Zəkasının işığı hələ də görünür

 

Görkəmli həkim-oftalmoloq, yorulmaz alim, tibb elmində bir çox yeniliklərə imza atmış akademik Zərifə xanım Əliyeva haqqında söz düşəndə tez-tez "işıq", "nur" kəlmələrini işlədirik. Təbii ki, bu, ilk növbədə milyonlara nümunə olan nəcib xanımın ixtisasca göz həkimi olmasından irəli gəlir.

Geniş mənada götürdükdə isə Zərifə Əliyeva ümumiyyətlə işıqlı insan idi. Çox vaxt deyirlər ki, xəstə həkimin şəfqətli əllərindən şəfa alır. Zərifə xanım elə böyük həkimlərdən idi ki, xəstəsinə bəxş etdiyi işıq onun qəlbinin odundan, hərarətindən, nurundan qidalanırdı, biliyinin, zəkasının ziyasından qaynaqlanırdı. İşıq onun təkcə sənətini deyil, əməllərini və şəxsiyyətini səciyyələndirən ifadə idi.

Alim özünün çoxillik fəaliyyəti dövründə neçə-neçə gözə şəfa bəxş etmiş, ən ağır, mürəkkəb əməliyyatlar aparmış, görmə qabiliyyəti zəif olanların, yaxud tamamilə görməyənlərin qaranlıq dünyasını işıqlandırmışdı. Bu işdə ona təkcə biliyi, savadı və səriştəsi deyil, həm də gendən və böyüdüyü ailədən irəli gələn həmin yüksək keyfiyyətlər dəstəkçi olurdu.

Zərifə xanım görkəmli həkim və alim, dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya gəlmişdi. Bu insan ömrü boyu onu əhatə edənlərin hörmətini qazanmışdı. O, rektor, nazir, baş nazirin müavini olmuş və həmişə də bacarığı və qabiliyyəti ilə böyük nüfuz qazanmışdı. Dövrünün partiya və dövlət xadimləri arasında özünəməxsus geniş siyasi və mədəni dünyagörüşü ilə seçilmişdir.  Zərifə xanım həmişə deyirdi ki, atasının keçdiyi ömür yolu onun üçün xalqının tarixinin bir hissəsi idi. Əziz Əliyev şəxsi nümunəsilə uşaqlarına mübariz olmağı aşılamışdı, gələcəyə ümid, inam bəsləməyi öyrətmişdi. Hər zaman hamıya xeyirxah, qayğıkeş münasibətdə olmağı tövsiyə etmişdi. Daim inkişafda olmaq üçün elmə bağlılığı yüksək dəyərləndirərdi, eyni zamanda bir sözü tez-tez təkrar etməyi xöşlayardı: əgər həkim təkcə həkimdirsə, deməli, o, pis həkimdir. Bu mənada Zərifə xanım yüksək peşəkarlıqla yanaşı, səmimi insani münasibətləri hər cür keyfiyyətlərdən üstün tutardı. Zərifə Əliyeva möhkəm iradəyə, böyük təmkinə malik güclü şəxsiyyət idi. Bunlarla bahəm onu həmişə sadəlik, zəriflik müşayiət edirdi.

Əsil-nəcabətli bir ailədə böyüməsinə, adlı-sanlı kişinin övladı və üstəlik, özünün də görkəmli alim kimi tanınmasına, ulu öndər Heydər Əliyev kimi dahi bir şəxsiyyətin ömür-gün yoldaşı olmasına baxmayaraq, həmişə təvazökar idi. Özünü xalqdan ayırmazdı, insanlardan kənarda dayanmazdı. Həkimlik sənəti də ona çox yaraşırdı. Çünki qəlbən insansevər idi...

Bizə, ulu öndər Heydər Əliyev kimi dünya şöhrətli  siyasətçi ilə eyni zamanda yaşamaq, bir çoxlarımıza isə hətta bu böyük şəxsiyyətin rəhbərliyi altında çalışmaq xoşbəxtliyi qismət olub. Biz Heydər Əliyevin də, Zərifə xanımın da müasirləriyik.

Mən Zərifə Əliyevanı çox görmüşəm, onu tanımışam, dinləmişəm, insanlığına, xanımlığına heyran olmuşam. Müəyyən vəzifələrdə çalışdığım illərdə də, sonralar da Zərifə xanımla müxtəlif dövlət səviyyəli tədbirlərin iştirakçısı olmuşam.

Zərifə Əliyeva öz ixtisasının dərin bilicisi idi. Alimlərin fikrinə gəldikdə, oftalmologiyada peşə xəstəlikləri probleminin öyrənilməsi Zərifə xanımın adı ilə bağlıdır. Oftalmologiyanın sənaye ilə bağlı problemlərinin öyrənilməsinə həsr etdiyi fundamental tədqiqatlarının dəyərini bu sahədə yazdığı əsərlərlə təsdiqləmişdir. Alim həmin tədqiqatların ilkin nəticələrini ümumiləşdirərək 1977-ci ildə Moskvada "Azərbaycanın kimya sənayesi işçilərində görmə orqanının vəziyyəti" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

Mən o illəri yaxşı xatırlayıram. Həkim olmasam da, cəmiyyətin  qaynarında olan, ətrafdakı bütün hadisələri görən, ayrı-ayrı sahələrdə baş verən yenilikləri diqqətlə izləyən şəxs kimi Zərifə Əliyevanın fəaliyyətindən də xəbərsiz deyildim. O, 1959-cu ildə "Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdi. Bundan əvvəl isə gənc mütəxəssis kimi sözügedən xəstəliyin ləğvi yolunda yorulmadan ardıcıl elmi axtarışlar aparmış, tədqiqat işinin əsasını da məhz əldə olunan nəticələr təşkil etmişdi. Zərifə xanım bunun üçün Azərbaycanın bir çox rayonlarında olmuş, kəndləri gəzərək traxoma ocaqlarını aşkara çıxarmışdı. Bu, ikiqat əhəmiyyətə malik bir idi. Əvvəla, gənc və istedadlı həkim yerindəcə profilaktik tədbirlər həyata keçirir, xəstələri müalicə edirdi. Eyni zamanda məsələnin mahiyyətini əyani surətdə öyrənərək gələcək elmi fəaliyyəti - yeni müalicə üsullarının tapılması, müxtəlif yolların axtarılması üçün mənbə yaradırdı.

Sonrakı dövrdə alimin göz xəstəliklərinin profilaktika, diaqnostika və müalicəsinin düzgün təşkil edilməsi üçün yeni laboratoriyalar yaratdığı hamımızın gözləri qarşısında baş verirdi. Belə ki, Zərifə xanım təkcə Bakıda deyil, Sumqayıt, Gəncə, Əli Bayramlı (indi Şirvan), Mingəçevir şəhərlərində, Yevlax, Bərdə, Salyan və digər bölgələrdə zərərli maddələrin törətdikləri göz xəstəliklərini, eləcə də digər xəstəlikləri aşkara çıxarır və müalicə edirdi. Bu barədə böyük alimlər və ən başlıcası, alınan elmi nəticələr, nəhayət, zaman öz sözünü deyirdi. Həmin illərdə peşə oftalmologiyasının öyrənilməsində birinciliyin məhz Zərifə Əliyevaya məxsus olduğunu hamımız əyani görürdük.

Zərifə xanım elmdə ilk dəfə olaraq yodşin sənayesi işçilərinin görmə orqanında yaranan peşə xəstəliklərini öyrənmiş, həmin xəstəliklərin profilaktikası tədbirlərini işləyib hazırlamışdır. Təsadüfi deyil ki, görkəmli alimin bu istiqamətdə apardığı elmi-tədqiqat işləri böyük nəzəri və təcrübi əhəmiyyət daşıyaraq bu gündünya tibb ədəbiyyatında analoqu olmayan unikal tədqiqatlar sırasındadır.

Zərifə Əliyeva paytaxtımızın şinyod, məişət kondisionerləri, elektrotexnika avadanlığı, elektron hesablama maşınları, maşınqayırma zavodlarında, Sumqayıt "Üzvi sintez" İstehsalat Birliyində, Mingəçevirdəki "İzolit" və Rezin-Texnika məmulatları zavodlarında, Gəncə Gil-Torpaq Kombinatında, Salyan rayonunun kənd təsərrüfatı mexanizatorları arasında tədqiqatlar aparırdı. Bu müəssisələrdə zəhərli maddələrin təkcə görmə orqanına deyil, həm də digər orqanlara, o cümlədən ağciyər, böyrək, qaraciyər və ürəyə təsiri də öyrənilmişdir. Alınan nəticələr sonralar neçə-neçə dəyərli əsərin mövzusuna çevrilmişdir.

Bu qeydləri qələmə alarkən xəyal məni yenidən həmin illərə aparır. Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin hələ birinci dövründə respublikada saysız-hesabsız yeni müəssisələr və evlər inşa etdirmişdi. Bu tikililər arasında elə nadir zavodlar vardı ki, onların respublikada inşası yalnız və yalnız Heydər Əliyevin nüfuzunun sayəsində mümkün olmuşdu. Bakı Məişət Kondisionerləri Zavodu məhz belələrindən idi. Həmin müəssisədə yüzlərlə insan çalışırdı. Zərifə Əliyeva o dövr üçün çox modern, lakin mürəkkəb olan belə nəhəng bir müəssisədə görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaratmışdı. Bu, elmdə də, istehsalatda da bir yenilik idi. Deyim ki, bu, təkcə alimlərin deyil, geniş kütlənin də marağına səbəb olmuşdu. Xüsusi vurğulamaq istəyirəm ki, müəssisədə çalışan ən sadə insanlar belə Zərifə xanımın təkcə həkimliyinə deyil, alicənablığına, xeyirxahlığına heyran qalırdılar. Mən bunu zavodda işləmiş insanların öz dillərindən dəfələrlə eşitmişəm.

Doğrusu, o vaxt ekologiya problemi indiki qədər önəm kəsb etmirdi. İndi, XXI əsrdə ekologiya məsələləri bəşəriyyəti ən çox narahat edən problemlərdən biridir. Zərifə xanımı bu məsələlər hələ keçən əsrin ortalarından narahat etməyə başlamışdı. O, bir həkim kimi xəstələrin ətraf mühitin mənfi təsirlərindən qorunmasına, müəssisələrin ekologiyasına xüsusi diqqət yetirir, onlara ekoloji prinsiplərə riayət edilməsi konsepsiyalarının həyata keçirilməsi yollarını göstərirdi. Beləliklə, Zərifə xanım müəssisələrdə işləyənlərin gözlərini müayinə və müalicə edərkən həm də həkim-ekoloq kimi çıxış etmişdir. Odur ki, onun ekologiya sahəsindəki xidmətlərinin öyrənilməli olduğunulayiqli qiymətini alacağını deyənlər tam haqlıdırlar.

Zərifə xanım həkimlik fəaliyyəti ilə və geniş elmi tədqiqatlarla məşğul olmaqla yanaşı, həm də incə qəlbli bir pedaqoq idi. O, hələ 1967-ci ildə müsabiqə yolu ilə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasının dosenti vəzifəsinə seçilmişdi. Zərifə xanım burada professor, kafedra müdiri vəzifələrinə qədər yüksəlmiş, sonralar akademiklik zirvəsinə ucalmışdır. Zərifə Əliyevanın dərsləri yalnız mühazirələr oxumaqpraktik məşğələlərlə bitmirdi. Onu dinləyən gənc həkim və assistentlər, müəllim və elmi işçilər əsl həyat dərsi alır, kamillik və mükəmməllik nümunəsi görür, həkim etikasının sözün həqiqi mənasında nə olduğunu dərk edirdilər.

Mən gənc yaşlarımdan kitab həvəskarı olmuşam. Ömrümü kitab oxumağa, toplamağa, nəşr etməyə həsr etmişəm. Zərifə Əliyevanın həkim etikasına həsr olunmuş əsərlərini şəxsən maraqla mütaliyə etmişkitabxanada qoruyub saxlamışam. Düşünürəm ki, onun həkim etikası barədə yazdıqları təkcə tibb mütəxəssisləri üçün deyil, geniş oxucu kütləsi üçünçox maraqlıdır.

Özünün çoxillik fəaliyyətində Zərifə Əliyeva bu qənaətə gəlir ki, həkimlə xəstənin birbaşa əlaqəsi müalicənin səmərəsini yüksəldir, xəstəyə ümid verir, orqanizmin xəstəliyə qarşı müqavimətini artırır və bəzən hətta dava-dərmandan da güclü təsir göstərir. Zərifə xanım həkim və xəstənin qarşılıqlı münasibətlərinin əsas qaydalarını tərtib etmiş, həkimin diaqnostika və müalicə prosesində aparıcı rolunu göstərmiş, tibb işçilərinin təkcə təhsilinin yox, həm də tərbiyəsinin vacibliyini ön plana çəkmişdi. O, həkim-xəstə münasibətlərinə toxunaraq insanlar arasında ən incə, yaxın və həssas münasibətlərin məhz həkimlə xəstə arasında olduğunu göstərmiş və "həkim xəstənin ən doğma adamıdır" demişdir.

Həkim etikası mövzusu Zərifə Əliyevanın bir çox məqalə və çıxışlarında öz əksini tapmışdır. Alimin "Yüksək etimad" kitabı da həkimin cəmiyyətdə şəxsiyyət kimi formalaşması prosesinə həsr olunmuşdur. Onun bu mövzuya aid baxışları "Həkimin yüksək vəzifəsi", "Oftalmologiyanın aktual problemləri" monoqrafiyalarında özünə yer almışdır. "Həkimin əxlaqi tərbiyəsi, deontologiya, tibbi etika və əxlaq məsələləri" əsərində Zərifə xanımın həkimin vəzifə borcuna, tibbi etikasına dair baxışları daha geniş şəkildə əks olunmuşdur.

Dediyim kimi, mən Zərifə xanımın bir sıra kitablarını qoruyub saxlayıram. Bunların arasında çox oxunaqlı, rəvan dildə qələmə alınmış "Yüksək əqidə: həkimlik etikası, həkimin ürəyinin və fikirlərinin paklığı" kitabı da var. Burada Zərifə xanım yazır: "Xəstəyə düzgün münasibət həkim sənətinin əsas mahiyyətlərindəndir. Bəzən həkim xəstəyə yardım göstərərkən xəstəliyin xüsusiyyətlərindən asılı olaraq, həkim xəstənin və onun qohumlarının yersiz məzəmmətlərini, acı sözlərini, hətta hədələrini dinləməyə məcbur olur. Başqa sənət sahibi olanlar bundan inciyərək onu təhqir edəndən imtina edərdi, üstünə qışqırıb onu qovardı. Lakin həkim belə hərəkəti özünə rəva bilmir, özünün hissiyyatını və həyəcanını büruzə verməyə ixtiyarı yoxdur. Həmin xəstənin mənafeyini hər şeydən üstün tutmalıdır, öz gününün qurtarmasına baxmayaraq, o, xəstəxanada qalaraq xəstəyə yardım edir, hətta onun çarpayısı yanında bir neçə gün qalır, bunun cavabı isə xəstənin təşəkkürlü gülümsəmələri olur".

Bu sözləri yalnız çox böyük qəlbə, yüksək tərbiyə və dünyagörüşünə malik olan, insanlara təmənnasız yaxşılıq etmək üçün doğulmuş bir həkim deyə bilərdi. Bu, bir dərslikdir. Həkimlərin, ümumən gənclərin neçə-neçə nəsilləri üçün əmanət edilmiş bir dərslik.

Yeri gəlmişkən qeyd edim ki, Zərifə Əliyeva 150-dən çox elmi əsərin, 10 monoqrafiyanın, 12 səmərələşdirici təklifin, dərs vəsaitlərinin müəllifidir. O, əməkdar elm xadimi idibu adı bütün çoxşaxəli fəaliyyəti ilə doğruldurdu.

Mənə dəfələrlə Zərifə Əliyevanın çıxış etdiyi elmi konfranslarda, tədbirlərdə iştirak etmək qismət olub. Onun istər Azərbaycan, istərsə də rus dilində aydın, səlis nitqi vardı. Danışanda tələsməzdi. Fikirlərini aramla izah edər, elmi nəticələrini dəlil-sübutlarla, doğru-dürüst arqumentlərlə əsaslandırırdı. Auditoriya həmişə onu diqqətlə dinləyərdi.

Ulu öndərin SSRİ rəhbərliyində yüksək vəzifə tutduğuMoskvada yaşadığı illərdə də mən orada Zərifə xanımı dəfələrlə gördüm.

Həmin illərdə mən vəzifəmlə, ailə vəziyyətimlə əlaqədar Moskvada tez-tez olurdum. Bir neçə dəfə Zərifə xanımın oradakı elmi konfranssimpoziumlarda çıxışına qulaq asıb onun özünəməxsus natiqlik qabiliyyətinə, danışarkən təmkininə heyran qalmışam.

Zərifə xanım bütün bunlarla yanaşı, ictimai xadim kimi fəaliyyət göstərməyə də vaxtimkan tapırdı. O, keçmiş SSRİ-də Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini kimi də fəaliyyət göstərirdi. Azərbaycan "Bilik" Cəmiyyəti və SSRİ Oftalmoloqlar Elmi Cəmiyyəti İdarə heyətlərinin, Moskvada çıxan "Oftalmologiya xəbərləri" jurnalının redaksiya heyətinin üzvü idi.

Zərifə xanımın yazdıqları həyatda əyani surətdə etdiklərinin güzgüsü idi. Əslində, bu, bir insanlıq, insanpərvərlik nümunəsidir.

Zərifə Əliyevanın şəxsiyyətinə, yazıb yaratdıqlarına, ailəsinə bəslədiyim ehtiramın əlaməti olaraq mən onun 90 illik yubileyi münasibətilə miniatür kitab nəşr etdirmişəm. Kitabın təqdimat mərasimi də elə Miniatür Kitab Muzeyində keçirildi.

Düşünürəm ki, Heydər Əliyev kimi bir dahinin həyat yoldaşı olmaq, ömrün çətin yollarında onunla qoşa addımlamaq, bütün varlığını xalqına həsr etmiş bu böyük insanın qayğılarını bölüşdürmək o qədər də asan məsələ deyildi. Lakin Zərifə xanım güclü qadın idi. Elə bil Tanrı onları bir-biri üçün yaratmışdı, hər şeyi incəliyinə qədər ölçüb-biçmiş, tarazlamışdı. Heydər Əliyev və Zərifə Əliyeva bir-birini məhz bu dərəcədə tamamlayırdı.

Təsadüfi deyil ki, Heydər Əliyev kimi böyük şəxsiyyət ömrü boyu Zərifə xanıma sevgisini bütün xalq qarşısında bəyan etmiş, bu xanımın necə gözəl insan olduğunu vurğulamışdı.

Zərifə xanım övladlarını bütün varlığı ilə sevən ana idi. Tanrının ona bəxş etdiyi övladları həyatının ən böyük neməti hesab edirdi. Ömrünü övladları üçün şam kimi əridən analardan olaraq onların təhsil, tərbiyə almasına, şəxsiyyət kimi formalaşmasına böyük zəhmət sərf etmişdi. Övladlarına həmişə qayğı, sevgi ilə yanaşmış, ən nəcib keyfiyyətlər aşılamış, onlara ən yaxşı nümunə olmuşdu.

Əfsuslar olsun ki, Zərifə xanım dünyasını tez dəyişdi. Azərbaycan xalqı onun timsalında çox dəyərli bir övladını - gözəl həkim və yorulmaz alim, xeyirxah insan, işıqlı ziyalı itirdi. Kim bilir, o, Azərbaycan üçün, tibb elmi, insanlar üçün hələ hansı xeyirxah işləri gerçəkləşdirəcəkdi?! Böyük oftalmoloq M.Krasnovun Zərifə xanım haqqında yazdıqlarını oxumuşam. Akademik qeyd edir ki, əcəl Zərifə Əziz qızına bir neçə il də möhlət versəydi, o, oftalmologiya elmi sahəsində yeni kamil bir məktəbin banisi ola bilərdi.

Bəli, min təəssüf!

Mən o hüznlü günün də iştirakçısı oldum. Azərbaycan xalqına məlumdur ki, ümummilli lider Heydər Əliyev və xalq rəssamı Tahir Salahov arasında mehriban və sıx dostluq telləri vardı. Zərifə xanımın dəfninə də mən qardaşım Tahirlə gəldim. Dəfn mərasimində izdiham vardı. Hamı belə bir alimin və insanın həyatdan vaxtsız getməsinə təəssüf edir, kədərlənirdi. Ailə üzvləri, doğmaları çox sarsılmışdı. Zərifə xanımı yaxından tanıyanlar - istər Moskvada yaşayanlar, istərsə də Bakıdan gedənlər göz yaşlarını saxlaya bilmirdi. Bu, Azərbaycanın layiqli qızına insanların sevgisinin hüzn və kədər dolu nümayişi idi.

Zərifə xanım Moskvada Novodeviçye qəbristanlığında dəfn olunmuşdu. Onun məzarı Bakıya, Fəxri xiyabana köçürüləndən bəri dəfələrlə oranı ziyarət etmişəm. Hər dəfə də o uzaq 1985-ci ilin o hüznlü aprel gününü yenidən yaşayıram...

Zərifə Əliyevanın irsinə, həkimlik, alimlik fəaliyyətinə, şəxsiyyətinə dünyanın bir çox görkəmli adamları yüksək qiymət vermişlər.

Əlbəttə, alimlər, xüsusilə oftalmologiya sahəsində fəaliyyət göstərən həkimlər və elmi işçilər Zərifə xanım Əliyevanın tədqiqatlarının, müalicə üsullarının necə dəyərli və qiymətli olduğunu bizlərdən yaxşı bilirlər. Bir həkim və alim kimi ona təkcə Azərbaycanın və keçmiş SSRİ məkanının görkəmli professor və akademikləri deyil, eləcə də dünyanın hər yerində yaşayan həmkarları yüksək qiymət veriblər. Məsələn, moskvalı həmkarları Zərifə xanımı "oftalmologiyanın mirvarisi" adlandırıblar. Dünya şöhrətli oftalmoloq, akademik A.Nesterov deyib: "Zərifə Əliyeva çox ağıllı insanböyük professional idi. Mən onu öz sahəsinin məşhur alimi hesab edirəm. Oftalmologiyada o, bir nömrəli alim idi".

Akademik N.Ruçkovskaya "xeyirxahlıq Zərifə xanımın həyat tərzi idi" - deyərək alimin həmçinin yüksək insani keyfiyyətlərə malik olduğunu vurğulayıb.

Professor A.Brovkina onu nəciblik və mənəvi paklıq timsalı adlandırmışdır.

Professor N.Şulpina Zərifə xanımı dünya şöhrətli alim adlandıraraq "Biz onu sevmişik, sevirikömrümüzün sonuna qədər sevəcəyik", - deyib.

Zərifə xanım sözün əsl mənasında saf bir mənəviyyat çeşməsi idi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev həmişə deyirdi ki, mənəviyyat olmayan yerdə haqdan, ədalətdən, düzgünlükdən söhbət gedə bilməz. İstənilən cəmiyyətdə ədalət, insanpərvərlik, dürüstlük kimi mənəvi dəyərlərin özünə möhkəm dayaqlar tapması məhz nəcib, alicənab, kamil insanların əzmkar fəaliyyəti sayəsində mümkün olur. Zərifə Əliyeva məhz belə insanlardan idi.

Mən böyük məmnunluq hissi ilə vurğulamaq istəyirəm ki, ulu öndər Heydər Əliyev kursunun layiqli davamçısı İlham Əliyevin yeritdiyi siyasətdə, önəm verdiyi məsələlər sırasında məhz mənəvi dəyərlər də özünə layiqli yer alır.bu gün Zərifə xanım Əliyevanı xatırlayarkən, onun insanlıq idealından və zəngin mənəviyyatından söhbət açarkən mən ənənə davamından danışmaya bilmərəm. Bu gün Zərifə Əliyeva ocağındakı xanımların xeyirxahlığı, xalq üçün etdikləri bu ənənənin davamı deməkdir.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın Azərbaycan xalqının milli mədəniyyətinin, mənəvi dəyərlər sisteminin qorunmasında, cəmiyyətə sağlam dəyərlərin aşılanmasında müstəsna xidmətləri var. Cəmiyyətdə könüllü sosial müdafiə, xeyriyyəçilik, sosial tərəfdaşlıq, korporativ sosial məsuliyyət və s. prinsiplərin qorunmasına çalışan Mehriban Əliyeva ötən 10 ildə bu məqsədlərə xidmət edən strateji əhəmiyyətli layihələri inamla həyata keçirmişdir.

Azərbaycanın müasir gəncliyinin layiqli, vətənpərvər təmsilçisi kimi Leyla Əliyeva  da üzərinə böyük missiya götürmüşdür.

Atalarımız "ot kökü üstə bitər" demişlər. Bu gün Leyla xanım Əliyevanın milli ideallar naminə məqsədyönlü fəliyyəti onun istedadlı və vətənpərvər gənc olduğunu nümayiş etdirməklə yanaşı, həm də irsi-genetik kökdən, sağlam ailə ocağından irəli gəlir. Leyla xanım Əliyeva Azərbaycanın dünya miqyasında tanınmasına, ölkə həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasına çalışır. O, Azərbaycanın milli-mənəvi dəyərlərinin, mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının təbliği, diaspor hərəkatının genişləndirilməsi istiqamətində də bütün zəruri tədbirləri həyata keçirir.

Bir sözlə, mən bu gün Heydər Əliyev - Zərifə Əliyeva ocağında böyümüş övladların Azərbaycan dövləti və xalqı üçün etdiklərindən qürur duyuram. Bu, ilk növbədə pak mənəviyyatdan, yüksək amallarla tərbiyə almaqdan irəli gəlir.

Mən bütün bunların şahidi olanda, eləcə də akademik Zərifə Əliyevanın oftalmologiyada vaxtilə başladığı işlərin necə uğurla davam etdirildiyini görəndə bəzən onun haqqında keçmiş zamanda danışa bilmirəm. Zərifə Əliyevanı yaşadan məhz onun dəyərli elmi irsi, əhəmiyyətini bu günsaxlayan tədqiqatları və əldə etdiyi nəticələr, işıqlı əməlləridir.

 

Zərifə SALAHOVA,

Azərbaycan Qadınları Bakı

 Assosiasiyasının sədri, əməkdar mədəniyyət işçisi

Azərbaycan.-2014.- 15 aprel.- S.7.