Naxçıvan iqtisadi yüksəliş dövrünü yaşayır

 

Naxçıvanda bütün məsələlər uğurla icra edilir. Bu səfər mənim Naxçıvana son 10 il ərzində 11-ci səfərimdir. Demək olar ki, hər il Naxçıvana gəlirəm, burada gedən inkişafla tanış oluramçox sevinirəm. Sevinirəm ki, bu gün Naxçıvan çiçəklənən bir diyardır. 

 

İlham ƏLİYEV

 

İqtisadi sahədə keçid dövrünün bütün çətinliklərini  geridə qoyan respublikamız  sürətlə inkişaf edir, müasirləşir. Həyata keçirilən infrastruktur layihələri vətəndaşların firavan həyat tərzinin təmini məqsədinə xidmət edir.

Ölkənin iqtisadi cəhətdən qüdrətlənib qlobal layihələrin həyata keçirilməsində əsas tərəf kimi beynəlxalq iqtisadi-siyasi proseslərdə aparıcı qüvvəyə çevrilməsi rəsmi Bakının mövqelərinin güclənməsi ilə müşayiət olunur. Ümumilikdə ötən on ildə həyata keçirilən liberal iqtisadi siyasət makroiqtisadi və maliyyə sabitliyinin qorunmasının təmin edilməsi, dayanıqlı iqtisadi artımın və iqtisadiyyatın modernləşməsinə dəstək verən siyasətin dərinləşdirilməsi, qeyri-neft sektorunun sürətlə inkişaf etdirilməsi kimi yadda qalmışdır.

Son prezident seçkilərində mövcud siyasi kursun ictimaiyyət tərəfindən birmənalı dəstəklənməsini təmin edən ən başlıca amillərdən biri müstəqil Azərbaycanın əldə etdiyi yüksək sosial-iqtisadi nailiyyətlərdir. Regionların tarazlı və davamlı inkişafının təmini, yeni yerlərinin açılması, infrastrukturun yeniləşdirilməsi, mövcud problemlərin aradan qaldırılması məqsədilə imzaladığı dövlət proqramlarının, fərman və sərəncamların icrası vəziyyəti ilə yerindəcə tanış olmaq, sıravi vətəndaşlarla birbaşa ünsiyyət quraraq mövcud çətinliklər barədə informasiyaları ilkin mənbədən almaq üçün vaxtaşırı Azərbaycanın müxtəlif bölgələrinə  edilən səfərlər də cənab İlham Əliyevin prezidentlik dövrünün əsas istiqamətlərindən biri kimi diqqəti çəkir. Prezident İlham Əliyevin bu günlərdə Naxçıvana səfəri də əlamətdar hadisələrlə zəngin oldu.

Azərbaycan Prezidentinin imzaladığı dövlət proqramlarından, fərman və sərəncamlardan irəli gələn vəzifələrin reallaşdırılması blokada şəraitində yaşayan Naxçıvanın uğurlarını şərtləndirən başlıca məqamlar sırasındadır. Cənab İlham Əliyevin yürütdüyü siyasətin mahiyyətindən irəli gələrək ötən illərdə muxtar respublikada qarşıya qoyulmuş başlıca vəzifələr - əhalinin sosial rifah halının yaxşılaşdırılması, abadlıq-quruculuq işlərinin daha sürətlə aparılması, təhsil-səhiyyə müəssisələrinə diqqətin artırılması, xidmət və infrastruktur sahələrində işin müasir dövrün tələblərinə uyğunlaşdırılması, sahibkarların fəaliyyətinə mane olan süni əngəllərin aradan qaldırılmasından ibarətdir. Həyata keçirilmiş çoxşaxəli tədbirlər sistemi həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinə görə miqyaslı, konkret və ünvanlı olması ilə diqqət çəkir.

Ölkənin müxtəlif bölgələrində müşahidə olunan abadlıq və yüksəliş Naxçıvan Muxtar Respublikasında da qabarıq görünür. Muxtar respublikada ötən müddətdə tikinti-quruculuq, abadlıq işləri geniş vüsət almış, yol-nəqliyyat sisteminin əsaslı təmirinə və yenidənqurulmasına başlanılmış, əhalinin kommunal problemlərinin həlli, infrastrukturun yeniləşdirilməsi istiqamətində vacib addımlar atılmışdır. Blokada şəraitinin ağırlığına baxmayaraq, Naxçıvan Muxtar Respublikası bu gün dinamik inkişafı, tərəqqisi ilə seçilir. Azərbaycanın hər yerində olduğu kimi, Naxçıvanda da uğurlu sosial-iqtisadi inkişaf müşahidə edilir. Muxtar respublikada son 10 ildə iqtisadiyyat yüksəlmiş, sənayenin, kənd təsərrüfatının və sosial sahənin inkişafında böyük dönüş yaranmışdır.

Naxçıvan Muxtar Respublikasının "2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası iqtisadiyyatın dinamik inkişafını təmin etməklə yanaşı, adamlarının normal fəaliyyəti üçün əlverişli biznes mühitini formalaşdırmış, yeni istehsal və xidmət sahələrinin yaradılmasına imkan vermiş, sahibkarların fəaliyyətinin stimullaşdırılması məqsədilə bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Hazırda muxtar respublikada 346 növ və 988 çeşiddə məhsul istehsal olunur. Yeni yaradılan müəssisələr əhalinin 106 növ ərzaq və 226 növ qeyri-ərzaq məhsullarına olan tələbatını tamamilə yerli istehsal hesabına ödəmək imkanına malikdir. Hazırda muxtar respublikada 438 sənaye müəssisəsi fəaliyyət göstərir. Blokada şəraitində yaşamasına baxmayaraq, muxtar respublikanın sosial-iqtisadi inkişafını əks etdirən makroiqtisadi göstəricilər son 10 ildə xeyli yüksəlib. 2003-2013-cü illərdə ümumi daxili məhsul 8,4 dəfə, sənaye məhsulunun həcmi 49, kənd təsərrüfatı məhsullarının istehsalı 4,7, əsas kapitala yönəldilən investisiyalar 4,1, əhalinin gəlirləri 10,2, xarici ticarət dövriyyəsi 13,9 dəfə artıb.

Muxtar respublikada istehsal olunan məhsulların bir çoxuna nəinki Cənubi Qafqaz və MDB, eləcə də dünya bazarında böyük tələbat var. İstehsal sahələrinin çoxşaxəli olması muxtar respublikanı qida, sənaye və digər məhsullarla tam təmin edir, idxaldan asılılığı minimuma endirir. 2010-cu ilin yanvarında istifadəyə verilən avtomobil zavodu da müasir dizaynlı "NAZlifan" markalı avtomobillər istehsal edir. İndiyədək burada 3 min avtomobil istehsal olunub. Birnövbəli rejimi ilə zavodun illik istehsal gücü 5 min avtomobil təşkil edir. 62 nəfərin işlədiyi müəssisədə 9 müxtəlif modifikasiyada avtomobil istehsal olunur. Bütövlükdə son on ildə muxtar respublikada 954 istehsal və xidmət müəssisəsi yaradılmışdır. Görülən mühüm tədbirlər muxtar respublikanın sosial-iqtisadi gücünü artırmaqla yanaşı, həm də yeni yerlərinin yaradılmasında, əhalinin məşğulluğunun təmin edilməsində çox mühüm əhəmiyyət daşıyır. Bunun nəticəsidir ki, 2003-2013-cü illərdə 58 min 460 yeni yeri açılmış, işsizliyin səviyyəsi sıfıra enmişdir.

Prezident İlham Əliyevin Naxçıvana səfəri mühüm sosial obyektlərin açılışı ilə də əlamətdar oldu. Bu sırada Naxçıvan Beynəlxalq Hava Limanının yeni inzibati binasının, Naxçıvan Gənclər Mərkəzinin, Kəngərli Rayon Mərkəzi Xəstəxanasının, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun yeni inzibati binasının, Naxçıvan-Şahbuz-Batabat magistral avtomobil yolunun açılışını misal göstərmək olar.

Naxçıvan Şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksinin istifadəyə verilməsi də ölkə rəhbərinin səfərinə təsadüf etdi. Xatırladaq ki, Naxçıvan şəhərinin mövcud içməli su sistemi ötən əsrin 60-70-ci illərində qurulmuşdu. O dövrün tələblərinə uyğun qurulanuzun müddət istismar edilən sistem bu gün Naxçıvan şəhərində əhalinin keyfiyyətli içməli suya olan tələbatını ödəmirdi. Yeni istifadəyə verilən müasir kompleks isə Naxçıvan şəhərində 90 minə yaxın sakini və sənaye obyektini perspektiv nəzərə alınmaqla fasiləsiz olaraq ekoloji cəhətdən təmiz su ilə təmin edəcək. 2009-cu ildən etibarən muxtar respublikanın paytaxtı Naxçıvanda və rayon mərkəzlərində də içməli sukanalizasiya sistemlərinin yenidən qurulmasına başlanılıb. Artıq Naxçıvan şəhərində və rayon mərkəzlərində tikinti işlərinin əsas hissəsi başa çatdırılıb. Bütövlükdə isə Naxçıvan şəhərində sukanalizasiya sistemlərinin yenidən qurulması tədbirlərinin 2014-cü ildə tam başa çatdırılması nəzərdə tutulub.

Naxçıvanın enerji təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət kəsb edən "Arpaçay-1" və "Arpaçay-2" su- elektrik stansiyalarının işə salınması da dövlət başçısının muxtar respublikaya səfəri zamanı reallaşdı. İqtisadi səmərəlilik və enerji potensialının gücləndirilməsi baxımından böyük əhəmiyyətə malik olan stansiyanın işə salınması ilə muxtar respublikanın elektrik enerjisinə olan tələbatının böyük hissəsi su-elektrik stansiyaları hesabına ödəniləcək. Bu prosesə hazırda Şərur rayonu ilə yanaşı, Ordubadda 36 meqavat gücündə inşa olunan yeni elektrik stansiyasının tikintisi də əsaslı töhfə verəcək. Sovet hakimiyyəti illərində cəmi bir elektrik stansiyası olan muxtar respublikada hazırda 7 elektrik stansiyası fəaliyyət göstərir. Nəticədə Naxçıvan Muxtar Respublikasının elektrik enerjisinə olan tələbatı daxili imkanlar hesabına tam ödənilir. Bundan başqa, muxtar respublikanın elektrik enerjisi ixrac etmək imkanları da artır.

Prezident İlham Əliyev Naxçıvana budəfəki səfəri zamanı Naxçıvan Biznes Mərkəzində yaradılan şəraitlə, "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksi ilə tanış olmuş, "N" saylı hərbi hissədə Naxçıvan Muxtar Respublikasının hərbi hissələrinə daxil olan yeni texnikasilahlara baxış keçirmişdir.

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş mərasimdə deyib: "Naxçıvanın bütün sosial, iqtisadi, infrastruktur, hərbi məsələləri yüksək səviyyədə öz həllini tapır. Naxçıvan gözəlləşir, abadlaşır, gözəl, müasir şəhərə çevrilir. Nəinki Naxçıvan şəhəri, digər şəhərlər də. Bütün rayon mərkəzlərində artıq müasir tibb məntəqələri vardır. Naxçıvanda ən böyük mərkəzi xəstəxana tikilir. Ondan əvvəlki dövrlərdə diaqnostika mərkəzi, doğum mərkəzi tikilmişdir. Yəni görülən bütün işləri sadalamaq üçün çox vaxt lazım olacaqdır, siz naxçıvanlılar bunları yaxşı bilirsiniz. Sadəcə olaraq mən öz təəssüratlarımı, öz sevincimi ifadə etmək istəyirəm ki, bu gün Naxçıvan sözün əsl mənasında inamla, uğurla inkişaf edir. Sizə, naxçıvanlılara gələcək işlərdə də yeni uğurlar arzulayıram. Bir daha demək istəyirəm ki, bu uğurların təməlində ulu öndərin siyasəti dayanır. Biz, onun davamçıları bu siyasətə sadiqik. Artıq on bir ilə yaxındır ki, ulu öndər aramızda deyil. Ancaq onun ideyaları, siyasəti, siyasi xətti yaşayır. Azərbaycan inamla, uğurla inkişaf edir. Azərbaycan sözün əsl mənasında müstəqil dövlət kimi öz siyasətini aparır. Azərbaycan xalqı bu gün inkişaf edən Azərbaycanın timsalında müstəqilliyin üstünlüklərini əyani şəkildə görür".

Bütün bunlar  bir daha göstərir ki, Naxçıvan hazırda inkişafının keyfiyyətcə yeni  dövrünü yaşayır. Bu gün ölkəmizin hər bir guşəsində, eləcə də muxtar respublikada yaşayan vətəndaşlar da Prezident İlham Əliyevin rəhbərliyi altında görülən işlərin  bəhrəsini gündəlik həyatlarında hiss edir və ölkə rəhbərliyinin yürütdüyü siyasəti birmənalı şəkildə dəstəkləyirlər.

 

Elnur HACALIYEV,

Azərbaycan.-2014.- 10 aprel.- S.3.