Mənəviyyat dərsləri

 

Yaxud Aydın Mirzəzadənin "Müdriklik dərsləri" kitabını oxuyarkən

 

Bu gün insanları "yaxşı kitab" buraxmaqla təəccübləndirmək çox çətindir! Çünki bütün mövzularda, həm də ən müxtəlif poliqrafik keyfiyyətdə o qədər kitab çap edilib ki...

Maraqlı kitab yazıb oxucuları cəlb etmək də asan məsələ deyil! Çünki hərənin bir maraq dairəsi olduğundan hamının marağını bir kitabla təmin etmək istəyi yəqin ki, uğursuz alınar.

Dəbdə olan mövzuda nəsə yazıb heyrətləndirmək  arzusu da ağlabatan görünmür. Çünki dəblər o qədər sürətlə dəyişir ki, kitab yazıb çap edənəcən başqaları yaranır.

Bəs insanları (başqa sözlə, oxucuları) dəbdə olmayan, amma yaxşı və maraqlı kitabla sevindirmək olarmı?

Sən demə, mümkün imiş! Və belə bir mümkün nümunəni Milli Məclisin deputatı Aydın Mirzəzadə bu günlərdə nəşr etdirdiyi "Müdriklik dərsləri" kitabı ilə göstərdi. Həm də lap çoxdan, keçmişdən unudulan ənənəni yenidən yada saldı.

Dünyanın hər yerində müdriklər tərəfindən yazılan, insanları ədalətə, zəhmətə, xeyirxahlığa, sədaqətə, bir-birinə hörmət etməyə, şükranlığa və digər mənəvi keyfiyyətlərə çağıran kitablar zaman-zaman meydana çıxıb. Hamının yaxşı tanıdığı "Qabusnamə", "Əxlaqi-Nasir", "Gülüstan", "Büstan" və digərləri belə əsərlərdəndir. Hətta onların bəzilərindən dərslik kimi də istifadə olunub. Amma son zamanlar bu ənənə tamam unudulmuşdu.

Çap və elektron mətbuatın tənqid üzərində kökləndiyi, ucuz sensasiyalara aludəçilik göstərildiyi, əksər televiziya kanallarında yalnız "pislərə", mentalitetimizə zidd mənəviyyat sahiblərinə geniş yer verildiyi bir vaxtda insanları mənəviyyatlı olmağa və saflığa çağıran kitabın işıq üzü görməsi təqdirəlayiq və sevindiricidir.

"Müdriklik dərsi" ən əvvəl mahiyyətinin xeyirxahlığına və təmizliyinə görə diqqət çəkir. Birlikdə oxuyaq:

"Bir gün ABŞ universitetlərindən birində professor dərsə başlayarkən tələbələrinə üz tutub deyir:

- Fərz edin ki, bu gün dünyanın son günüdür. Sabah bu vaxt hər şey bitəcək. Xilas ola bilməyəcəksiniz. Bu gün nə edərdiniz?

Tələbələr müxtəlif cavablar verirlər:

- İbadət edib Allahdan günahlarımın bağışlamasını diləyərdim.

- Bütün sevdiklərimlə vidalaşardım.

- Vaxtımı ailəmlə keçirərdim.

- Anama, ya da atama baş çəkərdim.

- Dostlarımla əylənərdim.

- Ən sevdiyim yeməyi yeyərdim.

- Meşədə gəzərdim.

- Günəşin batmasını və doğmasını izləyərdim.

- İncitdiyim insanlardan üzr istəyərdim.

- Özümdə cəsarət tapıb onu sevdiyimi söyləyərdim.

Müəllim tələbələrin cavablarını bir-bir lövhəyə yazır. Sonra gülümsəyərək deyir:

- Uşaqlar, bunları etmək üçün dünyanın son günü olmalıdır məgər?".

 Aydın Mirzəzadə təqdim etdiyi əhvalatları müxtəlif kitablardan köçürməklə bir yerə toplamayıb. Böyük əmək sərf etməklə "seçmə əməliyyatı" aparıb, oxuduqlarını, eşitdiklərini, şahidi olduqlarını ürəyinin və beyninin süzgəcindən keçirməklə orijinal əsər yaratmağa çalışıb. "Mənbələri" şərti formada beş qrupa bölmək olar.

Haçansa ayrı-ayrı müdriklərin dediklərini saf-çürük etməklə zövqünə uyğun olanları götürüb:

"Qədim yunan filosofu Diogen bir dəfə heykəlin qarşısında duraraq təkidlə ondan pul istəyirdi. Ondan niyə belə etdiyini soruşanda cavab verdi:

- Özümü rədd cavabına öyrəşdirmək istəyirəm".

Eşidərək yaddaşında saxladıqları:

"Qarışqanın  belində çanta harasa getdiyini görürlər. Səfərinin son mənzilini soruşurlar:

- Sevgilimin yanına gedirəm.

- Axı, yolu uzaqdır, çata bilməzsən.

- Heç olmasa, onun yolunda ölərəm."

Ailələrində baş verənləri:

"Anam ata-anasını balaca ikən itirmişdi və evdə özündən bir qədər böyük qardaşı və özündən kiçik bacısı ilə birgə yaşayırdı. Müharibədən sonra kiçik bacısı ev işlərinə baxır, dayım və anam isə tarlada işləyirdilər.

Bir gün Novruz bayramı ərəfəsində anam tarlada briqadada işləyərkən rayondan bir qrup gəlir və hər bir işçiyə bir tikə şirin kökə paylayır. Kökə bir nəfərə belə azlıq edirdi. Ancaq anam ona dəyməyərək evə, qardaş-bacısına aparmaq qərarına gəlir.

Axşam evə gələndə məlum olur ki, belə kökələri digər yerdə işləyən dayıma və evdə qalan xalama da paylayıblar.

Və hər kəs fikirləşib ki, yəqin kökə ancaq buna verilib və onu axşama qardaş-bacısı üçün saxlayıb".

Eşidib gördüklərinə "düzəlişlər" edərək məramına uyğunlaşdırdıqları:

"Şəhər avtobusunda gedən bir yaşlı qadın bir kişinin əlini özündən qabaqdakı cavan oğlanın cibindən çıxardığını görür. O, qışqıraraq kişinin cibə girdiyini bildirir.

Çox yaxşı geyinmiş və mədəni danışan kişi heç bir cibə girmədiyini bildirir. Bundan hiddətlənən avtobus sərnişinləri oğlandan cibini yoxlamağı xahiş edirlər. Cavan oğlan utana-utana cibində cəmisi 20 qəpik olduğunu və orda oğurlanmalı heç nə olmadığını bildirir. Sərnişinlər "20 qəpiyə də göz dikir, haram olsun" qışqıraraq kişini döyməyə hazırlaşırlar. Kişi yenə sakit şəkildə heç bir cibə girmədiyini bildirir.

Cavan oğlan təkid etdiklərinə görə cibini yoxlayır və oradan 20 qəpik və... 50 manat çıxır.

Hamı sükutla və təəccüblə kişiyə b

axır. Kişi gülümsəyərək deyir:

- İki-üç dəfə cavan oğlanın cibindən 20 qəpiyi çıxardığını və köks ötürdüyünü gördüm. Ona kömək etmək istədim, ancaq ehtiyat elədim ki, götürməz. Ona görə də sakitcə cibinə pul qoydum, amma bu nənə işimin üstünü açdı. Çox istərdim ki, cavan oğlan birdən cibindən 50 manat pul tapaydı.

Sərnişinlər kişiyə çox sağ ol deyirlər, hətta onu qucaqlayıb öpənlər də olur.

Ağlamsınan nənə çantasından bir böyük alma çıxararaq deyir:

- Sən nə gözəl insansan. Xahiş edirəm, bu almanı məndən götür. Qorxuram ki, heç kəs görmədən onu sənin cibinə qoya bilməyəm".

Ən nəhayət, öz tapıntıları və fikirləri:

"Bir qisim insanların arzusu bir aya həyata keçə bilər. Onlar isə onu bütün həyatın arzusuna çevirirlər.

Kimsə dünən ağıllı idi və dünyanı dəyişməyə çalışdı. Amma sonra müdrik oldular və özlərini dəyişməyə başladılar.

Sən daim üzün keçmişə durmaqla, arxanı gələcəyə çevirmiş olursan.

Axarın əleyhinə tərəf üzmə. Axarla üzmə. Sənə lazım olan tərəfə üz.

Özündə yaxşı nə varsa, dünyaya ver. Və dünya özündə yaxşı nə varsa, sənə verəcək.

Sənin fikirlərin hardadırsa, s

ən də ordasan. Elə elə ki, fikirlərin sənə lazım olan yerdə olsun".

Kitabdakı müxtəlif "dərs"lər  insanları nəyə çağırır? Təbii ki, mənəvi zənginliyin ən müxtəlif cəhətlərinə. Məsələn:

Alicənablığa:

"Yaxşılıq elədin - yaddan çıxart,

Sənə yaxşılıq elədilər - yadda saxla."

Azərbaycan qadınına, onun adının təmizliyinə hörmətlə yanaşmağa:

"Keçmiş dövrlərdə Azərbaycanın əyalətlərinin birində ailəsi ilə mehriban yaşayan bir bəy var imiş. Bir gün qohum-əqrəbası və dostları bəyin arvadını boşamaq istədiyini eşidirlər. Buna təəccüb edən qohumlar və tanışlar onun yanına gedərək bunun səbəbini  soruşurlar. O deyir:

- Bunu deyə bilmərəm, o hələ ki, mənim həyat  yoldaşımdır. Desəm, ailəmə və hələ ki arvadım olan insanın üstünə kölgə düşər.

Boşanmadan bir müddət sonra qohumlar və tanışlar onun yanına gələrək həyat yoldaşını boşamasının səbəbini  soruşurlar. O deyir:

- İndi deyə bilmərəm. Boşanmış qadındır, niyə adına söz gəlsin.

Bir müddətdən sonra  həmin qadın ərə gedir. Qohumlar və tanışlar yenidən bəyin yanına gələrək indi keçmiş yoldaşını boşamasının səbəbini soruşurlar. O deyir:

- İndi isə heç deyə bilmərəm. Ailə qurub, niyə adına söz gəlsin, Allah xoşbəxt eləsin".

 Qəlb genişliyinə və insanları anlamağa:

"Bir idmançının etirafından:

Güləş üzrə  mötəbər yarışların final mərhələsinə çıxış və cempion olmaq şansı məndə idi. Finaldan əvvəl eşitdim ki, rəqibimin anası 3 gün əvvəl vəfat edib və o, qələbə qazanaraq onu anasının xatirəsinə həsr etmək istəyir.

Final yarışında heç kəsə hiss etdirmədən, ona uduzdum. Hakim onun əlini yuxarı qaldıranda mən də gizlicə sevinirdim. O isə həm ağlayır, həm də gülürdü. Məşqçim yarışdan sonra "buraxdığım səhvlərə" görə məni xeyli danladı, ancaq mən ona heç nə demədim.

 Həmin gün evə gedib, heç nə demədən anamı qucaqlayıb, xeyli sakitcə durdum".

Xoş və xeyirxah əməllərə üstünlük verməyə:

 "Bir gün baba nəvəsinə deyir:

- Hər bir insanın içində iki şirin vuruşmasına bənzəyən mübarizə gedir. Şirlərin biri pisliyin tərəfindədir - paxıllıq, pislik, tənbəllik, eqoizm, əsasız iddia, yalan. Digər şir xeyirxahlıq tərəfindədir: sülh, məhəbbət, ümid, mehribanlıq, sadiqlik, işgüzarlıq.

Babasının söhbətindən xoşhallanan nəvə soruşur:

- Bəs, sonda hansı şir qalib gəlir?

Qoca  gülümsəyərək cavab verir:

- Sən tərəfində durduğun və yemlədiyin şir".

Həyatda mübariz olmağa:

"Arzun var-ona tərəf qaç,

Qaça bilmirsən - ona tərəf yeri,

Yeriyə bilmirsən - ona tərəf sürün,

Sürünə bilmirsən - üzün arzuya tərəf dayan...

... sən mütləq arzuna çatacaqsan".

İlk əvvəl yaxşını, müsbəti görməyə:

"Bir nəfər ağ kağıza qələmlə bir nöqtə qoyub, ətrafındakı insanlara göstərir və soruşur:

- Nə görürsünüz?

Cavab verirlər:

- Nöqtə.

- Bir az iridir.

- Qələmi bərk basdığınızdan kağız az qalıb cırılsın.

Həmin şəxs kağızı aşağı salıb susur və bir qədər sonra deyir:

- Niyə heç biriniz kağızı görmürsünüz?"

Mənəvi borcu dərk etməyə:

"Bir fotoqraf Şərq ölkələrinin birində qucağında balaca qardaşını aparan, özü ondan bir az böyük olan bir qız görür.

Fotoqraf ona deyir: "Yükün ağırdır."

Qız fotoqrafa, onu şoka salan cavab verir: " Yük deyil, qardaşımdır."

Şükranlığa:

"Yuxudan durub fikirləşdi... "Allah, mənə..." və dayandı... Nə barədə xahiş etsin?... Gözəl ailə var... İş var... nəfəs alır, görür və eşidir... Yeriyir və tükənmək qorxusu yoxdur... Dostlar var və o da kiminsə dostudur... Daha nə lazımdır?... Aha, tapdı... "Allah, bütün bunlara görə sağ ol və məni bunlardan məhrum eləmə!"

Bu kitabı oxuyanda sevinir, özündə bir mənəvi rahatlıq tapırsan. Düşünürsən ki, nə yaxşı həyatda bu kitabda "rastlaşdığın" kimi insanlar hələ də var. Həm də sən demə, insanın özünü xoşbəxt sayması üçün həyatı başa düşməsi və malik olduqlarını qiymətləndirməyi bacarması da vacibmiş.

Biz övladlarımıza təkcə mənzil, maşın, var-dövlət və s. verib getməli deyilik! Çalışmalıyıq ki, onlara bir təmiz ad da qoyaq! Həm də nə vaxtsa gərəkləri olacaq təcrübəni çatdıraq, mənəviyyatlı olmağı, xalqımızın ən qiymətli dəyərlərinə sahib çıxmağı öyrədək.

Sonuncuları hamımızın adından  dostumuz Aydın  Mirzəzadə də etdi. Özü də bütün Azərbaycan gəncləri üçün!

Ən nəhayət! Bu qeydlərdə bəlkə də kitabdan lazım olduğundan çox sitat gətirilib. Təsadüfi deyil. Məqsəd həm də "Müdriklik dərsləri"ni tapıb oxuya bilməyənlərə onun necə maraqlı və gərəkli kitab olduğunu anlatmaqdır.

 

Bəxtiyar SADIQOV

Azərbaycan.-2014.- 13 aprel.- S.5.