Azərbaycan ilə Zimbabve arasında

əməkdaşlıq imkanları müzakirə edilmişdir

 

 

Aprelin 11-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan Zimbabve Respublikasının xarici işlər naziri Simbaraşe Mumbengegvi ilə görüşmüşdür.

Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycan ilə Zimbabve arasında iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın perspektivləri müzakirə edilmişdir.

Nazir Şahin Mustafayev son illər Afrika ölkələri, o cümlədən Zimbabve ilə Azərbaycan arasında əlaqələrin inkişaf etdiyini bildirmiş, qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulamışdır. Bildirilmişdir ki, Azərbaycan ilə Zimbabve arasında beynəlxalq təşkilatlar, xüsusilə BMT çərçivəsində də əməkdaşlıq həyata keçirilir. Azərbaycan iqtisadiyyatı, respublikamızın iştirakçısı və təşəbbüskarı olduğu iri layihələr barədə məlumat verən nazir Şahin Mustafayev ölkələrimiz arasında kənd təsərrüfatı, sənaye, kimya sahələrində əməkdaşlıq imkanlarının olduğunu vurğulamışdır. Qeyd edilmişdir ki, Azərbaycan-Zimbabve iqtisadi əlaqələrinin inkişafı üçün zəruri müqavilə-hüquqi baza yaradılmalı, qarşılıqlı səfərlər və işgüzar görüşlər təşkil edilməlidir.

Simbaraşe Mumbengegvi Azərbaycan ilə Zimbabve arasında əlaqələrin inkişafı üçün əlverişli imkanların olduğunu qeyd etmiş, sənaye, infrastruktur, kənd təsərrüfatı və s. daxil olmaqla iqtisadiyyatın bir sıra sahələrində əməkdaşlığa dair konkret təkliflər səsləndirmişdir. O bildirmişdir ki, təbii ehtiyatlarla zəngin Zimbabve Azərbaycanın istehsalla məşğul olan şirkətləri ilə əməkdaşlıq edə bilər.

Görüşdə, həmçinin Zimbabvenin kimya sahəsində Azərbaycan təcrübəsinin öyrənilməsində maraqlı olduğu diqqətə çatdırılmışdır. S.Mumbengegvi Azərbaycanın biznes dairələrini Zimbabveyə səfərə dəvət etmişdir.

 

Azərbaycan.-2014.- 12 aprel.- S.4.