Azərbaycanda muxtariyyət beynəlxalq münasibətlərin subyekti kimi

 

Naxçıvan Muxtar Respublikası-90

 

Prezident İlham Əliyevin 14 yanvar 2014-cü il tarixli sərəncamı ilə qədim Azərbaycan yurdu olan Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyi bu günlərdə böyük təntənə ilə qeyd edildi. Naxçıvan tarixən çətin sınaqlarla dolu mürəkkəb və eyni zamanda şərəfli bir yol keçib. Azərbaycanın dövlətçilik ənənələrini həmişə layiqincə yaşatmış bu diyar muxtariyyətini də asanlıqla qazanmayıb.

Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikası tərkibində muxtar dövlətdir. Naxçıvanın Konstitusiya statusu unitar, hüquqi dövlət quruculuğuna malik Azərbaycanın Konstitusiyası ilə müəyyən edilir və Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir. Azərbaycanın qanunları, Azərbaycan Prezidentinin fərmanları, Azərbaycan Nazirlər Kabinetinin qərarları Naxçıvan ərazisində məcburidir. Naxçıvan muxtariyyətinin hüquqi əsasları qanunvericilik səviyyəsində öz təsbitini tapıb. Belə ki, Naxçıvanın muxtariyyət əldə etməsinin əsas beynəlxalq hüquqi sənədləri olan MoskvaQars müqavilələri, daxili hüquqi əsası olan Azərbaycan və Naxçıvan MR konstitusiyaları Azərbaycanın qanunvericiliyinə əsasən yüksək hüquqi qüvvəyə malik olmaqla Naxçıvan muxtariyyətinin hüquqi əsaslarını təşkil edir.

Naxçıvan MR Konstitusiya ilə ona verilmiş səlahiyyətlər daxilində beynəlxalq münasibətlərə girmək hüququna malikdir. Naxçıvan ərazisində dövlət quruculuğu çox ağır siyasi, hərbi, ictimai proseslərin getdiyi bir dövrə təsadüf etmişdir. 1918-ci ildə Naxçıvan ermənilər tərəfindən çox ciddi hərbi-etnik təhlükə altına salınmışdı. Bu təhlükədən qorunmaq üçün Qəmərli qəsəbəsində toplanan regionun yerli türk əhalisinin təmsilçiləri 1918-ci il noyabrın 3-də Araz-Türk Respublikasının yaradılmasını qərara aldılar. 6 üzv və rəisdən ibarət olan hökumət yaradılmışdı ki, bu hökumətin heyətində Xariciyyə Nazirliyivar idi.

Naxçıvanda stabil və ardıcıl dövlət quruculuğuna əsasən bölgədə sovet hakimiyyəti bərqərar olduqdan sonra (28 iyul 1920-ci il) başlanmışdır. Belə ki, o dövrdə Naxçıvanda qaçqınların mövcudluğu və kütləvi aclıq siyasi rəhbərliyi İran xanları (əsasən, Maku, Xoy, Səlmas, Təbriz sərdarları) ilə sıx iqtisadi əlaqələr saxlamağa məcbur etmişdir. Təbriz şəhərində Naxçıvan Hərbi İnqilab Komitəsinin nümayəndəliyi yaradılmışdı. Eləcə də 1920-ci il dekabrın 2-də Ermənistanla Türkiyə arasında Gümrü müqaviləsinin imzalanmasından sonra müqavilənin tələblərinə əsasən regionda Xəlil paşanın rəhbərliyi altında türk qoşunlarının qalması Naxçıvan Hərbi İnqilab Komitəsinin Türkiyə ilə möhkəm hərbi-iqtisadi əlaqələr qurulmasını təmin edirdi.

Naxçıvanda sovet hakimiyyətinin bərqərar olmasından sonrakı ilk illərdə onun siyasi statusu qeyri-müəyyən olmuşdur. Baş verən təlatümlü hərbi, siyasi, etnik toqquşmalar regionun çevik-avtonom idarə olunması üçün tarixi-siyasi zəmin hazırlamış, yerli rəhbərlər yarımmüstəqil addımlar atmağa başlamış, eyni zamanda, əvvəldə qeyd etdiyimiz kimi, bu addımları qanunvericilik çərçivəsinə salaraq onun tələbləri səviyyəsində hərəkət edirmişlər. Naxçıvan diyarının siyasi-hüquqi statusunun qeyri-müəyyənliyinə 1921-ci il martın 16-da Moskvada bağlanan sovet-türk müqaviləsi ilə son qoyuldu.

1921-ci il oktyabrın 13-də bağlanmış Qars müqaviləsi Naxçıvanın siyasi statusunun təsbitini möhkəmləndirməklə yanaşı, beynəlxalq hüququn mühüm mənbəyinə çevrilmişdir. Onu da qeyd etmək lazımdır ki, hələ Qarsda Zaqafqaziya respublikaları və Türkiyə arasında sülh konfransı keçirilərkən Naxçıvan SSR Xalq Komissarları Soveti tərəfindən Tağı Səfiyev adlı nüfuzlu bir müəllim məşvərətçi səs hüququ ilə Qarsa ezam edilmişdi. Bu, bir daha hələ o dövrdə Naxçıvanın öz gələcək hüquqi statusuna, siyasi gələcəyinə göstərdiyi ciddi münasibətdən irəli gəlirdi.

1923-cü il iyunun 16-da Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Naxçıvan SSR ləğv edilərək Naxçıvan Muxtar Diyarı yaradılmış Naxçıvan SSR-in XKS və xalq komissarlıqları müvafiq olaraq Diyar İcraiyyə Komitəsinə və onun şöbələrinə çevrilmişdi. Naxçıvanın muxtariyyəti siyasi muxtariyyətdən inzibati-ərazi muxtariyyətinə çevrilmişdir. Bu isə hüquqi statusa təsirsiz ötüşməmiş, bununla da, Naxçıvanın səlahiyyət və funksiyaları azalmışdır. Lakin 9 fevral 1924-cü ildə Azərbaycan SSR MİK-nin dekreti ilə Naxçıvan MSSR yaradılmş, eyni zamanda, Bahadur Vəlibəyov, Mir Cəfər Bağırov, Tağı Şahbazi SimurqRuhulla Axundovdan ibarət konstitusiya komissiyası yaradılaraq onlara Naxçıvan MSSR-in əsanaməsinin hazırlanması tapşırılmışdır. Müvafiq əsasnamə 23 mart 1924-cü il tarixdə təsdiq edilmiş və qüvvəyə minmişdir. Həmin əsasnamənin 27-ci maddəsinin "b" bəndinə əsasən Naxçıvan sovetlər qurultayı və Naxçıvan MİK-sı həm də Naxçıvan MSSR-in ümumi siyasətinə rəhbərliyi müstəqil həyata keçirmək səlahiyyətinə malik olmuşdur. Lakin 18 aprel 1926-cı il tarixdə V Ümumnaxçıvan sovetlər qurultayında qəbul edilən Naxçıvan MSSR-in ilk Konstitusiyasının 15-ci maddəsinin "b" bəndinə əsasən, Naxçıvan sovetlər qurultayının və Naxçıvan MİK-sinin yalnız Naxçıvan MSSR-in daxili siyasətinə rəhbərliyi müstəqil həyata keçirmək səlahiyyətində olduğu təsbit edilir.

Naxçıvan MSSR-in əsasnaməsinin yuxarıda adı çəkilən müddəsianın tələblərindən göründüyü kimi, 1920-ci illərdə Naxçıvanda gedən hərbi, siyasi, beynəlxalq proseslər Naxçıvanın müstəqil beynəlxalq münasibətlərdə olmasını labüd etmişdirqanunvericilikona bu səlahiyyətin verilməsini öz normalarında əks etdirmişdir. Bu illərdə Naxçıvan MSSR İran, Türkiyə kimi qonşu xarici dövlətlərlə, Zaqafqaziya respublikaları ilə diplomatikiqtisadi-ticari əlaqələri konsulluq və nümayəndəlik vasitəsilə həyata keçirmişdir.

Qeyd etdiyimiz kimi, Maku, Xoy və Təbriz şə

hərlərində Naxçıvan MSSR-in konsulluqları, Türkiyənin Qars şəhərində RSFSR konsulluğu yanında Naxçıvan MSSR müvəkkilliyi yaradılmışdır.

Gümrü müqaviləsinin tələblərinə əsasən, Naxçıvan MSSR-də yerləşdirilmiş türk qoşunları Türkiyənin Naxçıvan MSSR-dəki hərbi nümayəndəliyi vasitəsilə idarə olunurdu. Lakin türk qoşunlarının ərazidən çıxarılması, sovet-türk münasibətlərində sərinləşmənin əmələ gəlməsi 1924-cü ilin iyul ayında Türkiyənin Naxçıvan MSSR-dəki hərbi nümayəndəliyinin bağlanmasına səbəb oldu. İranın Naxçıvan MSSR-dəki konsulluğu 17 noyabr 1938-ci ilədək fəaliyyət göstərmişdir.

Naxçıvan MSSR-in Bakı, İrəvan və Tiflis şəhərlərində daimi, ZSFSR yanında iqtisadi, eləcə də ayrıca dəmir yolu nümayəndəsi olmuşdur. Əziz Şərif uzun illər Naxçıvan MSSR-in Gürcüstanda, sonra isə ZSFSR-də daimi nümayəndəsi olmuşdur.

Lakin sovet totalitarizminin ən yüksək həddə çatması, mərkəziyyət prinsipinin hökm sürməsi iki (o zamanın siyasi şərtləri əsasında) xarici, bir müttəfiq respublika ilə qonşu olan Naxçıvanın beynəlxalq münasibətlərə girmək səlahiyyətlərinə son qoydu.

Müstəqillik əldə etdikdən sonra Naxçıvan MR-ın blokada şəraitində olması, xarici dövlətlərin əhatəsində olaraq anklav təşkil etməsi ona müstəqil beynəlxalq münasibətlərə girmək hüququ kimi həyati vacib haqq əldə etməyə imkan verdi.

Naxçıvan MR elə bir coğrafi məkanda yerləşir ki, bu coğrafi mövqe ona daha çox geopolitiklik və beynəlxalq həssaslıq gətirir. Muxtar respublikanın üç xarici ölkənin sərhədində yerləşməsi onun beynəlxalq münasibətlərdə müstəqil iştirakını labüd etməklə bu ərazinin milli, iqtisadi, enerji və nəqliyyat təhlükəsizliyinin təminatının qarantına çevrilir. Onu da nəzərə alaq ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Naxçıvan MR-in əksər hissəsinin həmsərhəd olduğu Ermənistan Naxçıvana qarşı daim ərazi iddiaları ilə çıxış etmiş, ona qarşı mədəni, informasiya, kommunikasiya blokadası yaratmaqla müharibə şəraitində yaşamağa məcbur etmişdir. Regionda belə beynəlxalq əhəmiyyətli ağır vəziyyətin hökm sürdüyü bir şəraitdə Naxçıvan MR beynəlxalq münasibətlərə girmək hüququndan istifadə edərək regionun təhlükəsizliyinin qorunmasını təmin etmək məqsədilə və öz səlahiyyətləri daxilində beynəlxalq münasibətlərə girərək problemlərini beynəlxalq səviyyədə qabartması həm regionun, həm də Azərbaycanın beynəlxalq miqyasda tanınmasına və etibarının artmasına xidmət edir.

Azərbaycan Konstitusiyasının tələblərinə əsasən, xarici siyasətin hazırlanması, həyata keçirilməsi, beynəlxalq sazişlərin imzalanması, xarici ölkələr qarşısında öhdəliklər götürülməsi, hərb və sülhs. məsələlər mərkəzi hökumətin səlahiyyətindədir. Beynəlxalq münasibətlərin əsas mərhələlərindən ibarət olan beynəlxalq müqavilələrin təsdiqi və ləğvi, Azərbaycan Prezidentinin təqdimatı ilə Azərbaycanın diplomatik nümayəndəliklərinin təsis edilməsi, dövlətlərarası müqavilələrin təsdiq və ləğv edilməsi Azərbaycan Milli Məclisinin müəyyən etdiyi ümumi qaydalardandır.

Azərbaycan Prezidenti xarici ölkələrdə və beynəlxalq təşkilatlarda diplomatik nümayəndəlikləri təyin edirgeri çağırır, dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələr bağlayır. Azərbaycan Konstitusiyası beynəlxalq münasibətlər sahəsində səlahiyyətlərin bölgüsünü apararkən əlavə olaraq qeyd edir ki, Konstitusiya ilə qanunverici və məhkəmə hakimiyyəti orqanlarının səlahiyyətinə aid edilməyən digər məsələlər, nəzərə alaq ki, bu tipli məsələlər sırasında nəzəri və təcrübi cəhətdən beynəxlaq münasibətlərə, xarici siyasətin müəyyən edilməsinə, aparılmasına aid məsələlər də varbunlar icra qaydasında həll edirlir, icra hakimiyyəti orqanlarının səalhiyyəti çərçivəsindədir.

Naxçıvanın beynəlxalq münasibətlərin subyekti olması kimi hüquqi məsələ qanunvericiliyin tətbiq obyekti olmuş, qanunvericilik onun xarakterini açmış, statusunu müəyyən etmişdir. Naxçıvan MR-in konstitusion statusu onun ali qanuni vəziyyətini müəyyən edir, onun hüquqi xüsusiyytələrini açmağa yönəlmiş digər hüquqi-normativ aktlar ondan törəmə olub onunla ziddiyyət təşkil edə bilməzlər. Məlumdur ki, Azərbaycan Konstitusiyasının 7-ci maddəsinin tələblərinə əsasən, Azərbaycan unitar dövlətdir. Bu müddəa Konstitusiyanın sonrakı maddələrində də inkişaf etdirilərək Naxçıvan MR-in Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu və Naxçıvanın öz səlahiyyətində olan məsələlərin həlli ilə bağlı belə Azərbaycanın ümumi mənafeləri ilə bağlı olduğu birmənalı şəkildə təsbit edir. Bu, Azərbaycanın unitarlığının və vahid xarici siyasət yeritməsinin ali qanunverici aktla daha da möhkəmlənməsidir.

Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Naxçıvan Ermənistan tərəfindən blokadaya alınmışdır. Naxçıvanı bu vəziyyətdən o zaman muxtar respublika Ali Məclisinin sədri olan ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi sayəsində çıxarmaq mümkün olmuşdur. Belə ki, Naxçıvanın Bakıda daimi nümayəndəliyinin təsisi, İrana və Türkiyəyə ulu öndərin rəhbərliyi ilə böyük heyətdə işgüzar səfərlərin həyata keçirilməsi, müqavilələrin bağlanması, xarici dövlətlərə Azərbaycanın və Naxçıvanın haqq səsinin çatdırılması ilə əlaqədar notaların ünvanlanması, sərhədyanı ticarətin inkişafına rəvac verilməsi, Naxçıvan MR Dövlət Gömrük Komitəsinin və Naxçıvan MR Dövlət Kommunikasiyalar Komitəsinin yaradılması, yeni sərhəd-gömrük keçid məntəqələrinin açılması, Naxçıvan MR Dövlət Xarici Əlaqələr Komitəsinin yaradılması Naxçıvanın beynəlxalq əlaqələrinin müasir dövrdə əsasının qoyulmasına xidmət etmişdir. Bu kurs sonrakı dövrdə də qonşu ölkələrlə, onların sərhədyanı inzibati vahidləri ilə əlaqələrin daha da inkişafı və şaxələnməsini şərtləndirmişdir.

Muxtar dövlət statuslu Naxçıvan MR Konstitusiyası onun beynəlxalq münasibətlərdəki yeri, rolu və səlahiyyətlərinin də bəzi məqamlarını özündə əks etdirir. Belə ki, Naxçıvan Konstitusiyasına əsasən, Naxçıvan MR-in ali vəzifəli şəxsi - Naxçıvan MR Ali Məclisinin sədri Naxçıvanı xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətdə, Naxçıvan MR-in mənafeləri ilə bağlı iqtisadi və mədəni məsələlərdə Naxçıvan MR-in Konstitusiyası ilə müəyyən edilmiş həddə və Azərbaycan qanunları ilə müəyyən olunmuş qaydada Azərbaycanın beynəlxalq münasibətlərində Naxçıvanı təmsil edir.

Naxçıvan MR-in beynəlxalq münasibətlərə girmək statusunun Azərbaycanın Konstitusiya Qanunu (Naxçıvan MR Konstitusiyası) səviyyəsində təsbitini müəyyən etdikdən sonra qeyd edək ki, bu hüququn icrası mexanizmlərindən danışmaq, onun fəaliyyət çərçivəsini müəyyən etmək mövzunun tamamilə tədqiqinə yönəlmiş olardı. Azərbaycanın həmsərhəd və digər dövlətlərlə və beynəlxalq təşkilatlarla iqtisadi, ticarət, elmi-texniki və mədəni münasibətlərinin genişlənməsini və Naxçıvan MR-in bu münasibətlərdə iştirakını nəzərə alaraq Azərbaycanın vahid xarici siyasi xəttinin həyata keçirilməsini və bununla əlaqədar Azərbaycan XİN-in müvafiq vəzifə və funksiyalarının Naxçıvan MR-də fasiləsiz və ardıcıl həyata keçirilməsini təmin etmək, Azərbaycanın vahid xarici siyasət xəttinin həyata keçirilməsini təmin etmək məqsədilə və Azərbaycanın beynəlxalq münasibətlərində Naxçıvan MR-in iqtisadi, ticarət, elmi-texniki və mədəni məsələlərlə əlaqədar iştirakını nəzərə alaraq, Azərbaycan Xarici İşlər Nazirliyinin Naxçıvan MR-də idarəsi yaradılmışdır.

Azərbaycan Xarici İşlər Nazirliyinin Naxçıvan MR-dəki idarəsinin Naxçıvan Muxtar Respublikasının beynəlxalq əlaqələrə girməsində oynadığı rol, dövlət tərəfindən onun həyata keçirməsi planlaşdırılan və məcburi olan vəzifələr də qanunvericiliklə müəyyən edilmişdir. Azərbaycanın qanunvericiliyinə və beynəlxalq hüquq normalarına riayət edilməsinə nəzarəti həyata keçirmək, müəyyən edilmiş vəzifələrə uyğun olaraq Naxçıvanda fəaliyyət göstərən xarici nümayəndəliklərlə münasibətlərdə AR XİN-ni təmsil etmək idarənin səlahiyyətləri çərçivəsinə daxildir. Naxçıvan MR-in beynəlxalq əlaqələrin subyekti olması Azərbaycanın ərazi bütövlüyünün təminatını, onun unitarlığını, suverenliyini qoruyur, möhkəmləndirir. Bu, bir tərəfdən qanunvericiliyin Naxçıvan Muxtar Respublikasının beynəlxalq münasibətlərə çıxmaq üçün verdiyi çərçivənin hüdudlarından asılıdırsa, digər tərəfdən Naxçıvan MR-in tarixi vərənpərvərlik ənənələrindən irəli gəlir. Qanunsosioloji faktorun birgə fəaliyyəti bu sahədə daha böyük müvəffəqiyyət əldə etməyə, ümumi maraqları qorumağa imkan verir. Naxçıvan MR-in beynəlxalq münasibətlərin subyekti hüququna malik olması əbədi eksklav halında daimi təhlükəsizliyin qorunmasının mühüm təsir alətidir. Belə rıçaqlara malik olmadan Naxçıvan MR heç vaxt düşdüyü ağır blokadadan yaxa qurtara bilməzdi və gələcəkdə də belə hüquqa malik olmadan bu təhlükəsizliyin daimiliyinə təminat verilə bilməz.

 

Zaur BAĞIROV,

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük

 Komitəsinin Gömrük nəzarətinin təşkili şöbəsinin rəisi

Azərbaycan.-2014.- 13 aprel.- S.5.