Azərbaycan və İran arasında əməkdaşlıq

 yeni inkişaf mərhələsinə qədəm qoyur

 

 

Xarici siyasət və diplomatiya, eyni zamanda hər bir dövlətin beynəlxalq arenada nüfuz və mövqelərinin möhkəmlənməsinə, ümummilli problemlərin həllinə yönəlir. Azərbaycan Xəzər-Qafqaz məkanında regional əməkdaşlıq üçün olduqca mühüm, bir çox hallarda isə həlledici dövlət olmaqla xüsusən enerji və nəqliyyat layihələrinin həyata keçirilməsində əvəzsiz rola malikdir. Bu ümumi strategiyanın başlıca məqsədi Azərbaycanın davamlı inkişafından və əhalinin rifahının təmin edilməsindən, eləcə də regionda təhlükəsizlik və sabitliyin təmin olunmasına töhfə verməkdən ibarətdir. Azərbaycan dövlət müstəqilliyi qazandıqdan sonra yaxın və uzaq ölkələrlə milli maraqlarına uyğun əməkdaşlıq əlaqələri qurmuşdur.

Keçmiş SSRİ-nin süqutundan sonra rəsmi Tehran bölgənin yeni müstəqil dövlətlərinin siyasiiqtisadi həyatına təsir göstərən ölkələrdən birinə çevrilmişdir. İran son illərdə geostrateji əhəmiyyət daşıyan Cənubi Qafqazla əlaqələrin yaxınlaşmasına maraq göstərir. Qonşu dövlət özünün bu bölgə ilə kommunikasiya əlaqələrini və geostrateji problemlərini məhz regionun imkanları hesabına həll etməyi mühüm məqsədlərdən biri kimi nəzərdən keçirir. Eyni zamanda, rəsmi Tehran İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumlar vasitəsilə bölgədə öz təsirini möhkəmləndirməyə çalışır.

Azərbaycanla İran arasında çoxşaxəli əlaqələr bir sıra özünəməxsus cəhətlərinə görə seçilir. İki xalqın din, mədəniyyət, mənəvi dəyərlər baxımından yaxınlığı rəsmi Tehranla Bakının əlaqələrinə təsir göstərən mühüm amillərdən biridir. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın digər qonşuları ilə yanaşı, İranla münasibətləri də keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Ulu öndər Heydər Əliyev ilk gündən bəyan etdi ki, tarixi köklərin, ənənələrin və mədəniyyətin eyniliyi ilə bağlı olduğumuz dövlətlərlə əməkdaşlıq Azərbaycanın xarici siyasətində prioritet məsələlərdəndir.

Rəsmi Bakının İranla mehriban qonşuluq münasibətlərinin tərəfdarı kimi çıxış etməsi son illər ölkələrimiz arasında əlaqələrin müxtəlif səviyyələrdə inkişafına ciddi təkan vermişdir. Həm İranın, həm də Azərbaycanın mühüm coğrafi mövqedə yerləşməsi və zəngin iqtisadi potensiala malik olması mövcud əməkdaşlığın daha da dərinləşdirilməsini zəruri edir. İran bu gün Azərbaycanın ixrac-idxal əməliyyatları apardığı əsas dövlətlərdən biridir - iki dövlət arasında ticarət dövriyyəsinin həcmi ildən-ilə artmaqdadır. İranlı adamları respublika iqtisadiyyatına investisiya qoyuluşunda mühüm paya malikdirlər.

Prezident İlham Əliyevin dünyadakı mühüm geosiyasi reallıqlar fonunda bu günlərdə İrana rəsmi səfər etməsi ölkəmizin müstəqil siyasət yeritdiyini nümayiş etdirməklə ikitərəfli münasibətlərin inkişafına ciddi təsir göstərəcək. Prezident İlham Əliyev və Prezident Həsən Ruhani arasında keçirilən görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi, sərmayə qoyuluşu, enerji, nəqliyyat, infrastruktur, mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün yaxşı imkanların olduğu qeyd edildi. Prezidentlərin Davosda keçirilən görüşündə ölkələrimiz arasında açıq, səmimi münasibətlərin inkişaf etdirilməsi yolları ətrafında aparılan fikir mübadiləsi bir daha xatırlandı. Əməkdaşlığın daha da dərinləşməsinə mane ola biləcək əngəllərin aradan qaldırılması istiqamətində səylərin gücləndirilməsinin zəruriliyi vurğulandı.

Səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyevin və İran Prezidenti Həsən Ruhaninin iştirakı ilə sənədlərin imzalanma mərasimi keçirildi. Bu sırada "Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə İran İslam Respublikasının İdman və Gənclər Nazirliyi arasında gənclər və idman sahələrində əməkdaşlıq haqqında", "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə İran İslam Respublikasının Daxili İşlər Nazirliyi arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında", "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə İran İslam Respublikasının Yol və Şəhərin İnkişafı Nazirliyi arasında meteorologiya və əlaqədar məsələlərə dair" Anlaşma Memorandumlarını və "Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında "Ordubad" və "Marazad" Su Elektrik stansiyalarının tikintisi və istismarı haqqında Saziş"i misal göstərmək olar. İki ölkə arasında imzalanmış müxtəlif razılaşmalar əməkdaşlıq tellərinin daha da möhkəmləndirilməsi baxımından vacib əhəmiyyət kəsb edir.

Rəsmi Tehran Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə BMT-nin müvafiq qətnamələrinin yerinə yetirilməsinə və bu münaqişənin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında həllinə tərəfdar olduğunu dəfələrlə bəyan edib. Həmçinin İran Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi istiqamətində ATƏT çərçivəsində fəaliyyət göstərən Minsk qrupunun təsirli və qətiyyətli addımlar atmasının vacibliyini də önə çəkir.

Prezident İlham Əliyev İranın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu ədalətli mövqeyə görə minnətdarlığını ifadə edib: "Bizim üçün ən ağrılı problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün İranın dəstəyi çox önəmlidir. Bu münaqişə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi əsasında öz həllini tapmalıdır. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. İran İslam Respublikasının bu münaqişə ilə bağlı ortaya qoyduğu mövqe ədalətə, beynəlxalq hüquqa əsaslanır və bu mövqeyə görə biz Sizə minnətdarıq. Bildiyiniz kimi, uzun illər Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış əraziləri işğal altındadır. Bu işğal nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşmüşdür. Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Ermənilər azərbaycanlılara qarşı Xocalı soyqırımını törətmişlər. Bu gün işğal edilmiş torpaqlarda bizim tarixi, dini abidələrimiz ermənilər tərəfindən dağıdılıbdır. Münaqişənin tezliklə və beynəlxalq hüquq əsasında həll edilməsi region üçünböyük fayda olardı".

Siyasi münasibətlərin daha da möhkəmləndirilməsi bilavasitə iqtisadi münasibətlərin dinamik inkişaf zərurəti ilə şərtlənir. Ölkələrimiz və xalqlarımız arasında siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində əldə edilmiş ciddi nailiyyətlər ümumilikdə dövlətlərarası münasibətlərin inkişafında öz sözünü deyir. İranın iqtisadi cəhətdən inkişaf etməsi, dünya miqaysında artan nüfuzu, eyni zamanda Azərbaycanın iqtisadi baxımdan bölgədə lider rolunu oynaması, regionda və beynəlxalq aləmdə nüfuzunun daim artması kimi ümumi oxşarlıqlar əlaqələrimizin genişlənməsi üçün yaxşı zəmin yaradır.

İran dövləti Azərbaycanın Cənubi Qafqazdakı strateji yerinirolunu düzgün qiymətləndirir, ölkəmizlə çoxşaxəli əməkdaşlığın gücləndirilməsinə mühüm diqqət yetirir. İran Prezidenti Həsən Ruhani ölkələrimiz arasındakı münasibətləri belə xarakterizə edib: "Mənim cənab Prezidentlə ilk görüşüm Davos Forumu çərçivəsində olmuşdur. Həmin görüş çərçivəsində biz münasibətlərimizin gələcəyi üçün çox mühüm qərarlar qəbul etdik. Bu gün keçirdiyimiz həm geniş tərkibdə, həm də təkbətək görüşlərdə ölkələrimizin münasibətləri ilə əlaqədar bütün sahələri əhatə edən hərtərəfli müzakirələr apardıq. Bu gün əziz İran xalqına bəyan etmək istəyirəm ki, bizim dost ölkələrimiz arasında əlaqələrin bütün səviyyədə inkişaf etməsi üçün heç bir maneə yoxdur. Azərbaycan Respublikası və İran İslam Respublikası iki yaxın qonşu, dost, qardaş və həmməzhəb ölkələrdir. Ölkələrimiz arasındakı səmimi münasibətlər xalqlarımızın xeyrinədir. Həmçinin ölkələrimiz arasındakı münasibətlər regionda sülhün, əmin-amanlığın və təhlükəsizliyin xeyrinədir".

Prezident İlham Əliyevin İrana rəsmi səfərinin yekunları iki ölkə arasında münasibətlərin intensiv inkişaf etdiyini bir daha təsldiqlədi. Münasibətlərin hazırkı səviyyəsi deməyə əsas verir ki, ölkələrimiz arasında həlli müşkül olan məsələ yoxdur və məhz bu amil qarşılıqlı faydalı əməkdaşlığın bugünü və sabahı barədə nikbin proqnozlar irəli sürmək üçün real əsaslar yaradır

 

Azərbaycan.-2014.- 13 aprel.- S.1.