Azərbaycan-Fransa əlaqələri müzakirə olunmuşdur

 

Aprelin 14-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Fransanın sabiq xarici işlər naziri Über Vedrin ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycan-Fransa münasibətləri və əlaqələrin gələcək inkişafı məsələləri müzakirə olunmuşdur.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesi haqqında məlumat verən Elmar Məmmədyarov Ermənistanın qeyri-konstruktiv mövqeyinin münaqişənin həllinə və eyni zamanda, regionun inkişafına mənfi təsir göstərdiyini bildirmişdir. Nazir Ermənistanın yürütdüyü təcavüzkar siyasət nəticəsində bu ölkənin Azərbaycanın təşəbbüsü ilə regionda həyata keçirilən irimiqyaslı layihələrdən kənarda qaldığını və mövcud geniş fürsətlərdən yararlana bilmədiyini vurğulamışdır.

Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

Azərbaycan.-2014.- 15 aprel.- S.6.