Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi
ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci
rübünün sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunmuş iclası keçirilmişdir
Aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. Dövlət başçısı iclasda nitq söyləmişdir.
Prezident İlham
Əliyevin giriş nitqi
- Bu gün biz Nazirlər Kabinetinin iclasında 2014-cü ilin birinci rübünün iqtisadi və sosial yekunlarını müzakirə edəcəyik. Xatırlayıram, 2013-cü ilin yekunlarını müzakirə edərkən mən bildirmişdim ki, əminəm 2014-cü il də iqtisadi inkişaf baxımından ölkəmiz üçün uğurlu olacaqdır və ilin üç ayının yekunları bunu təsdiqləyir. Azərbaycan dinamik inkişaf templərini saxlaya bilmişdir. Ölkəmiz bütün sahələrdə uğurla irəliyə gedir. İqtisadiyyat 2,5 faiz artmışdır. Hesab edirəm ki, bu, yaxşı göstəricidir. Ümumi daxili məhsulumuzun strukturu da yaxşılaşır. Əlbəttə ki, son illərdə bizim üçün iqtisadi inkişafı göstərən əsas göstərici qeyri-neft sektorunun parametrləridir. Keçən ildə olduğu kimi, bu il də biz bu sahədə sürətli inkişafa nail ola bilmişik.
Keçən il qeyri-neft sektorumuz 10 faiz, bu ilin birinci rübündə isə 8,8 faiz artmışdır. Əlbəttə ki, bu artım son illərdə Azərbaycanda aparılan islahatların nəticəsidir. İqtisadiyyatla bağlı aparılan siyasət bizi bax bugünkü reallığa gətirib çıxarmışdır.
İqtisadiyyatın şaxələndirilməsi
bizim əsas prioritetimizdir. Hesab edirəm ki, biz buna nail ola
bilmişik. Çünki artıq uzun müddət
ərzində qeyri-neft sektorumuz sürətlə artır.
Hesab edirəm ki, biz sosial məsələlərin həllində
də siyasətimizi düzgün istiqamətdə
aparırıq. Bu siyasət artıq illər ərzində
aparılır və sınaqdan çıxmışdır.
Əhalinin pul gəlirləri 4,5 faiz
artmışdır. İnflyasiya isə cəmi
2 faiz təşkil edir. Beləliklə, həmişə
olduğu kimi, əhalinin gəlirləri inflyasiyanı 2 dəfədən
çox üstələyir. Bu da
insanların sosial məsələlərinin həlli
üçün əsas şərtdir. Eyni
zamanda, bu, Azərbaycanda iqtisadi və sosial islahatların
düzgün istiqamətdə aparılmasını göstərir.
Çünki köklü iqtisadi islahatlar, eyni
zamanda, çox ciddi sosial proqramlarla da təmin edilməlidir.
Kənd təsərrüfatında artım 3 faizdən
bir qədər çoxdur. Bu da müsbət hal
kimi qiymətləndirilə bilər. Əminəm
ki, gələcək illərdə görüləcək əlavə
tədbirlər nəticəsində biz bu sahədə daha da
böyük rəqəmlər görəcəyik.
Bizim valyuta ehtiyatlarımız artır və birinci
rübdə xeyli artmışdır. Hazırda valyuta
ehtiyatlarımız 53 milyard dollar təşkil edir. Bu, çox böyük rəqəmdir. Xüsusilə ölkəmizin əhalisini nəzərə
alsaq görərik ki, bu göstərici üzrə
adambaşına düşən valyuta ehtiyatlarına görə
Azərbaycan dünyada qabaqcıl ölkələr
arasındadır. Ən önəmli məsələ
ondan ibarətdir ki, baxmayaraq, bizim böyük investisiya
proqramlarımız icra edilir, valyuta ehtiyatlarımız
azalmır, ildən-ilə artır. Bu da
bizim siyasətimizdir. Mən bunu dəfələrlə
bəyan etmişəm ki, biz əlbəttə,
iqtisadiyyatımızın, sahibkarlığın
inkişafı, infrastruktur layihələrinin icrası
üçün öz maliyyə imkanlarımızdan istifadə
etməliyik, eyni zamanda, valyuta ehtiyatlarımız da ildən-ilə
artmalıdır.
Bu gün bizim təcrübəmiz, vəsaiti
iqtisadiyyatın real sektoruna yönəltmək,
investisiyaları cəlb etmək və infrastruktur layihələrini
icra etmək siyasətimiz hesab edirəm ki, dünya
miqyasında artıq bir nümunə kimi qəbul edilir.
Çünki vaxtilə bu siyasətdə müxtəlif
fikirlər var idi. Bəzi beynəlxalq maliyyə qurumları
bizə başqa məsləhətlər verirdi, başqa
tövsiyələr irəli sürülürdü. Ancaq biz öz siyasətimizi düzgün
aparmışıq. Ölkəmizi
inkişaf etdirmək, güclü potensial yaratmaq və
qeyri-neft sektorunun inkişafı üçün biz valyuta
ehtiyatlarımızdan çox səmərəli şəkildə
istifadə etdik.
Eyni zamanda, bizim çox güclü maliyyə vəziyyətimiz
müstəqil siyasətimizi şərtləndirir. Çünki
iqtisadi cəhətdən azad olan, heç kimdən
asılı olmayan ölkə beynəlxalq aləmdə öz
sözünü daha da qətiyyətlə deyə bilir.
Bir sözlə, bizim əsas iqtisadi parametrlərimiz
çox müsbətdir. Bu mənzərə gələcəyə
də nikbinliklə baxmaq üçün imkan verir. Mən
əminəm ki, ilin sonuna qədər bu inkişaf templəri
davam edəcək və biz 2014-cü ili də
böyük uğurlarla başa vuracağıq.
Əhalinin banklarda əmanətləri 20 faizdən
çox artmışdır. Bu da çox müsbət
göstəricidir. Bu, ilk növbədə
onu göstərir ki, insanların maddi vəziyyəti
yaxşılaşır. Digər tərəfdən,
bu hal banklara inamın təzahürüdür. Eyni zamanda, bu, imkan verir ki, banklarımız ölkəmizin
iqtisadi inkişafında daha da fəal iştirak etsinlər və
əvvəlki toplantılarda dediyim kimi, iqtisadiyyatın real
sektoruna daha çox kredit resurslarını yönəltsinlər.
Çünki belə olan halda işlərimiz
daha da sürətlə gedəcəkdir.
Biz bu ilin birinci rübünün cəmi iki ayı ərzində
Azərbaycanda böyük bir sosial təşəbbüsün
icrasını müşahidə edirik. Əhalinin
dispanserizasiya proqramı icra edilir. Bu,
sırf sosial məna daşıyan bir layihədir. Bu layihənin icra edilməsi üçün əlbəttə
ki, ilkin şərtlər olmalı idi. O da ondan ibarətdir
ki, müasir avadanlıq, müasir tibb mərkəzləri
olmalıdır ki, bunları da biz son illər ərzində
bütün ölkə üzrə yaratmışıq. Belə olan halda ən müasir avadanlıqdan istifadə
edərək müayinədən keçmək
üçün ölkəmizin hər bir yerində imkan
vardır. Qısa müddət ərzində
- cəmi iki ayda dörd milyon insan bu müayinədən
keçib. Hesab edirəm ki, bu təşəbbüs hər
il göstərilməlidir və bu, daimi
proses olmalıdır.
Mən son illərdə, müxtəlif bölgələrdə
yeni xəstəxanaların açılışlarında,
görüşlər əsnasında bir fikri dəfələrlə
vurğulamışam ki, hər bir insan ildə bir dəfə
müayinədən keçməlidir. Şadam ki,
artıq vətəndaşlar da buna müsbət reaksiya verirlər.
Çünki bu, ilk növbədə onlar
üçün lazımdır, hər bir insan
üçün lazımdır. Bu gün
Azərbaycanda müasir tibbi avadanlıqlar var ki, istənilən
müayinəni aparmaq mümkündür. Yəni,
hesab edirəm ki, bu, sosial siyasətimizin tərkib hissəsi
olan çox önəmli bir təşəbbüsdür.
Şadam ki, bunu biz icra edə bilirik.
Birinci rübdə orta əməkhaqqı təxminən
7 faiz artmışdır. Bu gün Azərbaycanda
orta əməkhaqqı 430 manat, yəni 550 dollar səviyyəsindədir.
Əməkhaqqı ildən-ilə artır və
artacaqdır. Gələcəkdə
görüləcək işlər, iqtisadi inkişaf, neft-qaz
sektorunun inkişafı sayəsində, eyni zamanda,
maaşların və pensiyaların qaldırılması nəticəsində
orta əməkhaqqı və orta pensiya daha da
artmalıdır, artacaqdır.
İlin birinci rübündə regionların
sosial-iqtisadi inkişafına dair üçüncü
Dövlət Proqramı qəbul edildi. Biz ikinci
proqramın yekunlarını fevral ayında müzakirə
etmişik. Üçüncü proqramın qəbul
edilməsi əminəm ki, qalan sosial və iqtisadi məsələlərin
növbəti beş il ərzində həlli
üçün bizə böyük dəstək
olacaqdır. Bu da əvvəlki proqramlar kimi
çox müfəssəl bir sənəddir. Proqramda bütün məsələlər öz əksini
tapıbdır. Hər bir rayon üzrə
konkret vəzifələr, tapşırıqlar vardır.
Təbii ki, icra mexanizmləri, maliyyə
resursları da bu proqramı dəstəkləyir. Əminəm ki, 2018-ci ilə qədər bu
proqramın icrası nəticəsində bölgələrdə
əsas sosial infrastruktur, iqtisadi məsələlər öz
həllini tapacaqdır.
Eyni zamanda, Bakı və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafı proqramı qəbul edilib. Bu proqram
2016-cı ildə başa çatacaqdır. O vaxta qədər
Bakının qəsəbələrində bütün
infrastruktur layihələri icra ediləcəkdir. Qazlaşdırma tam axıra
çatdırılacaqdır, elektrik enerjisi ilə təminat
daha da yaxşı olacaqdır, içməli su, kanalizasiya, kənd
yollarının tikintisi layihələri icra ediləcəkdir.
İş yerləri açılacaq, məktəblər,
xəstəxanalar, tibb məntəqələri tikiləcəkdir.
Yəni, hər bir qəsəbədə bu
proqram öz nəticəsini göstərəcəkdir.
Bütövlükdə birinci rübdə sosial
infrastrukturun yaradılması istiqamətində də önəmli
addımlar atılıb. Bu, artıq daimi bir prosesdir. Hələ ki bu sahədə görüləsi
işlər çoxdur. Baxmayaraq ki, 2 mindən
artıq məktəb, 500-dən çox xəstəxana
tikilib, yenə də buna ehtiyac vardır. Çalışmalıyıq
ki, 2018-ci ilin sonuna qədər bu sahədə də
bütün təmir-bərpa və tikinti işlərini
yekunlaşdıraq ki, sosial infrastruktur tamamilə yenilənsin.
Birinci rübdə sahibkarlığın inkişafı
istiqamətində əlavə tədbirlər
görülmüşdür. Biznes mühitinin
yaxşılaşdırılması üçün
çox önəmli sərəncam imzalanmışdır.
Bu sərəncamın icrası bizə imkan verəcək
ki, həm Dünya Bankının "Doing Business"
reytinqində yerimizi daha da yüksəklərə qaldıraq.
Eyni zamanda, ən önəmlisi ondan ibarətdir
ki, Azərbaycanda biznes mühitinin
yaxşılaşdırılması üçün biz əlavə
addımları ataq. Bu, deyə bilərəm
ki, bizim siyasətimizin əsas istiqamətlərindən
biridir. Bu gün ölkə
iqtisadiyyatının mütləq əksəriyyəti özəl
sektorda formalaşır. Özəl sektor gələcəkdə
Azərbaycan iqtisadiyyatının inkişafını təmin
edəcəkdir. Biznes mühitinin
yaxşılaşdırılması, yerli və xarici
investorlar üçün daha da əlverişli vəziyyətin
yaradılması daim diqqət mərkəzindədir. Əminəm ki, mənim sərəncamımda nəzərdə
tutulan müddəaların icra edilməsi nəticəsində
biz bu sahədə daha da yaxşı nəticələr əldə
edəcəyik.
Bütövlükdə sahibkarlıqla bağlı məsələlər
Azərbaycanda uğurla həll edilir. Ölkəmizdə
investisiya iqlimi çox müsbətdir. Birbaşa
xarici sərmayələrin qoyuluşuna görə Azərbaycan
MDB məkanında liderlik rolunu saxlayır. Şadam ki, daxili investisiyalar artıq bir neçə
ildir ki, xarici investisiyaları üstələyir. Çalışmalıyıq ki, ölkə
iqtisadiyyatına qoyulan vəsait artsın və bu vəsait
bizim iqtisadi siyasətimizlə tam uzlaşsın.
Çünki
xarici investorların təbii ki, öz maraqları ola bilər və vardır. Ölkəmizin
də öz maraqları vardır. Biz
bunları bir-biri ilə bağlamalıyıq,
bağlayırıq. Bugünkü Azərbaycan
artıq dünya miqyasında biznes aparmaq üçün
çox gözəl ölkə kimi tanınır. Təsadüfi deyil ki, aparıcı maliyyə
qurumlarının reytinqlərində Azərbaycanda iqtisadi
islahatlarla bağlı çox müsbət rəy vardır.
İqtisadiyyatımızın rəqabətqabiliyyətliliyi
artır. Aparıcı reytinq agentlikləri
bizim kredit reytinqlərimizi yüksək səviyyədə
saxlayır. Biz bu gün xarici maliyyə
bazarlarından istənilən məbləğdə vəsait
cəlb edə bilərik və bunu artıq bu yaxınlarda
etmişik. Çox məhdud sayda
etmişik. Ancaq tələbat və ya
sifariş təklif etdiyimiz imkanlardan təqribən 4-5 dəfə
artıq olmuşdur. Biz ən məqbul
şərtlərlə əlavə maliyyə resursları cəlb
etmişik.
Bizim maliyyə vəziyyətimiz, ümumiyyətlə,
belədir ki, beynəlxalq bazarlardan istənilən məbləğdə
limitsiz, məhdudiyyətsiz kredit resursları ala bilərik. Sadəcə
olaraq, bunu böyük dərəcədə etmirik. Çünki buna ehtiyac yoxdur. Ancaq
bu gün Azərbaycan xarici borcun səviyyəsinə görə,
deyə bilərəm ki, dünyada aparıcı yerlərdədir.
Xarici borc ümumi daxili məhsulun cəmi 8
faizini təşkil edir. Bu, dünya
miqyasında bəlkə də ən aşağı göstəricidir,
bəlkə onlardan biridir.
Bir sözlə, bu gün bizim öz maliyyə
imkanlarımız vardır. Onları biz yaratmışıq, gərgin
iş, düşünülmüş
siyasət nəticəsində, enerji sektorunun inkişafı
sayəsində. Eyni zamanda, biz bu gün istənilən
məbləği ölkə iqtisadiyyatına cəlb edə
bilərik. Ancaq bir daha demək istəyirəm
və hesab edirəm ki, xarici borcumuzun ümumi daxili məhsulumuzda
səviyyəsi bir rəqəmlə ölçülməlidir.
Bu gün bu, 8 faizdir. Yəni,
bu səviyyədə qalsa, hesab edirəm ki, gələcək
üçün də və imkanlarımızın genişlənməsi
üçün də bu, məqbul bir səviyyədir.
Azərbaycan birinci rübdə beynəlxalq siyasətlə
bağlı öz mövqelərini dünyada daha da möhkəmləndirmişdir. Azərbaycan
beynəlxalq aləmdə çox etibarlı tərəfdaş
kimi tanınır. Bizim xarici siyasətimiz
açıqdır, prinsipialdır, ədalətə, beynəlxalq
hüquqa söykənir. Bu prinsipiallıq
və hər bir məsələ ilə bağlı
mövqeyimizin sərgilənməsi, əlbəttə ki, Azərbaycana
əlavə rəğbət yaradır. Bəzi
beynəlxalq məsələlərlə bağlı dünya
ictimaiyyətinin əksəriyyəti mövqe bildirməkdən
çəkinir. Biz buna qiymət vermək
fikrində deyilik. Ancaq Azərbaycan hər
bir məsələ ilə bağlı prinsipial mövqe
nümayiş etdirir. Bu mövqe ilk növbədə,
beynəlxalq hüququn norma və prinsiplərinə
əsaslanır. Beynəlxalq hüququn norma
və prinsipləri əsas şərt olmalıdır. Çünki bugünkü beynəlxalq aləm bu
prinsiplər üzərində qurulubdur. Əgər
bunlar pozulursa, onda bütün beynəlxalq əməkdaşlıq
və münasibətlər mexanizmi pozulur. Beynəlxalq aləmdə bax bu prinsipial mövqe əlbəttə
ki, bizə böyük rəğbət yaradır. Azərbaycan müstəqil, prinsipial ölkə kimi
öz mövqelərini daha da möhkəmləndirir.
Beynəlxalq təşkilatlarda ölkəmiz haqqında bu
düzgün təsəvvür gələcəkdə bizə
əlavə imkanlar yaradacaqdır.
Birinci rübdə mən Davos Dünya İqtisadi
Forumunda iştirak etmişəm. Deyə bilərəm ki, Azərbaycan
bu forumda 10
ilə yaxındır ki, iştirak edir. Bu forum həm
orada müzakirə olunan məsələlər
baxımından, eyni zamanda, təmaslar nöqteyi-nəzərindən
hesab edirəm ki, dünyada birinci forumdur. Bu,
təkcə iqtisadi forum deyil, eyni zamanda, siyasi forumdur. Bu forumda iştirak, mövqeyimizin nümayiş
etdirilməsi və izahı hesab edirəm ki, çox önəmli
məsələdir. Eyni zamanda, ilin əvvəlində
mənim NATO-ya səfərim olmuşdur. Artıq
mən bir neçə dəfə NATO-ya səfər etmişəm.
Bu səfər də çox müsbət
olmuşdur. Bizim ikitərəfli əlaqələrimiz
müsbətdir. Gələcək əməkdaşlıq
haqqında fikir mübadiləsi aparılıbdır. Enerji təhlükəsizliyində sülhməramlı
missiyalarda Azərbaycanın iştirakı və onun payı təqdirlə
qarşılanır.
Azərbaycan beynəlxalq təşkilatlarla uğurla əməkdaşlıq
edir. Biz müxtəlif beynəlxalq təşkilatların
üzvüyük. Bir neçə təşkilatla
sıx əməkdaşlıq edirik. Hesab
edirəm ki, bu siyasət də bizə əlavə dividendlər
gətirir. Eyni zamanda, ilin birinci
rübündə mən Dünya Nüvə Sammitində
iştirak etmişəm. Azərbaycanın
bu sammitdə iştirakı xüsusi məna
daşıyır. Çünki biz təbii
ki, nüvə dövləti deyilik. Eyni
zamanda, bizdə atom elektrik stansiyaları da yoxdur. Ancaq ölkəmizin önəmi, bölgədə və
dünyada oynadığı rol əlbəttə ki, Azərbaycana
sammitdə iştirak edən ölkələrin
sırasında olmaq üçün şərait
yaratmışdır. Bu sammitdə həm
açıq, həm qapalı hissələrdə də
çox önəmli məsələlər müzakirə
edilmişdir. Dünyada təhlükəsizliyin
təmin edilməsi məsələləri əlbəttə
ki, indi dünya gündəliyinin birinci
sıralarındadır. Azərbaycan bu sahədə də
öz töhfəsini
verir və verəcəkdir. Bildiyiniz kimi, biz BMT
Təhlükəsizlik Şurasında sədrlik edən zaman məhz
terrorizmə qarşı mübarizə mövzusu ilə
bağlı müzakirələr təşkil etmişdik.
Birinci rübdə ikitərəfli formatda
çoxsaylı təmaslarım olmuşdur. İndi Azərbaycana
müxtəlif qitələrdən gələn nümayəndə
heyətlərinin sayı getdikcə artır. Bizimlə əməkdaşlıq etmək istəyənlərin
sayı artır. Eyni zamanda, yüksək səviyyəli
qarşılıqlı səfərlər olmuşdur. Türkiyənin Baş naziri Azərbaycanda səfərdə
olmuşdur. Bələdiyyə seçkilərindən
sonra bu, Baş nazirin ilk səfəri idi. Bizim
dostluq, qardaşlıq və strateji tərəfdaşlıq
münasibətləri bu səfər əsnasında bir daha təsdiqləndi.
Eyni zamanda, bu yaxınlarda mən İran İslam
Respublikasına rəsmi səfər etmişəm. Bu səfər
də çox uğurlu idi. Bu səfər
zamanı imzalanan sənədlər, aparılan
danışıqlar, fikir mübadiləsi bizim münasibətlərimizi
daha da yüksək səviyyəyə qaldıracaqdır.
Deyə bilərəm ki, bu səfərin
çox böyük əhəmiyyəti vardır. Çünki səfər zamanı biz dostluq və səmimi
əməkdaşlıq şəraitində bir çox məsələlərə
aydınlıq gətirdik. Bir fikri ifadə
etdik ki, bundan sonra da İran-Azərbaycan əlaqələri
ancaq yüksələn xətlə inkişaf etməlidir.
Hökumətlərarası birgə komissiyanın
yeni formatı müəyyən edilir, yaxın zamanlarda tam
şəkildə formalaşacaqdır. Bütün
istiqamətlər üzrə çox fəal iş
aparılacaqdır.
Ümumiyyətlə, deyə bilərəm ki, biz həm
beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq
edirik, eyni zamanda, qonşu ölkələrlə əlaqələrimiz
ənənəvi olaraq çox müsbətdir,
yaxındır. Bizim beş qonşumuz vardır. Onlardan biri Ermənistandır -
işğalçı dövlətdir, düşməndir.
Dördü isə dostdur. Dost
qonşularımızla əlaqələr bizim
üçün prioritet məsələdir. Hesab edirəm ki, hər bir ölkə
üçün onun qonşuları ilə münasibətləri
xüsusi məna daşıyır. Bizi
qonşularımızla tarix, keçmiş bağlayır.
Bu gün biz müstəqil dövlətlər
kimi ikitərəfli əlaqələrimizi dostluq, əməkdaşlıq,
bir-birinin işinə qarışmamaq prinsipləri üzərində
qururuq. Əminəm ki, bu münasibətlərin
inkişafı hər bir ölkə üçün gələcəkdə
böyük fayda verəcəkdir.
Onu da qeyd etmək istəyirəm ki, Azərbaycan regional
müstəvidə iki üçtərəfli formatın təşəbbüskarı
olmuşdur. Bu formatlar artıq
neçə ildir ki, fəaliyyət göstərir. Azərbaycan-İran-Türkiyə formatı. Xarici işlər nazirləri mütəmadi qaydada
görüşürlər. Eyni zamanda, Azərbaycan-Gürcüstan-Türkiyə
formatı. Burada həm iqtisadi, həm də siyasi blok artıq format kimi formalaşıb. Bu, bizim təşəbbüsümüz olmuşdur.
Hesab edirəm ki, çox
düşünülmüş və müdrik təşəbbüs
idi. Azərbaycan hər iki formatda fəal
iştirak edir.
Beynəlxalq məsələlərlə bağlı
bizim əsas məsələmiz Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həllidir. Əfsuslar
olsun ki, birinci rübdə bu istiqamətdə heç bir irəliləyiş
olmamışdır. Baxmayaraq ki, keçən
ilin sonlarında vasitəçilərin müəyyən
nikbin fikirləri olmuşdur. Ancaq onlar
özünü doğrultmur. Bu gün biz
yenə də onun şahidiyik ki, Ermənistan sadəcə
olaraq, vaxt uzatmaqla məşğuldur. Nə
hərb, nə sülh vəziyyətini saxlamaq istəyir və
beynəlxalq vasitəçilər əfsuslar olsun ki, onlara
ciddi təzyiq etmirlər.
Əslində çoxdan Ermənistana qarşı beynəlxalq
sanksiyalar tətbiq edilməli idi. Çünki Ermənistan
artıq iyirmi ildir ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən
tanınan ərazisini işğal altında saxlayır. Dinc əhaliyə qarşı soyqırımı
törətmişdir. Xocalı
soyqırımını törətmişdir. Xalqımıza qarşı etnik təmizləmə
siyasəti aparılıbdır. BMT Təhlükəsizlik
Şurasının dörd qətnaməsi pozulur. Yəni, heç bir başqa buna oxşar halda bu qədər
ədalətsizlik və qanun pozuntusu olmamışdır.
Beynəlxalq normalar pozulur. BMT
Təhlükəsizlik Şurasının qətnamələri
icra edilmir. Digər beynəlxalq təşkilatların
- Avropa Şurası, Avropa Parlamenti, ATƏT, İslam Əməkdaşlıq
Təşkilatının qətnamələri icra edilmir.
Onlara məhəl qoyulmur. Minlərlə
Azərbaycan vətəndaşı həlak olubdur. Bizə qarşı soyqırımı törədilibdir.
Nəticə etibarilə Ermənistana
qarşı heç bir sanksiya tətbiq edilmir.
Sual olunur nə üçün? Nə vaxta qədər
biz bu ikili standartlarla üzləşəcəyik? Bunun səbəbi nədir? Nə
üçün qondarma "Dağlıq Qarabağ
respublikası"nın rəhbərləri
sanksiyalardan əziyyət çəkmir? Nə
üçün onlara qarşı sanksiyalar tətbiq olunmur?
Bu, ədalətsizlikdir, ikili standartlardır.
Ona görə biz beynəlxalq münasibətlərdə
ikili standartlara qarşı öz etiraz səsimizi
ucaldırıq. Bizimlə əməkdaşlıq edən
Qərb ölkələrinin rəhbərlərindən
xahiş edirik ki, qondarma "Dağlıq Qarabağ
respublikası"nın "rəhbərləri"ni
öz ölkələrinə buraxmasınlar. Onlara
qarşı sanksiyalar tətbiq edilsin. Onlar
gedib qanunsuz telemarafonlar keçirirlər, pullar
yığırlar. Sonra o pulları bizim əleyhimizə
istifadə edirlər. Onların "rəhbərləri"ni Qərbin aparıcı ölkələrində
qəbul edirlər. Vizalar verilir, onlar orada
"nümayəndəliklər" açırlar, gedib-gəlirlər.
Nə üçün?
Hesab edirəm, vaxt gəlib çatıb ki, biz bu məsələ
ilə bağlı fikrimizi daha da açıq şəkildə
ifadə edək. Biz bu ikili standartlardan yorulmuşuq. Bu qədər ədalətsizliyə dözmək
mümkün deyildir.
Nə üçün təcavüzkar bugünə qədər qınaq obyektinə çevrilməyib?! Nə üçün Avropa Şurası Parlament Assambleyasında Ermənistan nümayəndə heyətinin səlahiyyətlərini dayandırmaq məsələsi müzakirə edilmir?! Biz bu məsələni dəfələrlə qaldırmışıq. Yadımdadır ki, hələ 2001-ci ildə mən Azərbaycan Milli Məclisinin AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri kimi, dəfələrlə bu məsələni qaldırmışam. Buna heç kim heç bir reaksiya vermir. Deyirlər, gedin razılaşın, gedin danışın, sülh yolu ilə həll edin bunu. Bizə qarşı etnik təmizləmə aparılmışdır, soyqırımı törədilmişdir. Azərbaycanlılar Dağlıq Qarabağdan qovulandan sonra orada dırnaqarası referendum keçirilmişdir. Hesab edilir ki, bu məqbuldur. Buna dözmək mümkün deyildir. Bizə qarşı olan ədalətsizliyi faktlarla, dəlillərlə ifşa etməliyik. Hesab edirəm ki, bu prinsipial mövqe həm ədaləti bərpa edəcək, həm də ki, riyakar siyasəti ifşa edəcəkdir.
Bizə qarşı riyakar siyasət, ikili standart siyasəti davam edir. Biz isə bununla heç vaxt barışmayacağıq. O ki qaldı münaqişənin həllinə, heç kim üçün sirr deyil, bu gün dünyada əsas amil güc amilidir. Bu, reallıqdır. Ona görə biz daha da güclü olmalıyıq və ilk növbədə, hərbi gücümüzü artırmalıyıq. Bir daha bu məsələni müzakirə edərkən görürük ki, biz nə qədər düzgün addım atmışıq, ordu quruculuğu prosesini daim diqqət mərkəzində saxlamışıq. Uzun illər ərzində alınan silahlar, texnikalar, sursatlar bu gün bizim gücümüzü böyük dərəcədə artırmışdır.
Bu gün Azərbaycan Ordusunda olan texnika ən
güclü ordulardan da geri qalmır. Eyni zamanda, bu
yaxınlarda Naxçıvanda olarkən oradakı yeni
texnikanın nümayişi də göstərir ki,
Naxçıvan ordusu da bu gün dünya ordularında olan ən
müasir texnikaya malikdir. Artıq orada həm müasir
artilleriya qurğuları, döyüş və nəqliyyat
helikopterləri, tank əleyhinə qurğular, hava hücumuna
qarşı qurğular, ən müasir "T-72",
"T-90" tankları və digər hərbi silah-sursat
vardır, daha da artacaqdır. Biz daha da
güclü olmalıyıq və olacağıq.
Azərbaycan.-2014.- 15 aprel.- S.1;2.