Bakıda “Sülh naminə tərəfdaşlıq” proqramının 20 illiyi

 NATO tərəfdaşlığının gələcəyi” mövzusunda konfrans keçirilir

 

 

Aprelin 11-də Bakıda Azərbaycanın Xarici İşlər Nazirliyi, NATO Azərbaycan Beynəlxalq Məktəbi (NISA) və Alyansın İctimai diplomatiya bölməsinin birgə təşkilatçılığı ilə “Sülh naminə tərəfdaşlıq” proqramının 20 illiyi və NATO tərəfdaşlığının gələcəyi” mövzusunda konfrans işə başlamışdır.

 AzərTAc xəbər verir ki, konfransı açan Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov bu tədbirin məqsədinin “Sülh naminə tərəfdaşlıq” proqramının 20 illiyinin qeyd olunması ilə yanaşı, əldə edilmiş nailiyyətlər, problemlər, görüləcək işlərlə bağlı səmərəli müzakirələrin aparılmasından ibarət olduğunu demişdir.

NATO baş katibinin müavini Sorin Dukaru çıxış edərək diqqətə çatdırmışdır ki, Azərbaycan “Sülh naminə tərəfdaşlıq” proqramına qoşulan ilk dövlətlərdən biridir. Rəsmi Bakı Alyansın uzunmüddətli və ən fəal tərəfdaşlarındandır. Eyni zamanda, Azərbaycan ilə NATO arasında münasibətlər, siyasi dialoq inkişaf etmişdir və bizim çox məhsuldar əməkdaşlığımız vardır.

S.Dukaru Azərbaycanın Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin (İSAF) əməliyyatlarında iştirakını və bu əməliyyatlara verdiyi töhfələri xüsusi vurğulamışdır.

İkigünlük konfransda NATO-nun rəsmiləri, Azərbaycanın xarici ölkələrdəki səfirləri və Bakıda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, ekspertlər iştirak edirlər.

 

Azərbaycan.-2014.- 12 aprel.- S.4.