinin dünyagörüşünü bərpa etmək üçüno qədər əhəmiyyətlidir.

Biz o fikirdə deyilik ki, Şərq ədəbiyyatı, ümumən dünyagörüşü bütövlükdə, bəzilərinin iddia etdikləri kimi, yalnız sxolastikadan, dini ehkamların kor-koranə təsdiqindən və ya tərənnümündən ibarət olmuşdur. Əgər belə olsaydı, nə ərəblərin, nə farsların, nə də türklərin hər biri öz fəlsəfəsini, idrak üslubunu, poetikasını təqdim etmiş bu qədər dünyaşöhrətli dahiləri olmazdı. Firdovsi, Nizami, Xəyyam, Sədi, Hafiz, Nəvai, Füzuli... Və təbiidir ki, dünyagörüşü XIX əsrin əvvəllərində formalaşmış Mirzə Şəfinin əsas müəllimləri də məhz bu məktəb-şəxsiyyətlər idilər. Yalnız şairliyi  yox, müdrikliyi (fəlsəfəni!) də onlardan öyrənmişdi.

Mirzə Şəfinin sxolastikadan uzaq (müasir!) dünyagörüşü (və həyat tərzi) onu Tiflisə, qəza məktəbində Şərq dilləri müəllimi vəzifəsinə  gətirib çıxarır. Bir neçə il işlədikdən  sonra qayıdıb Gəncədə yaşasa da, yenidən Tiflisə dönməli olur. Bir-iki il Zadəgan Gimnaziyasında çalışır... Və Tiflisdə vəfat edir.

"Gəncə müdriki"nin dünyagörüşünə Tiflis mühitinin həlledici təsir göstərmiş olduğu iddiasına düşmək, yəqin ki, yanlış olardı... Ancaq bir həqiqət var ki, Mirzə Şəfinin "Tiflis arxivi", daha doğrusu, Tiflisdən gedən və ya aparılan "Almaniya arxivi" olmasaydı, heç şübhəsiz, bu böyük şair-mütəfəkkirin dünyagörüşü barədəki mülahizələr ciddi mənbəyə əsaslanmazdı.

Və məsələnin hələ də müəyyən qaranlıq, mübahisəli tərəfləri olsa da, biz də Fəxrəddin Yadigar (Veysəlli) kimi, o fikirdəyik ki, bunun üçün alman şair- şərqşünası Fridrix fon Bodenştedtə minnətdar olmalıyıq. Heç bir qeyd-şərtsiz "oğru" adlandırılmış Bodenştedt öz müəlliminin, yaradıcılığı bir yana, həyat tərzi, dünyagörüşü, xarakteri barədə ən mötəbər məlumatlar verir... Məsələn,  göstərir ki, "onun ictimai yerlərdə görünməməsi, yüksək alnı və ifadəli sifəti çox şeylərdən xəbər verir. Və bunun arxasında şən xarakterli, mülayim, soyuqqanlı, ciddi,  tam təbii, qeyri-adi sakit, bütün hallarda böyük ehtiyatla rəftar edən, nadir gözütox bir adam dururdu".

Bu təsvir-xarakteristika kifayətdir ki, "Gəncə müdriki"nin yalnız zahiri deyil, daxili (mənəvi) portreti də gözlərimiz qarşısında buya digər mükəmməllikdə canlansın...

Fəxrəddin Yadigar (Veysəlli) Bodenştedtin Mirzə Şəfinin "zahiri cəhətlərini son dərəcə dəqiq şəkildə təsvir etdi"yini göstərsə də, onu qınamağa çalışır ki, Azərbaycan şairini bir şəxsiyyət kimi səciyyələndirən səbəblərin dərinliyinə nüfuz edə bilmir". Halbuki "Mirzə Şəfi VazehBodenştedt: yozumlarfaktlar" kitabının müəllifinin gətirdiyi  çoxlu (və maraqlı) örnəklər də sübut edir ki,  Bodenştedt Mirzə Şəfinin daxili aləmini, şəxsiyyətini nəinki kifayət qədər dərindən səciyyələndirir, hətta ona o dərəcədə nüfuz edir ki, az qala özü də mirzəşəfiləşir... Bununla belə Fəxrəddin Yadigarın (Veysəllinin) Bodenştedtə istinadən  söylədiyi belə bir  fikir "Gəncə müdriki"nin şəxsiyyətini, dünyagörüşünü interpretasiya etmək baxımından diqqəti cəlb edir ki, "ictimai yerlərə o (Mirzə Şəfi - N.C.) maraq göstərməzdi, ona aid olmayan işlərə  qarışmazdı, bütövlükdə, dünyanın olaylarından razı idi; belə ki, o, yaxşı tütünlə qəlyanını və yaxşı şərabla qədəhini doldura bilirdi". Bu isə o deməkdir ki, Mirzə Şəfi həm təbii olaraq, müsəlman (Şərq) mentalitetini daşıyırdı, həm də (yenə də təbii olaraq!) müsəlman dininin heç bir ciddi səbəb olmadan tamamilə (və hər kəs üçün) qadağan etdiyi "dünya nemətləri"nə də biganə deyildi.ona görə də yazmışdı:

 

O günü yad etdik

Çox uzun bir badə ilə

İbadət evindən qədəhə qədər.

...Ancaq şərab, nəğmə, bir də məhəbbət

Hər üçü qəlbimi cavan eylədi.

İç, Mirzə Şəfi, xumarlan

Eşqdən, nəğmədən, bir də şərabdan.

 

(Mirzə Şəfinin bubundan sonrakı şeirlərinin alman dilindən sətri tərcüməsi F.Yadigarındır).

Bodenştedt Mirzə Şəfi ilə görüşlərindən birində ondan soruşur ki, nə üçün həmişə yalnız şərabdan, sevgidən, güldən bəhs edir, "Sizdə dünyagörüşünün rəngarəngliyi və fikir müxtəlifliyi yoxdurmu?"

Mirzə Şəfi onun yaradıcılığının ideya-estetik məzmununu yaxşı ifadə edən  belə bir maraqlı cavab verir:

 

...Çünki mən gözəllik aşiqiyəm,

Heç vaxt təkrar etmərəm.

Qoy başqaları vəsf etsin

Mübarizəni, məscidi və zadəganlığı.

Ancaq gülü, şərabı, məhəbbəti

Mənim nəğmələrim vəsf etməlidir.

 

göründüyü kimi, şair-mütəfəkkir poeziyanın (nəticə etibarilə dünyagörüşünün) əsasında ruha işıq verən, onu canlandıran, qanadlandıran poetik anlayışlar sırasına mübarizəni, məscidi (dini) və zadəganlığı (mənsəbi, şöhrəti, elitarlığı və s.) daxil etmir. Lakin gözəlliyi vəsf edəndə də məhz özünəməxsusdur, təkrarolunmazdır:

 

Ey Mirzə Şəfi, necə gözəl

Ətir saçır sənin bu nəğmələrin.

Çünki sənin gözəl şeirlərini

Heç vaxt başqa cürə deyə bilməzlər.

 

Mirzə Şəfinin şəraba münasibəti sufiyanə deyil. Və Bodenştedt şairin şərab içdiyini, lakin bunu xüsusi mədəniyyətlə, zövqlə, bir mütəfəkkir ədası, səliqəsilə elədiyini yazır.

Azərbaycan, ümumən Şərq (müsəlman!) poeziyasında  şərab və ya badə qədər tərənnüm olunan çox az obraza təsadüf etmək  mümkündür ki, bu, olduqca paradoksal hadisədir. Bir tərəfdən qadağan edilir, digər tərəfdən  tərənnüm olunur!.. Və həmin tarixi paradoksun xələfi olan "Gəncə müdriki" ona (tarixi paradoksa) dahiyanə sayıla biləcək belə bir poetik-fəlsəfi şərh verir:

 

...Yüksək zarafatı duyuruq,

Danışırıq mələklər kimi.

Bizim rəngimiz qızarır,

İçirik yalnız kefimizdən...

Çünki şərab yağışa bənzər.

Palçıq özü ilə palçıq gətirər,

Ancaq yaxşı tarlada bol məhsul olar,

Hamı da ondan xeyir götürər.

 

Bu, sufilik deyil, elə bir maarifçi düşüncədir ki, əsrlər boyu sufilik adı altında gizlədilən (haqq qazandırılan!) həyat tərzini rasionallaşdırır, öz adı ilə təqdim  edir. "tarix"ə düzəliş etməkdən çəkinmir... Bu isə o deməkdir ki, XIX əsrdən etibarən Azərbaycan poeziyasında şərabın ya badənin   tərənnümündəki realist notlar Qərbyönümlü yeni həyat tərzinin - "üsuli-cədid"in hadisəsi deyil, daha çox onun təsiri ilə müasirləşmiş tarix ya yaddaşdır.

Mirzə Şəfinin dünyagörüşünün məzmun-mündərəcəsi isə, ümumiyyətlə, fəlsəfi yaddaşın ( tarixin!) müasirləşdirilməsindən, mistikanın reallaşdırılmasından ( rasionallaşdırılmasından!)  ibarətdir ki, buna Şərqin zədələnmədən, öz təmkinini itirmədən Qərbləşməsi cəhdi kimi baxmaq olar.

 

Nizami CƏFƏROV,

AMEA-nın müxbir üzvü

Azərbaycan.-2014.- 10 aprel.- S.10.